Eluca Atalının yaradıcılığında qadına münasibət probleminin bədii əksi
Dr. Fərqanə Zülfüqarova
Azərbaycan Respublikası Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyası
Dos., filologiya üzrə fəlsəfə doktoru
Abstrakt. Mövzunun aktuallığı. Bütün dövrlərdə qadın problemləri milli-mənəvi, dini-əxlaqi, sosial-mədəni, fəlsəfi-psixoloji və estetik-etik düşüncədə aktual olmuşdur. Müasir Azərbaycan ədəbiyyatında ana, qadın obrazları arasında Eluca xanım Atalının yaradıcılığında qadının ağıl, səbr və elmə əsaslanaraq cəmiyyətdə öz yerini tutmağı bacarması, özünütəsdiqi öz bədii əksini tapmışdır. Müasir Azərbaycan ədəbiyyatında, qadın obrazı kontekstində qadın probleminin həllinin ailəyə, soy kökə bağlılığı, ailədə qadının bir ana olaraq, həyat yoldaşı kimi sivil aspektlər baxımından dərk edilməsi, cəmiyyətdə qadın probleminin həllinin öz çözümünü tapması və digər problemlərin zamanla həll edilərək çözülə bilməsi diqqətəlayiq və əhəmiyyətlidir.
Elmi yeniliyi. Məqalədə müasir Azərbaycan ədəbiyyatında qadına münasibət probleminin əksi, Azərbaycan yazıçılarının əsərlərində qadın konsepsiyasının öyrənilməsi, elmi müqayisələr yolu ilə araşdırılmasına həsr olunmuş ilk tədqiqatdır. Burada ədəbiyyatşünaslığımızda mövzunun tədqiqi üçün yeni olan bir sıra məsələlər mövcuddur:
– Qadın probleminin işlənməsi kontekstində ingilis və Azərbaycan yazıçılarının dünya ədəbiyyatındakı rolu dəyərləndirilir.
– Müasir Azərbaycan yazıçılarının əsərlərində qadına münasibət problemi müqayisəli tədqiqə cəlb olunaraq oxşar, ümumi və fərqli cəhətləri müəyyənləşdirilir.
– Müasir ədəbiyyatında qadın konsepsiyasının ideya-məzmun və ədəbi-estetik cəhətləri ilk dəfə olaraq meydana çıxarılır.
Eluca xanım Atalının yaradıcılığında qadın probleminin spesifik xüsusiyyətləri səciyyələndirilir.
– Qadın problemi milli-mənəvi, ictimai-siyasi, fəlsəfi-psixoloji istiqamətdə öyrənilərək müasir Azərbaycan ədəbiyyatındakı önəmli yeri vurğulanır.
Eluca xanım Atalının yaradıcılığında qadın probleminin əsas cəhətləri müəyyən edilir.
– Qadın probleminin milli-mənəvi istiqamətdə işlənməsi, qadının bədii-estetik dərki müasir ingilis və Azərbaycan elmi-nəzəri fikri üçün daim yeni bir hadisə kimi təqdim edilir.
Açar sözlər: ana, qadın konsepsiyası, sivil inkişaf, humanistlik, sevgi
Müxtəlif xalqların ədəbiyyatı qarşılıqlı ünsiyyət nəticəsində sivil və intellektual formada inkişaf edib təkmilləşir, bununla belə, onlar özlərinin milli-əxlaqi dəyər və koloritlərini də qoruyub saxlayırlar. Dünya ictimai-bədii fikrində baş verən proseslərin dərindən dərki üçün önəmli və ümumbəşəri problem hesab edilən qadın probleminin öyrənilməsi, müasir durumda anlaşılması böyük əhəmiyyət kəsb edir.
Müasir ədəbiyyatşünaslığımızın istedadlı nümayəndəsi, feminist yazıçı, şair, mütəfəkkir, psixoloq Eluca xanım Atalı istər gerçək həyatda, istərsə də əsərlərində daim qadın haqlarını, hüquqlarını müdafiə etmişdir. Çağdaş yazıçı hələ uşaqlıq illərindən şeir yazmağa başlayıb, tələbəlik illərində isə bu ədəbi aləmi ardıcıl olaraq intellektual mühitdən olduqca çox təsirlənib və özünün xüsusi ədəbi aləmini yaradaraq inkişaf etdirmişdir. Eluca Atalının əsərlərində qadın, ana psixologiyası, insan və cəmiyyət münasibətləri, qadın hüquqlarının müdafiəsi, haqq-ədalət kimi mövzular daha çox nəzərə çarpır. Eluca Atalı ümumən insanın aliliyini, fərqli tərəflərini və bu tərəflərin yaşam mücadilələrinin çözümünü əsərlərində tam təfsilatı ilə təsvir edib.
