Siyasi islamın faciəsi
Eluca Atalı: Din – müqəddəsliyə çağırışdır, siyasətsə əxlaqsızlıq və mənfəətdir. Bunlar ikisi bir yerdə olanda eklektisizm yaranır.
(Eluca Atalı ilə müsahibəni Könül İslamzadə hazırladı)
Sual: Haqqında bəhs etdiyimiz ”İran Hizbullah zindanında” kitabı 2023-cü ilin fevralda işıq üzü gördü. Tez bir zamanda dövrü mətbuat və ictimai mühiti əsər haqda rəylər və məqalələr bürüdü. Açığını etiraf edim, Dostoyevskinin əsərlərini oxuyarkən aldığım təsüratı mən sizin bu əsərinizdən aldım və siz də onun kimi həyatın dibinə enib oradakı üfunətli aləmi oxucuya təqdim edirsiniz.
Kitabın adından başlayaq, Azərbaycan nəşrindən dərhal sonra Türkiyədə Türkiyə türkcəsinə uyğunlaşdırıldı. Bəs, nədən adı dəyişdirildi?
Cavab: Adı dəyişdirildi yox, adında ixtisar oldu. Kitabın çapı üçün 15-dən artıq nəşriyyata müraciət etdim, birmənalı şəkildə mətni hamısı bəyəndi, amma qorxu onların başının üstünü bir kabus kimi aldı. Bəzi naşirlər zəng vurub saatlarla mövzunu mənlə müzakirə edərək heyrətlərini bildirdilər, lakin kimsə çap etməyə cürət etmirdi. 2023-ün oktyabrında İstanbuldakı nəşriyyatın birindən telefon açıb bir həftə sonra kitabın yayıma girəcəyini söyləyib, müqavilə ilə bağlı danışığımız oldu. Elə həmin həftə də Həmas İsrailə hücum etdiyindən redaktor nəşri saxlayıb bir az gözləmək lazım olduğunu dedi. Mən ”gözləməyi” acizlik saydım!!! Minlərlə insanın taleyini öz sətirlərində canlandıran və asdıların, kəsdilərin ardı-arası kəsilməyən bir zamanda necə gözləmək olar? Üstəgəl Həması İran maliyyələşdirdiyi halda geri çəkilmək acizlik deyilmi? İstanbuldakı ”Çinaraltı” yayınevi hünərli addım atdı, lakin bir şərtlə ki, kitabın adında ixtisar etmək məcburiyyətini bildirdi. Güzəştə getməli oldum, çünki Hizbullahdan qorxurdular. O Hizbullahdan ki, yaradıcısını, liderini 30 metr yerin altındakı dərinlikdə vurub öldürdülər.
Sual: ”Qanlı orkestr” kitabında olan Fatmanın Gündəliyi 114 gündən ibarətdir. Bir çox rəyçilər belə iddia edirlər, siz bunu qəsdən Quranın 114 surəsi ilə eyniləşdirmisiniz. Doğrudur?
Cavab: İnkar edirəm. Sırf təsadüfdür. Etiraf edim, kitab ingilis dilinə çevriləndə korrektor günlərdə dolaşıqlıq etmişdi. İngilis tərcüməçisi ilə günləri nizamlayanda məlum oldu əslində 122 gün imiş. İngilis variantındakı günlərin sayını daha doğru hesab edirəm. Güman edirəm, bununla da şübhələrə son qoymaq olar.
Sual: Qeyd edirsiniz, romanın yazılması 12 il vaxt aldı. Bu illər ərzində usanıb, yorulduğunuz anlar oldumu?
