”Yurd daşı” – vandalizmə məruz qalmış yaddaşın salnaməsi
Yurd daşının fəlsəfəsindən bəhs edən yeni bir kitab artıq oxucuların ixtiyarına verilib. Adı maraq doğurduğu qədər kitabın mətni də oxucunu öz maraq dairəsinə salan bir əsərdən söhbət gedir. Bu səbəbdən də saytımızın əməkdaşı Elnarə Ağazadə kitabın müəllifi İsveçdə yaşayan yazıçı Eluca Atalı ilə əlaqə yaradaraq kitab haqda geniş müsahibə hazırlamışdır. Yeri gəlmişkən, Eluca xanımın milli taleyüklü dərdimizdən bəhs edən ikinci bir kitabı isə “Bütöv Azərbaycan yolu…” kitabıdır. Söhbət əsnasında bu kitabdan da bəhs edilir.
Cavab: İçində yurd, vətən sevgisi olan hər bir kəsin bu əsərlərin çapına sevinəcəyinə əminəm. Çünki bu növ tarixi əsərlərə bu gün çox ehtiyac var, hər iki əsər milli taleyüklü dərdlərimizdən bəhs edir. Təbrikiniz üçün minnətdaram.
– “Yurd Daşı” və “Bütöv Azərbaycan yolu…” kitablarını bir-birini tamamlayan əsərlər hesab etmək olarmı?
Cavab: Birbaşa olmasa da, amma mahiyyət etibarı ilə eyni amacla yazılmış əsərlərdir. “Yurd daşı” romanı 1918-ci il Qərbi Azərbaycanda daşnak-bolşevik birləşmələrinin törətdiyi soyqırım və deportasiyadan bəhs edir. Bu baxımdan əsər tarixidir, çünki faktlara əsaslanıb. Həm də yurd daşının mahiyyəti, fəlsəfəsi romanda bədii formada təsvir edilir. Sübut etməyə çalışmışam ki, yurdun sənədi kağızdan yox, daşdan olmalıdır. Bunu ermənilər çoxdan dərk ediblər, o üzdən ilk növbədə qədim Alban məbədlərimizə sahib çıxıblar, bütün tarixi abidələrimiz, təkcə ibadətxanalarımız, məbədlərimiz yox, eyni zamanda tarixi tikililər, qayaüstü yazılar, məzar daşları hamısı məhv edilib. Geniş oxucu kütləsi üçün xatırlatma etmək istərdim, 1804-cü ildə İran-Rusiya müharibəsi başlayanda ermənilər Rusiya hakimiyyəti ilə sazişə girib belə bir şərt irəli sürmüşdülər: bu savaşda biz sizin yanınızda olacağıq, amma bir şərtlə ki, bizə torpaq və İrəvan, Qarabağda olan Alban kilsələrinin idarəçiliyini verəcəksiniz. 1828-ci ildə İran-Rusiya arasında bağlanmış ”Sülh və dostluq naminə” başı bəlalı Türkmənçay müqaviləsindən dərhal sonra İrəvan və Naxçıvan xanlıqları ləğv olunub yerində İrəvan quberniyası yaradıldı, idarəçiliyi isə dərhal ermənilərə verildi. Eyni zamanda o gündən eramızın IV əsrinə qədər gedib çıxan qədim tarixi abidələrimiz olan Alban məbədləri ermənilərə təmənnasız bəxş edildi. Başqa necə olmalıydı? Müstəmləkənin mahiyyəti burda bariz formada üzə çıxır – sənin dədə-baba torpağın, maddi-mənəvi dəyərin başqasına hazır şəkildə “ərməğan” edilir.
