Ənqa quşu” – qloballaşan dünyaya qarşı duran güc
Get-gedə qloballaşan dünyada mədəniyyətlər, adət-ənənələr, düşüncələr və dünya görüşləri sanki bir-birinə qarışır və birləşir. Nəticədə biz istəsək də, isəməsək də hibrid düşüncə və görüşlər irəliləyir. Kütləvi mədəniyyətlərdəki bu çevriliş dövründə şəxsiyyətin və orijinallığın qorunmasının əsas problemə çevrildiyi sirr deyil. Millətçilik, ümumbəşəri dəyərlərin yox olmaq təhlükəsi ilə üzləşdiyindən, bu vəziyyət qanla bağlı olan və qardaş olan xalqların birliyini və həmrəyliyini zəruri
edir. Bunu dərindən başa düşmüş olan türk xalqları bu gün ortaq birlik və bərabərlik üçün çabalaması heç də boşuna deyil. Xüsusən də mədəniyyət, mənəviyyat, sənət və ədəbiyyat sahələrində qarşılıqlı iş birliyinin inkişaf etməsi tərifə layiqdir. Azərbaycan qan bağlarımıza daxil mədəni və ədəbi münasibətlərin davamlı inkişaf etdiyi bir mərhələyə gəlməsi əlbəttə bizi son dərəcə sevindirir.
Həqiqətən də, Azərbaycan – Özbəkistan ədəbi əlaqələrinin kökləri keçmişə bağlıdır. Bu münasibətlərin təməli hər iki xalqın şairləri tərəfindən toylarda və el şənliklərində “Dədə Qorqud”, “Koroğlu” və “Aşıq Qərib və Şahsənəm” kimi bir çox dastanlarımızın coşğu ilə oxunması və Həzrət Nəvainin Nizami Gəncəvini özünün mənəvi rəhbəri və müəllimi hesab etdiyi türk dilində nadir bir şeir olan “Xəmsə”ni yazması ilə qoyulmuşdur…
Həzrət Füzulinin Nəvaidən ilham alması və Erkin Vahidovun “Füzuli bizim şairimizdir!” deməsiylə Azərbaycan – Özbəkistan qardaşlığı bəlkə də bir daha göylərə ucalmışdır. Polad Bülbüloğlu, Kamilcan Otaniyozov, Zeynəb Xanlarova, Otacan Xudoşükurov kimi sənətçilərimizin bir-birlərindən ilham alaraq bənzər dil və ləhcələrdə nəğmələr səsləndirərək xalqın sevgisini qazanmalarıyla iki millətin arasındakı dostluq daha da gücləndi.
Sevindirici haldır ki, bu gün bu dostluq və qardaşlıq daha da inkişaf etmiş və yüksək bir səviyyədə davam edir. Xüsusən də modern ədəbiyyatın təmsilçiləri arasındakı ədəbi ilişkilərin həsəd aparılacaq bir səviyyədə davam etməsi müsbət haldır. Bir çox istedadlı tərcüməçilər iki millətin ədəbiyyatından örnəkləri sadəcə tərcümə edərək deyil, həm də bununla bərabər millətlərin arasındakı xeyirli münasibətin daha da inkişaf etməsinə böyük bir töhvə vermiş olurlar. Bu qədər böyük bir tərcüməçi icması arasında gənc nəsli görmək də sevindiricidir. Fəridə Zahidova sıradan bir məktəb müəllimidir. Ancaq bir çox xarici dil öyrənməyə, xarici ədəbiyyatları yaxından tanımağa və onları özbək dilinə çevirməyə çalışır və yaradıcılıqla məşğul olur. Belə ardıcıl çalışmanın və hədəflərinə doğru cəsurcasına addımlaması atalarından miras qalmış fəzilətlər olması heç də təəccüblü deyil. Çünki Fəridənin babası Fozil Zohid ölkənin tanınmış şair və jurnalistidir. Hər dəfə adına rast gəldikdə həm gerçəklərlə dolu kəskin qəzet məqalələrini və həm də dərin elmi məlumatları içində əks etdirən şeirlərini xatırlayırıq. Digər babası isə Hayıtboy Solaevin də bu yolda uzun illər çalışmaları oldu.
