Yurd daşı – əvəzsiz yaddaş
(Eluca Atalının ”Yurd daşı” Bakıda 2026-cı ildə çap olunmuş tarixi romanı haqqında mülahizələrim)
İsveçrədə yaşayan dünya şöhrətli yazar xanım Eluca Atalının yaxın vaxtlarda işıq üzü görmüş ” Yurd daşı” kitabı filosof Asif Atadan verdiyi bu epiqrafla başlayır: “Yurd – müqəddəsləşən Torpaq, müqəddəsləşən Aqibət və müqəddəsləşən Xalq – bunlarının üçünün birliyi deməkdir. Yəni Yurd Göylüyündə torpaq özünün ruhani ucalığına yüksəlir.” Vətəndən uzaqlarda yaşayan yazıçımız sadə, anlaşıqlı dilimizdə yazdığı bu əsər həm mövzu, həm də üslub baxımından çox möhtəşəmdir. Uzaqda yaşamasına baxmayaraq, Eluca Atalının ürəyi hər zaman vətənin yanında olub. Mübaliğəsiz, fikrimi ”Yurd daşı” romanı ilə təsdiqləyə bilərəm.
Romanda mənfur, qəsbkar ermənilərin ta qədim dövrlərdən ruslarla əlbir olub xalqımızın
başına gətirdikləri saysız-hesabsız oyunlar, xəyanətlər, soyqırımları əks olunmuşdur. Müəllifin erməni-rus birləşməsini iki xalqın üzərinə yükləmək niyyətində olmadığını ”daşnak-bolşevik birləşməsi” ifadəsini işlədərək hər iki xalqın ümumiləşmiş xarakterini ustalıqla canlandırmasından sezmək olur. Əsərin tarixi-siyasi mahiyyət daşımasını nəzərə alsaq, müəllifin niyyətini aydın dərk etmək çətin deyildir. Romandan yalnız ”Torpaq və toxum dostluğu, ”Ayağının dəymədiyi yerdə ”yurd” xəritəsi” hekayətlərini oxumaq yetər ki, gerçək tarixi və tarixin alt qatlarında gizlənmiş həqiqəti görəsən. Sadəcə görmək yox, görmək mənim fikrimi ifadə etməz. Çünki görmək adi gözün reallığı görməsidir. Müəllif tarixin elə qatlarına enir ki, göstərməklə yanaşı, onu həm də oxucuya dərk etdirir. Mən deyərdim, əsərin gücü məhz burda üzə çıxır: gizli tarixi bədii ifadələr vasitəsi ilə oxucu üçün təsvir edir, müxtəlif boyalarla bir rəssam kimi həyat lövhəsi yaradir. Təsvirlərin canlılığı oxucunu hadisələrin içinə salır. İstər qədim yurdumuz Qərbi Azərbaycanın rus çarı II Nikolay və erməni katolikosu V Gevorg tərəfindən alver mövzusu olanda, istərsə Dombadaş olayında. Dombadaş faciəsi ilk baxışdan şəxsi faciə kimi görünə bilər, lakin hadisəyə mahiyyətin gözü ilə nəzər salanda faciənin maştabı böyüyüb dəfələrlə amansız soyqırımına və deportasiyaya məruz qalmış istər Qərbi Azərbaycan, istərsə də Zəngəzur, Qarabağ faciəsini içinə alır. ”Rəhimdillilik təlqini” və ”Rəhimdilliliyin doğduğu faciə” hekayətlərinin ümumiləşmiş məğzi belədir: Südəmər körpəsi