Digər tərəfdən soyqırım tarxini araşdırdıqda mənə məlum oldu ki, ilk dəfə Xocalıya bərabər hadisə Haqqıxlı yaxınlığındakı Danarğanda olub. 150-dən artıq qız-gəlini Danarğanda aula yığıb qumbara ilə partladıblar. Bu hadisəyə təsadüfən şahid olanlar deyirlər ki, ordakı yaralıların bir həftə iniltisi eşidilib. 30-cu illərdə bizimkilər ora kiçik bir xatirə daşı qoymaq istədikdə ermənilər bundan xəbər tutub həmin yeri buldozerə verib şumlayıblar, daş qoymaq istəyən adamı isə aradan götürüblər. Hadisəni mənə əsərin baş qəhrəmanı Molla Nəbinin nəvəsi 85 yaşlı Mərziyə xala və onun oğlu Ocağçı qardaşım Elli Atayurd nağıl etmişdilər. Tarix unudulanda təkrar olunduğu üçün yazdım ki, unudulmasın, tarixdən dərs alaq. Sovet dövründə imkan vermirdilər soyqırım hadisələri yazılsın, guya millətlər arasında ədavət salmaq olmaz. İndi ki, müstəqilik. O zaman nəyi gözləyirik? Bu hadisələr, yazılmalı, səhnələşdirilməlidir.
– Hər iki kitabı yazmağa sizi sövq edən əsas fikir və mənəvi məsuliyyət nə olub?
Cavab: Yurdçuluq mövqeyi məni yazmağa vadar etdi. Yazılmayan unudulur. Asif Atanın belə bir fikri var, deyir: “Mən məəttələm bu millətin tarixi yaddaşsızlığına və üzü özgəçiliyə meyilliliyinə.” Türk tarix yaratdı, amma tarix yazmadı fikri təəssüf ki, doğrudur.
Sualınıza konkret cavab versəm, məni yazmağa sövq edən nədir? Soyqırımı araşdırarkən tariximizdə təkrarların çox olması diqqətimi çəkdi və bu məni çox sarsıtdı. 1918-ci ildə Naxçıvanı qıran Andranik yerli xalqdan silahları yığaraq əliyalın əhaliyə divan tutub. Eyni hal 70 il sonra 1988-ci ildə təkrarlandı. Azərbaycan əhalisindən bütün növ silahlar alındı ov tüfənginə qədər. Eyni ssenari baş verdi. Hətta Xocalı işğal olunanda mühasirədəki xocalılar şəhəri köhnə tüfəngləri ilə qoruyublar. Bu haqda “Savaşda qalib yoxdur” birinci Qarabağ savaşından bəhs edən əsərimdə yazmışam. Xocalıda əsir düşüb bir ay erməni əsirliyində olmazın işgəncə görüb, barmaqları qırılan Valeh Hüseynov mənə verdiyi müsahibədə deyirdi ki, bir qoca əmim vardı, 1988-in martında sovetlər tərəfindən silahlar yığılanda bizə dedi, hamısını verməyin, gizlədin, lazım olacaq. Əmim 1918-ci ildə əhalidən silah yığılmasını bizə danışıb, bunun rus oyunu olduğunu bildirdi. Dedi, ruslar erməniləri yenə silahlandırıb üstümüzə salacaqlar.
İkinci bir sual qoydum ortalığa: Soyqırım olmaya bilərdimi? Hacı Zeynalabdin kimi milyonerlərimiz Almaniyada restoranı 100 illik bağlatdırmaqdansa, Kərbəlaya bahalı çil-çıraq almaqdansa, silah alıb Azərbaycan əhalisinə onu gizlin paylasaydılar, bu soyqırım olmaya bilərdi. Bir fakt deyim, 1918-ci il Bakıda olan 3 günlük mart qırğınının qarşısını kəsən 36-cı silahlı türk batalyonunun Bakıya girməsi olur. Erməni fiziki gücdən qorxandır. O zəifi əyər, güclüyə əyilər. Məhz bundan sonra erməni “ziyalıları” bizim ağsaqqalların yanına gedib (ermənilər bizim psixologiyamızı yaxşı bilirlər, bilirlər ki, türk böyük sözün dinləyəndir) “Bakını qıran daşnaklar idi, qırıb şəhəri tərk etdilər. Zavallı ermənilərlə işiniz olmasın.” Bundan sonra bizim ağsaqqallar əllərinə mis qazan qapağı alıb onu çömçə-qaşıqla döyə-döyə hamıya bunu bəyan ediblər ki, evlərinizə dönün, daşnaklar getdilər. Lakin gizlin qətliamlar davam edir o vaxta qədər ki, türk ordusu 15 sentyabrda Bakını geri alır.
