Güney Azərbaycan Demokrat Partiyasının Məramnaməsi
I. Giriş:
Millətimizi əsarətdə və müstəmləkə şəraitində saxlamaq üçün kimliyimizin danılması, özlüyümüzün itirilməsi, bizə qarşı aşağılama, dışlama, yabançılaşdırma, bir sözlə, zorakı assimilyasiya xəttinin uyqulanması Güney Azərbaycanda indiyədək hakim olmuş faşist, şovinist, anti-insani rejimlərin yürütdüyü siyasətlərin başında durmuşdur. şovinizmin istər Pəhləvi, istərsə də İran İslam rejimi millətimizə hakim olduğu sürədə milli kimliyimizə və türklüyümüzə qarşı amansızcasına saldırmış, bizi bir toplum olaraq əridib yox etmək üçün imkanı daxilində olan bütün vasitələrdən yararlanmağa çalışmışdır. Bəşər mədəniyyətinə böyük dahilər bağışlamış, dünyaya zəngin dövlətçilik və başqa millətlərə sayğı irsi vermiş Türk millətinin bir hissəsi olan Güney Azərbaycan Türklüyünün bugünkü ağır durumu da məhz buradan qaynaqlanmaqdadır.
Təbii ki, Güney Azərbaycan Türklüyü uğradıldığı bu ağır duruma göz yumub boyun əyə bilməz. Ona görə də, bir toplum olaraq bu ədalətsizlik, haqsızlıq və zorakılıqlara qarşı həmişə mübarizə aparmış, öz milli haqlarımız uğrunda mücadilə vermişik. Həmin milli mübarizəmizin zirvə nöqtəsi 1324-cü (1945-ci) ildə Azərbaycan Milli Hökumətinin qurulması oldu. Bununla da Güney Azərbaycan Türklüyü heç bir millətin hüquqlarını tapdalamadan, tam demokratik prinsiplərə dayanaraq öz milli müqəddəratını bəlirləmış, hətta torpaqlarının bir bölümü başqa millətlərin sınırları içərisində qalsa da, öz hökümətinin sınırlarını ortaya qoymuş və öz milli haqlarına sahib çıxmağa çalışmışdır. Ancaq çox yazıqlar ki, az sonra şovinist rejimi hiylə və zor gücünə yenidən Güney Azərbaycanı işğal etmiş, Azərbaycan Milli Hökumətini qan dənizində boğaraq Azərbaycan Türklüyünə qarşı soyqırım uyqulamış və otuz minə yaxın insanımızı öldürmüşdür. Yüz mindən artıq Azərbaycan insanı zindanlara atılmış, sürgün edilmiş, var-yoxu əlindən alınmış, Azərbaycan Türkcəsində olan kitablar yandırılmış, məktəblər qapadılmış, bütövlükdə, xalqımızın maddi-mənəvi sərvətləri amansızcasına talan edilmişdir.
O dönəmdən indiyədək Güney Azərbaycan hələ də bütün milli haqlarından məhrum edilmiş bir durumda yaşamaqdadır. Azərbaycanın öz milli müqəddəratını özü bəlirləmə haqqı hələ də şovinizmin ayaqları altında tapdalanmaqda və Güney Azərbaycan Türklüyü öz dilində yazıb-oxuma kimi ən sadə insani haqlarından belə amansızlıqla məhrum edilməkdədir. Güney Azərbaycanın çağdaş dünya düzeyindən çox-çox geridə qalmasının başlıca nədəni məhz burada axtarılmalıdır.
Güney Azərbaycanın gəlişməsi yolunda buxova çevrilmiş bu nədənin ortadan qaldırılması və başda öz milli müqəddəratını özü bəlirləmə haqqı olmaqla bütün milli haqların əldə edilməsi uğrunda mübarizə aparmaq indiki anda Güney Azərbaycan Milli Hərəkatının başlıca görəvidir.