Daha sonralar Eluca Atalı yaradıcılığının əsas qayəsi Asif Ata fəlsəfəsindən qidalanıb. Eluca xanım Atalı öz yaradıcılığında fəlsəfi-bədii miniatür janrına daha çox üstünlük verib və müxtəlif janrlarda, həmçinin hekayə, esse, mənsur şeir, publisistika janrlarında yüzlərlə əsəri Azərbaycanda və xaricdə çap olunub və müxtəlif dillərə tərcümə edilib.
Yazıçının yaradıcılığında qadınların milli-mənəvi, ictimai-siyasi, fəlsəfi-psixoloji fəallığının təbliği onun keşməkeşli tale yolundan götürülmüş, fəal ana, qadın obrazları – yazıçı, şair, müəllim, həkim, əsərlərində geniş yer alır. Məsələn, müsahibələrdə qeyd edilir ki, o, qadınları “Ənqa quşu”na bənzədərək mübariz olmağa səsləyir. Onun romanları, hekayələri və əsərləri cəmiyyətin düşüncə tərzinə və insanların cəmiyyətlə əlaqəsinə əsaslanmışdır. [1, s. 180].
Eluca xanımın dərin psixoloji təhlilləri və sosial problemlərə dair yazdığı əsərləri insani dəyərlərə, qadın hüquqlarının müdafiəsinə söykənir. Qeyd edək ki, Eluca Atalı Süleyman peyğəmbərə xas olan əlamətləri ilə də diqqəti çox cəlb edir. Onun təbiətin, quşların dilini bilməsi, hər quşla öz dili ilə danışması buna nümunədir. Məsələn, “Qum üstündə sərçələr”, ”Əgər quşlar olmasaydı?”, Ağ göyərçin”, ”Ənqa quşu”, ”Uzaq səfərin qəribə sonluğu”, ”Atanurun macəraları” kitabları oxucuların diqqət mərkəzindədir.
Onun ilham mənbəyi təbiət və uşaqlardır, yradıcılığında daha çox təbiətdən, uşaqlardan yararlanır. Dünya, həyat, insan və cəmiyyətdə baş verən hadisələr Eluca xanımın əsas mövzu olaraq onu daim düşündürür. “Adamdan üstün”, “Paşa Qəlbinur: biblioqrafiyası”, “Atillanın açıq pəncərəsi”, “Milli monoloq”, Gecikmiş oyuncaq”, “Bir udum azadlıq”, ”Kərküklülər – təklənmiş türklər” siyasi məqalələr toplusu, ”Atlara güllə atmayın” “Azadlıq hekayələri”, “Tiqranizm Xocalıda”, ”Nalşəkilli mühasirə”, “Özünü gətir” kitabları çap olunub. ”Ağ gəminin kapitanı” uşaq romanını yazıb, ”İran Hizbullah zindanında” Xomeyni və xomeynizmin iç üzünü aşkarlayan, ifşa edən romanı buna nümunədir.
Yazıçının özünün də qeyd etdiyi kimi “Yaradıcılığımın əsas xətti Asif Ata fəlsəfəsinin əsası olan “İnsanlaşın-İnsanlaşdırın! İnamın ömrü illərlə yox, əbədiyyətlə ölçülür” ideyasından gəlir. Yəni, “İnsan dəyişməsə, dünya dəyişməz!” İnsan şüurunun dəyişməsi. Qaranlıqda işıq tapa bilmək. Ölümə fəlsəfi qalib gəlmək..” [2, s 568].
