Ədəbiyyatın Sabahı
Asif Ata ilə Ruhani Təmas
— Müqəddəs Ataya Ali Səcdə!
— Səcdən ucadır, oğlum!
— Müqəddəs Ata, bu Təmasım Ədəbiyyat və Ruhanilik məsəlləri ilə bağlıdır.İlk sualım belədir: Şerimizin sabahı haqqında Ata fikri, istəyi necədir?
— Əvvəlcə onu deyim ki, müasir dövr ya xalqımızın müstəqil mahiyyətinin ifadəsi olacaq, ya da ki, olmayacaq. İstəyimiz budur ki, bu dövr mahiyyətin ifadəsi olmağa çalışsın: yəni müstəqil mədəniyyət yaransın, müstəqil ədəbiyyat yaransın. Ədəbiyyatımız öz kökünə, Şərqi mahiyyətinə qayıtsın. Əks təqdirdə formal müstəqillik ətrafında, formal müstəqillik əsasında kosmopolit, qərbçi, özgəçi bir vəziyyət yaranacaq. Müstəqillik yalnız və yalnız formal müstəqillik olacaq.
Müstəqil cəmiyyət, müstəqil ölkə, müstəqil mədəniyyətdən məhrum, yalançı, saxta bir hal yaranacaq. Ola bilsin ki, bu cür danışığım, söhbətim indiki bəzi təntənələrə uyğun gəlmir, lakin narahatlığımı bildirməkdən də çəkinmirəm. Özgəçilik görürəm. Özgəçilik ayaq açıb yeriyir. Rusçuluq addım-addım, hal-hal qərbçiliklə əvəz olunur. O günü televizorda universallığı tüğyan eləyən bir yarımhəkim, yarımalim, yarımxatirəçi çıxış eləyərək deyir ki, kim ingilis dilini bilmirsə, o, adam deyil. Az qala dediyindən bu fikir çıxır. Təhlükəli zamandır, təhlükəli məqamdır.
Potensiya, imkan, istedad nöqteyi-nəzərindən, mənim düşündüyüm
Azərbaycan nöqteyi-nəzərindən, Zərdüştdən başlayıb Ocaga qədər davam eləyən mənəviyyat baxımından ikinci qalib gəlməlidir. Asif Ata da, onun Ocağı, Övladları da buna xidmət edir. Amma bununla yanaşı, asta-asta, üstdən-altdan biri cazı təbliğ eləyir və deyir ki, kim cazı başa düşmür, o, adam deyil. O birisi başlayır avanqard yaratmağa. Üçüncüsü özünü ağıllı göstərmək üçün terminbaz çıxışlar eləyir. Dördüncüsü indi dəbdə olan astrologiyaya qapılır. Beşincisi planetlər problemi ilə məşğul olur, caamatın fikrini azdırır. Hər halda istədiyimiz alınmadı. Bunu demək lazımdır. Heç bir mənada müstəqillik yaranmadı. İndi bu saat müstəqilik sözü, ideyanın özü sönüb. İndi “millətçilik” sözündən qorxurlar. Zənnimcə, bu balaca haşiyəyə ehtiyac var idi.
Şeirimizin sabahını köklü, yönlü özünəqayıdış kimi təssəvvür edirəm. Yəni Azərbaycan ruhaniyyatının bədiyyat səviyyəsinə, imkanına, qüdrətinə qayıtmasını istəyirəm. O qüdrəti dərindən dərk etməkdə, ona qapılmaqda, onunla bir olmaqda, onu özünə çevirməkdə, özümləşdirməkdə, böyük ədəbiyyat yaratmaqda görürəm. Ola bilsin ki, ağzıgöyçəyin birisi mənimlə razılaşmasın. Öz işidir. Amma qəti əminəm ki, Sabirdən, Hadidən, Hüseyn Caviddən, Cəfər Cabbarlının əvəlki yaradıcılıcından sonra Azərbaycan ədəbiyyatı XX əsrdə öz Şərqi mahiyyətini itirdi. Şərq mahiyyətində olan hikmətlilik, böyük mənada ülvi pafos demək olar ki, süni pafosla, siyasi pafosla əvəz olundu. Çoxlu istedadlar yarandı. Məsələn, Səməd Vurğun səviyyəsində istedad yarandı və o istedad siyasi pafosa həsr olundu.
İnam pafosundan, İdrak pafosundan, Mənəviyyat pafosundan, İradə pafosundan çox böyük ayrılmalar başladı, Ədəbiyyat hikmətliliyini, ülvililiyini itirdi.
