“Mən Vətəndən ayrıldım, amma Vətən məndən ayrılmadıl”
(Savaş Ermanın sorularını Eluca Atalı cavabladı)
Azərbaycan ədəbiyyatının güclü qələmi Eluca Atalı, Türkiyənin Peon kitab və yayınevinin naşiri, ”Habererk.com” sitəsinin məsulu Savaş Ermanın suallarını cavablayıb. Söhbət əsnasında yurd sevgisi, Türk kimliyi və yeni kitablarından bəhs edildi.
Azərbaycan ədəbiyyatının güclü qələmlərindən Eluca Atalı, əsərlərində türk kimliyi, milli hafizə, yurd sevgisini və insanın özü ilə savaşını anladır. Tarixin unutdurulmaq istəyən gerçəklərini ədəbiyyatın gücü ilə gün üzünə çıxaran Atalı, qələmini yalnızca sənət deyil, millətin hafizəsinə və gələcəyinə qarşı bir cavabdeh olaraq görür. Türkiyədə yayımlanacaq ”Yurt taşı” və ”Kendini Getir” adlı əsərləri ilə oxucularla görüşməyə hazırlaşan yazarla Türk Dünyasının mədəni birliyini, Güney Azərbaycan kimlik mücadiləsini, tarixi yaddaşı və insanın özünü kəşf etmə yolçuluğu mövzusunda fikir mübadiləsi etdik.
”Mən Vətəndən ayrıldım, amma Vətən məndən ayrılmadı” deyən Eluca Atalı ilə ədəbiyyatdan tarixə, Türklük məfkurəsindən İnsanın mənəvi dünyasına uzanan diqqət çəkən bir söhbət gerçəkləşdirdik.
Savaş Erman
S.Erman: Türkiyədə sizi ilk dəfə tanıyacaq oxucularımız üçün soruram: Eluca Atalı kimdir? Həyatınızın hansı dönüm nöqtələri sizi yazarlığa yönəltdi?
E.Atalı: Mən Quzey Azərbaycanın Neftçala rayonunun Xolqaraqaşlı kəndində ziyalı ailəsində doğulub, ilk təhsilimi kənddə alıb, sonra Bakı Dövlət Universitetinin kitabxanaçılıq-biblioqrafiya fakultəsini bitirib elmi işimi həmin universitetdə davam etdirib, 14 il Azərbaycan Universitetində çalışdım. Eluca adını mənə Mütləqə İnam yaradıcısı Asif Ata verib, mənası “eli ucaldan, eli öz mahiyyətinə çatdıran” deməkdir. Atalı adını isə Ata ideyasının davamçısı olaraq soyadı kimi daşıyıram. İlk öncə deməliyəm, Asif Atanın yaratdığı Ocağın Evladıyam, əqidəm mənim həyat tərzimdir.
Yazarlığa şeirlə 12 yaşından başladım, 10 il şeir yazdım və birdən- birə, yəni özüm də gözləmədən nəsrə keçdim “Ən şirin şey” animal hekayə ilə. Lakin 25 yaşım olanda artıq hiss etdim ideya məni idarə edir və yazmayanda psixolofi baxımdan gərgin oluram. O zaman yazmağa başladım ki, artıq yazmadan yaşaya bilmirdim. Həyatımda olan xüsusi sarsıntı-filan məni yazarlıq yoluna salmadı, düşünürəm, fitrətdən gələn bir haldır. Atam da şeir yazırdı, baxmayaraq fizika müəllimi idi. İlk şeirimi yazanda zənn edirdim şedevir bir əsər yaratmışam, atama verdim oxudu və “şeir deyil, amma nəyəsə bənzəyir” dedi. Nəyə oxşadığını izah etmədi, mən də bu günə qədər dərk etmirəm o ilk dəfə yazdığım nəzm nümunəsi nə imiş.