soyuqdan donan ana körpəni qucağından torpağa vermək istəmir. Analığın dadını dadmış hər bir qadın bu səhnənin ağırlığını duya bilər və çətin də olsa, bir anlıq özünü o gənc ananın yerinə qoya bilər. Təsəvvür edin ki, bir an əvvəl sinəndən süd verdiyin körpə üçün dırnaqlarınla məzar qazırsan. Doğru eşitdiniz, can yanğısında olan qaçqın ana dağın sərt daşları arasında körpə üçün məzarı hansı yolla qaza bilərdi incə dırnaqlarından savayı? Qurd o məzarı qarğanın diktəsi ilə eşib üzə çıxarır, lakin süd qoxuyan meyiti yeməkdən imtina edir. Bunu heç də özümün zəifliyim saymıram, bu səhnəni öz aləmimdə təsəvvür edəndə içdən ağladım. İstərsə də qədim Alban kilsəsindəki kütləvi qətliam qanımı dondurdu. Erməni vədinə inanan elağsaqqalı Molla Nəbini qarşısında duran 400-dən artıq insanın yanmış cəsədindən çox, aldanması onu yandırır. ”Niyə daşnaklara inandım?” – sualına dünyagörmüş insanın bir cavabı var: onları insan sandım. Hamımıza tanış səhnədir! Məgər bu bir dəfəmi olub? Bu aldanışları dəfələrlə yaşamadıqmı? Müəllif təkrarlanan tariximizi oxucusuna dərk etdirməyə, romanı ilə dərs verməyə çalışır. Əsər oxunub keçiləsi deyil, əsər nəticə çıxarmaq və gələcəkdə eyni tarixin təkrarlanmaması üçün yazılmış bir yaddaşdır.
Eluca xanımın yazdığı bu əsərdə xalqımıza olunan təzyiqlər, əziyyətlər, bizə çəkdirilən mənəvi və maddi çətinliklər real faktlar əsasında ərsəyə gəlmişdir. Xain qonşuların Zəngəzur meşələrində qayalar üzərində xaç şəklini yondurması, məzarlıqlarımızda min illik tarixə malik, hətta eramızdan əvvələ gedib çıxan öyrənilməmiş məhv edilən tariximizə səyahəti, orda olan baş daşılarının oğurlanmasını, mənəvi dəyərlərimizin gizli-gizli, planlı şəkildə məhv edilməsini yazıçı demək olar ki, göz yaşları içərisində yazmışdır. Bu göz yaşları xalqının acı talehinə ağlayan yazarın bütün sətirlərində də açıq- aydın hiss olunur, duyulur. ”Onun qarşısına daş çıxdı, düppədüz yolunun üstündəydi… Daş üzərinə sərilmiş vücudunu bir yerə yığa bilmirdi.” Bu iki cümlənin şərhini dərk etməkdən ötrü romandakı hadisələri diqqətlə izləmək lazım gəlir və yalnız o zaman anlamaq olur ki, onun yoluna bu daş təsadüfən atılmayıb. Bizim xalqın büsbütün məhv edilmiş tarixi parçalanıb, paralanıb onun yolunu kəsib. Adam bu daşın üzərindən hoppanmalı, yoxsa onu yerdən qaldırmalıdır? Yerdən qaldırmağa gücü yetmir, çünki daş ağırdır, orda uluların yaddaşı kodlaşdırılıb.