Eluca xanım Atalı “Azərbaycanda kitabşünaslıq yaranması, inkişafı, müasir mərhələ və perspektivləri“ adlı namizədlik dissertasıyasının müəllifidir. Feminist yazar, psixoloji nəsrin dəyərli nümayəndəsi, filosof, ictimai xadim olan Eluca Atalının yaradıcılığında qadına münasibət probleminin bədii əksindən söz açarkən qeyd edək ki, qadının milli-mənəvi, sosial-psixoloji azadlığı onun əsərlərinin əsas süjet xəttini təşkil edir. Bütün bunlar qadının ruhən təhsil və maddi azadlığına gətirib çıxarır .
“Ənqa quşu” əsərində qadın obrazı ənənəvi stereotiplərə qarşı zirvəyə qalxaraq, özünəgüvəni hiss edir arzuları uğrunda fasiləsiz olaraq mübarizlik göstərir. Əgər konkret bir əsərin (məsələn, “Ənqa quşu” və ya “Kərküklülər – yalnız buraxılmış türklər”) və ya konkret qadın obrazı üzərində ayrıca analiz etmək istəsək, o zaman xüsusi olara ”İran Hizbullah zindanında” romanı üzərində dayanmalı olarıq.
Ümumən yazıçı daim qadınların cəmiyyətdəki yerini və haqlarını müdafiə edir.
Eluca Atalıya görə ”Təhsil və ədəbiyyat” qadının gücüdür, silahıdır”. Buna nümunə olaraq “İran Hizbullah zindanında” əsərinin qadın qəhrəmanı Fatma obrazı daha çox diqqəti cəlb edir.
Yazıçının bu əsərində qəhrəmanların taleyi, faciəli zindan qayda-qanununa tabe olmasına baxmayaraq onların mübarizliyi oxucunun diqqətini cəlb edir. Əsərdə azyaşlı Fatimə və onun müəlliməsinin acınacaqlı taleyi daha çox diqqəti cəlb edir… Əsərdə Fatma və başqaları Səməd Behrənginin “Balaca Qara Balıq” kimi əsərləri oxuyur, bu kitablar onlara “beyni silahlanmaq”da yardımçı olur. Yazıçı, ədəbiyyatın, bilik və təhsilin qadınları liberallaşdırdığı və azad düşündürdüyünü göstərir. Əsərdə yazıçı qəhrəman qadın obrazları – milli azadlıq məsələsini çox uğurla önə gətirib. Məsələn, Eluca Atalının 10 yaşlı Fatmanın gündəlik yazıları, ağlasığmaz işgəncələr qarşısında göstərdiyi möhkəmlik, onun cəmiyyət üçün simvolik qəhrəman olaraq oxucu kütləsinin diqqətinə çatdırıb.
Qadına münasibət probleminin əksi Eluca Atalının yaradıcılığında yalnız qadın azadlığı, təhsillə kifayətlənmir. Onun əsərləri əksinə – bəşəriyyətin anası olan qadına daha müdrik, intellektual nüanslarla yanaşmanı cəmiyyətə, oxucuya sanki, güzgü kimi əks etdirir və bədii ustalıqla təhlil edərək – qadınların özünəinamı, təhsillə ucalmağı, özünüdərki, milli-mənəvi azdlığı uğrunda mübarizəni əsas hesab edir. Ümumən, Eluca Atalı bütünlüklə bunları cəmiyyətə çatdırmağı özünə mənəvi borc hesab edir.
Eluca Atalının “İran Hizbullah zindanında” adlı əsəri, bu baxımdan, ədəbi eynilə tarixi bir əsərdir. Bununla yanaşı, İran rejiminin faciələri altında yaşayan Azərbaycan türklərinin mücadiləsini və məruz qaldıqları zülm və zorakılıqları dərin bir psixologizmlə oxuculara çatdırır. Bu roman həm bir insaniliyə əsaslanıb, eynilə də kollektiv bir müqaviməti canlandıran psixoloji əsərdir. Eluca Atalının bu əsərində qadının təbiəti, İrandakı qadınların yaşadığı faciələrin təsirli şəkildə əks olunmasıdır. Əsərdəki epizoddan göründüyü kimi:
“Bütün zindan otaqlarının işığı saat doqquzdan söndürülüb, ay işığında ala-qaranlıqda yazıram. Bilirsən haradayam? Doğma şəhərimin cəhənnəmi ünvanını almış Nisvanda, yəni sizin beş addımlığınızda – Urmiyədəki qadın zindanı Nisvanda.