S.Erman: Əsərlərinizdə yurd, azadlıq və insan qüruru sıx-sıx qarşımıza çıxır. Bu mövzular sizin üçün hansı yaşanmışların təsiridir?
E.Atalı: İlk növbədə Yurd və İnsan anlayışlarını dərindən öyrənmək qərarına gələrkən “Təkrarlanan tariximizə bir baxış” adı altında fikirlərimi sistemləşdirməli oldum və gəldiyim ilk qənaət belədir, tarixdə eyni səhvi təkrarlamağımız bir millət kimi bağışlanmaz nöqsandır. Bu mövzu ilə bağlı “Tiqranizm Xocalıda”, “Nalşəkilli mühasirə”, “Nənəmin dronu”, “Savaşda qalib yoxdur”, “Açılmayan güllə” kimi əsərlər yazdım. Tarix bir əsəri iki dəfə səhnəyə qoyur, bir dəfə komediya, bir dəfə isə faciə kimi. Amma bizim bütün “tarixi” əsərlərimiz faciə kimi səhnələşdirilir. Biz millət olaraq nə qədər soyqırım yaşamışıq? Amma hələ də soyqırımı yaradan səbəblərin fəlsəfi mahiyyətini ortaya qoymamışıq. Mənsə sualı belə qoyuram: soyqırım olmaya bilərdimi? Əlbəttə, olmaya bilərdi. Əgər Hacı Zeynalabdin kimi milyonçularımız Kərbəlaya qanı qiymətinə çil- çıraq almaqdansa, Almaniyada restoranı 100 illiyinə bağlatdırdığı pula silah alıb xalqa paylasaydı, Azərbaycanda soyqırım olmazdı. Erməni ruhani gücdən yox, fiziki gücdən qorxandı. 1918-ci il 29 mart -laprel arası cəmi 3 gün Bakıda 12 mindən artıq adamı erməni daşnakları qətlə yetirirlər. 36-cı Türküstan silahlı batalyonu Bakıya girən kimi ermənilər silahı yerə qoyub “Soyqırımı törədən daşnaklar idi, şəhəri qırıb tərk etdilər” — dedilər. Bax, budur gücl Buna sahib olanda qalib olursan. Ordun varsa, yurdun var. Yurd iki cür qorunur: Ordu – fiziki güc, digəri isə ruhani gücdür. Bu aydının, yazarın işidir. Azadlıq və insanlıq məsələsi məndən ötrü bir mövzunun söhbətidir. Azad olmaq kamilləşmək tələb edir, kamil olmayan azad ola bilməz. O, öz səhvinin, nöqsanının, günahının əsiri olar. O üzdən insan öz içindəki ikinci mənlə, kiçik mənlə daim savaşmalıdır. Savaşların ən zor olanı da elə budur.
S.Erman: Azərbaycandan uzaqda yaşamaq qələminizə necə təsir etdi? Uzaqlıq insanın yurdunu anlamasını asanlaşdırırmı, yoxsa bəzi bağları zəiflədir?
E.Atalı: Uzaqda yaşamaq qələmimə müsbət təsir etdi, şərqliyəm, amma Avropanı, qərbi, qərbin içində yaşayaraq içdən öyrəndim. Qürbətdə yaşayanda sanki iki dünya üz-üzə durdu, bəzi hallarda toqquşdu da. Çünki dil, mədəniyyət, mentalitet başqa-başqadır. Yeni ifadələr, yeni ideyalar doğdu beynim nə zamankı iki dünya toqquşdu. Mən qərbi tanıdıqca Azərbaycanı daha da sevdim, çünki Azərbaycan türk mahiyyətlidir və türkün birsifətliliyini, dönməzliyini, sadiqliyini hər addımda axtardım. Üstəgəl Azərbaycandakı rəngarəng aləmi — hər mənada, ilk öncə mahiyyət zənginliyini — Zərdüştdən tutmuş saza qədər olan dünyaya verdiyi ruhani dəyərləri başqa heç yanda görmədim. Bu məni vətənimə daha da bağladı. Mən vətəndən çıxsam da, vətən məndən çıxmadıl
S.Erman: Asif Atanın düşüncələri ilə əlaqəniz insanı və dünyanı dəyərləndirmə biçiminizdə nələri dəyişdi? Bu təsir əsərlərinizdə özünü necə göstərir?