”Daşdələn” hekayətini xüsusi təhlil etmək fikrində deyiləm, yanız tövsiyə edərdim bu hekəyəni hər kəs oxusun! Hər kəs su kimi içsin, həb kimi qəbul etsin və içimdən keçdiyi üçün demədən üstündən keçə bilmərəm, orta məktəblərimizdə tədris edilsin! Əslində müəllif burda milli fəlakətimizin açarını bizim əlimizə verib, fəlakəti sərgiləməklə yanaşı çıxış yolunu da bizə göstərir. O yazmır ki, düşmənə qarşı ayıq olun, o şüarçılıqdan uzaqdır. O bildirir ki, düşmənin üstümüzə ayaq açması bizim güzəştə getməyimiz, bağışlamağımızdır. Əsərdə Livandan Qərbi Azərbaycanın Çarxaçlı kəndinə köçürülmüş Gveorg adlı erməni günlərlə Murğuz dağındakı Şirnak meşəsində daş yonur və həm də vaxtdan səmərəli istifadə etmək üçün gecələr belə evinə getməyib qollu-budaqlı qoca bir qovaq ağacında özünə balaca köşk qurur. Meşədən əl-ayaq çəkilib sakitlik yarananda daşı asta-asta ovub gələcək ”tarix” üçün təməl atır. Bunu müdrik meşəbəyi Molla Nəbi anlayır, ”gəlmənin” özünü yerli kimi təsdiq etməyə cəhd göstərməsindən ötrü daşda yonduğu xaçı pozdurur. Uzun illər sonra təkrarən həmin daşı ziyarət edən meşəbəyi su yığılmış çökəyi – nohuru daşın ürəyindəki sağalmaz yara sayır. ”Daşdələn” hekayəsi məni şəxsi keçmişimə səyahət etməyə vadar etdi, sanki yaddaşım iynələndi. Ətrafımdakı insanların sadəlövhcəsinə, əlbəttə, bilməməzlikdən etdikləri bir səhv içimi dağladı. 80-ci illərin ortalarında kəndimizə ”təsadüfən” bir erməni fotoqrafı gəlib foto böyütmək kimi yaxşı bir məşğuliyyətlə diyar-diyar gəzirdi. Təsəvvür edin, o zaman üçün bu nə qədər nadir hadisə idi. Fotosunun böyüdülməsindən ötrü kənd camaatının fotoqrafa təqdim edilən fotolarını o qəbul etməyib, yalnız pasport fotolarını tələb edəndə adamlar bunu adi bir hal kimi qəbul edib pasportlarını təqdim edirdilər. Eyni hal Azərbaycanın bütün cənub bölgəsində baş vermişdir. Gerçəkdənmi məqsəd pasportdakı fotonu böyütmək idi? Niyə təqdim edilən fotolar böyüdülməyə yaramırdı? Yoxsa?.. Acı nəticə illər sonra baş verdi, insanların pasportundakı ünvan, kimlik nömrə-nişan oğurlanıb Kremldə çalışan Heydər Əliyevin əleyhinə şikayət məktubları yazılmışdır. Xalq dili ilə desək, fotoqraf bir gülləyə iki dovşan vurmuşdu. Həm şəkil böyüdərək pul qazanmış, həm də insanların şərəfini ləkələmişdir öz məkrli siyasəti ilə. Bu gün necə ”Daşdələn” hadisəsi təkrar olunmurmu hər hansı bir biçimdə?
Etiraf edirəm, mən özüm də tarixi həqiqətlərə söykənən bu kitabı böyük maraq və ürək ağrısı ilə oxudum. Bilmədiyim, eşitmədiyim faktlarla bu kitabda məhz Eluca xanımın qələmi vasitəsilə tanış oldum. Bir neçə gün bu acı həqiqətlərin təəssüratı ilə yaşadım və qəlbən bir daha xalqıma baş sağlığı verdim. Bir daha istedadlı, həm də vətənpərvər, qanında, canında xalqının ruhun yaşadan Eluca Atalıya bu ruhda kitablar yazdığı və xalqımızın qoynunda yer verdiyi, əzizlədiyi mənfur ruhlu düşmənlərin iç üzünü açıq-aşıkar xalqa çatdırdığı üçün təşəkkür edirəm.
Gözəl yazar, siz vətəndən uzaqlarda yaşasanız da ruhunuz, qəlbiniz hər vaxt xalqınızla bir ruhdadır, bir an belə siz xalqınızı unutmur və qələminiz vasitəsi ilə bu işdə doğma vətənə xidmət edirsiniz. Sizə bu çətin, lakin çətin olduğu qədər də şərəfli olan bu yollarda uğular arzulayıram.
Sizin kimi vətənpərvər yazarla mən fəxr edirəm, yolunuz həmişə işiqlı olsun deyirəm.
Seylan Abbas