Bir dil öyrənmək və xarici bir dili axıcı şəkildə danışa bilmək bacarığı olmaq – çalışan və daim hərəkətdə olan biri üçün bu, böyük bir problem kimi görünməyə bilər. Ancaq digər millətlərin ədəbiyyat örnəklərini çevirmək tərcüməçidən böyük bir təcrübə və bacarıq tələb edir. Çünki ədəbi tərcümə üçün həm dili bilmək və həm də sənətin sirrinə bələd olmaq əsasdır. Təəssüf ki, bu günümüzdə günbəgün sayı artan tərcümə əsərlərinin sənət baxımından yoxsul olub, kamil əsər kimi ortaya çıxmamasının fərqinə varmaq zor deyildir. Əsəri quru bir şəkildə, bədii cazibədarlığının olmaması heç vaxt tərifə layiq hesab edilməyib.
Fəridə Zahidova gənc olmasına rəğmən tərcümə sənətini sağlam bir şəkildə inkişaf etdirməsi alqışa layiq sayılır. Tanınmış Azərbaycan nasiri Eluca Atalının əsərlərindən birini – “Ənqa quşu”nu ana dilimiz özbəkcəyə çevirməyə cəsarət etdiyindən açığını etiraf edim ki, ürəkdən məmnun oldum, sevindim deyə bilərəm.
Eluca Atalının adı Türk ədəbiyyatını sevənlər tərəfindən çox yaxşı tanınmaqdadır. Xüsusən, onun bir çox nəsr əsərləri özbək oxucuları tərəfindən rəğbətlə qarşılanıb. Yazarın “Özün gəl” adlı toplumunu tanınmış tərcüməçi Şirmurad Subhan tərəfindən ana dilimizə çevrilib kitab halına gətirilməsi böyük bir başarılı iş və nailiyyət olmasını söyləmək gərəkdir.
Əlbəttə, bir məktəb müəllimi olan Fəridə Zahidovanın Türk dünyasının məşhur bir söz ustasının əsərlərinə müraciət etməsinin konkret səbəbləri var. Çünki Eluca Atalı uşaqlar üçün çeşidli əsərlər yazıb oxucuların ixtiyarına vermişdir. Xüsusən uşaqlar üçün yazdığı “Ənqa quşu” adlı pyesi yalnız balacalar üçün deyil, eyni zamanda böyük ədəbiyyatsevərlər üçün də favorit bir səhnə əsəri halına gəlmişdir. Tərcüməçi qızımız bu 11 pərdəlik əsəri nizamlı şəkildə tərcümə edib tamamlamışdır. 5-8 yaş arası uşaqlara ünvanlanmış bu əsərdəki hadisələr dünyanın ən kiçik quşu olan, yuvası qozun yarısı boyda, yumurtası noxud böyüklüyündə və ağırlığı iki qram olan kolibri quşunun yuvasında getməkdədir. Ana quş, onun balası, Leylək, Qarğa, Dəvə quşu, Sərçə, Sığırçın, Ördək, Qaz, Bayquş quşları yer alan əsərin get-gedə inkişaf etməsi çox maraq çəkicidir. Əsər çox bəsid səhnələrlə başlayır: kiçik bir quş yuvasında məşq edər, uçmağa çalışar, sonra “Yuvada uçmaqdan yoruldum!.. Artıq mən böyüdüm, böyük dünyaya çıxmaq zamanım gəldi. Mən artıq yüksəklərdə uçmalıyam”, deyər və bayırda qanadlarını açıb uçmağa çalışar. Yüksəklikdə ilk dəfə uçduqdan sonra günəşi görüncə çox çaşır. “Göy üzündə uçarkən o uzun, sarı yolu ayaqlarımın altına sərdi” – deyə, anasına həyəcanla dolu yolu anladır.
Əsərin tam bu nöqtəsindən etibarən hadisələr sırayla genişlənməyə başlayır. Balaca quşda günəşi görmək və ona yetmək arzusu doğur. Ana quş onu bu düşüncədən vaz keçməyə çalışır, ancaq balaca seçdiyi yoldan heç dönmür. O, Leylək, Qarğa ilə qarşılaşır və onlarla söhbət edir. Qarğa ona Ənqa quşundan bəhs edir. Bununla da bala quşda Ənqa quşunu tapma və onunla danışmaq istəyi baş qaldırır. Leylək, Ənqa quşunu görə bilmək üçün ancaq yüksək və sərt dağ qayalıqlarını aşması gərəkliyini ona anladır.
Bala quş Leyləyin yardımı ilə bu qayalıqlardan keçir, ancaq ətrafında Ənqa quşunu görmür. Aldadıldığını düşünərək çaşqınlıq içində qaldığı bir anda, marağanın içindən sirli bir səs eşidilir: “Ənqa quşu sənsən!..”
