Təbriz Qeydiyyat İdarəsi adı Türkcə olduğu üçün Volkan-a kimlik vəsiqəsi vermir
Dünyaya gəlməsindən 20 gündən çox vaxt keçməsinə baxmayaraq, Təbrizli Türk uşaq Volkan Azərmirad-a adı türkcə olduğu üçün kimlik vəsiqəsi verilmir.
Təbriz şəhərinin qeydiyyat idarəsi Vuokan adının əleyhinə çıxmasının səbəbinin bu Azərbaycanlı uşağa əcnəbi “Türk” adının seçilməsi olduğunu bildirib. 26 Yanvar 2023-cü ildə anadan olan Volkan Azərmirad 20 gündən artıqdır ki, kimlik vəsiqəsi olmadığı üçün tibbi və sosial xidmətlərdən məhrum olub.
Valideynlər tərəfindən seçilən adlara kimlik vəsiqəsinin verilməməsi və Qeydiyyat idarəsinin qarşı çıxması ilk hal deyil. Bundan öncə 2020-ci ildə Ərdəbilli uşaq “Ayıl” üçün kimlik vəsiqəsinin verilməməsi və Ayılın atasının şəhər qeydiyyat idarəsi qarşısında etiraz etdiyi bir videonun yayılması “Ayıl Kampaniyasının” başlanğıc nöqtəsi idi. Bu kampaniyada Ayılın valideynlərinin bu uşaq üçün kimlik vəsiqəsi alamadıqları etirazına əlavə, oxşar bir maneə yaşayan başqa Azərbaycanlı ailələr də yaşadıqları təcrübələri sosial şəbəkələrdə dərc etməyə başladılar. Bununla yanaşı iranlı bəluç, kürd və ərəb ailələri də sosial mediada paylaşım edərək uşaqları üçün doğum şəhadətnaməsi alarkən qarşılaşdıqları eyni maneələri tənqid etmişdilər.
İranın Vətəndaşlıq Qeydiyyatı Təşkilatı təsdiqlənmiş adlarının siyahısını yayımlayaraq vətəndaşlardan bu adları uşaqları üçün seçmələrini istəyir. Valideynlər tərəfindən seçilən ad Qeyd idarəsi tərəfindən təklif olunan siyahıdan kənarda olduqda, seçilmiş ad araşdırılmaq üçün bu təşkilatın (ad komitəsinin) idarə heyətinə göndəriləcək və təsdiq edilmədiyi təqdirdə adın seçilməsinə icazə verilməyəcək.
Təsdiqlənmiş adlarının siyahısında siyasi və dini məhdudiyyətlər və fikirlər, bir çox vətəndaşı insan hüquqları konvensiyalarına zidd olaraq, uşaqlarına dini, etnik və ya mədəni kimliklərinə görə ad verməkdən məhrum edir.