(Asif Ata Ocağının Evadları Elli Atayurdla Eluca Atalının söhbəti)
Sual: Özünə türkçü deyən hər bir kəsin dilində Turan kəlməsi var və yalnız ümid etmirlər, Turanın qurulacağına inanırlar. Bilirsən ki, ümid inam deyil, doxsan doqquz faizə yüksələr, lakin inama çevrilməyə də bilər. Ümiddə nisbilik var, onun inama çevrilməsi üçün şübhədən təmizlənməsi əsasdır. Ata bizi inamçı kimi yetişdirdi, nisbidən keçib, Mütləq olana əsaslanmaq. Bu məsələdə türkçülərin yanlışlıqları varmı? Mütləqilik ölçüsü ilə yanaşdıqda Turanı necə görürsən? Turan sənin üçün nədir?
Cavab: Üəyinizdə Günəş olsun.
Turan — türk birliyidir. Millilik əsasında, dövlətçilik əsasında birlikdir. Türk dövlətləri birliyidir, məhz dövlətlər birliyidir. Hər hansı bir birliyin yaranması bu birliyin məqsədini, məramını özündə daşıyan əsası olmalıdır. Bu əsas isə türk birliyidir. Dünyanın da qorxduğu türk birliyi. Hələ o zəmin, tələbat yaransa da, o baza, o əsas, türklük ətrafında birləşmək yaranmayıb. Bu ilk növbədə beyinlərdə, fikirlərdə türklüyə söykənən, türk inamına, türk ruhuna əsaslanan birlik olmalıdı. “Əldə Quranla yolun Turan!” şüarı ilə olmayacaq. Bu qafiyələşmədən başqa bir şey deyil. Çünki semit dinlərinin heç biri, elə də digər dinlər türk ruhuna uyğun deyil.
Turan, türk ruhuna — fitri inamçılığa, birsifətliliyə, ölümü öldürə bilmək, öldürmək üçün deyil, qələbə üçün döyüşmək, ən əsası ailəçilik idrakına, düşüncəsinə malik olmaqdır. Bunların hər birinin geniş izahatı üçün bir müsahibə azlıq edir.
Bəzi özünü ağıllı bilənlər Turanı dövlət kimi, bir dövlət kimi anlayırlar. Turan türk dövlətləri birliyidir, assosiasiyası, haradasa NATO kimi, Avropa ittifaqı kimi. NATO və Avropa İttifaqının məqsədi başqadı, dünyaya hökm etmək, sümürmək, iqtisadi mənfəət əldə etmək. Turan isə Türk millətinin birləşməsidir. Bu ittifaq türklük əsasında qurulmalıdır ki, dünya da bundan yararlansın və dünya uçurumdan xilas olsun. Dünyanı Türk ruhu xilas edə bilər. Turan — türk ruhu ilə qurulmalıdır.
Sual: Elli, sən tez-tez Türk ölkələrinə səfər edirsən, səfər etməkdə məqsədin nədir?
Cavab: Bəli, əsasən də səfərlərim Türkiyəyə olub və davam etməkdədir. Bu səfərlərim Çukurova Edebiyatçılar Derneyinin təşkilatçılığı ilə keçirdiyimiz festivallarına bağlı olur. Qırğızıstanda, Qazaxıstanda, Şimali Kipr Türk Cümhuriyyətində, Dağıstanın Dərbənd şəhərində tədbirlərimiz olub. Cənubi Azərbaycanda olmaq istərdim, amma hələ bu mümkün deyil.
Sual: Düşünmürəm, molla rejimi getməmiş sənin səfərin baş tutsun. Çünki, bu rejim bilir biz Güney Azərbaycanı Azərbaycanın siyasi xilası hesab edirik və bu üzdən Bütöv Azərbaycanın yaranması üçün Uluyurd Hərəkatının içində əməllərimizi reallaşdırırıq.
