Rusiyadakı Vəziyyətə Ata qiyməti
(Asif Ata ilə bu müsahibə Ocağın 16-cı ilində, yəni, 1994-cü ildə aparılıb, amma söhbət bu gündə çox aktualdı. Çünki Ata dedikləri hamısı olub və təəssüf ki, olmaqda davam edir.)
— Müqəddəs Ataya Ali səcdə!
— Səcdəniz Ucadır.
— Mütləqimiz, Rusiyadakı vəziyyətə Ata qiymətini bilmək istərdik.
— Daha doğrusunu desək, SSRİ niskilli oyanma… Rusiya yuxudan oyanır və görür ki, SSRİ ağalığından ayrılmış Rusiya yoxa bərabərdir, xaosa bərabərdir, zəifləməyə bərabərdir. Dünya Birliyində indiki Rusiyanın yeri formaldır, hardasa. Nəyi var idisə, SSRİ-yə görə imiş. Jrinovskilərin üzə çıxması hələlik bu halla bağlıdır. Rusiya hiss elədi ki, qüdrətini itirib. Təzədən o imkanı yaratmaq istəyir. Əvvəlki Qərbçilik müəyyən mənada zəifləyib. Və təzə papaq axtarırlar. Bu papağı da “müstəqil” respublikalarda özgələrin başına qoyurlar. Bundan ötrü MDB-ni möhkəmləndirirlər. Köhnəliyə qayıtmaq üçün təzə ideoloji əsaslar axtarırlar. Və qəribə də olsa, bu ideya Rusiyada sabitliyə bənzər hal da yarada bilib. Çünki bu ideya ətrafında Rusiyanın siyasi qüvvələrinin demək olar ki, hamısı birləşdilər. Bütün məsələlərdə qayıdış ideyası səslənir.
— Müqəddəs Ata, Rusiya və Çeçenistan məsələsi haqda…
— Rusiya Tatarıstanda güzəştə getdi, Tatarıstan da Rusiyanın daxilində qaldı.
Rusiya da onu müəyyən güzəştlərlə özünə ram eləyə bildi və bu əməl baş tutdu. Başqa respublikalarda da Tatarıstan yolu ilə getmədilər. Rusiya parçalanmadı. İndi onu da deyim ki, Tatarıstana edilən güzəştlər müvəqqəti haldır. Çətin məqamdan çıxış yoludur. Yəqin ki, Rusiya Tatarıstanı tanımır və özünə qatacaq. Bu taktiki bir gedişdir, strateji məqsəd deyil.
Çeçenistan ilə münasibətdə Rusiya bu yolu tutmadı. Tək ona görə yox ki, Dudayev buna getmədi, həm də ona görə ki, Çeçenistan kimi kiçik bir ölkəyə müstəqilliyi lüzumlu saymadı və hətta onunla döyüşməyə hazır oldu.
Dudayevin faciəsi o oldu ki, Çeçen xalqı Şamil dövrünün xalqı deyildi. Orda da parçalanma getdi, güzarançılıq müstəqilliyi üstələdi. Və həm də Şamilin vaxtında olan Hacı Muradlar artdılar və rəzillikdə Hacı Muraddan artıq oldular; Xasbulatovlar və s.
Hər halda XX əsr XIX əsrdən öz əskikliyini göstərdi. Təbii ki, Rusiya öz arzusuna çatacaq; Gürcüctandakı kimi Qafqazda da böyük millətçi Zviad Qamsaxurdiya idi. Onu məhv elədilər. İkinci Dudayevdir.
Rusiya öz siyasi, hərbi, ictimai və dünyəvi mövqeyini saxlamaq üçün milli özgələr dəstəsi yaradır, onların əliylə öz məqsədinə nail olur.
— Ukrayna və Belarusiyadakı vəziyyətə Ata qiyməti.
— Bayaq dediklərimiz Ukrayna və Belarusiyada da aşkarlandı. Ukraynada və başqa respublikalarda millətçilik səngiyir. Bu ideyalar səngidikcə təzə neokommunizm yaranır. Və təzə parlamentin seçkiləri köhnə kommunistlərin qələbəsi ilə nəticələndi. Çox tez səngidi böyük ideyalar; iqtisadi zəiflik, aclıq müstəqillik ideyasını səngitdi. Çox təəssüf ki, Rusiya ilə döyüşən Ukrayna və Belarusiya yox dərəcəsindədir. Bu, yuxarıda dediyimiz ittifaq ideyasını
möhkəmləndirir. Mənim zənnimcə, bu proses başqa respublikalarda da gedir. Bir az başqa cür çıxmasın, belə bir fikir yarandı; “Məni ac qoyan müstəqillik mənə lazım deyil”. Gərək müstəqillik yolunda hər məhrumiyyətə dözəsən. Hələlik bu yolda Ukrayna və Belarusiya qabaqda gedirlər.
