(Yazar Eluca Atalı ilə Hacı Beytulla Mutlunun müsahibəsi)
Sual: Kitablarınızda nədən İrandan bəhs edirsiniz, Ermənistandan deyil?
Cavab: Ermənistan deyilən bir dövlət əslində Qərbi Azərbaycan, daha doğrusu, bizim İrəvan xanlığının məkanıdır. Yəni, qədim yurd yerimizdir. “Təkrarlanan tariximizə bir baxış” adı altında “Tiqranizm Xocalıda”, “Nalşəkilli mühasirə”, “Savaşda qalib yoxdur”, “Nənəmin dronu” kimi kitablar yazdım ki, burda da Ermənistanın işğalçılıq siyasətini göstərmişəm. Mənim üçün vətənin o tayı-bu tayı və ya ortası deyilən bir anlayış yoxdur. Vətən mənim üçün bütövlük anlayışını ifadə edir və onun harasında doğulub böyüməyimdən asılı olmayaraq, onun sərhədlərinin içindəki hər şey mənim mövzuma aiddir. Mənim qəbul etdiyim, vətən iki cür qorunur: fiziki və ruhani güclə. Fiziki güc — əsgəri, ordu işidir, silahla qorunar yurdun sərhədləri, amma onun içini qorumaq, yad düşüncəni yurdundan qovmaq aydının işidir. Bu da olur ruhani əməl. “Nalşəkilli mühasirə” kitabımda bu haqda yazmışam: “Vətən tarla kimidir, o, gərək daim alaq otundan təmizlənsin.” Qaldı, İran məsələsinə, bu yerdə Asif Atanın fikri ilə cavab verəcəm: “Azərbaycan birdir! Əgər, o, ikidirsə, demək, o heç yoxdur!” Həm də Ata Azərbaycanın siyasi xilasını Güney Azərbaycanda görür. Bütün problemlərimiz Azərbaycan ikiyə bölünəndən başlayıb, misal üçün, Qarabağ problemi. Azərbaycan BÜTÖVLƏŞƏNDƏ bu problemimiz biryolluq həll olunacaq. Bu baxımdan İranın zəbt etdiyi Güney Azərbaycan bizim üçün çox önəmlidir və mən də bu üzdən İran mövzusunu qələmə alıram. Qısaca desək, Güney Azərbaycan mövzusunu, Məhəmmədrza Pəhləvi rejiminin hegemonluğu ilə devrilmiş Milli Hökümətimizdən.
Sual: İranlılara düşmənikmi?
Cavab: Biz heç kəsi özümüzə düşmən saymırıq, çünki hər kəsi insan bilirik, onu olduğuna bərabər saymırıq. Onun daxili imkanlarına inanırıq, dəyişmək imkanı olduğuna əsaslanırıq. İranlılar dediklərimiz düppədüz 35 ildir Quzey Azərbaycanlıların beyninə din, mədəniyyət adı altında kanalizasiya suyu axıdırlar, həm də bilərəkdən bunu edirlər, Quzeydə iranpərəst İmam Mehdi ordusu yaratsınlar. Narkomaniya, siğə murdarlığını yayıb, milləti şirnikləndirirlər. Bunu edən İran hakimiyyətidir, bizdə təslimçilik düşüncəsi yaratmaq istəyir, ona qarşı savaşmayaq, Güney Azərbaycan mövzusunu arxivə atıb unudaq. Hətta Quzey Azərbaycanı həyəsızcasına “Quzey İran” adlandırırlar. Biz kinli olmasaq belə, lakin yaxın tariximizi unudacaq qədər yaddaşsız deyilik. Necə unudaq ki, 30 il ermənini Qarabağda bəsləyən, işğal olunmuş yurdumuzdan narkobiznes yolu kimi istifadə edib dünyaya satdı. 44 günlük İkinci Qarabağ savaşı zamanı ordumuz torpaqlarımızı alıb irəlliləyərkən İran ordusu Zəngilanda 3 gün ordumuzun qarşısını kəsdi. Düşünürsünüz, savaş bizim öz torpağımızda gedirdi!!! Və üstəgəl savaş zamanı İran durmadan Ermənistana silah verirdi. Silah daşınmasının qarşısını alan güneyliləri zindana atıb olmazın işgəncələr verdilər və davam etməkdədir. Bizim də milli ləyaqətimiz var, İran indi Qurandan don geyib, bizi özünə dost kimi təqdim etsə belə, onun yurdumuza və millətimizə vurduğu yaranı unutmağa haqqımız yoxdur. Yenə deyirəm, bu kin məsələsi deyil, bu milli ləyaqət məsələsidir. Bu məsələnin bir tərəfi. İkinci bir tərəfdən, İran niyə bizi özünə düşmən sayır? Bizə “dini qardaş” deyir, amma erməni ilə qanqardaşlığı edir. Dində ümmət var, millət ümmət kəlməsinin içində itir. Bunun da bariz nümunəsini İran bizə sübut etdi. Əgər sualınız doğarsa, faktlarla geniş şəkildə izah edərəm.