Mən Qəsrin qəzəbli məhbusu –
Özbaşına şahın zindanındayam.
Soyuq gecədə,
Kiçik pəncərənin millərindən
Baxıram qaranlığa.
Gələcəyi, azadlığı düşünürəm” [3, s. 165].
Əsərdəki qız uşaqlarına, qadınlara edilən haqqsızlıqlar bu kontekstdə Atalının feminist yazıçı kimi bir baxış bucağından dəyərləndirilə bilər. Çünki, əsərdəki hər bir qadın obrazları, onların yaşadıqları çətinliklər, zorakılıq və zülmlü həyatları əsərin psixoloji nüanslarını, duyğusal dərinliyinə səbəbdir və hər bir oxucunu təsirləndirir.
Və yaxud əsərdən digər hissəyə nəzər salaq:
“Qadınlardan çoxusu, əlbəttə, hamısı istəsə belə bu hadisəni müşahidə edə bilməzdilər, pəncərə səksən başın eyni zamanda ona dirənəcəyi qədər geniş deyildi – nəfəslərini içlərinə çəkib, otağın pəncərəsindən zindanın yaxınlığındakı təpəyə gözlərini dikmişdirlər“ [2, s. 191].
“Günorta azanına qədər qonağımız olan qız uşaqları bütün edam olunacaqlar kimi oturub dizlərini qucaqladılar, nə danışırdılar, nə də yeyib-içirdilər. Boğaz kilidlənməsi ifadəsini ilk dəfə zindanda eşidib gördüm. Hər şey qanunla irəliləyirdi: günorta azanı səslənəndə, Məryəmin, sanki bədəninə elektrik yeridilmişdi, əsməcə tutdu, sonra da sudurqa keçirtdi, qolu-qıçı qıc olub yığıldı.
– Oksigeni çatmır, çəkilin, hava alsın! Bunu eşidəndə əmin oldum, tək Məryəmin yox, otaqdakıların çoxusunun beyninə oksigen getmir, əks halda bu havasız, qapı-pəncərəsi bağlı otağa oksigenin hansı yolla girəcəyini düşünə bilərdilər. Başı kəsilib buraxılmış toyuq kimi vücudunu qaldırıb döşəməyə çırpır, qıvrılır, sanki içinə girmiş hər hansı bir qüvvə onun daxili orqanlarını öz çirkin əlləri ilə qarışdırırdı. Epilepsiya keçirtdi, qadınlar ağzına güclə taxta qələm soxub, dilini bayıra çıxartdılar. Səriyyə müəllimənin əli dişdəm-dişdəm olmuşdu. Üzünə-gözünə su vurdular, naşatır spirti iylətdirdilər və ən əsası xahəri Zeynəb əsgəri gəlib siğə üçün qızları aparanda, Məryəm artıq normal vəziyyətə düşmüşdü, onu güllə ilə yox, şəhər meydanında kəndirlə asıb edam edəcəkdilər. Valideynlərinin meydana dəvət olunacaqlarını qıza demişdilər, o isə: “Bircə xahişim var, edam məqamında saçımı açıq qoyun ki, anam məni öncə olduğum kimi görsün!” – son vəsiyyətini etmişdir. Qadınlar başlarında qara yaylıqla edam olunurdular, lakin edama məhkumun son arzusuna əməl etməyən dini qanuna görə, bu dünyadan şüğüzmə – yəni günahkar gedə biləcəyindən Hizbullah zindanındakı məhbus qızların “atası”, yəni Ali Ruhani başçı imam Xomeyni son arzuya əməl edilmənin vacibliyi barədə fitva vermişdi. Axşam azanı ölüm qoxuyurdu, sanki bu səs müqəddsliyə çağırış yox, Hizbullah zindanına soxulan əli avtomatlı terrorist idi.” [3, s. 203].