– “Yurd Daşı” tarixi yaddaşdan, “Bütöv Azərbaycan yolu…” isə milli ideyadan bəhs edir. Bu iki anlayış arasında necə bir bağlılıq görürsünüz?
Cavab: Əslində bir-birindən ayrı mövzular deyil mahiyyət etibarı ilə. İstər Qərbi Azərbaycan, istərsə də Güney Azərbaycan bizim üçün hər ikisi VƏTƏNdir. Vətənin o tayı-bu tayı olmaz. Asif Atanın Ruhani İntibah ideyasının içində Müstəqil Vətən ideyası var, biz yalnız Quzey Azərbaycanın müstəqilliyi ilə kifayətlənmirik. Müstəqilliyi bütövlükdə görürük. Həm də Ata deyir: “Güney Azərbaycan bizim siyasi çıxış yolumuzdur. Bütün fəlakətlərimiz ikiyə bölünəndən başlayıb, bütövləşməyimizlə balacalıqdan qurtulacağıq. Həm də erməniyə 50 milyonluq azərbaycanlı təpiyi lazımdır. Bütöv olsaq, erməni, nə də digərləri cürət edib üstümüzə ayaq açmazlar. Biz şanslı xalqıq, türk dünyası deyilən böyük dənizə axırıq. Qafqazda bizdən savayı heç kimin belə bir imkanı yoxdur.” Niyə də bu imkandan bəhrələnməyək? Siyasət mənfəət üzərində qurulmayıbmı?
”Bütöv Azərbaycan yolu…” kitabında ”Ağ Evdən gəlmiş məktubu imam Xomeyni qoxlayıb: – Amerikanın Plan B-sindən türk iyi gəlir” – bağırdı.” Tarixdə sözünü demiş və qol gücünü göstərmiş türkdən qorxduqları üçün bizi zaman-zaman parçalamağa, yad ideologiyaları içimizə taun kimi sızdırmağa çalışıblar. Növbə türk idrakının dünyaya meydan oxuyacağı zamandır.
– Sizcə, bir xalqın gələcəyini qurmaq üçün ilk növbədə onun tarixi yaddaşını bərpa etmək nə dərəcədə vacibdir?
Cavab: Tarixi bilmək lazımdır, amma onu ötmək əsas şərtdir. Bu birinci məsələ. Digər tərəfdən tarixdə çox şey var – yaxşı və pis. Onun üçün də tarixdən dərs almaq lazımdır deyəndə mən hadisələrin ələkdən keçirilməsinin tərəfdarıyam. Hər şeyi olduğu kimi götürüb təkrarlamaq olmaz. Bu gündən sabaha qədimliyimizi aparmalıyıq, tarixdəki dəyərlərimizi qoruyub sabaha çıxarmalıyıq – Zərdüştdən tutmuş saza qədər nəyimiz varsa yaşamalıdır! Zərdüştçülüyümüzü – İşıqçılığımızı, Dədə Qorqudluğumuzu – Ağsaqqallığımızı, Babakliyimizi – Xürrəmdinliyimizi, Yenilməzliyimizi, Nəsimiliyimizi – Hürufiliyimizi, Türklüyümüzü – Birsifətliliyimizi, Füzuliliyimizi – Eşqin din səviyyəsini, Aşiqliyimizi, Muğamlığımızı – Loğmanlığımızı, musiqidə yaratdığımız kamilliyi, müdrikliyi, möhtəşəmliyi, Sazlığımızı – Ululuğumuzu, Tanrıçılığımızı və bu kimi dəyərlərimizi qoruyub sabaha çıxarmalıyıq. Tarix dediyində, o qədər balacalar var ki hər məqamda adamın əl-ayağına dolaşırlar. Hələ özünü şişirdib gözə soxanları demirəm, onları sən necə sabaha sürütləyə bilərsən? Və ya harda qalıb ləyaqətimiz ki, onları əzizləyib yaşamalıdırlar deyək. Bu gündə kim nə iş görübsə sağ olsun. Amma heç kim özünü Dədə Qorqud sayıb müdrik fikir icad etməyə cəhd etməsin. Qarışqa yazıqdır filin yükünü daşısın, yük altında əzilər.