Sual: Sizcə, İranın fars xalqındamı sorun var?
Cavab: Bir xalqı kökündən pisləmək, mənfi duyğularla xarakterizə etmək doğru deyil. Farslar şərq dünyasına daxildilər, bizdəki kimi onlarda da çox müsbət hallar var: çox qonaqpərvərdilər, fərd kimi insana yardım edərlər, musiqi, ədəbiyyat yaradıblar. Sədini, Hafizi dana bilmərik, “Gülüstan”ı, “Bustan”ı hamımız sevə-sevə oxumuşuq. Bunu yaradan xalqın içindəki kin-küdurəti anlamaq zordur. İran imperiya kimi qurulub, şovenist siyasət yeridir bizə qarşı. Şovenizmdə öz millətimi sevirəm, digər millətləri öz millətimə qurban edirəm, mənim qulumdur. Millətçilikdə isə öz millətimi sevirəm, digərlərinə ehtiram bəsləyirəm. İranın imperiya siyasəti ən çox da türklərə qarşıdır. Digər tərəfdən, türklərə qarşı bu qədər basqıya niyə türklər tab gətirib dözməlidirlər ki? Təsəvvür edirsiniz, 40 milyonluq bir millətin bir dənə də olsun ana dilində məktəbi yoxdur, amma sayı yalnız 100 min olan erməninin ana dilində məktəbi, universiteti var.
Başqa bir tərəfdən, “Niyə İranda molla hakimiyyətə gəldi?” və “Amerika niyə Xomeynini inqilab rəhbəri etdi?” kimi sualların da cavabını elə sizin sualınıza cavab kimi verəcəm. İran cəmiyyəti Xomeyni idarəçiliyinə hesablanmış beyin yığnağı idi hardasa. Çoxluq onu qəbul edəcək səviyyədə idi, məhz ona görə də Xomeyni kimi azsavadlı bir molla gəlib milyonlara dirijorluq etdi.
Sual: Dünya nədən bu olaylara susur?
Cavab: Bu dəqiqə dünya dediyin ciddi siyasətçilərin, diplomatların deyil, komersantların əlindədir, onlar da dünyaya ancaq öz mənfəətlərinin gözü ilə baxırlar. “Dünya mənim evimdir, onu fəlakətdən, rəzalətdən qurtarım!” deyən bir siyasətçi yoxdur. O üzdən biz dünyadan imdad diləmirik, əlacı özümüzdə görürük. Biz hərəkət etməsək, kənardan hər hansı bir qüvvə bizə təkan verən deyil. Xilas özümüzdədir!
Sual: İranlı mollalar nədən qadınları sek köləsi olaraq görürlər?
Cavab: İran cəmiyyətində qadın düşkünlüyü bu günün söhbəti deyil, bir qədər əvvələ gedib Mürtəza Müşfiq Kaziminin “Qorxulu Tehran” romanına nəzər salaq. Mövqey qazanmaqdan ötrü toy gecəsi arvadını şefinə “hədiyyə” edən “kişilərin” hekayəti var burda. Əgər yalan olsaydı, yəni qurama, o zaman yazar öz millətinə şər atmış olardı, təəssüf ki, qurama deyil. Kaş, uydurma olaydı! Çünki romanı oxuyanda çox sarsıldım, iyrəndim. Demək olmaz bu günkü İran cəmiyyətindəki mollalardan qadın düşkünlüyü burdan gəlir, görünür, milli mentalitetlərində bu var. Digər tərəfdən İranın ilk Ali Ruhani başçısının “3 aylıq südəmər körpəyə siğə etmək olar, atasının izni olarsa” risaləsi var. Bunu hansı mənəviyyat qəbul edir? 1962-ci ildə Pəhləvi Ağ İnqilab ideyasını yerinə yetirəndə onun bir qolu da qadınlarla bağlı idi. Qadınlar seçkilərdə səs vermək hüququna malik olurdular. Bu zaman Ayətullah Xomeyni şaha məktub yazır: “Qadın beyni toyuq beynidir, onun səs vermək haqqı ola bilməz.” Bu adam Nəcəfə ziyarətə gedərkən yolda qədim dostunun evində qonaq olur, dostunun 3 yaşında qızını bir gecəlik özünə siğə edir. Molla zehniyyəti bu qədər dayazdır.
Sual: Sizcə, Türkiyənin İran sevgisi varmı?