Böyük səhvdir – Qərbin Rusiyaya qarşı olması. Qərb müstəqil ölkələrə ona görə yardım edirdi ki, SSRİ dağılsın. SSRİ dağılsın – ikinci super dövlət olmasın. Dünyanın ağası Amerika olsun. SSRİ dağılandan sonra, Rusiya SSRİ-siz zəifləyəndən sonra Qərb müstəqil ölkələr dərdi çəkmir. Onun bir dərdi var ki, Rusiya onunla döyüşməsin.
Ağalar Dünyanı bölüblər, hərəyə Dünyanın bir tərəfi düşüb. Rusiyaya da keçmiş respublikalar. Qərb- Rusiya təzadı yoxdur. Və Qərb Rusiya birliyi də yoxdur. Qərbə müstəqil ölkələrin dərdi qalmayıb.
— Krım məsələsi haqda, Müqəddəs Ata.
— Krım məsələsi yoxdur, Tatar məsələsi var. Nə qədər ki, Qazan tatarları ilə Krım tatarları birləşməyib bu dava olacaq.
Krım Ukrayna və Belarusiya tərəfindən zəbt edilib. Krım Rusiya və Ukrayna tərəfindən idarə olunur. Krım uğrunda Rus- Ukrayna mübarizəsi gedir. Tatarlar SSRİ dağılanda müstəqilliyə meyl etdilər. Lakin o meyl həyata keçmədi. Ona görə də Krım hələlik Ukrayna əyalətidir, sonradan ola bilsin Rusiyanın olsun. Ümumiyyətlə, son hadisələrdən nikbinlik doğmur.
— Türkiyədəki vəziyyətə Ata qiyməti.
— Türkiyəni Qərb buxovu sıxır. Türkiyə istədiyini eləyə bilmir. Kürdlərlə də döyüşə bilmir. İqtisadi siyasətində də gerilik var. Əlindən gələni eləyir ki, vəziyyəti sabit saxlaya bilsin. Türkiyəni ağır günlər gözləyir.
— Müqəddəs Ata, İranın Azərbaycan siyasəti.
— İranın iki miqyasda Dünya siyasəti var; Bir, ümumi səviyyədə Dünyanı İslamlaşdırmaq, vahid İslam dövləti yaratmaq. İkincisi, keçmiş SSRİ ölkələrinə hərtərəfli təsir. Müəyyən mənada təsir sahəsi yaratmaq bu ölkələrdə. Xüsusiylə, İslam ölkələrində. Azərbaycana onun münasibəti xüsusidir, çünki Şimali Azərbaycanın Cənubi Azərbaycan adlı hissəsi var, parçası var. Bu hissəyə, bu parçaya İran sahib olub. Ona görə də İranın Azərbaycana münasibəti Cənubi Azərbaycan məsələsinin ləğvidir. Bütün canfəşanlıq ondan ibarətdir ki, Cənubi Azərbaycan məsələsi Şimali Azərbaycanda unudulsun. Hardasa bütün Azərbaycanı İslamlaşdırma da var, o siyasətin dərinliyində.
— MDB—SSRİ məsələsi haqda Ata Fikri.
— MDB potensial SSRİ deməkdir. Başqa biçimdə SSRİ deyirlər, əvvəlkinə bənzəməyən deyirlər. Bu, əvvəlki Rusiya hakimiyyətinin başqa biçimdə bərpasıdır. MDB—bərpaçılıqdır. MDB-yə qoşulandan sonra sən nə qədər istəyirsən müstəqillik göstər, xeyri yoxdur, qurtardı. Orda olan gedişlər, bunlar hamısı oyundur; Özünlə oyundur və öz camaatınla oyundur.
— Atamız Var olsun!
— Qaranlıqlar Yarılsın!
Yükümüzdən Böyük Fərəhimiz yoxdur!
Ata İşığı olun, Qaranlıqları Yarın!
Asif Ata ilə Təmasda oldular: İşıqlı və Yolruh Atalılar.
13 Ümid günü, Ata ayi, 16-cı il. Bakı.
(13 Sentyabr, 1994-cü il).