Cavab: Mövzudan yorulmurdum, amma canımı sıxan işin uzanması idi. Kitabdan bəzən hekayətləri çap etdirirdiyimdə oxucular yazırdılar: “Bu kitabı tam oxumaq istəyirəm.” Deyirdim: “Özüm də arzusundayam bütöv oxuyum…” Sanballı əsərlər həmişə gec başa gəlir. Həm də bu əsər milli taleyüklü dərdimizdən bəhs etdiyi üçün əldə olan faktları bədiyyata çəkəndə diqqətli olmağa çalışırdım. Əslində məqsədim bir kitab yazmaq idi, o da zindandakı qadınların məşəqqəti. Hansı səbəbə onlar zindana düşürlər? Niyə belə olmalıdır? – kimi sualları açıqladıqda Xomeyninin kimliyini, inqilabı kimlər etdi, nə məqsədə – müəmmalı sualları da cavablandırmalı oldum. Zindan hadisəsinin kökündə “xomeynizm” izminin durduğunu yazmaq kimi öhdəliyi qarşıma qoydum. İran xomeynizmlə idarə edilir, dinlə yox. Kimsə düşünür ki, İranda dini hakimiyyət var, cəmiyyət dinlə idarə edilir, o səhv edir. İrandakı ideologiya xomeynizmdir. Bir məsələyə diqqət edək: din müqəddəsliyə çağırışdır, siyasətsə əxlaqsızlıq və mənfəət. Dini dövlət, sizcə, hansı məntiqə sığır? Təzadların birliyi olurmu heç? İranda baş verən bütün hadisələr məntiqsiz bünövrənin laxlamasıdır. Əslinə qalsa, xomeynizm ideologiyası tək İranı yox, bütün Şərqi məhv etdi. Nədir xomeynizm? Bu çox iyrənc bir ideologiyadır, diqqət edin! Xomeyni deyir: “Elm adamlarını iş başından götürüb, yerinə iman adamlarını qoymaq lazımdır. Onlar savadsız olsalar belə, islam inqilabına sadiq qalacaqlar, çünki fanatikdilər.” Buyurun, savadsız yığnağı, fanatik, inqilaba sadiq, kor inadkarlar! Siyasətin əlifbasını belə bilmirlər…
Bəs Xomeynini iş başına kim gətirdi? Nəinki Xomeynini, son yüz ildə İranın hakimlərini Amerika və Qərb təyin edir. Molla beyni inqilab etməyə qadir deyil, çünki onlar əllərində təsbeh tutub zikr edirlər. Zikr təkrarçılıqdan ibarətdir. İnqilab isə köhnəni söküb dağıtmaq, yenini qurmaq tələb edir. Buna beyin lazımdır, o da molla təfəkkürlülərdə yoxdur. İrandakı hakimiyyətin təyinetmə üsulu ilə iş başına gəlməsinə yerigəlmişkən sizə bir nümunə göstərəcəm. 1909-cu ildə yaradılan İngilis şirkəti “Anqlo Persian Oil Companiy” İranın neftinə demək olar sahib çıxmışdı. 50-ci illərdə İranda Müsəddiq hərəkatı başlayır, bunun canında dururdu neftin və sənayenin milliləşdirilməsi. Qərb və Amerika İranın xammalını sümürürdülər. Müsəddiq baş nazir olanda bu ideyaya gəldi, sonra prezident seçildi, ana tərəfdən Qacarlar sülaləsindən idi. Müsəddiqin başladığı hərəkat 1953-cü ildə genişləndi, kütlə şaha qarşı durdu. Məhəmmədrza şah əvvəl İraqa, sonra da Romaya qaçır, təbii, hərəkat böyümüşdü, ölkədə iğtişaşlar artırdı. Son məqamda Tehranın mərkəzi meydanına yüz minlərlə insan toplaşıb Müsəddiqin plakatını başlarının üzərinə qaldırırlar. “Rədd olsun, şah”, “Yaşasın, Müsəddiq” bağırırlar. Nümayiş bir neçə saat davam edir, ardından toplantının rəhbəri kürsüyə çıxıb elan edir: “Amerika Müsəddiqi dəstəkləmir, deyir, şah qalsın!” Elə o andaca nümayişçilər Müsəddiqin fotoları olan plakatları aşağı salıb, şahın fotolarını başları üzərinə qaldırıb: “Yaşasın, Pəhləvi!” bağırırlar. Bundan sonra Məhəmmədrza şah ölkəyə geri dönür, Müsəddiqi zindana atırlar 3 il yatır, cıxır, ömrünün sonunadək 9 il ev dustağı olur, öləndə də öz həyətində basdırılır. Burdan çıxan nəticə nədir: əgər sən kütləni öz ideyan ilə yetişdirməmisənsə, o sənin arxanca getməyəcək. Bütün hərəkatlarda ən ağır iş kütləni yetişdirməkdir. Yerigəlmişkən, Asif Ata bizə deyirdi: “Sizdən soruşsalar, nə iş görürsünüz? Deyin, yeni xalq yaradırıq. Desələr, o görünmür. Deyin, biz hələ şumlayıb toxum səpirik, siz onu göyərəndə görəcəksiniz.” Kütlə dediyimizi inandırmaq üçün ona təzahür lazımdır, gözlə görünən, reallıq.