Cavab: Doğrudur, ona görə də Cənuba səfərimin bu tezliklə alınacağına inanmıram, amma inanıram ki, səfər edəcəm. Çünki heç bir rejim əbədi deyil, həmçinin çürümüş molla rejimi də. Qayıdıram sənin sualının davamına.
Qeyd edim ki, bu tədbirlərə yazıçı, şair kimi qatılıram. Yaradıcılığımın əsasını yolunu davam etdirdiyim Asif Atanın yeni dünyabaxışı təşkil edir. Məqsədim şair, yazıçı kimi tanınmaq, əsərlərimin məşhurlaşması filan deyil,.. sadəcə həzin dalaşmaq deyil. Mənim məqsədim ilk növbədə türkə kimliyini anlatmaqdı. Çox adam burada mənə gülə də bilər, bəyəm biz bilmirik türk kimdi?! Bildiyimiz kimi, türkün kimliyi məsələsi keçən əsrin əvvəlində Azərbaycanda ortaya qoyulub. Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, İsmayıl bəy Qaspıralı, Ziya Göyalp, M.K.Atatürk tərəfindən ortaya qoyulan türklük olmasaydı, bir millət kimi Osmanlıda Osmanlı, Azərbaycanda müsəlman adlanırdıq. Türklüyümüzü, milli kimliyimizi yuxarıda dediyimiz kimi tanımasaydıq, nə Türkiyə dövləti, nə də Azərbaycan dövləti olardı. Dövlət milləti sabaha çatdıran, əbədi yaşadan vasitədir. Dövlət də millilik üzərində qurulur.
Bu baxımdan Turan quruculuğu milli kimlikdən, türklükdən başlamalıdır.
Sual: Turanla bağlı pafoslu, uca səslə qulaqların pərdəsini yırtıb beyinə mixlanan şeirlər çoxdur. Bir çoxunda hay-həşirçilik görünsə də, lakin ruhu coşduran, adamı daxilən səfərbər edən poeziya hesab etmək olar. Bu səbəbdən ki, məsələnin mahiyyətinə bir addım yaxın olurlar. Şeirdə Turanın vəsfi səni qane edirmi?
Cavab: Birbaşa cavab verim, xeyr. Şeir, poeziya milli şüurda önəmli rol oynasa da, şeirlə, marş oxumaqla, şüar söyləməklə Turan qurulmaz. Vasitə kimi istifadə olunur. Aparıcı rol oynaya bilər, amma yuxarıda söylədiyimiz kimi bu quruma bazis lazımdır, ideologiya, əsaslı, inamlı, yalansız, özümlü öz inamı gərəkdir. Forma var, məzmun var, amma məna, mahiyyət o deyil. Turanı ifadə eləmir bu günkü məzmun, forma. Bu günkü bu günü ifadə edə bilər, sabahı isə heç cürə ifadə edə bilməyəcək.
Şeirlə himn yazmaq olar, marş yazmaq olar. Əgər onun arxasında inam durmasa, o marş da, o himn də iki günlük olacaq. Şeir, ədəbiyyat Turan birliyində ədəbi birlik kimi ola bilər və olmalıdı. Əslində Turan birliyi dedikdə türk dövlətlərinin ədəbi, mədəni, tibbi, hərbi, iqtisadi, siyasi birliyi olmalıdı.
Sual: Müasir Türk Dünyasında durmadan hadisələr baş verir, ən bariz nümunəsi 30 ildən sonra Qarabağın alınması, yurdumuzun qayıtması, yurdumuza dönüş. Qərbi Azərbaycana qayıdış yolunun cızılması, Güney Azərbaycandakı milli oyanış, Suriyadakı türkmənlərin öz talelərini həll etmək imkanı qazanmaları və s. Bildiyim qədər sən də Qərbi Azərbaycanda doğulub, böyümüsən, 88-də deportasiyaya məruz qalıb, yurd yeri talanan yurddaşlarımızdan birisən. Bu yurdun əsrarəngiz gözəlliyini Ata da “Ömrüm-günüm” bədii-fəlsəfi kitabında geniş şəkildə təsvir edib. Amma ümumi halda müasir Türk Dünyasında səni qane edən nədir və qane etməyən nədir?