– Tarixi abidələrin, məzar daşlarının və maddi-mədəni irsin məhv edilməsi sizcə hansı məqsədə xidmət edir?
Cavab: Yaxşı sualdır, sağ olun ki, bunu mənə verdiniz. Kimliyi unutdurmağa hesablanır tarixi daşların məhvi. Çünki daş yaddaşdır, daşlaşmış yaddaş. Bu təkcə xalqın yaradıcılığı deyil, həm də kimliyinin nişanəsidir. Afrikadakı qədim abidə ilə Azərbaycandakı qədim abidə bir-birindən fərqlidir, çünki ulularımızın düşüncəsi eyni olmayıb. Eyni zamanda da ərəbin dədəsinin qoyduğu abidə ilə eramızdan əvvələ gedən Qərbi Azərbaycan abidləri eyni nəmi-nişanı üzərində gəzdirmir. Yurd daşı kimlik sənədidir, bunu romanda bədii formada şərh etmişəm. Ayrıca olaraq, romandakı “Daşdələn” hekayəsini diqqətlə oxumanızı arzu edirəm. Yurdun sənədi kağızdan yox, daşdan olmalıdır. Sovet dövründə bizə balacalardan ”böyüklük hikməti” yaradırdılar, Rəsulzadələri unutdurub, Kirovları, Ayna Sultanovaları, Musabəyovları qəhrman kimi sırıyırdılar. Beyinyuma əməliyyatı gedirdi.
– “Bütöv Azərbaycan” ideyası sizin üçün yalnız coğrafi anlayışdır, yoxsa daha çox tarixi, mənəvi və milli məfkurədir?
Cavab: Bütöv Azərbaycan ilk növbədə əsarətdə olan Vətənimin bir hissəsinin, həm də böyük hissəsinin əsarətdən qurtulması deməkdir. Sizin saydığınız hər şey var Bütöv Azərbaycanın içində. Yurdçuluq nədir sualına Asif Ata belə bir cavab verir: ”Yurdçuluq müqəddəsləşən TORPAQ, müqəddəsləşən AQİBƏT, müqəddəsləşən XALQ deməkdir. Bunların üçünün birliyi deməkdir. Yəni, YURD göylüyündə torpaq özünün ruhani ucalığına yüksəlir.”
– Bu kitabları yazarkən sizi ən çox təsirləndirən hadisə və ya fakt hansı olub?
Cavab: Dərdin böyüklüyü… Mübaliğəsiz deyirəm. Paltar seçimindən ana dilində danışmağa qədər nəzarət altında yaşayan millətimin taleyi məni içdən göynətdi. Qərbdə gənclərin inkişafı üçün hər cür yardım olduğu halda Güney Azərbaycan gənclərini zindana salırlar, işgəncə, edamlar Demokl qılıncı kimi başlarının üzərindən asılıb. Bu qədər stresli bir həyat yaşamağa məhkum olmamalıdır mənim istedadlı və zəhmətkeş xalqım. İllərdir milli mədəni fəallarımız zindanda çürüyürlər. Bu haqda “Qanlı orkestr” romanında da geniş yazmışam. Nə deməkdir edama məhkum olunmuş qız uşağına siğə edib – müvəqqəti nikah, təcavüz edib sonra edam etmək və üstəlik ailəsinə süd haqqı ödəmək kəbin mehriyyəsi olaraq. Bu təhqirdir, beyni VII əsrdə qalmış molla məfkurəsi bizə yaramır. Bu əsarətə niyə dözməliyik? Türk qadını kim olub? Üzü açıq gəzən, at belindən düşməyən, lazım gələndə ərlərlə, ərənlərlə döyüşə girən. Namus anlayışını endiriblər qurşaqdan aşağıya, namus insanın mənliyi ilə bağlıdır. Türkü öz dəyərlərindən ayırıb cılızlaşdırıblar.
