Güneyin dərdinə tərcüman
Eluca Atalının “İran Hizbullah zindanında” romanı ilə bağlı oxuculara məlumat verməzdən əvvəl müəllif haqda münaqişəli fikrə aydınlıq gətirməyi özümə borc bilirəm. Uzun müddət onu Türkiyə və Güney Azərbaycan mətbuatında güneylı yazar kimi təqdim edirdilər. Son əsəri olan əlimizdəki romanın yayımından sonra isə onu hətta Quzey Azərbaycan mətbuatında da güneylı yazar kimi təqdim etməyə başladılar. Səbəbi Atalı xanımın Güney Azərbaycan problemlərindən çox yazmasıdır. Bu məsələyə yazarın özü belə bir aydınlıq gətirir: “Vətən iki yolla qorunar – silah və qələmlə. Silahla qoruma fiziki, güc tətbiqi tələb edir ki, bu da əsgərin, ordunun işidir, sərhədin keşiyində durur. Vətənin içində olan bütün problemləri görüb dilə gətirmək, onun həlli yolunu tapmaq aydının işidir. Yəni, düşüncə əməlidir. Mənim üçünsə Vətənin o tayı-bu tayı yoxdur, Vətən məndən ötrü bütövlük deməkdir. Bu səbəbdən də mən Quzey Azərbaycan problemindən yazdığım qədər Güneydən də yazmağı öz yurddaşlıq borcum bilirəm”.
Müəllifin borc bilib 100-dən artıq İran hizbullah zindanında illərlə yatmış Güney Azərbaycanlı milli fəallarından – qadın və ya kişi, fərq etmədən durmadan söhbətləşib 12 il üzərində çalışdığı və 4 kitabdan ibarət olan “İran hizbullah zindanında” romanından bəhs edəcəyik. İlk öncə qeyd etməliyəm ki, romanın kompozisiyası İran uşaq ədəbiyyatının banisi nakam yazarımız Səməd Behrənginin “Balaca Qara Balığın nağılı” üzərində qurulmuşdur. Balaca balıq kiçik, lilli nehrdən böyük dəryaya yetməyə can atdığı kimi, müəllif də Güney Azərbaycan gənclərinin İran İslam inqilabının Güneyə gətirdiyi məşəqqətli həyatla barışmayıb, bu zillətdən çıxıb azad yaşamaları üçün mübarizə aparırlar. “Buna nə dərəcədə nail olurlar? – sualına cavab verməzdən öncə, necə nail olurlar, hansı yollarla mübarizə edirlər xətti romanda qabarıq formada verilmişdir. O, qeyd edir ki, mübarizədə ardıcıl olub, yarı yolda qırılmayanlar, dönməzlər, yolu başa vuranlar qalibdilər. Əgər bu yolda öldürülsən belə, sən yenə qalibsən. Çünki dönməmisən, ölümlə də sənin iradəni qıra bilməyiblər. Azadlıq yolunun yolçularının yalnız cisimdən ibarət olmadığını “Qanlı orkestr” kitabında yazan yazarımız, mübarizlərin ruhunun sarsılmaması məsələsini müxtəlif hekayətlərlə bədii formada yazıb həll etmişdir. Əgər sənin cismin işgəncələrə, edama məruz qalırsa, sarsılmaz ruhun səndən sonra gələn bu yolun yolçularına köçmüş olur. Sən buna əmin ola bilərsən. Qeyd etdiyim bütün bu hallar əsərin qəhrəmanı, Ana dili dərnəyindən Sepahın bir gecə apardığı “Bayquş əməliyyatı” ovunda ovlanmış 18 yaşı tamam olmamış Urmulu Fatma Kərimidir. Əsərdə qəhrəmanın “Gündəliyi”ndən 114 günlük qeydlərini oxumaq mümkündür və hər günün öz təkrarlanmaz məşəqqətləri, işgəncələri yaddaqalan səviyyədə qeyd edilmişdir. Ən əsası “Gündəlik”dən məlum olur ki, Urmudakı 480 nəfərlik Nasvan qadın zindanındakı qadın, qız, ana, gəlinin bir sonrakı saniyəsinin necə olacağı kimsəyə məlum deyil. Qan dondurucu sətirlərlə dolu olan bu “Gündəlik”də hətta bir gecədə üç hamilə qadının eyni bir yerdə edam edilməsi hekayəti vardır.