E.Atalı: Asif Atanın Mütləqə İnam ideyası mənə yeni dünyabaxışı verdi, bu həm də bir ölçüdür. Dünyaya, Həyata və İnsana insani münasibət bəsləmək, onların mahiyyətinə inanmaq, olduqlarından artıq ola biləcəyinə inanmaq. Bu Asifçilikdən savayı heç yerdə yoxdur, hər mənada yenidir. Əsərlərimi bu baxış bucağından yazıram. Əgər “Ənqa quşu”nu oxusanız nə dediyimi tam anlarsınız. “Ən kiçik vücudda belə böyük imkanlar yatır, sən, o imkanı aşkarlayıb öz tükənməz mənana qovuşa bilərsən.” Bu Asif Ata fəlsəfəsindən savayı heç yerdə yoxdur. İstərsə də “İran Hizbullah zindanında” “İnqilab yoxsa intibah” sualı altında 4 romanı yazarkən İNSANI mərkəzdə qoydum.
S.Erman: Roman, hekayə, pyes və fəlsəfi-bədii miniatür kimi fərqli ədəbi formalarda yazırsınız. Anladacağınız bir məsələnin hansı növdə əsər olacağına necə qərar verirsiniz?
E.Atalı: İdeya formanı doğur. İdeyanı həll edərkən onun həcminin hansı ədəbi formaya sığacağını müəyyən edə bilirəm. Xüsusi olaraq otrub düşünmürəm ki, bu ideyamı hansı biçimdə beynimdən çıxarım.
S.Erman: ”İran Hizbullah zindanında” üçün uzun müddət araşdırma apardığınızı anladırsınız. Bildiklərinizi ədəbiyyata gətirərkən gerçəyə sədaqət ilə fantaziyanın imkanları arasında necə bir tarazlıq qurdunuz?
E.Atalı: Bu kitab sırf tarixi-siaysi olmaqla yanaşı, həm də faktlara əsaslanmasının əsas səbəbi İranın müxtəlif zindanlarında edam hökmü altında uzun müddət yatmış 100-dən artıq türk qadını ilə görüşüb həmsöhbət oldum. Öncədən də onlara söz vermişdim adlar anonim olacaq ki, kimsəyə ziyan dəyməsin. Baxmayaraq, o qadınların əksəriyyəti indi xaricdə yaşayır, amma onlar və ailələri üçün refim istədiyi fəsadı törədə bilər. Əsasən 3-cü roman olan “Qanlı orkestr” türk şəhəri olan Urmudakı 480 nəfərlik qadın zindanında məhbus həyatını qələmə alanda gərginlikdən psikam pozuldu. Bəzən hönkürüb ağladığım anlar oldu, çünki özümü yalnız müşahidəçi kimi yox, məhbuslardan biri kimi zənn edirdim və bütün hadisələr mənim ətrafımda cəryan edirdi. Əsərdəki hadisələrin yüzdə doxsan doqquzu gerçək, bir faizi isə oxucunu “əzabdan” xilas etmək üçün fantaziyam ilə yükləmişəm. Qəribədir ki oxucular məndən sorurlar: “Siz İranın hansı zindanında, neçə il yatmısınız? Edam hökmünüz nə üçün idi?” Zindanda olmadığımı deyəndə onlara inandırıcı gəlmir, o zaman belə bir sual verirlər: “Zindanda olmayan bir kəs bu əsəri necə yaza bilər?”
S.Erman: Acı yaşamış insanların hekayətlərinin ağır bir sorumluluğu var. Onların səsini duydurarkən məhrumiyyətlərə və insanlıqlarını qorumaq üçün nələrə diqqət edirsiniz?