– Araşdırmalarınız zamanı qarşılaşdığınız ən çətin məqamlar nələr idi?
Cavab: Bilirsiniz ki, bədii əsəri yazarkən əsərdə bəhs olunan dövrü, həm dövrdəki cəmiyyət strukturunu, etnoqrafiyasını, danışıq tərzini və s. Hər şeydən xəbərdar olmalısan. Əsərin inandırıcılığı üçün bu əsas şərtdir. Əsər yazarkən sən kənardan bir seyirçi olmursan, yaradıcısan. Yeni bir dünya yaradırsan və elə bir dünya ki, oxucu onun içinə girə bilsin. O üzdən ilk növdədə özünü o dünyanın içində hesab etməlisən. Bir növ barama qurdu kimi. Yuvanı toxuyub içində qalırsan. İstər “Yurd daşı”nı, istərsə də “Bütöv Azərbaycan yolu…”nu yazarkən Qərbi Azərbaycanlılardan və Güneylilərdən çox soru sormalı oldum. Qəribəsi bilirsiniz nədir? Jurnalistlər və oxucular məndən sual edirlər “Sən Güneyin harasındansan?”, “Neçə il zindanda yatmısan?”, “Hansı zindanlarda olmusan?”, “Nə üstündə tutmuşdular?” Deyən də ki, güneyli deyiləm, inanmırlar. O zaman sual edirlər, bəs bu əsəri necə yazmısan güneyli olmaya-olmaya? Son günlər Qərbi Azərbaycanlılar votsap və sosial şəbəkələrdə Qərbu Azərbaycanın harasından olduğumla bağlı sorurlar.
– Sizcə, gənclər bu iki kitabdan hansı əsas nəticələri çıxarmalıdırlar?
Cavab: Ən birinci kitabların adları onlara param-parça olmuş Vətənin mahiyyətini öyrənməyə sövq edəcək. Bir də yazılanı pozmaq olmur, o üzdən yalnız bu günkü gənclik yox, bizdən sonrakılar da bunu oxuyacaqlar. Mən bu hər iki kitabda yalnız başımıza gələn faciləri təsvir etməmişəm, həm də çıxış yolunu göstərmişəm. Hər kəs özündən başlamalıdır mübarizəyə, özünü yetişdirməli, beynini BÜTÖVLÜK məfkurəsi ilə silahlandırmalıdır. 2016-cı ildə “Tiqranizm Xocalıda” kitabım çap olunanda “Kitabla torpaq alınmaz” deyib, mənə irad tutanlar vardı. Yazıçı torpaq uğrunda döyüşünü döyüşə atılacaq hərbiçilərin ruhunu qidalandırır yazmaqla. Kor-koranə savaşmır döyüşçü əgər faicəni dərk edibsə. Əslən Qərbi Azərbaycandan olub birinci Qarabağ savaşında iştirak etymiş Elli Atayurdun gündəliyi əsasında yazdığım “Açılmayan güllə” mono-tamaşasında döyüşçü ruhunu şərh etmişəm.
– Tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında ədəbiyyatın və publisistikanın gücü nə qədərdir?
Cavab: Yenilməz rolu var! Təsəvvür edin, sən tariximiz haqda bir xariciyə danışırsan, bir müddətdən sonra danışdıqlarından yalnız bəzi detallar onun yaddaşında ilişib qalır, əgər bu mövzu onun maraq dairəsində olarsa… Amma problem yazılanda nə baş verir? Yazılı düşüncədə fikir ardıcıl becərilir, hər tərəfli yetişdirilir, kitablaşdırılır. Kitabsa dövrləri aşmağa qadirdir. Partizan hərəkatını ən gözəl təsvir edən Heminqueynin ”Əcəl zəngi” və ya ön cəbhə savaşından bəhs edən Erik Mariya Ramarkın ”Qərb cəbhəsində yenilik yoxdur” romanlarındakı sətirləri kim poza bilər? Ağıllı millətlər dərdlərini kitablaşdırırlar.