Şerimiz xüsusilə itirdi. Mən hələ məddah ədəbiyyatdan danışmıram. Onun indiki nümayəndələri özlərini çox pis aparırlar, onlar məddah ədəbiyyatı davam etdirirlər. Nə deməkdir Asif Atanın bu fikirləri?
Bunu bir az da konkretləşdirək. Ədəbiyyatımızın Hürmüzd – Əhrimən
səviyyəsini Səməd Vurğun “Muğan” poemasında azdan-çoxdan inkişaf etdirmək istəyirdi. Səməd Vurğunun ayılma dövrü idi. Bunu yəqin tədqiqatçılar araşdıracaqlar. Səməd Vurğun “Muğan” poemasında, ondan əvvəlki “Həyat fəlsəfəsi” yazısında nəsə hiss eləyirdi, sığmırdı bu təqlidçi kökə. Lakin Səmədin bu yolu, yönü, fikirləri dəhşətli dərəcədə müqavimətə rast gəldi. Müqavimət azdır, az qala ölüm-dirim təqibinə rast gəldi. Elə bil Səməd Vurğun hiss eləmişdi ki, bu “26-lar”, “Zamanın bayraqdarı”; bunlar hamısı öz yerində, nəsə ayrı, əsl ədəbiyyat da lazımdır. Şaumyanlara, Əzizbəyovlara həsr olunan siyasi ədəbiyyat əvəzinə Ruhani Ədəbiyyat yaranmalı idi. Bu cəhətdən Hüseyn Cavidin faciəsi tamam aydındır. Hüseyn Cavid ruhanilikdən zövq alırdı. Onun “Şeyx Sənan”ı dediklərimin mahiyyəti idi. Orada Zərdüşt də, Hürufilər də, Türk Ruhu, bütövlükdə Şərq var! Dediyim cəhət Cavidin əsərlərinin çoxunda var. Amma “Azər” poemasında o da məcbur idi ki, ruhani pafos əvəzinə siyasi pafosu qaldırsın. Eyni zamanda Cavidin dövründə tamamilə istedadsız, yaxud yarımistedadlı şairlər əmələ gəldi. Məsələn, Məmməd Rahim: O, siyasi pafos vasitəsilə böyüklüyə qalxdı. Böyüklük sayıldı onun yaradıcılığı. Böyük mənəvi sərvəti, ənənəsi olan ədəbiyyat öz kökü üstə köklənmək əvəzinə əsas etibarilə rus ədəbiyyatının, o cümlədən rus poeziyasının, xüsusilə Mayakovskinin kökü üstə kökləndi. Heç kəs Puşkini, Lermontovu, Bloku inkar etmir. Amma o kök, yəni rus kökü ki, bizdə var idi, o, Puşkindən, Lermontovdan daha çox Mayakovski şüarçılığından qidalanmışdı. Bu məsələni də tədqiq etməyin vaxtıdır.
Nə qədər rus şeri gözəl olsa belə, özgələşmə böyük ədəbiyyat verə bilməzdi. Və vermədi də. Puşkin ənənəsi, Lermontov ənənəsi, Yesenin ənənəsi Azərbaycan ədəbiyyatına xeyir vermədi. Siz indi yubiley keçirisiniz. Keçirin! Keçirin yubileyinizi! Amma yadınızda qalsın ki, “Yesenin və Azərbaycan” adlı dissertasiyalar yazılırdı, müdafiə olunurdu. Onda mən deyirdim ki, bir Yesenin və bütün Azərbaycan: utanın, ölün, qeyrətiniz olsun! Mənə ağız büzürdülər. Deyirdilər ki, bu adam çox həyəcanlıdır və heç ağlı da yerində deyil. Bu “ağıllılar” böyük ədəbiyyatın yaranmasına çox böyük ziyan verdilər. Heç bir talantlı adam öz səviyyəsində iş görə bilmədi. Nə Səməd Vurğun, nə də ki, o birilər.