Sual: Kitab haqda yazılmış rəylər sizi qane edirmi? Sizin nə demək istədiyinizi tam mənası ilə təhlil edə biliblərmi?
Cavab: Tənqid və təhlillərin hamısı mənim üçün dəyərlidir, bir dəfə yox, bəzilərini dəfələrlə oxumuşam. Etiraf edim, indi hal-hazırda üzərində çalışdığım roman yazılmış rəylərdən çıxartdığım nəticədir. Yazıçı yalnız yazıb öyrətmir, o özü də öyrənir – bax, elə bu tənqidlərdən və həm də oxuculardan. Oxucu auditoriyası yazıçının laboratoriyasıdır.
Sual: Bəzi tənqidçilər qeyd edirlər, romanda bitkin, döyüşkən qəhrəman yoxdur. Bununla razısınız?
Cavab: ”Mən yalnız bədəndən ibarət deyiləm, düşüncələrim var, onu sabahkılara çatdırmalıyam” deyən Fatma bundan savayı necə qəhrəmanlıq edə bilərdi İran mühitində? Bizi ”Tamaşa qarının nəvələri”, ”Abşeron”, ”Qara daşlar” romanları ilə tərbiyə ediblər. O üzdən biz düşünürük İrandakı mütərəqqi gənclik bu tipdə olmalıydı. İran mühitinin 80-ci illəri sovet mühitindən çox fərqli idi. 60-cı illər Xruşov deyirdi: ”Vaxt gələcək İran yetişmiş alma kimi ovcumuzun içinə düşəcək”. Kremlin yetişdirdiyi solçular və solçu islamçı olan mücahidlər İranı kal alma halında saxladıqlarından tənqidçilərin əsərə tutduqları iradı qəbul etmirəm.
Asif Ata deyir: ”Qəhrəmanlıq – imkansızlıqdan imkan yaratmaqdır.” Əsərdəki surətlər içində taleyi uğrunda savaşanlar az deyil, lakin baxsanız, zindan dedikdə yalnız fiziki mənada nəzərdə tutulmur, cəmiyyətin özü zindandır. Həmin dövrdə özünü qorumaq üçün kişilərin belə çadraya bürünüb qaçması oxucuya mühiti təqdim etmirmi?
Sual: Tanınmış publisist-yazar Eyruz Məmmədlinin məqaləsində ”Üç vəd, üç tələb” kitabına tutduğu bir neçə ciddi irad var.
1.Pyotr, Nopalion, Məhəmmədrza şah xəttini əsərdə yersiz və hətta süjet xəttini pozduğunu qeyd edir.
2.Yenə həmin kitabda ”Ritual” hekayətinə iradı var.
Bu haqda şərhiniz varmı?