“Gözlənilən an gəldi – qəfildən qapı açıldı, adətləri üzrə salamlaşmadan gözlərini qara kağıza zilləyib (edam siyahısını qara kağız adlandırırdılar) aramla, uca səslə siyahını oxudular… Bu dəfə də təhlükə məndən sovuşdu… Lakin bu hələ sağ qalacağıma əsas vermir, zindanda hər günün yox, hər anın, saniyənin hökmü var məhbusun üzərində. Kimsə sinəsinə döyüb, o hökmə qalib gələ bilərəm deyə bilməz. Eləcə də sizin Fatmanız, mənim qara balıqlarım! Sübh azanında adları oxuyanda bir nəfər qıy vurdu, hamı dönüb səs gələn tərəfə baxdı. Bu Nasrin Şocaie idi! Sevinirdi… Zənn etdim, başına hava gəldi edam xəbərindən şoka düşüb, lakin gözlədiyimin əksi ilə rastlaşdım”. O var gücü ilə qışqırırdı. Hə, hə, düz eşitdiniz. O pıçıldamırdı, o danışmırdı, o hayqırırdı, o illərdir içində yığılmış kinini-küdurətini, hikkəsini püskürürdü. O belə qışqırırdı:
“…bu gün mənə nikahlı təcavüz olunacaq!” Nikahlı təcavüz imamın Allah dərgahına üzüağ getməsindən ötrü icad etdiyi kəşf idi, lakin zavallı qızcığaz vicdandan kasad imamların hiyləsindən kənar saf ürəyi ilə birsaatlıq ərliliklə itmiş şərəfinin qayıdacağına bel bağlayırdı. Qız bülbül kimi ötürdü, normal adamın onun hisslərini yaşaması mümkünsüz idi. Bəlkə də, səhv edirəm, amma edamı onun kimi qarşılayana ilk dəfəydi rast gəlirdim. Bəxtiyarlı elinin qızı Nasrin Şocaie on üç yaşı olanda, 1981-ci ildə sipahın agentləri onun ata-anasını tutmaq üçün “ayətullah edam” ləqəbli ETTELAAT daxilindəki edam komissiyasının rəhbəri İbrahim Rəisinin əmri ilə evlərinə basqın etsələr də, onları tapa bilmədikdə qızı girov məqsədi ilə tuturlar. Nasrinin iki qardaşı Mehran və Məsud da cəllad Rəisi və cinayətkar dəstəsi tərəfindən İsfahanda Dastgerd həbsxanasında xüsusi nəzarətdə saxlanılırdı. Təbii ki, məqsəd valideynlərdən qisas almaq idi. Qardaşlar tutulduqdan dərhal sonra qeyb oldular, olumları və ya ölümləri ilə bağlı soraq verən olmayanda, hadisədən xəbərdar olanların gənclərlə bağlı qərarları: onları yer uddu deməklə, bu hadisəni beləcə burada da bağladılar” [3, s. 217].
Yuxarıda göstərilən hissədən görünür ki, əsərin ana xətti inqilab, qadın azadlığının mücadiləsi, qadın haqları və insan haqları pozuntuları yer alır. Eluca Atalının bu əsərində yaşanan insan xüsusilə qız, qadın travmaları və bu gərginliklərin fərdlər üzərindəki psixoloji təsirini incəliklərinə qədər oxucuya çatdırmışdır. Yazıçının qadın qəhrəmanların yaşadığı həyat tərzi zorakılıqlar, faciələr, fəlakətlər əsərin ana xəttini təşkil edir. Bu əsərində inqilab dövründə yaşanan travmaları, qadınların qarşılaşdığı zorluqları və azadlıq arzuları, bu baxımdan, “İran zindanında” sadəcə, İran tarixi və cəmiyyəti haqqında bilgi almaq istəyənlər üçün deyil, eyni zamanda qadın hüquqlarının qorunması mövzusunda ən önəmli bir qaynaqdır. Yazıçı bu əsəri yazmaqla İranda Hizbullah rejiminin apardığı mürtəce siyasəti ifşa olunmasından oxucunu xəbərdar etmək və ayıq-sayıq olmağa çağırmaqdır.
Ümumən yazıçı Eluca Atalının “İran Hizbullah zindanında” əsərindəki, baş verən hadisələr, sadəcə, İrandakı Azərbaycan türklərinin deyil, bütün dünyanın müxtəlif ölkələrində yaşayan türk xalqlarının haqsızlıqlara məruz qalmasına, onların yaşadıqları faciələrin çözümündən, həlli yoluna sanki, bir sıçrayışdır.