E.Atalı: İlk növbədə özümü o insanların yerinə qoyuram, məkanı və zamanı onların yaşadıqları məqama uyğunlaşdırıram. Düşdükləri məhrumiyyət onların öz günahları ucbatından baş verib, yoxsa onlardan qabaqkı nəslin günahı ucbatından davam edir və bu insanlar nəsillərinin törətdiyi səhvlə yaşamalı olublar. Bu mənim araşdırdığım mövzuda qırmızı xətdir. Təəssüf ki, biz insan olaraq çox zaman başqalarının səhvini yaşamalı oluruq, sanki biz doğulanda çiynimizə, üstümüzə ağır yük kimi qoyurlar. Təsəvvür edin ki, bu gün Güney Azərbaycanda yaşayan bir türk gənci çadranı qəbul etməyib müasir dövrün tələblərinə uyğun yaşamaq istəyir, amma onun ata-babasının dəstəkləyib hakimiyyətə gətirdiyi molla refiminin bataqlığına düşdüyü üçün çadra etirazı qəbul olunmadığından zindana atılır, təcavüz olunub edam edilir. Buna nəslin günahı ilə doğulmuş məhkum demək olar. Bu mövzuda yazarkən daha dərinə getmək lazımdır. Analar və qızlar, atalar və oğullar klassik tarixi mübahisəni çözmək kimi bir missiyanın altına girməlisən. Burda bir yazıçı kimi həm edam olunmuş gəncin haqqını müdafiə etməli, həm də insanlığına ziyan dəyməməsinə çalışmalısan.
S.Erman: Qarabağ və Xocalını anladan əsərlərinizi bu gün yenidən dəyərləndirdiyinizdə gələcək nəsillərin xüsusən hansı gerçəyi unutmamasını istərdiniz?
E.Atalı: Soyqırıma məruz qaldığımızı bilsinlər, amma uluları haqda balaca fikirdə olmasınlar. 70 il sovet dövründə tarixi mövzularda, xüsusən də soyqırımdan yazmağa izin verilmirdi, milli təfəkkürlü aydınlarımız ya represiyaya uğradı, ya da Sibirə sürgün edilib gedər-gəlməzə məruz qaldılar. Bunları indiki nəsil bilməlidir ki, yığılıb qalmış dərdlərimizi çözməyə cəhd etsinlər. Sovet dönəmində bəylərimizi, qoçularımızı, qaçaqlarımızı gözdən saldılar, onlara əyyaş, eyş-işrətlə gün keçridiklərini, torpaq satdıqlarını bizə aşıladılar. Lakin tarixi əsərlərimi yazdıqda bunların rus-kommunist ideologiyasının böhtanı olduğunu izah edirəm. Gənc nəsli özünə güvənli, özünə inamlı böyütmək üçün onlara milli kimliklərini dərk etdirmək lazımdır.
Babamızı bizə “satqın” kimi təqdim edən sovet ideologiyası bizim kimliyimizi oğurlamışdı, cəhdim onu öz millətimə qaytarmaqdır.
S.Erman: Güney Azərbaycanda dil və kimlik məsələlərinin Türkiyədə yetərincə anlaşıldığını düşünürsünüzmü? Sizcə, ən çox gözdən qaçırılan məsələ hansıdır?
E.Atalı: Güney Azərbaycan məsələsi ifadəsini mən ümumiləşdirib “Güney davası” deyərdim, Türkiyədə Güneyi tam mənası ilə tanımırlar və ən pisi odur ki, Güney Azərbaycan davasını ciddi qəbul etmirlər. Orda 40 milyonun ana dilində təhsil alma hüququnun əlindən alınması, dil yasağı, eyni zamanda ən adi insani haqları olan övladlarına belə türk adı qoya bilmirlər. Mədəni və siyasi fəalları uzunmüddətli həbslərə məruz qoyublar. Fələstinlilər “dini qardaşımızdır” deyib, mitinq edən adamlar niyə “din” faktorunu Güney Azərbaycan türkünə sirayət etmirlər? Hər gün İranda bizim gənclərimizi edam edilirlər, qadınlara-qızlara təcavüz edilir.