Məncə, aydın oldu ki, Asif Ata nə istəyir. Ədəbiyyatın, şerimizin öz kökü üstə köklənməsini istəyirəm. İstəyirəm ki, Zərdüşt fəlsəfəsinin, mahiyyətinin daxilindən gələn pafosa yüksəlsinlər. Demirəm ki, onları təqlid etsinlər. Söhbət pafosdan gedir. Pafossuz heç nə yoxdur. Pafossuz nə varsa, o, ölüdür. Pafossuz bir daşı daş üstə qoymaq olmaz! Pafos-hiss deməkdir, həyəcan deməkdir, duyğu deməkdir, Yanar Zəka deməkdir! Bizim bu başıbəlalı, istedadsız, əzbərçi “fəlsəfəçilərdə” zəka olmadığı dərəcədə də hiss yoxdur, həyəcan yoxdur. Hiss yoxdur, həyəcan yoxdur və bu yoxluğu onlar böyük bir məziyyət kimi yazıq caamata, avam camaata təlqin etmək istəyirlər: «Asif Ata böyük filosof deyil, çünki o, çox həyəcanlıdır». Çox gözəl “fəlsəfədir”. Onda bütün Upanişadlar da, Hind Ruhu da fəlsəfə deyil. Nə varsa, hər şey qupquru olmalıdır bunların aləmində: əzbərçilik; “o dedi”, “bu dedi”, mən demədim. Bax bu, “fəlsəfədir”, “şeirdir”.
İstəyim budur ki, təzə, çox savadlı şairlər yetişsin. Yadımdadır, Moskvada oxuyanda – adını çəkmirəm, o, ölüb, ölünün dalınca danışmazlar; cavanlara ağıl verirdi ki, oxumayın, quruyarsınız, kim çox oxuyur, o, quruyur. Bizim şairlərimiz də onun gözəl öyüdünə əməl elədilər və «qurudular». Heç kəs özü istədiyi səviyyədə şair olmadı. Heç kəs öz şairliyindən – əgər onun vicdanı varsa, razı qalmamalıdır. Çünki ədəbiyyat yolunu azdı. İstəyirəm ki, ədəbiyyatımızda, konkret olaraq şeirdə Dədə Qorqud ənənələri elə-belə deyilməsin. O Haray qalsın! Harayın özünün şeriyyəti əsasında şeir yaransın! “Hanı dediyim bəy ərənlər, dünya mənim deyənlər?” Bu, özü böyük bir cərəyan ola bilər. İndi avanqarddan dəm vururlar. Avnqard artıq XX əsrin zibil yeşiyinə atılmaqdadır. Bir şey deyə bilmədi avanqard. Xüsusilə şeirdə.
Rəssamlıqda da mahiyyətcə heç nə deyə bilmədi. İstəyirəm ki, şeirimiz Nəsimilik əsasında inkişaf etsin, onun ruhani pafosuna yüksəlsin: “Mənəm Allah!” ideyasına. İstəyirəm ki, sufilərin ruhu ölməsin! O muğamlarımızda çalınan, ifadə edilən Kamilləşmə Həsrəti şeirimizə keçsin. Ayıbdır, biabırçılıqdır, sənin belə sərvətin ola, ondan yan keçəsən və orda-burda sərvət dilənəsən, kök axtarasan öz kökün ola-ola.
İstəyirəm ki, Asif Atanın Mütləqə İnam Fəlsəfəsi əsasında İnam Pafosu yaransın!
Mütləqilik Pafosu! Mütləq olmayan Nisbidir Pafosu! İnsanlaşma Pafosu! İnsanlaşdırma Pafosu! Dünyanın Dünyadan artıq Mənasının Şeirdə İfadəsi! İnsanın İnsandan artıq olan Mənasının Şeirdə İfadəsi! Həyatın Həyatdan artıq olan Mənasının Şeirdə İfadəsi! İnsanın özündə mütləq mahiyyət gəzdirməsinin, Şəraitdən, Mühitdən, Zamandan üstün olmasının Şeirdə İfadəsi! İstəyirəm ki, Ocaq İnsançılığı Şerə keçsin. Bu, o deməkdir ki, təzə şeir lazımdır.
xxxxxxxxxxx
— Mütləqim, bəs nəsrimizin sabahı haqqında Ata fikri necədir?
