Güney Azərbaycan “Ya Qarabağ, ya ölüm!” şüarı ilə ayağa qalxdı
Bu gün İranın paytaxtı Tehran və Azərbaycanın mənəvi paytaxtı olan Təbrizdə, Savalanın ətəyində yerləşən Meşkinşəhr, Ərdəbildə yüzlərlə insan küçələrə çıxaraq, “Qarabağa və Azərbaycan Ordusuna dəstək” adı altında mitinq keçiriblər.
Musavat.com bildirir ki, mitinq iştirakçıları “Ya Qarabağ, ya ölüm!”, “Erməniyə himayət, cinayətdir, cinayət!”, “Babəkin balasıyıq, biz ölməyə hazırıq!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Azərbaycan milləti çəkəmməz bu zilləti!” şüarlarını səsləndirib, Qarabağ döyüşlərində iştirak etməyə hazır olduqlarını bildiriblər.
Videolardan da görünür ki, aksiyaların keçirildiyi küçələrdə İran təhlükəsizlik qüvvələri və polislər var. Lakin buna baxmayaraq, Güney azərbaycanlılar şüarlarını səsləndirib, mitinqə davam edir, Azərbaycan Respublikasının, Ordumuzun yanında olduqlarını nümayiş etdirirlər. Məlumatlara görə, İran polisi aksiyada iştirak edən bir neçə fəalı saxlayıb.
Onu da bildirək ki, artıq bir neçə gündür ki, Güney Azərbaycanın bir çox şəhərində Azərbaycan Ordusuna, dövlətinə dəstək aksiyaları keçirilir, plakatlar qaldırılır. İşğal altındakı Qarabağ bölgəsinin azadlığı uğrunda Azərbaycan Ordusunun irəliləməsi güneydəki soydaşlarımız tərəfindən də sevinc və coşqu ilə qarşılanır. Bütün bu proseslər göstərir ki, hazırda azərbaycanlılar arasında çox güclü milli birlik yaşanır. Bu birliyə nə məsafələr, nə də hər hansı bir siyasi güclər maneə olmaq gücündə deyil.
Qarabağ uğrunda haqq savaşı Şimali və Cənubi Azərbaycan arasında da yeni bir körpü, birlik yaradıb və bu birliyin qarşısında düşmən həm psixoloji, həm mənəvi, Ordumuz qarşısında isə həm də hərbi baxımdan artıq tab gətirə bilmir. Bunu beynəlxalq ekspertlər də təsdiq edirlər.
Xalidə Gəray
Musavat.com