– Oxucularınızdan aldığınız ən yaddaqalan rəy hansıdır?
Cavab: “Sən Fatmanı niyə öldürdün?” ”İran Hizbullah zindanında” kitabımı redəktə edərkən Əntiqə Qonaqdan gələn sual yaddaşımdan silinəcək qədər sıradan bir sorğu deyil. Cavabında isə ”Fatma minlərlə günahsızın biridir” dedim. ”Tiqranizm Xocalıda” kitabımı oxuyandan sonra ermənilərin mənə iradı oldu: ”Kitabı aşırı dərəcədə türkçü-millətçi mövqeyi ilə yazmısan.” Mən də cavabında ”Xocalını erməni mövqeyi ilə necə yazmaq olar?” suala sualla cavab verdim. ”Ənqa quşu ilə özün görüşdünmü?” Bu sualı daha çox sevdim.
Kaliforniya universitetinin ədəbiyyatşünas professoru Kambon Obayani, həm də Amerikada çap olunan kitablarımın redaktoru “Sənin hekayələrin məni ürəyimdən vurdu”, yazmışdı və “İki Azərbaycan olduğunu ilk dəfə sənin hekayəndən öyrəndim” kimi fikirlər söyləyib, sonra bir saat yarım mənlə radio üçün ədəbi söhbət hazırladı. Son günlər özbək dilində çap olunan “Ənqa quşu” pyesimə özbək sənətşünası Boltaboy Bekmatov verdiyi rəydə “Zamanın şah əsəri” adlandırıb və bütün Özbəkistan səhnələrində qoyulmasını məsləhət görüb ki, uşaqların tərbiyəsində yaxşı rol oynaya bilər. Tərcüməçi Kamran Nəzərli “İran Hizbullah zindanında” kitabı ilə bağlı yazır: “Son 30 ildə Azərbaycan ədəbiyyatında belə bir maraqlı və aktual mövzuda bədii əsər oxumamışdım. Sevinirəm ki, bizim xanım yazarlarımız arasında Eluca Atalının yazı üslubu, maraqlı süjet və bədii həqiqətləri ortaya qoymaq bacarığı seçilir. Buna görə onu yalnız alqışlamaq lazımdı”.
Almaniyada yaşayan Həmid Dadpoor soydaşımız “İran Hizbullah zindanında” romanından 4 nüsxə aldırıb yaşadığı ölkəyə apartdırıb dostlarına paylayıb. Kitabın zoom təqdimatında dedi: “Mən zindanda olmuşam, zindan həyatından İranın daxilindəki bütün millətlərin xatirə kitabını oxumuşam. Amma bu roman qədər təsiredici yazıya rast gəlmədim”. Hindistanlı benqal tərcüməçi Sridhar Sarkar “Eluca Atalının fəlsəfi-bədii miniatürləri psixoloji və fəlsəfi mozaiklərdir”, əsərlərimin rus dilinə tərcüməçisi Anna Bartkulaşvili “Elucanın qələmə aldığı acılar ruhu böyüdür, dərinləşdirir”, şairə Lydmila Boqatıryeva “Ruhdan gələn kəskin cizgilər, hərtərəfli fəlsəfi fikirlər aləmi”, şair Vladimir Savelev “Kimlik və analizlə doludur Atalının əsərləri.” Bu növ rəylər çoxdur. Son rəy ən ardıcıl oxucum kordeloq Azər Nağıyevdən gəlib: “Əslində bu əsəri belə gözəl yalnız və yalnız həkim, nevroloq-psixoloq, filosof ərsəyə gətirə bilərdi.” – yazıb. Bu “Ənqa quşu” romanı ilə bağlıdır.
İsveçin Lava nəşriyyatı “Ənqa quşu” kitabım haqda “Yeni Disney aləmi” kimi dəyərləndirib.
– Bu gün milli birliyin daha da möhkəmlənməsi üçün cəmiyyətimizdə ən çox nə çatışmır?