Cavab: İnanmıram. Əgər bunu mənə sübut etmək istəsələr də ciddi arqument gətirə bilməzlər. Sadəcə, İran öz məkirli siyasəti və camaatın incə damarı olan din adı altında Türkiyə cəmiyyətinə sirayət edib. Baxın yanvar ayının 4-də Türkiyədəki şiələrin “Hələb qəssabı” ləqəbli general Qasım Süleymanın vəfat günündə necə canlanırlar. Onun fotosu olan köynəklər geyinirlər, bunlar İranın təbliğatıdır. Qaldı, qonşuluq siyasətinə, istər-istəməz siyasi, iqtisadi əlaqələr olmalıdır, bu danılmaz faktdır. Yaddan çıxarmayaq, siyasətdə məhəbbət yoxdur, mənfəət var.
Sual: “İran zindanında: İnqilabın travması” və “İran zindanında: Həyatı tabutda axtaranlar” kitablarınızda anlatdığınıza görə, sanki yaşanmış kimi, əcaba siz və ya yaxınlarınız bu hadisələri yaşadımı? Kitabı oxuduqca çaşıb sormaq istəyirəm, zindanda neçə il yatdınız?
Cavab: Zindanda olmadım, amma yazarkən özümü o məhbusların yerində hiss edirdim. 100-dən artıq zindanda olmuş, əksəri də edam hökmü altında uzunmüddət yatmış qadınlarla görüşdüm. Bəziləri ilə fiziki olaraq, bəziləri ilə virtual aləmdə, çalışırdım suallarıma cavab alım. Bəzi məhbuslara eyni zamanda 50-dən artıq sual yazırdım, hər şeyi incəliyinə qədər öyrənmək cəhdim var idi. Bu sorunu məndən soran ilk oxucu siz deyilsiniz, hətta “yox” cavabıma inanmayanlar var. Hətta kitabın ZOOM vasitəsi ilə olan tanıtımında Almaniyadan iştirak edən Həmid Dadpoor adlı bir soydaşımız dedi ki: “Mən özüm zindanda yatmışam və İrandakı bütün millətlərin zindan xatirələrini oxumuşam, lakin bu əsər qədər mənə təsir edən olmayıb.” Əsər üzərində 12 il çalışmağım da hər şeyi tam mənimsəyib yazmaq istəyimdən doğurdu. Çünki İrandakı türk millətinin zindan həyatından iri həcmli nəsr əsəri yazılmamışdı, onların məhbusluqda nə çəkdikləri dünyaya bəlli deyildi.
Sual: Sizə görə, bunlar qurama ola bilərmi, yoxsa gerçək?
Cavab: Qətiyyən, əsər qəhrəmanlarının əksəriyyətinin yaxınlarını da danışdırmışam. Bu əsərdə yazıçı beyninin məhsulu var, təbii ki, bədiiyyat, hadisələri hekayələşdirmək xüsusi təfəkkür tələb edir, burda fantaziya da lazımdır. Bunsuz əsər quru, sxematik bir şey olar. Lakin əsərin mərkəzində duran qadın məhbuslardır — qadınlıqları, analıqları, gənclikləri oğurlanmışlar. Burda qurama taktikası keçməz!!!
Sual: Toplum İranlı qadınlar üçün nə etməli?
Cavab: Toplum qadın haqlarını tanımalıdır, qadın inkişaf etməyən cəmiiyyət geri qalır.
Sual: İranlı qadınlar necə azad ola bilər?
Cavab: Qadın özünü xilas etməlidir, buna onun gücü və əzmi var. Artıq bu mübarizə bütün İran boyunca başlayıb, davam edir. Rejim bunun qarşısında çox tab getirməyəcək.
Sual: İranda din gerçəkmi?
Cavab: Din İranda siyasət üçündür, inanc deyil, alətə çevrilib. Molla rejimi insanların inancını sarsıtdı, oğurladı. İnsanlar daxilən zərbə aldılar rejim öz istklərini dini qadağalarla sərhədləməklə.
Sual: Sizin İran haqqında düşüncələriniz nədir?
Cavab: Fəlakətə sürüklənən bir ölkədir, gələcəyi sual altındadır. Çünki İNSAN faktoru nəzərə alınmır, orda insan rejimin qulu olub, alətə çevrilib. İnsanın fikri isə daim dəyişib irəli baxmağı bacarır. VII əsr qanunları ilə idarə olunan bir dövləti XXI əsr gəncliyi hansı ağılla qəbul edə bilər? Din insanın üzərində basqı yaradıb, amma din insanın ülviləşməsi, təmizlənib saflaşması üçündür. İnanc insanın içindən çıxanda insan robota dönür.