Digər tərədfən fars molla refiminin Güney Azərbaycanlılarının türk yox, “azəri” olmasını bütün dünyaya yayması Türkiyədə də öz təsirini buraxıb. Guya İranda 40 milyon türk yaşamır, guya “azəri” farsın bir qoludur, sonradan türkcə danışmağı öyrəniblər. İran şahı Rza Pəhləvi əslən türk olan manqurtlaşmış Kəsrəviyə bu yöndə bir kitab da yazdırdı “azəri” təlqinini millətin beyninə yeritmək üçün, lakin Kəsrəvi qocalanda görünür itmiş yaddaşı ona diktə etdi ki, yalanını etiraf etsin və o da bu əsəri sifarişlə yazdığını boynuna aldı.
S.Erman: Türk dünyasında mədəni yaxınlıqdan çox söhbət edirik. Bu yaxınlığın ortaq yayınlara, tərcümələrə və oxucu görüşməsinə dönməsi üçün hansı konkret addımlar atılmalıdır?
E.Atalı: Ədəbiyyat, mədəniyyət millətlər arasında ən etibarlı körpüdür, çünki bunların hər ikisi ruhun ifadəsidir. Ruhla bağlı nə varsa, qırılmaz. Əlbəttə, milli ruha yad ünsürlər qatılmayıbsa. Türk Dünyası ilə birgə çalışmaları artırmalı, həm də elə bir çalışma
olmalıdır ki unudulmuş kimsə olmasın. Dəyərli və qalımlı ədəbi və mədəni nümunələr təbliğ olunmalı, bunun yaradıcısı olan şəxsiyyətlərə dəyər vermək önəmlidir. Bilirsiniz, şəxsiyyət millətin geni fondunu yaşada biləcək, saflaşması üçün çalışan şəxsdir. Belələri 5-3 günə yetişməz. Bir də birgə keçirilən proqramlarda, layihələrdə ciddiyyət artmalıdır. Vədəbazlıqdan əmələ keçmək vaxtıdır. Çox təəssüf, boğazdan yuxarı söylənmiş fikirlər də çoxdur. Asif Atanın bir fikri var, deyir: “Mən mətəələm bu millətin tarixi yaddaşsızlığına və üzü özgəçiliyə meyilliliyinə.” Milləti milli təfəkkür yaşadar. O üzdən hər atdığımız addımda da özümüz olmalıyıq, yad, millətin özümlüyündən gəlməyən atributlardan təmizlənməliyik. Yad təfəkkürlə nə qədər ədəbi, mədəni birlikdən söhbət açsan da, bu alınamyacaq. Bunu səmimi formada və ürək ağrısı ilə deyirəm.
S.Erman: Azərbaycan ədəbiyyatının Türkiyədəki görüntülərini necə dəyərləndirirsiniz? Yazarların Türkiyə oxucularına ulaşmasının önündəki başlıca əngəllər nələrdir?
E.Atalı: Azərbaycan ədəbiyyatını Türkiyədə yaxşı tanıdıqlarının qənaətində deyiləm. Bu sahədə ciddi nöqsanlar çoxdur. Tutaq, Hüseyn Cavid kimi dahimiz türkdilli oxuculara çatdırlmayıb. Onun “İblis”, “Peyğəmbər”, “Topal Teymur”, “Şeyx Sənan” kimi dahiyanə əsərlərindən hansı türk oxucusunun xəbəri var? Mən deyərdim, Cavid Azərbaycanın İbsenidir. Təəssüf ki, bu gün Türkiyədə beş günlük, yəni qalası olmayacaq əsərlər çap olunur. Buna da səbəb kimin imkanı varsa pulunu verib kitabını çap etdirir, oxucu auditoriyası da çox zaman nəzərə alınmır. Klassiklərimiz unudulub və ya heç meydana gətirilmir.
