Dünya nağıl aləminə əvəzsiz töhvə vermiş Hans Anderssenin vətənində nağıl axşamı keçirməyə bizim yazarımız Eluca Atalı qərar verdi. Belə ki, yazarımız 2 noyabrda Danimarkanın paytaxtı Kopenhagenin mərkəzindəki Vallensbek kütləvi kitabxanasında qonaq oldu. Onun görüşündə Azərbaycan və Danimark uşaqları valideynləri ilə birgə iştirak edib, müəllifin uşaqlar üçün yazdığı əsərlərin qısa məğzi və mahiyyəti ilə tanış olduqdan sonra “Odunçunun nağılı” əsərini dinlədilər. Görüşü müşahidə edən Danimarkada yaşayan soydaşımız İlahə Mələk Bilən söhbəti danimarka dilinə çevirmiş, görüşün təşkilatçısı Vətən cəmiyyətinin idarə heyətinin üzvü Nigar Səfər Sadiqi əsərdə haqqında bəhs edilən hər bir ağacın fiqurunu, ona dair musiqini uşaqlara nümayiş etdirmişdir. Eyni zamanda Naxçıvan Milli Dram Teatrının səhnələşdirdiyi nağıldan fraqmentlər uşaqlara təqdim edilmişdir.
“Nağıl reallıqdan uzaq deyil və gerçəyi dərk etmək üçündür” fikrində olan yazar “Yaşıl Dünya naminə həmrəylik ili” çərçivəsində qürbətdə böyüyən uşaqlarımıza həqiqi dünyanı tanımaqda onlara nağılları ilə yardım etməyə cəhd etmişdir.