Eluca xanımın bu əsəri uşaqlar üçün yazılmış bir teatr əsəri olması baxımından çox önəmlidir. Hər nə qədər uşaqlara ünvanlanmış olsa da, fəlsəfə və hikmətlə yoğrulmuş olması əsərin dəyərini artırmaqdadır. Oyunu izlədiyimizdə ya da oxuduğumuzda klassik ədəbiyyatda tez-tez rast gəlinən Simuruq quşu və onu aramaq üçün otuz quşun təhlükəli yola çıxdığı və sonda hədəflərinə yetmələri haqqındakı əfsanələr, dastanlar və rəvayətlər ağlımıza gəlir. Xüsusən də Fəridəddin Əttarın “Mantiq ut-tayr” və Mir Əlişir Nəvainin “Lison ut-tayr” əsərləri xəyal gücünüzü artıracaq.
Bütövlüklə sufi təlimləri perespektivlərindən yazılmış bu dastanlar dünyanın keçiciliyini anladırkən, insanlığın özünə yüksək bir hədəf qoyduğunu və sonunda ona yetdiyini göstərməkdədir.
Bəşəriyyətin yalnız xüsusi bir hissəsinin çatmağa çalışdığı əbədiyyət isə ali və mütləq həqiqətdir, ona ancaq şəriət, təriqət və mərifəti anlamadan öncə əldə edə bilməzsən. Ali həqiqət dünyanın təməlidir və heç bir şey onun üzərində üstünlük edə bilməz. Hər şey məhv olmağa məhkumdur, yalnız Ali həqiqətdən savayı. O bütün varlığın və kainatın yaradanıdır.
Eluca Atalının “Ənqa quşu” əsəri sələflərimizin əsərlərinə bənzər fikirləri irəli sürsə də, bu onların tam bir təkrarı və ya kopyası deyildir. Əsər uşaqları cəsur olmağa və hədəflərinin üzərində qərarlı durmağa, çətinliklərdən qorxmamağa, hər vəziyyətdə və mühitdə sadəcə irəliyə doğru mübarizə etməyi məsləhət görür. Yazarın bu əsəri eyni ilə sələflərimizin inşa etdiyi kimi…
Təbii ki, ağlımıza bu sual gəlir: Bəs, əsər uşaq ədəbiyyatına uyğunmu? Gənclərin dünyagörüşünə və səviyyəsinə ağır gəlməz ki? Mənim düşüncəmə görə, aşırı bəsit və axıcı əsəri toplamaqla günümüzdə uşaq ədəbiyyatını inkişaf etdirmək mümkün deyildir. Eyni zamanda gənclərin düşüncəsini itiləşdirmək amacıyla yüksək səviyyəli əsərlər onların diqqətinə çatdırılması tam yerinə düşmüş olardı.
Həzrəti Nəvai altı yaşında böyük Pir Fəridəddin Əttarın “Mantik ut-tayr” dastanını oxumuş və əzbərləmişdir. Dolayısı ilə hər bir uşaq özünəməxsus bir fərddir. Bunu hesaba alarıqsa, onlar gördükləri, izlədikləri və eşitdiklərindən öz səviyyələrinə uyğun nəticə çıxarırlar. Eyni zamanda onların səviyyə və düşüncələrini mükəmməlləşdirmək və dünya görüşlərini genişləndirməkdə təhsil sahəsində çalışanların və uşaq yazarlarının da önəmli bir vəzifəsidir. Bu gün dünyanın durumu kökündən dəyişir. Bugünün uşağı 50-60 il öncəki zamanın uşaqlarından tamam fərqlidir. Zaman sürətlə qloballaşmaya gedərək, mədəni, adət-ənənələr bir-birinə qarışarkən XXI yüz il gəncləri bilgisayarlara, ağıllı telefonlara güclü formada bağlanmış, internetsiz yaşamaz hala gəlmişkən əsl kimliyi qorumaq ədəbiyyatın önündəki ən böyük problemdir.
Yazar Eluca Atalının zəngin “Ənqa quşu” əsəri bu baxımdan o acı verən problemin çıxış yolunu tapmağa yardımçı olduğu üçün təqdirə layiqdir.
Fəridə Zahidovanın tərcümə sahəsindəki ilk uğurunu isə alqışlamağa dəyər. Gənc bir yazar olaraq onun daha aydın və yüksək zirvələri fəth edəcəyinə inanıram. Özbək oxucularına isə yeni əsər mübarək olsun!
Erpulat Baht,
Özbəkistan Yazarlar Birliyinin üzvü