Cavab: Eyruz Məmmədliyə bu haqda fikrimi şifahi demişdim, sizə də şərh edim. Birinci iradla bağlı: burda Bakı hökmdarının hazırlatdığı brilliant dəstindən söhbət gedir, bu dəstin hazırlanmasında məqsəd Təbriz hökmdarının qızına oğlu üçün elçi düşərkən hədiyyə etməkdir. Xəzər boyu əraziləri işğal etmək üçün ilk öncə kəşfiyyat xarakterli səfər edən Birinci Pyotr hədiyyəni oğurlayır. Fransa imperatoru Nopalion həmin dəsti Rusiyadan oğurlayır, Məhəmmədrza onu şahbanu üçün Fransa hərracından alır. Amerika onun taxt-tacını laxladanda həmin dəsti Ceyms Karterin arvadına hədiyyə kimi təqdim edir. O isə əvəzində 9 dollarlıq gimnaziyada taxdığı qalstuku şaha bağışlayır. Xomeyni Amerikadan heyfini çıxmaq, əslində içindəki hikkəsini öldürmək üçün həmin qalstuku rəmzi olaraq asır, guya Karteri edam edir. Bu xətdə siyasətin murdarlığını, əxlaqsızlığını göstərməyə çalışmışam. Təbii ki, bədiyyatda bunu bir neçə kəlmə ilə demək mümkünsüzdür, gərək hadisəni bədiiləşdirib təsvir edəsən.
İkinci sualınız “Ritual” hekayəti ilə bağlı idi. İslam İnqilabının “müəllifi” namaz qılanda üzünü Məkkəyə tutur, amma təsadüf bir hadisə onun yönünü dəyişir. Burda sətiraltı məna var: imamın taleyini gözlənilməz təsadüf həll etmişdi.
Sual: Rəyçilərin əsərdə vurğulamadıqları məsələlər varmı?
Cavab: Var! Xomeynizm məsələsini istərdim önə çəksinlər. Bu gün İranın düşdüyü durum yuxarıda qeyd etdiyim kimi, xomeynizmin bəlasıdır. İkincisi və ən əsası ”Üç vəd, üç tələb” kitabını xüsusi təhlil edəydilər. Bu Asif Atanın Güney Azərbaycan hərəkatında onun mübarizə etməli olduğu üç əsas amili göstərib, romanın 2-ci kitabı onun üzərində qurulub. Güneyin qarşısında duran maneə nədir:
1.Farsçılıq
2.Dinçilik
3.Qərbçilik
Guya İranda 40 milyon türk yaşamır, onlar farsdan dönüblər, azəridilər. ”Azəri” kəlməsi Rza Pəhləvinin Kəsrəviyə yazdırdığı sifarişli tarixdən irəli gəlir, türkləri özünə inamsız etməkdən ötrü. Kəsrəvi qocalanda ”yaddaşı” qayıtdı, etdiyi səhvi anlayıb etiraf etdi. ”Türk tarix yaratdı, lakin tarix yazmadı” — zəif yerimizi aşkarlayan bu bir cümləni aşmalıyıq. Yaratdığımız tarixi özümüz yazmalı, ərəbin, farsın, rusun yazdığı tarixi pozacaq qədər qüdrətimiz, ən əsası milli təəssübkeşliyimiz olmalıdır.
İkincisi və daşlaşmış beyinlərdən silinməsi zor olan, amma mümkün olan din məsələsidir. Kiminsə inamına toxunmuram, inamda hər kəs azaddır. Din həssas məslədir. Fars hakimiyyəti Güneylilərin beyninə yeridir ki, sənin düşdüyün vəziyyət alın yazısıdır, qismətçilikdir, Allah belə istəyib, belə də edib. Əgər Allah Güneylilərin çəkdiyi zülmə göz yumursa, bu Allah mənim nəyimə lazımdır? Zülmə boyun əyməyi öyrədən Allahı sən insana sevdirə bilməzsən və bunun nəticəsidir ki, artıq insanlar kütləvi şəkildə inamlarını itirirlər. Son hadisələr zamanı 30 mindən artıq insanı iki gündə öldürdülər. Öldürülənlərin valideynləri dini ayinlərlə əzizlərini basdırmırdılar, qəbir üstə rəqs edib, toydakı kimi başlarına tümən səpirlər.
