Bütöv Azərbaycanın yolu düşüncədən keçir
Eluca Atalının “Bütöv Azərbaycan yolu” publisistik
kitabında əsasən “İran Hizbullah zindanında” tetrologiyasına
dair yazılmış elmi məqalələr, müsahibələr və oxucu rəyləri
toplanmışdır. Kitabda Güney Azərbaycan dərdini, İran İslam inqilabından sonra fars-molla rejiminin əsartində əzilən, haqqı
tapdanan güneyli türklərin aqibəti ifadə edilmişdir. Müəllif
Bütöv Azərbaycan ideyasının xalqımız üçün taleyüklü məsələ
olduğunu vurğulayaraq problemin hər bir türk üçün masaüstü
problem olduğunu xatırlatmış, özünəməxsus orijinal üslubla
çıxış yolunu oxuculara təqdim etmişdir.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
“Bütöv Azərbaycan yolu…” kitabından
– Dəryaya can atırdı, uzağa üzəcəkdi… qəfil tora düşdü, – o, xalça üzərindəki canamazını bükə-bükə izahatını davam etdirdi: – mənzilinə yetmədi. Bu dünyada yeyilməyib, öz əcəli ilə ölən kiçik balıqlar azdır. Hər kəs onların izindədir… Ya yeyərlər, ya da öz mənfəətləri üçün mənimsəyərlər.
– Ata…
– Kimsə onlara imkan verməz öz istədikləri kimi həyatlarını yaşayalar.
– Ata…
– Onları idarə edərlər… – Fatma ikiəlli atasını tutub silkələyəndə, – qızım, həyat dediyimiz bu!
Qızın əli boşaldı, atasının qollarını buraxıb, asta addımlarla gedib pəncərə önündəki akvariumun qarşısında diz çökdü.
– Nə zaman oldu bu?
– Bu səhər xoruzun ilk banında. Sübh azanı oxunandan dərhal sonra edam ediblər.
– Demək, səhər yuxudaykən tutublar…
– Yox, axşam məktəbdən qayıdanda tutublar, yoldan… Evindən yox. Amma edamı səhər icra ediblər…
– Əlirza Şükrü Əfşar ağa yaxşı adam idi, nədən ona qıydılar ki?
– Böyük dəryadakı akulalar xırda balıqları udmasalar, özləri məhv olarlar.
– Ac qalmamaq üçün yeyirlər…
– Yox, qızım, yox… dəryada rahat üzmək üçün.
– Ata, axı dərya böyükdür, Qara balıqlarsa bapbalaca. – Fatma çeçələ barmağını havaya qaldırıb, diqqətlə onu süzdü, – onlar akula kimi nəhəngə necə mane olurlar?
– Qızım Qara balıqların sayı çoxalanda, kütləviləşəndə, akulalarda paxıllıq hissi yaranır. Bilirsən, niyə?
– Niyə?
– Akulaların sayı az olur, Qara Balıqlardasa doğub-törəmə qabiliyyəti güclüdür.