Bu qutsal mübarizədə Güney Azərbaycan Türklüyünün siyasi təşkilatlanma ehtiyacına uyğun olaraq biz Güney Azərbaycan Demokrat Partiyasını (bundan sonra qısaca: GADP) yaradır və Güney Azərbaycanın bu yöndə çalışan bütün milli qüvvələrilə əməkdaşlığa, işbirliyinə hazır olduğumuzu bildiririk.
I. Ümumi maddələr
I. 1. Güney Azərbaycan Demokrat Partiyası – GADP Güney Azərbaycanın öz milli müqəddəratını özünün bəlirləməsi, Güney Azərbaycan Türklərinin milli birliyi, milli özgürlüyü, tərəqqisi, inkişafi, yaxşı yaşaması və Güney Azərbaycanda demokratiyanın bərqərar olması – insan haqlarının təmini uğrunda mübarizə aparan şəxsləri və qurumları öz sıralarında birləşdirmiş bir milli-siyasi partiyadır.
I. 2. GADP-nin amacı öz milli müqəddəratını bəlirləmə haqqı başda olmaqla Güney Azərbaycanda bütün milli haqların əldə edilməsinə nail olmaqdır. Öz milli müqəddəratını bəlirləmə haqqı irəli sürür ki, bir millət azad və sərbəst ümumxalq səsverməsi (referendum) yolu ilə ortaya qoyacağı öz milli iradəsinə uyğun olaraq a) tam ayrılıb öz milli dövlətini qura;
b) başqa bir dövlətlə birləşmək amacı ilə ayrıla;
c) tərkibinə daxil olduğu başqa bir millətlə unitar dövlətdə birləşə, yaxud bu başqa millətin dövləti daxilində özərklik (kültürəl və ya siyasi-inzibati muxtariyyət) qazana, yaxud da başqa bir millətlə federal və ya konfederal bir dövlət yarada bilər.
Öz milli müqəddəratını bəlirləmə haqqını əsas götürən GADP inanır ki, Güney Azərbaycanda son sözü millətin milli iradəsi ortaya qoyacaqdır.
I. 3. GADP bir siyasi partiya olaraq könüllülük, demokratiklik, üzvlərin huquq eşitliyi, özünuidarə və insan haqlarına sayğı prinsipləri əsasında yaradılır.
I. 4. GADP öz fəaliyyətini Güney Azərbaycanda və Azərbaycan Türklərinin yaşadığı bütün dünya ölkələrində həyata keçirir.
I. 5. GADP öz fəaliyyətini bu Nizamnaməyə, həmçinin uluslararası huququn norma və prinsiplərinə uyğun qurur və apardığı mübarizədə Birləşmiş Millətlər Təşkilatı İnsan Haqları bəyannaməsinin özül müddəalarını, eləcə də, insan haqları və millətlərin öz müqəddəratlarını özlərinin bəlirləməsi ilə bağlı bütün uluslararası anlaşmaları əldə əsas tutur.
II. GADP-nin amac və hədəfləri
II. 1. Qacar Dövləti ilə Çar Rusiyası arasındakı Gülüstan (1813) və Türkmənçay (1823) müqavilələri Bütöv Azərbaycanı Quzey və Güney Azərbaycan olmaqla iki yerə parcaladı. Azərbaycanın Rusiya əsarətindəki quzey bölümü 1991-ci ildə yenidən bağımsızlığını qazanaraq öz istiqlaliyyətini elan etdi, ancaq Azərbaycan Türk millətinin otuz beş milyonluq böyük bir kəsimi Cüney Azərbaycanda şovinizmin agir istibdadı altında hələ də ölüm- qalım savaşi verməkdədir.
GADP hesab edir ki, 22 May hərəkatı (2006) Cüney Azərbaycandakı milli savaşın ən parlaq qalxış və yüksəliş dönəmlərindən biridir. Bu hərəkat millətimizin gücünü göstərdi və istəklərini ortaya qoydu.
Həmin istəklərə uyğun olaraq GADP Güney Azərbaycanda modern, laik, demokratik bir milli dövlət quruculuğunu özünün başlıca amacı sayır və bu amacın Güney Azərbaycan Türkləri arasında daha geniş yayılması, eləcə də uluslararası düzeydə Güney Azərbaycanın uyğun siyası status qazanması uğrunda mübarizə aparır.