Kitabı ilk dəfə əlinə alan oxucu yalnız kitabın üz və arxa qapağındakı bir-iki cümləni oxumaqla aldığı informasiyadan marağa düşür. Nədir bu məlumat? “Müqəddəslik və insanlığa çağırış olan sübh azanının ilk sədası səsləndiyi an sanki zindanın içində saatlı bomba partlayırdı.” 16 yaşı olmamış azadfikirliliyinə görə orta məktəbdən tutulub edama məhkum edilərək zindana atılan bir qız uşağının müsahibəsindən müəllif bu cümləni seçib kitabın ən üst kapağına yazdığını biləndə ayağımın altından yer qaçdı. Təsəvvür edirsiniz? Bilirsiniz, bu nə deməkdir? Həftənin çərşənbə və bazar günləri Hizbullah zindanında xüsusi kütləvi edam günləridir. Bir gündə bəzən 400, bəzən də 500, hətta 1000 -i aşan rəqəmlə edam olunan günlər var. Bir an içində minlərlə ailə doğmasını itirir – atasını, anasını, gəlinini, qızını, bir sözlə, ƏVƏZSİZİNİ! İslam inqilabı üçün bütün bunlar bir adda birləşirlər: DÜŞMƏN! Kimə düşmənçilik etmişdilər? İnsan mənliyinə ləkə olan İslam inqilabının hakimlərinə, çünki onların insanlığa yaramayan əməllərini qəbul etməmişdilər.
Bəli, həftənin bu iki günü ərzində xahəri Zeynəb əsgəri əlində qara siyahı zindan otağını sübh azanından dərhal sonra açır və heç nə olmamış kimi 30-40 qadının, qızın adını birnəfəsə oxuyub, əmr edir ki, günorta azanına kimi hazır olsunlar. Günorta azanı səslənən kimi yenə həmin siyahı ilə içəri girən İslam inqilabı keşikçisinin qadın nümayəndəsi bu dəfə qız uşaqlarını adbaad çağırıb bir saatlıq aparır. Bu bir saat ərzində nə baş verir? Onları pastarlara siğə edirlər, bakirəlikləri alındıqdan sonra yenidən zindan otağına qaytarırlar. Dini qanuna görə qız uşağı kimi ölən şəxs cənnətə düşür. Ali Ruhanı başçı Ayətullah Xomeyni fatva vermişdi ki, qızlar qadın kimi edam olunsunlar ki, onlar cənnətə düşməsinlər. Kafirlərin cənnətə düşməsini özünə təhqir sayan İnqilab müəllifi inqilabın ilk ilindən bu fatvanı vermişdir. Və məhz onun qoyduğu qanun əsasında qıza ayrılan kəbin mehriyyəsi, süd haqqı, başlıq 5 min tümən olmaq şərti ilə qızın ailəsinə göndərilirdi. Edam olunan qızın valideynləri isə həmin məbləqdə şirni alıb zindana gətirərək burdakı işçilərə paylamalı idi. Məhkumun meyiti nə ailəsinə verilirdi, nə də əzizlərinə göstərilirdi. Yalnız onun zindanda olduğu dövrdə geydiyi paltar və ən ümdə əşyaları ailəsinə təhvil verilirdi. Edam olunmuş məhkumun nəşi isə ümumi qəbirdə – yüzlərlə insan qadınlı-kişili bir çalaya tökülüb üzərləri torpaqlanan Xavəri miyanədə gizlədilirdi. Son illər İranın böyük şəhərlərinin dmək olar, hamısının kənarında belə bir məzarlıqlar aşkarlanıb.
Bu üzdən məhkum qadınlar sübh azanını böyük əsəb gərginliyi və depresiyaya düşərək gözləyirlər. Müsahiblərin dediyi kimi, çıxılmaz vəziyyətdə özlərini qurbanlıq quzu yerində təsəvvür edirdilər.
İlk növbədə türk oxucularının və sonra bütün dünyanın bu kitabı oxuyub, insanlığa zidd olan bir rejimi tanımalarını tövsiyə edirəm.
Kitabın arxa qapağındakı bir cümlənin tarixi və milli baxımdan açımını – bizim əlimizdən nələrin alındığını və niyə itirdiyimizi gələn yazılarımızda şərh edəcəyik.
Pinar Şakir