— Kapitalizim gəlir, Balzak dövrü gəlir, Rastinyak dövrü gəlir. Yadınızdadırmı, Rastinyak Qorio ata öləndən sonra çıxır o qülləyə və deyir ki, Paris, mən səninlə döyüşəcəyəm. Nə deməkdir bu, necə döyüşəcəyəm? Yəni sənin kimi olacağam. Yaltaqlıq, murdarlıq eləyəcəm. Bu yaxınlarda bizim bir “dahi sənətkarımız” qəzetlərin birinə müsahibə verərək deyir: Mən Parisə ona görə gəldim ki, burada dünya səviyyəsində qiymətimi alam. Yaxşı olmazdımı ki, sən Azərbaycanda öz dünyanı yaradaydın? Bu, daha düzgün olardı. Özü də sevinə-sevinə deyir ki, burda mənim əsərlərimin öz alıcıları var. Üstəgəl, deyir ki, biz burda idealist olmuşuq. Bizə imkan verməyiblər ki,bu bazar iqtisadiyyatında özümüzü göstərəydik. “Dahi rəssam” bunu elə deyir ki, guya bazar iqtisadiyyatında sənətkarlıq yaxşı şeydir. Burda hər şey alıcıdan aslıdır. Sən bazar iqtisadiyyatında istədiyin əsəri yarada bilməzsən, gərək bazara uyğunlaşasan. Özü də bu art biznesdən elə danışır ki, guya elə bundan ötrü yaranıb. Həmin adamın halında müasir kosmopolitizim çox gözəl aşkarlanır. Həmişə belə yazıları çox diqqətlə oxuyub təhlil etmək lazımdır. Və pis imiş, bir zaman bunlara kömək eləyirmişlər, bunlar da heç bilmirlərmiş ki, rəqabət nədir.
Bəli, indi rəqabət olacaq, indi alıcı sənə əmr eləyəcək. Bəs harda qaldı böyük sənət yolu, böyük sənət eşqi? Şairlərin içində də yəqin ki, belələri var. Bu saat onların arzusu odur ki, kapitalizmə belə qatılsınlar.
Mənim zənnimcə, gərək bizim nəsrimiz kapitalist ədəbiyyatı yaratmasın. Gərək Drayzer yoluyla getsin, Balzak yoluyla getsin, Stendal yoluyla getsin. Rastinyaka vurulmasın, ifşa eləsin! Belə getsə, pulçuluğa qarşı döyüş olmayacaq! Bir də gördün bir yaltaq şair, nasir indiki sponsora poema həsr elədi, kapitalizmi göyə qaldırdı! Bütün bəşər tarixində Fordlara, Morqanlara yarım cümlə ədəbiyyat həsr edilməyib, onlar həmişə döyülüb, qamçılanıb! “Qorio ata” vaxtıdır. Gəlir. Az qalıb ona. Bütün dünya ədəbiyyatını-nəsrini, şeirini götürün; Tolstoy, Dostoyevski, Balzak, Stendal, Mopassan, Fonkler-hamısı kapitalizmə qarşıdır!
Sözün düzü, mən əmin deyiləm: bir zaman bizim bu nasirlərimizin içindəki yaltaqlar necə ki, kolxoz sədrlərindən, Sosialist Əməyi Qəhrəmanlarından yazırdılar, indi də biznesmenlərdən yazacaqlar. Yəni Sosialist Əməyi Qəhrəmanları əvəzinə Kapitalist Əməyi Qəhrəmanlarından! Asif Ata bunu 70-ci illərdə görürdü. İstəyirəm ki, bu olmasın. Ədəbiyyatımız düşdüyümüz bu dəhşətli vəziyyətdən ləyaqətlə çıxsın. Heç olmasa, ədəbiyyat həqiqəti desin. Antikapitalist ədəbiyyat yaranmalıdır. Nəsrimiz bütün gücünü ona verməlidir. Heç olmasa, ədəbiyyat desin ki, 1985-ci ildən sonra dünyada baş verən hadisələr yağışdan çıxıb yağmura düşməkdən başqa heç nə deyildi. Bəli, sosializmdən ayrılmaq lazım idi. Ancaq belə yox. Bilirsiniz ki, Ata 70-ci illərin antikommunistidir. Mən ona görə yaxşı antikommunistəm ki, həm də antikapitalist idim. Ağlıma gətirmirdim ki, kommunizim əvəzinə təzədən kapitalizmə qayıdacacıq. Kapitalizmin nə olduğunu bilirsiniz. Kapitalizm pulçuluqdur! Kapitalizm istismardır! “İstismar” sözünü Marks icad etməyib. Kapitalizm əxlaqsızlıqdır, antihumanizmdir. Yumşaq quldarlıqdır, oyundur. Sözün əsil mənasında yalandır, aldatmadır, caamatı alətləşdirməkdir, pulçulaşdırmaqdır, pul vasitəsilə oynatmaqdır. Beş nəfər üçündür bu cəmiyyət, xalq üçün deyil.Görəcəksiniz. O zaman inanacaqsınız ki, Asif Ata düz deyirdi.