II. 2. GADP Azərbaycanın torpaq bütövlüyünün qorunmasını milli bir görəv sayır.
II. 3. GADP Türk dünyasında mədəni birliyə və qarşılıqlı əməkdaşlığa söykənən inkişaf yolunun uğuruna inanır və öz milli azadlığını əldə edən dünya Türk dövlətlərinin dostluq, əməkdaşlıq, işbirliyi yolundakı çalışmalarına çox ciddi dəyər verir və bu çalışmaların Güney Azərbaycan üçün də faydalı olacağını düşünür.
II. 4. GADP inanır ki, güc millətdədir və qutsal milli mübarizədə hər hansı bir xarici qüvvəyə yox, yalnız millətə arxalanma biricik doğru yoldur. Ona görə də, şovinizmə, əsarət və köləliyə qarşı aparılan milli azadlıq mübarizəsində GADP daha çox otuz beş milyon Güney Azərbaycan Türkünə arxalanır və öz mübarizəsində onun milli çıxarlarını əsas götürməklə hərəkət edir.
II. 5. GADP milli azadlıq yolunun asan gedilən qısa bir yol olmadığını gözə alaraq bildirir ki, milli mübarizənin çağdaş dönəmində Azərbaycan milli kimlik bilincinin dirçəlişi və yüksəlişi, Azərbaycan milli məfkurəsinin gəlişdirilməsi, Güney Azərbaycanda Türk dili, tarixi, mədəniyyəti başda olmaqla kültürəl və ictimai inkişaf uğrundakı fəaliyyətlərə özəl önəm verilməlidir.
II. 6. Milli qurtuluşa gedən qutsal yol milli dayanışmadan keçir. GADP özünə borc bilir ki, Güney Azərbaycan Türklərinin yaratdığı dəyişik ictimai-siyasi qurum və quruluşların bir araya gəlməsi, onların çeşidli milli-siyasi amacları və fəaliyyətləri arasında ümummilli mənafeyə uyğun uzlaşmanın yaradılması və millətimizin öz milli müqəddəratını özünün bəlirləməsi haqqınının həyata keçirilə bilməsi üçün milli birliyin təmin olunması yolunda dönmədən çalışsın.
II. 7. Öz mübarizəsində Güney Azərbaycan mərkəzli düşüncə sistemi özülündən çıxış edən GADP milli zülm altındakı millətlərin işbirliyi ehtiyacını əsas tutaraq İran adlanan ölkədə fars şovinizminin zülmünə uğrayan millətlərin siyasi partiyaları ilə əməkdaşlığa önəm verir.
II. 8. GADP indiki şovinist İran İslam hökumətinə, onun istibdadına, ictimai-iqtisadi və kültürəl ədalətsizliyinə, insan haqlarını və azadlıqlarını pozmasına qarşı mübarizə üçün zülm altında yaşayan millətlərin birlik cəbhəsini gərəkli bilir.
II. 9. GADP cinslərarası ayrı-seçkiliyə qarşı çıxır, Türk tarixinin milli gələnəyinə uyğun olaraq qadınların kişilərlə eşit haqları olmasını müdafiə edir və öz sıralarında kişilərlə birgə qadınların da aktiv iştirakına çalışır.
II. 10. GADP ictimai ədalət, azadlıq – eşitlik və milli dayanışma ilkələrini əsas götürməklə Güney Azərbaycanda sərmayənin inkişafina özəl dəyər verir.
II. 11. GADP öz istəklərinə sivil, dinc və mədəni yollarla addım-addım yetməyə və milli əsarətdən qurtulduqdan sonra Güney Azərbaycanda islahatlar yolu ilə demokratik rejim qurmağa önəm verir, ancaq həm də unutmur ki, diktatura rejimli ölkələrdə inqilab başlıca çıxış yoludur.
II. 12. GADP BMT-nin, Avropa Şurasının və uluslararası uyğun anlaşmaların çevrə təmizliyi, uşaq haqları, əməklilik sorunu, habelə terrorizmə, uyuşdurucu maddələrin yayılmasına, edam hökmünə qarşı vb. aldığı qərarlara sayğı göstərir və onları qəbul edir.