Əgər söhbət kitabın yayımından sonrakı taleyindən — oxucuya çatdırılmasından gedirsə, bunun da yaxşı qurulmadığının şahidiyəm. Kitabın oxucuya çatdırılması üçün kitab marketinqi güclü formada fəaliyyət göstərməlidir. Bilirsiniz ki, bu gün çap məhsulu çoxdur, oxucunun nəyi və necə əldə edə biləcəyi üçün kitab reklamı ona
yardımçı olmalıdır. Tanınmış imzaların adı artıq özü reklama çevrilir, qaldı tanınmayan müəllifin lazımlı əsəri — oxucunu yetişdirəcək əsəri oxucuya çatdırmaq kitab reklamı vasitəsi ilə olmalıdır.
S.Erman: Önümüzdəki günlərdə Türkiyədə yayımlanacaq “Yurd daşı” necə yarandı? Bu kitabı yazmanıza yol açan ilk düşüncəni və ya yaşadığınız bir hadisəni bizimlə paylaşa bilərsinizmi?
E.Atalı: “Yurd daşı” romanı Qərbi Azərbaycanda 1918-ci ildə daşnak-bolşevik birləşmələri tərəfindən türklərə qarşı törədilmiş soyqırımından bəhs edir. Bildiyiniz kimi, mən Qərbi Azərbaycanlı deyiləm, amma bu yurd məsələsidir. O üzdən ordakı hadisələrə laqeyd qala bilməzdim. Yurdda olan hadisə oldu keçdi deyil, soru qoyulmalıdır “nədən oldu?” və mənim də tarixi əsərlərimin ana xətti olan “Təkrarlanan tariximizə bir baxış” bucağı altında bu kitabı yazdım. Bundan əvvəl “Tiqranizm Xocalıda” kitabını yazanda 85 yaşlı əslən Qərbi Azərbaycanın Haqqıxlı kəndindən olan Mərziyə xanım Danarğan olayını və babası Molla Nəbinin necə qətlə yetirilməsini mənə nağıl etmişdi. Yuxarıda söylədiyim kimi 70 il sovet imperiyasının tərkibində olmağımız bizə imkan verməmişdi əsl tariximizi öyrənək və təsadüfü deyil ki, Azərbaycan tarixindən elmi araşdırma aparanlar da türk olmayanlardan seçilirdi. Danarğan vəhşətini çözmək amacı ilə kitabı yazdım. Açığını deyim, əsəri yazan zaman hadisələrin içinə elə girmişdim ki, “Süd qoxulu məzar” hekayətini yazanda göz yaşlarıma hakim ola bilmədim.
S.Erman: ”Yurd daşı” güclü bir çağrış daşıyır. Başlıqdakı “daş” sizin üçün nəyi təmsil edir və kitabın içindəki mətnlə necə bir əlaqəsi var?
E.Atalı: “Yurdun sənədi kağızdan yox, daşdan olmalıdırl” mesafını bu kitab vasitəsi ilə oxucularıma çatdırıram. Daşnaklar Qərbi Azərbaycan və Qarabağdakı eramızdan əvvəl 4-cü əsrə qədər yaşı olan bütün Alban məbədlərinə sahib çıxıb, qədim məzarlarımızı, qəbir daşlarımızı, tarixi abidələrimizi oğurlayıb, gücləri çatmayanı isə
sındırıb tanınmaz hala salıblar. Səbəb türkün izini o yerlərdən silmək olub. Daş — yaddaşdırl Yurddakı daş yurdun kimə məxsusluğunu sübut edir. Kitab yurd daşının mahiyyətindən və fəlsəfəsindən bəhs edir. Təsəvvür edin ki, Danarğanda kütləvi qətlə yetirilmiş qız-gəlinə bir xatirə baş daşı qoymaq istədikdə bunu eşidən ermənilər gecə ilə həmin yeri bulldozerə verib şumlayır, baş daşı qoymaq istəyən şəxsi uzaq Sibirə sürgün etdirirlər soyqırımın izini itirmək üçün. Bu əsəri yazmaqla yurddakı daşların yurdda hansı böyük anlam daşıdığını dərk etdirmək istədim.