Bir zaman tənqidi realizim deyilən hadisə var idi. Mən bu anlayışların çox da böyük pərəstişkarı deyiləm. Bu, sxematizimdir. Tolstoy ənənələrinə əsaslanan, maskaları dağıdan, yalançı nikbinliyi ləğv edən, dünyanın gedişatına qarşı duran nəsr arzulayıram.
— Müqəddəs Ata, fəlsəfə ilə ədəbiyyatın birliyi haqqında Ata necə düşünür?
— Fəlsəfə-Dünyanın, Həyatın, İnsanın mənası haqqında sistemli fikirdir. Bizim akademiklərimizin fəlsəfəsi yoxdur. Azərbaycanda fəlsəfə yoxdur, çünki fəlsəfə ən azı özünəməxsus fikir istəyir. Heç olmasa balaca fikir; amma özününkü olsun. Bizimkilər isə heç yaxşı fəlsəfəşünas da ola bilmədilər, heç olmasa onun-bunun fikirlərini düzgün desinlər. Camaat onların əsərlərini oxumur.
Asif Atadan başqa Azərbaycanda öz sözünü deyən yoxdur.
Siz gözləyirsiniz ki, təhlükəsiz məqam olsun, amma mən indi deyirəm. Böyük qəhramanlıq da saymıram. Azərbaycan fəlsəfəsi qurtarır Nəimidə və Nəsimidə. Ədəbiyyatın fəlsəfə ilə birliyi, ədəbiyyatçıların insanı, həyatı, dünyanı düzgün dərk etməsi son dərəcə zəruridir. Ədəbiyyat o zaman böyük olacaq ki, insanın zahiri cəhətlərini yox, onun mahiyyətini açacaq. Əsl ədəbiyyatcı fəlsəfə dərsi keçsə də, keçməsə də, o, məcburdur ki, güclü idraki əmələ yüksəlsin. Yəni həyatı təkcə olduğu kimi öyrənməsin, həm də həyatın həyatdan böyük olan mənasını öyrənsin. O zaman fəlsəfə ilə şeir birləşəcək. Mütləq deyil ki, ədəbiyyatçı Hegeli ayrı, Kantı ayrı öyrənsin. Yaxud Upanişadları Ata qədər bilsin. O, filosof deyil, ədəbiyyatçıdır, yazıçıdır. Amma əgər o, fikirləşməsə ki, insan nədir, dünya nədir, həyat nədir; o zaman ondan böyük yazıçı çıxmayacaq.Onda olacaq balaca ədəbiyyatçı: “Gəldi-getdi”… hadisəçi. Amma sən istəsən də, istəməsən də fəlsəfəyə yaxın olmalısan. Fəlsəfə də bədiyyata yaxın olmalıdır.
Üslubda ədəbiyyatı fəlsəfə səviyyəsində məna gözləyir, fəlsəfəni isə ədəbiyyat səviyyəsində üsul, üslub, bədiyyat, hiss, həyəcan gözləyir!
Bir zaman əsl unversallıq var idi. Ədəbiyyat fəlsəfə ilə bir idi. Məsələn, hindlərdə. Mən demirəm ki, sırf o cür olsun. Amma o yerdə ki, fəlsəfə qınına girir, hissiyyatdan uzaq olur, Kant kimi böyük adamlar verir; bəşəriyyətə böyük təsir eləyə bilmir. Kant dahidir, amma o, yalnız Asif Ataya lazımdır. Çünki onda hiss, həyəcan yoxdur. Bizim o ağız büzənlərimizin əksinə olaraq hiss, həyəcan həqiqətin qanadıdır. Belə birlikdə ədəbi tənqid də fəlsəfi-bədii tənid olacaq. Bilirsiniz ki, Asif Ata tərəfindən yaradılan belə bir tənqid var. Belə olduqda ədəbiyyatımız da İnama, İnsanlaşmaya xidmət edəcək. Azərbaycanın müstəqil Ruhaniyyatı yaranacaq. Azərbaycan öz kökü üstə mənən yaşayacaq. Atanın istəyi budur.
– Atamız Var Olsun!
– Qaranlıqlar Yarılsın! Yükümüzdən Böyük Fərəhimiz Yoxdur!
Daxilinizdəki Mütləq Sizə Yar Olsun!
03 Ümid Günü, Xəzan Ayı, 17-ci İl, Bakı.
(03 oktyabr, 1995-ci il).