Cavab: Əvvəl qane edənləri deyim. Bir zamanlar vardı ki, qadağaların divarları kölgəsində qalmışdıq, özümüzü öz adımızla çağıra bilmirdik. İndi imkanlar çoxdur. Demək olar sərhədlər açıqdı, texniki imkanlar artıb, əlaqələr çoxalıb. İkincisi, Türkiyə müəyyən mənada türk dünyasına hamilik edə bilir, haradasa bir-birinə güzəştə getməli də olsa, bir-birini dəstəkləyirlər. Qarşılıqlı hərbi təlimlərin keçirilməsi yaxşı haldı. Qazaxıstanda türk dövlətlərinin idman oyunlarının o şəkildə keçirilməsi qürurverici haldır.
Bununla bərabər, qane etməyən tərəflər də var. Türk özünə dönməsə, güclü olmayacaq. Bunu dünya bizdən də yaxşı bilir. Turançılıq özgəçilik üzərində qurulur. Özgə dinlərə tapınaraq özün ola bilməzsən.
Sual: Ədəbiyyat sahəsində Turan ideyasını tam açan əsər göstərə bilərsən?
Cavab: Səhv etmirəmsə Hüqonun sözüdü, deyir, sən mənə şeirdə yağış yağır söyləmə, sən mənə şeirdə yağışı yağdır. Yəni Turan oğluyam, Turan qızıyam deməklə Turan olmur. Turanın nə olduğunu, türk birliyinin nəyə əsaslandığını, bu birliyin məqsədi, mənası, mahiyyəti nədir onu söylə.
Turan haqqında dəqiq fikri Ocaqçılarda görürəm. Özümüzük deyə, özümüzü demirəm. Ocağın, Asif Atanın türk birliyi ideyalarına söykənən yanaşmaları əsaslı və dəqiqdi. Bu baxımdan Eluca, sənin əsərlərində bunu görürəm. Hüqonun dediyi kimi, yağış yağır demirsən, amma sətiraltı fikirlərdə, əsərlərinin ideyasında işlənmədən belə görünür. Elə əsl ədiblik ustalığı da odur. Sənin “Kərküklülər — təklənmiş türklər” kitabında türklərin durumunda Turanı görürsən.
Sual: Asif Ata deyir: “Türk Dövlətləri yarandı, Türk Ailələri dağıldı”. Bu fikri necə izah edərdin bir Atalı kimi, bir Ocaq Övladı kimi?
Cavab: Ata belə bir söz də deyirdi: “Türk böyük imperiyalar qurdu, türk birliyi yarada bilmədi.”
Biz artıq qeyd etdik, türk ruhu dedikdə birsifətlilik, inamçılıq, döyüşkənlik və ailəçilik başa düşülür. Burada haqlı olaraq soruşa bilərlər, başqa millətlərdə bu xarakterlər yoxdumu? Var, amma türkdəki kimi deyil. Bunun özü bir ayrı mövzudur. Türk ailə müqəddəsliyini yüksək tuturdu. Bu bizim nağıllarımızda, dastanlarımızda yaşamaqdadır. Araşdırmalara əsasən islamiyyətdən öncə türk ailəsi bir qadınla bir kişi arasında qurulurdu. Beləki, qədim türk yazılarında heç yerdə çoxarvadlı sözünə rast gəlinmir. Türkdə ailə müqəddəs qurum sayılırdı. Qadın evin sahibi adlanırdı. Əsasən kənardan evlənirdilər. Yüksək ailə mədəniyyəti var idi. Biz bu cür məlumatlara qədim türk yazılarında, qədim türklər haqqında yazılarda çox rast gəlirik. Dədə Qorqud dastanını vərəqləmək kifayətdir ki, türk ailəsində qadının rolunu görəsən.
