Qurban İnsana yoxsa Allaha gərəkdir?
Özünə inanan varlığın özündən kənardakı qüvvəyə qurban verməyə heç bir ehtiyacı yoxdur.
Hər il Qurban Bayramı ərəfəsində aldığım yüzlərlə bərli-bəzəkli qoç və dana fotoları məndə ət yeməyə iştah yaratmır, əksinə bəzədilib qurban gedən canlıların halına acıyıram. Qurbanlıq — kədərdir, heç kim sevə-sevə qurban getmir. Çünki qurbanlıqda artma yoxdur, özünü kiməsə peskeş edirsən, xərclənib qurtarırsan.
Artmırsan, artmayansa azalır, yox olur, ondan heç nə qalmır. Deyəcəksiniz, qurban verilən heyvanlardır, onlar dərk etmir ki, artma-azalma nədir. Əgər elədirsə, bəs niyə onlara insani münasibət bəsləyib bəzəyirsiniz — başına rəngbərəng lent, ayağına qırmızı papış, belinə atılmış çuxa sayaq libas və s. Siz şəxsi arzularınızı onlara yükləyirsiniz və sonra o arzunu qazana salıb yeyirsiniz.
Əslində qurban anlayışı bu günün söhbəti deyil. Ta qədimdən Nil çayının sahilində yaşayan xalqlar ən gözəl qızları çaya atıb Allaha qurban verirdilər ki, məhsul bol olsun. Sənayenin inkişaf etmədiyi bir dövürdə insanın yeməyi əsasən əkinçilik və maldarlıqdan alınırdı və insanlar bilirdilər ki, əgər Nilin suyu quruyarsa, məhsul olmaz. O üzdən də Allaha müasir dillə desək rüşvət verirdilər.
İllər öncə bir gecə qəribə bir yuxu gördüm: skandinaviyalılara məxsus uzun boylu gənc bir qız qışqırır, ölmək istəmədiyini bağırıb dağı-daşı lərzəyə salırdı. Qolunda olan bilərziyi havaya qaldırıb silkələyirdi. Kənardan onu müşahidə edib sızlayan oğlan acizliyindən xəcalət çəkirdi. Mənim şüuraltı yaddaşımın çəkdiyi bu qısa metrajlı filmdə təsvir edirdi qız yalnız bir nəfərə — o kənarda durmuş oğlana göstərmək istəyirdi ki, söz verdiyim kimi bizi yalnız ölüm ayıra bilir. Budur, artıq o məqamdır. Çıxılmaz tale yazısını bizə bəxş edən insanların şənlənmək arzusudur.” Yaraq-yasaqlı kişilər qızı qollarına alıb başları üzərinə qaldırıb bir neçə dəfə havada dala-qabağa apardıqdan sonra suyun içinə tulladılar. Əllərimlə gözlərimi yumdum, boğulan adamın acizanə harayına səs verən yox idi, adamlar ona baxa-baxa sahildəki ocaqlara od vurdular.
Vahimə içində yerimdən dik atıldım, su içdim və o andaca yadıma düşdü bir az əvvəl Norveç xəbərlərində verilmiş məlumatı yatmış fantaziyam ssenariləşdirərək canlandrıb. Xəbərlərdə bildirilirdi, Norveçdə qurumuş bir gölün içində aparılan arxeloji qazıntılar zamanı gənc qızların sümükləri aşkar olunub, digər bir tərəfdə isə onlara məxsusluğu güman edilən saysız-hesabsız bəzək əşyaları tapılıb. Norveçlilərin qədim inancına görə, bu allahlara qurban verilən gözəl qızların qalıqlarıdır.
Qurban Bayramını qəbul etmədiyimi deyərkən mənə sual verirlər: “Sən ət yemirsən?” Ət yeyirəm, amma qan tökməyi bayram etməyin tərəfdarı deyiləm, əks halda Fələstində axan günahsız qanlara da göz yummağı normal saymalıyıq. Hətta heyvanın açıq havada insanların gözü qarşısında kəsilməsinin əleyhinəyəm. Heyvanları hissiz təsəvür etməyimizin özündə bir səhv var. Bir inəyin kəsildiyi yerdə inəklər hər gün səhər ordan keçərək dayanıb ağladığını və axşam naxırdan qayıdarkən ayaq saxlayıb o yerə baxıb-baxıb göz yaşı tökdüklərini dünyanın hər yerində dəfələrlə müşahidə ediblər. Heyvanların çəkdikləri əzablarla bağlı saysız-hesabsız misallar çəkə bilərəm, ən azından son illər yazdığım bir çox animalist kitablar onların həyatını öyrəndikdən sonra meydana çıxmışdır. Bunlar yalnız mənim beynimin fantastik məhsulu deyil.
Qurban kəsənlər öz əməllərinə bəraət qazandırmaqdan ötrü deyirlər, Qurban Bayramında kasıbları sevindirirlər, onlara ət verirlər. Tamam! Kasıbın ildə bir kq ət yeməsi ilə nə dəyişir ki? Olmaz ki, “kasıbliği ləğv et!” deyib, buna çalışaq və istəyimizə nail olub birgə bayram keçirək?
İndi nə Nil çayına, nə də Norveçdəki gölə gözəl qızları atıb Allaha qurban vermirlər, çünki insan Allahla bir başqa müstəvidə “alverə” keçib. Bir qisim insanlar da anlayıblar Allahın onların qurbanına ehtiyacı yoxdur. Əgər insan öz daxilindəki gücü aşkarlaya bilsə, o zaman dərk edər ki, o hər şeyə qadirdir. Onu heç kim idarə etmir, özü-özünün idarəçisidir. Bunun üçün gərək insan özünə inana. Özünə inanan varlığın özündən kənardakı qüvvəyə qurban verməyə heç bir ehtiyacı yoxdur.
Eluca Atalı