S.Erman: ”Yurd daşı”nın növünü, təməl məsələsini və anlatım biçimini necə şərh edərdiniz? Oxucu kitabın səhifələrində necə bir yolçuluğa çıxacaq?
E.Atalı: Kitabın adında olan hər iki kəlmə kitabın əsas məğzini təşkil edir: yurd və daş. Bu hansı daşdır? Yurdda yer almış daş və o adi daş deyil, üzərində və altında tarix yatır. Daşın üzərindəki simgələr və nişanlar bizim kimliyimizi, daşın altında yatan tarix isə yurdu salmış və oranı bizə doğma edən şəxsiyyətlərin ünvanıdır. Yurd — üzərində gəzdiyimiz hər torpağa yurd deyə bilmərik, yurd qədimliyimizin və qazandığımız mədəniyyətin, doğmalarımızın bir araya gəldiyi məkandır.
S.Erman: ”Yurd” anlayışını bu kitabda necə anlatmısınız? İnsan doğulduğu yerdən ayrılanda yurdunu yanında daşıya bilərmi?
E.Atalı: Əslində yurdla bağlı yazdığım əsərlərimdən birincisi deyil “Yurd daşı” romanı və güman edirəm, sonuncusu da olmayacaq, çünki hələ beynimdə yazacağım mövzular silsiləsi var. Düşünürəm, “İlbizin vətəni” hekayəsində yazdığım kimi bir ilbiz kimi insanın öz kürəyində yurdunu, vətənini daşıması var. O balaca canlı öz yuvasını özü ilə daşıdığı kimi insan da yurdun yükünü özü ilə daşıyır, təbii ki, bu manqurtlara aid deyil. Qürbətdə kimliyini satan manqurtlara da az rast gəlmədik, təəssüf. “Yurd daşı” romanı Asif Atanın yurdun fəlsəfəsini hərtərəfli izhar edən belə bir fikri ilə başlamışam:
“Yurdçuluq müqəddəsləşən torpaq, müəqddəsləşən aqibət və müqəddəsləşən xalq deməkdir. Bunların üçünün birliyi, yəni yurd göylüyündə torpaq özünün Ruhani ucalığına yüksəlir.”
S.Erman: Türkiyədə yayımlanacaq digər kitabınız “Kendini getir”i sormaq istərdim. Bu adla oxucunu nəyə çağırırsınız? İnsanın özünü itirməsi nə deməkdir?
E.Atalı: İnsanın özünü itirməsindən danışırıqsa birinci növbədə insan özünü necə tapa bilər sualına cavab verməliyik. İnsan hər zaman özünü axtarıb, əks halda bu qədər dərin, hərtərəfli dünya ədəbiyyatı yaranmazdı ki. Cəlaləddin Ruminin dediyi: “Məndə bir Mən var Məndən içəri”. Nədir, o mən? O məni tanıyırıqmı? İnsanın gerçəkliyi var, görünən, bir də görünməz ruhu var. O daha içəridədir, onu görmək üçün birinci mərhələdə özünü, kimliyini dərk etməlisən. Asif Ata deyir: “Hər gördüyün tanıdığın deyil. Görmək fiziki anlam daşıyır, tanımaq isə mahiyyətə enməkdir.” “Kendini getir” kitabı fiziki Mən yox, Ruhani Mənin üzə çıxması üçün bir vasitədir. Yəni cismanidən artığına nail olmaq.
