Güney dərdinin tərcümanı olan “İran hizbullah zindanında” romanının tanıtımı ilə bağlı vebinar keçirilib.
İsveçdə fəaliyyət göstərən Qobustan Aydınlar Ocağının təşəbbüsü ilə İsveçdə yaşayan tanınmış azərbaycanlı yazıçı-filosof, Asif Ata Ocağının övladı Eluca Atalının “İran hizbullah zindanında” romanının tanıtımı ilə bağlı vebinar keçirilib.
Belə ki, Zoom üzərindən baş tutan vebinara dünyanln müxtəlif ölkələrində yaşayan yazıçı, şair, elm adamları, tanınmış ictimai xadimlər media nümayəndələri qatılıb. Beynəlxalq səviyyədə reallaşan Vebinarda –
Saratov Universitetinin professoru Rafail Gərib,
BDU-nun Filologiya fakültəsinin dosenti, Mətanət Saraclı, Götoburg Universitetinin professoru Səadət Kərimi,
İsveçdə yaşayan kino rejissor Rahim Sadıqbəyli, dok. Xanım Qasımova, Azərbaycandakı Bəhai Cəmiyyətinin rəhbəri Dos. Azər Cəfərov, Eskişehir Anadolu Turk liseyinin ədəbiyyat müəllimi Meral Bahar, Türkiyəli jurnalist Hasan Barın, Asif Ata Ocağının Övladı Dağtəkin Atalı, ANT TV-nin müdir yardımçısı Elyar Kamrani və başqaları iştirak ediblər.
Əvvəlcə, tanıtımın moderatoru Saratov Universitetinin professoru Rafail Gərib əsərin Güney Azərbaycan həyatını geniş şəkildə əks etdirməsi baxımından M.S.Ordubadinin “Dumanlı Təbriz” romanından sonra Azərbaycan oxucusuna təqdim olunan ikinci ən böyük əsər hesab etdiyini bildirib. O, İran İslam inqilabının yaranma səbəbi, İran cəmiyyətini bütünlüklə zindana çevirdiyini hərtərəfli bədii formada əks etdirdiyi üçün əsəri əvəzsiz hesab etdiyini diqqətə çatdırıb.
Sonra BDU-nun Filologiya fakültəsinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti, Mətanət Saraclı “İran Hizbullah zindanında” kitabı haqqında nəzəri mülahizələrini filoloji baxımdan şərh edib, Güney Azərbaycan mövzusunun, eyni zamanda ikiyə bölünmüş Azərbaycanın bu günkü taleyinin dünyaya çatdırılması baxımından kitabın bütün dillərə tərcüməsini vacib hesab etdiyini vurğulayıb.
Daha sonra Götoburg Universitetinin professoru, Qobustan Aydınlar Ocağının sözçüsü Səadət Kərimi “İnqilab dövlətinin hamiləlik sindromu və ya fanatikliyin uğradığı mutasiyadan yaranmış demokratiya” adlı kitaba yazdığı Resenziya ilə çıxış edib. O, həmçinin milli və insani baxışın müəllifə hakim olduğunu, romandakı dörd kitabın hamısında bunun əsas xətt olub, insan taleyi ilə birgə vandalizmə uğramış qədim yer-yurd adlarımızın farslaşdırılması və ya İslam inqilabının liderlərinin adı ilə adlandırılmasına müəllifin geniş yer verməsindən bəhs edərək, kitabın tarixiliyini qabardıb.
Bundan başqa, İsveçdə yaşayıb fəaliyyət göstərən kino rejissor Rahim Sadıqbəyli əsərin bədii filmə gətirilərək uğurlu sənət əsəri kimi Güneyli soydaşlarımızın dərdinin geniş kütləyə çatdırılmasında bir vasitə olacağını sənət baxımından şərh edib. Eyni zamanda, romanın əsərin qəhrəmanı Fatma Kəriminin Gündəliyi əsasında yazdığı üçüncü “Qanlı orkesrt” kitabının mətni əsasında təsiredici film yarana biləcəyi məziyyətlərini göstərərək, 1945-ci ildə alman Autşivist lagerində öldürülmüş yahudi qızı Anna Frankın taleyi ilə müqayisə edib və “Anna Frankın gündəliyi” qədər oxucuya təsir etdiyini diqqətə çatdırıb.
Həmçinin Azərbaycandakı Bəhai Cəmiyyətinin rəhbəri, BDU-nun dos. Azər Cəfərov İranda bəhailərin faciəsi – onların dini ayrı-seçkiliyə məruz qalmaları, ali təhsil ocaqlarında təhsilin qadağan olunması, işdən qovulmaları, edamları və s. məhrumiyyətlərilə bərabər əsərdəki hadisələrlə üst-üstə düşməsini bildirib.
Eyni zamanda, Eskişehir Anadolu Turk liseyinin Ədəbiyyat müəllimi, E.Atalının Türk dilli kitablarının tərcüməçisi Meral Bahar kitabın kompozisiyasının Səməd Behrənginin “Balaca Qara Balığın nağılı” üzərində qurulmasını uğurlu hesab edib. Həm də, Qara Balıq kimi böyük dəryaya – azadlığa can atan Güney Azərbaycan gənclərinin dərdlərinin bilavasitə bu kitab tərcümanı olduğunu vurğulayıb.
Çıxışçılar sırasında, Asif Ata Ocağının Övladı Dağtəkin Atalı “İnqilab, yoxsa intibah” mövsuzunda çıxış edərək, inqilabın insanlığa yad olduğunu, İslam inqilabının gətirdiyi fəlakətləri haqlı olaraq sadalayıb.
Qardaş ölkədən türkiyəli jurnalist Hasan Barın İran-islam inqilabının mahiyyətini bu kitabdan incəliyinə qədər öyrəndiyini, Güneyli soydaşlarımızın problemlerini bütün Türk dünyasına çatdırmaq üçün kitabın ilk növbədə, Türkiyedə yayımlanmasını tövsiyə edib.
Çıxış edən ANT TV-nin müdir yardımçısı Elyar Kamrani kitabla bağlı müəlliflə televiziyada hazırladığı dörd proqramın ümumi mahiyyətini şərh edərək bu barədə geniş təəssüratını və tamaşaçılara təsiri barədə danışıb.
Bütün çıxışçılarla yanaşı, Sank Peterburqdan Ülviyyə Abbasova, Sibirdə yaşayan soydaşımız İlhamə Quliyeva, Yaroslova şəhərindən Xatirə Qəmbərova və digər oxucular kitabla bağlı təsüratlarını iştirakçılarla bölüşüblər.
Sonda isə Güney dərdinin tərcümanı olan “İran hizbullah zindanında” kitabının və eyni zamanda, daha onlarla kitabın müəllifi olan İsveçdə yaşayan tanınmış azərbaycanlı yazıçı-filosof, mübariz insan, Asif Ata Ocağının övladı Eluca Atalının tanıtımın gerçəkləşməsinə dəstək verdikləri üçün İsveçdə fəaliyyət göstərən Qobustan Aydınlar Ocağının rəhbərliyinə, həmçinin bütün iştirakçılara qatılımları və dəyərli fikirləri üçün minnətdarlığını bildirib.
Ülkər Piriyeva