Dövlətçilik ailəçilik əsasında bərqərar olurdu. Türkün tarixinə daxil olan islam dini türkə yad olan bir çox xüsusiyyətlər gətirdi. Qorxu, itaət, köləliklə bərabər çoxarvadlılıq gətirdi. Türk sultanları hərəmxanalar yaratdı və bununla da türk ailə müqəddəsliyini itirdi. Ailə ruhani hadisədən cismani hadisəyə çevrildi. Ailə insan doğmalığını, doğmalıq müqəddəsliyini özündə saxlayan ən böyük hadisədir.
Sual: Asif Ata Türk Dünyasında Türkiyə və Azərbaycanın rolunu xüsusi qabardır. “Azərbaycan — Türk Dünyasının beyni və ürəyi. Türkiyə — Türk Dünyasının qolu və kürəyi.” Bunu necə şərh edərdin?
Cavab: Türk haqq, ədalətin keşikçisi kimi tarixdə iz buraxıb və bu missiyanı qılıncla həyata keçirib. Türk qılınca o qədər tapındı ki, idraki düşünməyə önəm vermədi. İndi türkün idrak zamanıdır. Azərbaycan ədəbiyyatı, mədəniyyəti, musiqisi türk dünyasının inamı ilə, yeni Mütləqə İnam dünyabaxışı ilə türk dünyasının beyni və ürəyi ola bilmək gücünə malikdir. Azərbacanlığımızın əsası Zərdüştlüyümüz, Babəkliyimiz, Dədə Qorqudluğumuz, Füzuliliyimiz, Nəimi, Nəsimiliyimiz, Sazlığımız, Muğamlığımız türk dünyasının bütün idraki düşüncəsini özündə ifadə edir, özündə saxlayır. Müasir dünya isə güc tanıyır. Güc baxımından tarixən Türkiyə türk dünyasının güvənc yeri, arxası, dayağı olub. Bu Osmanlı
dönəmində də, ondan sonra da belə olub. Böyük Atatürk deyirdi: “Azərbaycanın nəşəsi bizim nəşəmizdir, Azərbaycanın ələmi bizim ələmimizdir.”
Sual: Dövləti olmayan türk toplumları Turanda necə yer almalıdılar?
Cavab: Hər bir türkün Turan birliyində yeri var. İcma şəklində də olsa, həmin toplumlar birlikdə təmsil olunmalıdırlar. Həmin toplumlar Turanın hamiliyində olmalıdır.
Harada türk var, ora Turandır. Türk dövlətlərində yaşayan digər millətlər üçün türk qədər onların milli maraqlarını qoruyan ikinci bir millət görmürəm. Türk kimsəni kölə etmədi, kiməsə kölə olmadı. Türk dövlətlərində digər millətlər, etnoslar öz milli kimliyini saxlayır. Çünki ona toxunulmur. Assimilyasiyaya uğramır. Buna görə də türkə qarşı hər cür təxribat yaratsalar da türkü başqa bir millətə qarşı düşmən mövqeyə qoya bilmirlər. Erməni məsələsi illərdir ki qarayaxmadan başqa bir işə yaramır. Türkə qarşı olan qüvvələr bunu anladılar və başqa bir murdarlığa əl atdılar, türkün özünü, özünə qarşı qaldırdılar. Bu baxımdan da türk özbəyə, qazaxa, türkmənə, naymana, adaya, Türkiyə, Azərbaycan türkünə bölünməməlidir. Türk hər yerdə türkdü, türklük hüququna malikdir və Turan da eyni hüquqa malik olmalıdı. Hətta mənim fikrimcə, onlar kiçik qrup kimi deyil, türklər kimi adlanmalıdı.
Atanın dediyi kimi, Yükümüzdən Böyük Fərəhimiz yoxdur!