Üçüncü demokratiya məsələsi. Qərb deyəndə, ən çox da demokratiya kəlməsi ağıla gəlir, çünki qərb demokratiyanın carçısı kimi özünü təqdim edir. Bəs, demokratiya, insan haqlarından bəhs edən ölkələr – Amerika, Almaniya, Fransa, İngiltərə Xomeyni kimi savadsız bir dindarı İranda inqilab müəllifi edəndə bilmirdi nə iş görür? Ona şahın milliləşdirdiyi nefti və xammalı İranın əlindən çıxarmaq lazım idi, bunun üçün də ən real güc mollalar idi. Solçular – kommunistlər Kremlə bağlı idilər, solçu-islamçı qüvvələr olan mücahidlərin qibləsi Məkkə deyildi, namazlarını üzü Kremlə qılırdılar. Belə olduqda kütlənin də qəbul etdiyi mollanı hakimiyyətə hazırladılar. O üzdən bizim Güneyli soydaşlarımız öz milli azadlıq hərəkatlarında özlərindən savayı kimsəyə üz tutsalar uduzarlar. Məhz bu fikirlə ”Üç vəd, üç tələb” kitabını hekayətlərlə yazıb demokratiyanın 3-cü dərcəli ”inkişafdan qalmış ölkələr” deyirlər siyasi dillə, onların üzərində oynadıqları oyunu sərgilədim.
Sual: ”Elə bir çirkin mühit formalaşdı ki, qonşu qonşudan qorxmağa başladı, dünənə qədər qardaş olanlar bu gün satqına, xainə çevrildilər. Bu elə mexanizmdir ki, insanlar artıq özləri bir-birlərinə nəzarət etməyə başlayıblar.” Romandan çıxan nəticə belədir. Bu inqilabın nəticəsini qorumaq üçün mövcud cəmiyyəti saxlamaqdan ötəri qurulmuş bir mexanizm deyilmi?
Cavab: Doğru, amma nəzərə alsaq, bu yalnız islam inqilabına aid deyil. İstər inqilabların ən böyüyü sayılan, bizim də uşaqlığımızı oğurlamış sosialist inqilabı, inqilabı yaşatmaq üçün minlərlə insanı represiyaya məruz qoydular. Fransa burjuaziya inqilabının başçılarından biri Paris universitetinin biologiya üzrə professoru 40 kq-lıq gilatin baltası icad etdi əks-inqilabçıları edam etmək üçün. Balta bu ziyalının adı ilə adlanırdı, öz başı da o baltada kəsildi. İnqilabın müəlliflərindən biri və Müəssisələr Məclisinin rəhbəri Robespyer o qədər qabağa getdi ki, dedi: “Bu məclisdəki deputatlardan 5-6-nın boynu gilatində vurulacaq.” Hamı bir-birinə baxdı, hər kəs artıq öz başını kəsilib Paris küçələrində futbol topu kimi diyirlənən halda təsəvvür edirdi. Bu zaman onlar başsız qalmamaq üçün birləşib Robespyerin özünü gilatinə göndərdilər. İnqilab budur! Asif Atanın “İnqilab yoxsa intibah” izharını kitabın girişində vermişəm. Heç bir inqilab insan yetişdirmədi, sadəcə onun içindəki vəhşi ehtirası qabartdı. Düşünürəm, bunu uzun-uzadı şərh etməyə ehtiyac yoxdur, inqilabın əlifbasına bələd olan belə, nə dediyimi anlayır. İnqilab ideyası bəşəri yağmurdan çıxarıb yağışa salır, bəşər geriləyir, irəliləmir, yerində sayır inqilabla. Dünyaya İNTİBAH lazımdır, insanın hal-hal, ağac-ağac artması, kamilləşməsi gərəkdir.
Unutmayaq, inqilab öz övladlarını yeyir!!!