III. GADP-nin başlıca prinsipləri
III. 1. GADP öz milli mübarizəsində millətçilik və demokratiya ilkələrini ümumi prinsiplər olaraq əsas götürür və hesab edir ki:
Millətçilik Azərbaycan Türkünün dilinə, kültürünə, tarixinə, torpağına, bir sözlə, bütün milli dəyərlərinə və milli çıxarlarına yiyə durmaq, dünyaya baxışda Azərbaycan Türk millətinin milli kimliyi, milli varlığı və milli mənafeyi özülündən hərəkət etməkdir. Bizim millətimiz Azərbaycan Türklüyüdür və dilimiz də Azərbaycan Türkcəsidir. Türk kimliyimizi, Türkcəmizi və Türk milli kültürümüzü sevir, onları qoruyub saxlamağı və yüksəltməyi özümüzün milli görəvi bilirik. Bizim bu türkçülüyümüz şovinistlikdən, irqçilikdən, faşistlikdən tam uzaq olub təkcə Türkə aid olanı sevməklə sınırlanmır, həm də bütün millətlərin milli kültürünə dəyər verib sayğı ilə yanaşmağı irəli sürür. Biz heç bir kültürü başqa bir kültürdən üstün saymır və hər hansı bir kültürün də başqa bir kültürdən aşağı olmasını qəbul etmirik. Bizim türkçülüyümüz və bütünlükdə, millətçiliyimiz Azərbaycan Türkünün milli varlığına, milli kültürünə qarşı sərgilənən aşağılama, sayğısızlıq və assimilyasiya siyasətlərinə qarşı durma və Azərbaycan Türkünün öz milli kültürü ilə qürur duyan bir milli şəxsiyyət kimi yetişməsinə çalışma amacına qulluq etməkdədir.
Demokratiya bir həyat tərzi, ən önəmli bir kültürəl dəyər olub seçib-seçilmə sərbəstliyi, inanc və etiqad özgürlüyü, söz azadlığı, toplaşma, təşkilat qurma… haqqı, bir sözlə, təməl insan haqlarına söykənərək fərdlə dövlət və toplum arasındakı münasibətləri düzənləmə vasitəsidir. Azadlıq fəlsəfəsi, liberalizm, humanizm, ağlın üstünlüyü, çoxulçuluq (plüralizm), feminizm vb. bu kimi önəmli dəyərlərə dayanan çağdaş bir mədəniyyət demokratiyasız mümkün deyil. Bu gün bir millətin, bir xalqın çağdaş bir toplum, yoxsa gələnəksəl bir qapalı toplum olması demokratiyanın varlığı ilə ölçülməkdədir. İki yüz ilə yaxındır ki, Azərbaycan çağdaşlaşma sürəci keçirsə də, oturuşmuş bir demokratiya mədəniyyətinin, demokratik təfəkkür tərzinin tam biçimlənməməsi səbəbinə hələ də Azərbaycan yaşadığı bu modern çağdan geri qalmaqdadır. Təbii ki, bu gerilikdə istibdad təfəkkürlü şovinist rejimlərin, uğradığımız işğal və milli zülmlərin, Azərbaycan milli kimliyinə və milli şüuruna əsaslanan milli dövlətçiliyimizin tam yaranmamasının vb. bu kimi amillərin böyük rolu vardır. Güney Azərbaycanı çağdaş bir toplum olaraq görmək istəyiriksə, təbii ki, öncə Azərbaycan Türklərində insan haqlarına sayğılı, xoşgörülü (tolerantlı), çoxulçu, azad və sərbəst təfəkkürlü bir demokratiya mədəniyyətinin, demokratik təfəkkürün və demokratik bir həyat tərzinin biçimlənməsinə çalışmalıyıq. Məhz buna görə də, GADP millətçiliyi və demokratiyanı özünün başlıca ilkələri olaraq qəbul edir və bu ilkələrin Güney Azərbaycan toplumunda oturuşub sabitləşməsi yolunda mübarizə aparır.
