Sual: 9 Mayı Azərbaycan bayram edir. Rusiyadan ayrıldığı bir halda bunun anlamı varmı?
Cavab: Bu sualı virtual aləmdə olan türk qruplarından tez-tez sorurlar və yadımdadır ki, 2019-cu ildə Sivasdakı Cümhuriyyət Universitetində yazıçı kimi görüşüm keçiriləndə bu sualı verdilər. 9 May Qələbə Gününü əslində Rusiyanın ünvanına yönəltməyin özü yanlışdır, burda Amerikanın, İngiltərənin, Rusia daxilindəki o zamankı 15 respublika, bu republikalar qədər olmasa da qərb ölkələri çox ziyan çəkiblər. Fransa, Polşa, Rumuniya, Yuqaslaviya, Macarıstan, o vaxtkı Çexoslovakiya və s. Bunun adı faşizmə qarşı birləşib ilk növbədə fiziki zərbə vurmaq idi.
İkinci Dünya Savaşında 55 milyon insan öldürülüb. Bəşər tarixindəki qanlı savaşlar içində ən çox insanın öldürüldüyü vəhşi bir olaydır, üstəgəl, Auşvitz lagerlərində minlərlə insanın diri-diri yandırılması, qaz sobalarında boğulması tarixin üzqarasıdır. Yetərki Heather Morrisin “Auşvitz döyməçisi”, Svetlana Aleksiyeviçin “Müharibə qadın siması deyil”, “Onlar sonuncu şahidlərdir” kimi sənədli romanlarını oxuyasınız.
O zaman Azərbaycan əhalisi 2 milyondan bir az çox idi. 640 min yurddaşımız savaşa qoşulub, 300 yüz mindən artıq azərbaycanlı, hardasa əhalinin 10 faizindən çoxu ölüb, şikəst olub. İbtidai sinif müəllimimiz Həsən (Çolaq Həsən) vardı iki qıçını itirmişdi, zavodda çalışanda iş yoldaşım vardı mühəndis Bəhmən bir qolu yox idi, “Qolu yox Bəhmən” deyirdilər. Uşaqlıq yaddaşımız müharibə ilə yaralanmışdı.
İki əmim savaşa gedib, onlardan biri qayıtmamışdı və hər axşam üstü ailəmiz bir yerə yığılanda nənəmin gözləri yol çəkirdi, ağlayırdı.
“Savaşda qalib yoxdur” romanımda bu haqda yazmışam.
Heç bir savaşın sonunu qələbə saymıram, çünki orda milyonlarla insan ya ölür, ya da yaddaşı zədələnir. Müharibədən sonra cəmiyyətdə təzələnmə baş verdiyini deyən yazarlar, sosioloqlar var, tutaq elə, dahi yazıçı saydığımız Dostoyevski. Onun zənnincə, müharibə lazımdır, insanlarda mehribanlıq, doğmalıq yaradır. O necə doğmalıqdır ki, qan tökməklə yaranır? Bəs, sonra nə baş verir? Dünya yeni bir savaşa hamilə olur. Demək, bu yalançı doğmalıqdır. Doğmalıq ruhla bağlı olmalıdır.
İkinci Dünya Savaşında Azərbaycan Sovet ordusunun neft ehtiyacının 80%-ini və motor yağı ehtiyacının 90%-ını ödəyərək savaşın qazanılmasına böyük yardım etmişdir. Ümumən, İkinci Dünya Savaşının qələbəsini yalnız rusun qələbəsi kimi qeyd etmək ən azından günahdır, burda bəşərin sağ qalması üçün 55 milyon insan həyatını itirib, bundan dəfələrlə çox insanın içi yanıb.
2017-ci ildə Qırğızıstanın başkəndi Bişkeşdə parlament binasına rus dilində vurulmuş “Böyük Vətən müharibəsi 1941-45” şüarı halımı pozdu. Düzdü, sovet dönəmində bu növ şüarlar bizdə də hər yerə vurulurdu. 1990-cı ilin 20 Yanvarında Bakının küçələrində dinc əhalinin üzərindən bir vaxt faşizmə qarşı vuruşan “xilaskar” rus ordusu tanklarla keçəndən sonra o şüar funksiyasını itirdi. “Böyük Vətən” Rusiya sayılırdı, indi o vətən bizim üçün ölüb!
Həm də o zaman savaş iştirakçılarının yaxasına “Georgi Lenti” vururdular. SSRİ dağıldıqdan sonra əsl tariximizi öyrənəndə dərk etdik ki, bu nişanı daşımağın özü bizim millətə təhqir imiş.