S.Erman: ”Kendini getir”in mərkəzindəki soru və təzad nədir? Kitabı oxuyub bitirən oxucunun özündən hansı sorunu sormasını istərsiniz?
E.Atalı: Mən kiməm? İnsan olmaq üçün mənim hansı imkanlarım var? Niyə insan kimi yaşaya bilmirəm? Buna mane olan səbəb nədir? Özünü təhlil etməlisən, yaxşı mənada ölüb dirilməlisən. Öz içindən yeni insan doğmalısan. “Kendini getir” kitabında verdiyim sorular insanı silkələyib ayıltmaq üçündür. Hər bir kəsin içində böyük imkanlar yatır, özünü tanımadan, özündəki səhvi, nöqsanı, günahı görmədən özün haqda böyük fikirdə olacaqsan. Kimsə özünün pis adam olduğunu etiraf etmir, özünə belə pıçıldamır. Pisliklə qarşılaşanda da onu qarşısındakından bilir, özündən yox. Əslində “Kendini getir” kitabım Asif Atanın Kamil İnsan ideyasının bədii izharıdır. Bir də Atada belə bir fikri var: “İnsan dünyanın gözündən
düşüb yaşaya bilər, öz gözündən düşsə yaşaya bilməz”. Özünü əzizləyə-əzizləyə artmaq olmaz, özünü döyə-döyə, zəifliyindən özünü xilas edərək artacaqsan.
S.Erman: ”Yurd daşı”ı ilə “Kendini getir” arasında necə bir bağ var? Bu iki əsər yazarlıq yolçuluğunuzun hansı yönlərini Türkiyə oxucularına tanıtdıracaq?
E.Atalı: Insanı mərkəzdə qoymaq, hər şeyin səbəbkarı insandır iddiasını anlayacaqlar. Bu bxımdan yenilik insanın özündən başlamalıdır. İnsan öz problemini zamanın öhdəsinə buraxıb gələcək nəslin qarşısına yuvarlatmasın. “Yurd daşı” tarixi, “Kendini getir” isə insanın mahiyyətindən bəhs etsə də, əslində hər iki kitabın ana xətti insan və onun ətrafında olan dairələrdir.
S.Erman: Bu kitabların Türkiyədə yayımlanması sizin üçün nə ifadə edir? Dil və mədəniyyət baxımından yaxın bir oxucu kütləsinə çatmaq, fərqli gözləntilər də doğururmu?
E.Atalı: Sağlam oxucu kütləsini qazanmaq, həmfikrilərimin sayı artsın, özümü tək hiss etməyim. Mənim əqidəmə görə “İnsan dəyişməsə, dünya dəyişməz. Gözəl dünyanı gözəl insanlar yaradacaq. Bu səbəbdən də insanlaşın, insanlaşdırın”. Yazdığım əsərlər Atamın bu izharının bədii təzahürüdür. Öz yolumuzu salmalıyıql
S.Erman: Son olaraq, Türkiyədəki gənclərə və ilk dəfə kitablarınızı oxuyacaq olanlara nə söyləmək istərdiniz? Ədəbiyyatın onların həyatında necə bir yer edəcəyini zənn edirsiniz?
E.Atalı: Daim vüqarlı olsunlar, öz içlərindəki sonsuz gücə inansınlar və onu aşkarlasınlar. Məhz o zaman qanadlı və alovlu olacaqlar. Özlərini yetişdirmək yolunu tutsunlar və ciddi mütaliəçi olsunlar. Daha doğrusu, fikir adamı olsunlar. Hər gün heç olmasa bir neçə saatlarını mütaliə ayırsınlar. Kitab insanı yetişdirir, həm insanın fantaziyasını gücləndirir, həm də dünyabaxışını. Kitabla böyük
dünyaya qapı açmaq mümkündür. Mən Türkiyədəki gənc oxucularımın görüşünə bu iddia ilə gəlirəm.