IV. GADP-nin başlıça görüşləri
GADP-nin siyasi-iqtisadi-ideologi görüşləri içərisində aşağıdakılar özəl yer tutur:
IV. 1. GADP “İnsanlara hürriyyət, millətlərə istiqlal!” (M.Ə.Rəsulzadə) verilməsini demokratik dünyanın biricik doğru yolu sayır.
IV. 2. GADP toplum mənafeyinə ziyan vurmamaq şərti ilə başlıca liberal dəyərlərə, ictimai-siyasi azadlıqlara, özəl yaşayış da daxil bütün fərdi azadlıqlara sayğı ilə yanaşır və onların toxunulmazlığını qəbul edir.
IV. 3. GADP təkcə fərdlərin yox, toplumların da özümlü haqları olmasına inanır və bir toplumun başqa bir topluma məxsus haqları tapdalamasını, ona qarşı sayğısız yanaşmasını yolverilməz sayır.
IV. 4. GADP humanizmi, insansevərliyi yüksək dəyərləndirir və öz inancları uğrunda könüllü fədailik durumu dışında insanın nəyəsə zorla qurban verilməsini doğru saymır.
IV. 5. GADP elmi, ağılı bəşəriyyətin sorunlarını çözəcək kilid anlayışlar hesab edir və inanır ki, elmə, ağıla dayanmayan hər hansı bir çözüm yolu bəşəriyyəti heç də səadətə apara bilməz.
IV. 6. GADP özəl mülkiyyəti və sərbəst bazar iqtisadiyyatını qəbul edir, eyni zamanda, dövlətin gerçək bir sosial rifah dövləti vəsfini qazanmasını da çox önəmli bilr. İlk oxuldan yüksək oxullaradək təhsil pulsuz olmalı, qocalar, əlillər, imkansız və kimsəsiz insanlar himayət edilməli, işsizliyi və yoxsulluğu ortadan qaldırmaq, uşaqların gələcəyi üçün maddi dayaq yaratmaq, bir sözlə, ölkədə istisnasız olaraq hamının insan kimi normal yaşamasına çalışmaq dövlətin əməldə günlük qayğısına çevrilməlidir.
IV. 7. GADP hakimiyyətin qaynağının yalnız millətə aid olmasına inanır və ölkəni idarə etmə sistemləri içərisində demokratiya və federalizmi ən üstün dəyərlər sayır.
IV. 8. GADP ictimai-iqtisadi-siyasi…həyatın hər hansı bir sahəsində təkəlçiliyin (inhisarçılığın) hakim olmasına qarşı çıxır və çoxulçuluğu qəbul edir. Çoxluq aparıcı olsa da, azlıq hüquqlarını pozmamalı, toplum həyatının bütün sahələrində çoxulçuluğun qorunmasına ayrıca diqqət yetirilməlidir.
IV. 9. GADP istər ölkə içində, istərsə də dünyada barış və əmin-amanlığı ən üstün dəyərlərdən bilir və savaşa qarşı çıxır. Hər bir ixtilaf barışla, danışıq və qarşılıqlı sayğı ilə çözülə bilər. GADP inanır ki, zorakılıq, savaş və basqıya dayanan heç bir sistemin ömrü uzun olmayacaqdır.
IV. 10. GADP feminizmə – qadın və kişilərin hüquq bərabərliyinə inanır, heç bir cinsə imtiyaz tanımır. GADP qadın – kişi eşitliyinə önəm vermiş qədim Türk gələnəyini yüksək dəyərləndirir.
IV. 11. GADP inanc özgürlüyünü və etiqad azadlığını və ifadə özgürlürünü ən zəruri tələblərdən biri kimi irəli sürür, bu yöndə heç bir məcburiyyəti qəbul etmir, dini xöşgörünü, fərqli inanc və etiqadlara qarşı dözümlülüyü yüksək dəyərləndirir və Güney Azərbaycandakı çoxluq-azliq düzeyindən asılı olmayaraq bütün çeşidli inanc və etiqadlara sayğı ilə yanaşdığını bildirir.