“Georgi Lenti” 1769-cu ildə imperatriça II Yekaterina tərəfindən təsis olunub və Rusiya üçün savaşan rus əsgərlərinə verilən mükafatlar onun üzərinə vurularaq, təqdim olunurdu. Təsis olunmasına səbəb isə Rusiya-Türkiyə (Osmanlı) müharibəsi idi, yəni, ilk o müharibədə vuruşan ruslara təqdim edilib. Yəni, qısaca desək, manqurtlaşma prosesinə gözüyumulu getmişik.
Yuxarıda qeyd etdiyim Dostoyevskinin fikrinə bir də qayıdıb şərh vermək istəyirəm, müharibə vəhşi ehtirasları qabardır, öldürməsən öləcəksən prinsipi ilə əsgər savaş meydanına atılır. Burda hardaydı insanlıq? Qaldı, onun dediyi mərhəmət hissi haqda.
Mərhəmət hissi insanlıqdan doğan bir haldır, doğmalığın tam ifadəsi deyil.
Sovet həkimi əsir düşmüş yaralı alman əsgərinə yardım edirdi, baxmayaraq, bir-birlərinə qatı düşmən idilər. Lakin yardım etməliydi, bu insani borcdan doğurdu.
Əgər müharibə doğmalıq yaradırdısa, bəs niyə faşizm üzərində qələbə çalan bir ordu 80 ildən sonra özü də dönüb faşist oldu? Demək, müharibə heç də insani hissləri tərbiyə etmir, əslinə qalsa, vəhşiliyi qabardır.
Sual: Sizin yazılarınızdan, çıxışlarınızdan adam bir məğrurluq dərsi alır. Sizə bu məğrurluq hardan gəlir?
Cavab: Türkçülüyümdən doğur! Asif Ata məni belə yetişdirdi, Ocaq Övladları olan bizləri belə tərbiyə etdi.
İnsan özünə inanmalıdır, özündən savayı kimsə onun taleyini həll etmir — nə göydə kimsə oturub ona alın yazısı yazmır, nə də yerdə elə bir qüvvə yoxdur ki, onu dəyişsin.
Atanın “Rəmzlər” kitabında bir fikir var: “Homerin demədiyi: İnsan taleyini özündən kənardakı qüvvəyə tapşıranda oyuncağa çevrilir.”
Mən özümü qədim türklərdən hesab edirəm — əyilməz, məğrur idi onlar. Kimsənin qarşısında əyilməyən, kimsədən imdad diləməyən.
Baxın, ermənilər “Vay, bizi qırdılar, soyqırım etdilər” deyib, bütün dünya parlamentlərinin qarşısında boyun büküb ədalətin bərpası üçün yalvarırlar. Amma türk nə edir? Kimsədən imdad diləməz, yalvarmaz, gəl, mənə qarşı olmuş haqsızlığı bərpa et. Bir dəfə qalxar ayağa, ya qılıncla, topla, ya da dronla vuruşar, (silahın növü savaşın dövrünə görədir, burda türk faktoru dəyişmir!) ədaləti özü bərpa edər. Qarabağda olduğu kimi!
Bu türk məğrurluğu, iradəsi idi.
Bizə irad tutanlar var ki, 30 il dözdünüz… Bu yalnız dözüm deyildi, ağılla cavab vermək idi. Bütün dünya sənə qarşı olduğu bir zamanda ları xoruz kimi ortaya atılıb özünü gülünc şəklə salmağın anlamı olmaz ki. 1812-ci ildə Fransa Rusiyaya hücum edəndə fransız qoşunu Moskvanı almışdı. Rus qoşunun qarşısında iki sual dururdu: ya vuruşub ölməliyik Moskva azad olmasa belə, ya da geri çəkilib möhkəmlənib, hücum edib Moskvanı geri almalıyıq. Kutuzova qarşı duran generallar oldu, Moskva uğrunda vuruşmamağı şənlərinə sığışdırmırdılar. Lakin Kutuzovun hərbi gedişi düz idi, sinənə döyüb, vətən üçün kor-koranə ölmək qəhrəmanlıq deyil. Savaş özü də savad istəyir. Bax, Qarabağ yalnız fiziki güclə həll olunmadı, həm də dünyanın hegemonluğuna qarşı siyasi savad tələb edirdi. “Sizi mən çağırmamışam, özünüz gəlmisiniz!” 28 il bizi tələdə saxlayan Minsk qrupuna bunu deməyə iradə lazım idi, bunu da deyən sərkərdəmiz oldu.
Sizin fikirinizə son qoyaraq deyirəm, məni yetişdirən Asif Ata Ocağıdır, Ocaqsa heçdən yaranmadı, türk fitrətindən yaradıldı. Məğrurluğum İnamımdan və türk kimliyimdən doğur!