Cavab: Özünüdərk çatmır, cəmiyyətdəkilərin 99 faizi kim olduqlarını bilmirlər. Gələnin qabağına yüyürüb, gedənən dalıyca ağlayan bir səviyyəyə düşüb cəmiyyətimiz, yadpərəstlik baş alıb gedir. Milli dəyərlərimizə sahiblənməklə kimliklərini dərk etsinlər, özünəinam yaranmalıdır xalqımızda. Qarabağın geri alınması cəmiyyətimizdə dönüş oldu, inanıram ki, Qərbi Azərbaycana qayıdış ikinci böyük bir zəfərimiz olacaq. Amma bundan əvvəl yad inancdan, yadpərəstlikdən xilas olmalıyıq. Xalq dərk etməlidir ki, ona inam adı altında ərəb məfkurəsi sırınır. Həcc ziyarətinə külli miqdarda xərc çəkənlər iti zəkalı gənclərimizin gələcəyinə sərmayə qoysalar və ya gənclərə xüsusi təqaüdlər kəsib onları elmin inkişafına yönəltsələr, nə qədər qabağa getmiş olarıq.
– Bu iki kitabın oxucularının düşüncəsində hansı dəyişiklikləri yaratmasını arzulayırsınız?
Cavab: Birinci yurd sevgisinin müqəddəsliyini, milli təfəkkürün yadlıqdan qurtarmasını, özünə inamın dərinləşməsini.
– Sizcə, tarix yalnız keçmişi öyrənmək üçündür, yoxsa həm də gələcəyi qurmaq üçün yol xəritəsidir?
Cavab: Tarixi öyrənmək və onu ötmək gərəkdir. Tarixdəki hadisələri bayraq edib onu təkrar etmək adamı artırmaz.
Yadpərəstlik dedim, Dədə Qorqudu dərk edən adam Qurandakı mənəviyyata tapına bilməz. Dədə Qorqud dövrünün türkü – bir kişinin bir qadını vardı, ailəçilik, ağsaqqala sayğı vardı. Bu gün onun hansı qalıb? Dindəki çoxarvadlılıq təbliği bizi gör hara gətirib çıxartdı. Dinə ayıq gözlə baxıb fikir bildirəndə qaragurruhçular adamın üzərinə ayaq açır. Dərk etmədən inanmaq mövhumata, cahilliyə gətirib çıxaır.
– Hazırda bu mövzularla bağlı yeni kitab və ya araşdırma üzərində işləyirsinizmi? Oxucularınızı yaxın gələcəkdə hansı yeni əsərlərlə sevindirəcəksiniz?
Cavab: Güneylə bağlı yeni romanın kompozisiyasını qurub artıq bir hissəsini yazmışam. İnanıram, oxucularla növbəti görüşüm yenə Güney mövzusu ilə bağlı olacaq.
– Sonda, həm Azərbaycanda, həm də dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımıza hansı mesajı vermək istərdiniz?
Cavab: Eyni ideya uğrunda mübarizəyə səsləyirəm: Bütöv Azərbaycanı qurmaq bizim yalnız siyasi çıxış yolumuz deyil, həm də mənlik məsələsidir. İkiyə bölünmüş millətlərin birləşmək haqqı var. Haqqımızı hüquq çərçivəsində reallaşdıracağıq. Dünyanın super gücləri buna imkan verməyəcəklər, lakin biz imkansızlıqdan imkan yaradan xalqıq. Guya Qarabağın geri alınmasına imkan verirdilər? Qəhrəmanlıq azların çoxlara qarşı olan savaşında qazanılır. Nə var ki, imkan daxilində hərəkət etməyə. Əsl qəhrəmanlıq imkansızlığı aşmaqdır.
Əslində bu gün istedadlı gənclərimiz çoxdur, mən istərdim onlar tarixi mövzulara meyl etsinlər. Həm istedadlıdırlar, həm də enerjili. Tarixi yaradanların tarixi hünərləri yazılsın! Dövlətimiz bundan bəhrə götürə bilər.
Söhbətləşdi: Elnarə Ağazadə