Asif Ata ilə Ruhani Təmas Azadlıq Yolu – Kamillik Yolu
— Müqəddəs Ataya Ali Səcdə!
— Səcdəniz ucadır!
— Müqəddəs Ata, bu təmasımız Azadlıq məsələsiylə bağlıdır. Verəcəyimiz ilk sual belədir: Azadlıq nədir?
— Ata: Azadlıq İnsanın, Xalqın, son nəticədə Bəşərin özünün aqibətinə tam sahib olmasıdır. Azadlıqda aqibət İnsanın özünə tapşırılır, ondan kənardakına yox. Ancaq Azadlıq ideyası çox mürəkkəb bir ideyadır. Hələ aşkarlanmayan ideyadır. Mahiyyətcə Azadlıq Əxlaq deməkdir. Çünki insanın özünə sahib olması üçün onun Əxlaqı vacibdir, onun özündəki naqislikdən azad olması vacibdir. Əxlaqsız şəxs özünün Tülkülüyündən, İlanlığından asılı olacaq. Təəssüf ki, bəşər indi belədir.
Azadlığın gücü, mahiyyəti Kamillikdir. Bu xalqa, bəşərə də aiddir. Üç cür Azadlıq mövcuddur:
Birinci, ictimai Azadlıq. Yəni hər bir təbəqənin öz aqibətinə sahib olması. Təbəqə üzərində başqa bir təbəqənin rəddi. Belə Azadlıq yalnız və yalnız ideal olaraq qalır. Ümumiyyətlə, Azadlıq İdealla bağlıdır.
İkinci Azadlıq, Ruhani Azadlıqdır. İnsanın mənəvi özünəməxsusluğu, insan üzərində mənəvi əsarətin ləğvi.
Üçüncü Azadlıq, Fərdi Azadlıqdır. İnsanın özünə, öz aqibətinə, bayaq dediyimiz kimi, sahiblənməsidir.
Eyni zamanda Siyasi azadlıq da var. Hər bir xalqın özünəməxsusluğu, Aqibətinə sahib olması. Ocaq belə hesab eləyir ki, Azadlıq İnamdan başlamalıdır. İnsanın daxilində yetişməlidir. İnsan özünə sahib olmalıdır ki, İctimai əsarəti, fərdi əsarəti ləğv eləsin. Bütün döyüşlər İnsanın Özüylədöyüşündən başlamalıdır.
2. Azadlıq—İnam. Bu haqda.
Ata: Birincisi, əsl İnam, daha doğrusu Ocaq İnamı İnsana İnamdır. Bu cəhətdən insanın Ruhani Azadlığı təsdiq olunur. İnam İnsanı özünə tapşırır. İnam Azadlıqdır.
İkincisi, İnam Mütləqilik təsdiqidir. Mütləq olan Azad olmaya bilməz. Ötəri olan Azad olmaya bilər. Əbədi olan Azad olmaya bilməz. Keçici olan Azad olmaya bilər. Sonsuz olan Azad olmaya bilməz. Sonlu olan Azad olmaya bilər. Kamil olan Azad olmaya bilməz. Qeyri-kamil olan Azad olmaya bilər.
Üçüncüsü, İnam Ocağı Azadlığı Mütləqilik ölçüsü əsasında yaradır. Bizim İnam Mütləq olanı Həqiqi sayır. Mütləqi Həqiqi saymaq özü Həqiqət Azadlığıdır. Bizim İnamda Həqiqət tamdır. Bizim İnamda özüylədöyüş tələbi Mütləqdir. Özüylədöyüşlə İnsan Mütləqiliyə çatır, Azadlığa çıxır. Bundan başqa Azadlıq İnam deməkdir. Azadlıq İnsandan başlayır. İnsani nə varsa, hamısı İnsandan başlayır. Cəmiyyətin Azadlıq yaratması yalandır. İnsanın Azadlıq yaratması Həqiqətdir.
3.Müqəddəs Ata, Azadlıq — Üsyançılıq. Növbəti sual belədir.
Ata: Üsyançılıq Əsarətə qarşı döyüşün ən ibtidai biçimidir. Bəzən o lazım olur. Lakin o olsa-olsa, əsarəti dağıda bilir, əsarəti ifadə eləyən qurumları uçura bilir, bəzən bir qurumu başqa qurumla əvəz eləyə bilir. Ancaq Azadlığa çata bilmir, çünki İnsan yarada bilmir. Üsyanda zorakılıq tüğyan eləyir. Bu səbəbdən də Azadlıqla başlayır, Əsarətlə qurtarır.
Ocağın Yolu bu yol deyil. Ocağın Yolu uzun, çətin yoldur, zorakılığa yad olan. İnsan yetişdirmək Yoludur.
4Azadlıq—Müharibə.
Ata: Müharibədə bütün hallarda İnsan özündəki Zorakılıq və Yırtıcılıq, Kin ehtiraslarının əsarətinə düşür əslində. Davanı həmin əsarət yaradır. Dava Zorakılıq və Yırtıcılıq meydanıdır — İnsana yad olan. İnsan dünyaya qətiyyən dava üçün gəlməyib. Onun məqsədi özünü ifadə eləməkdir, Mütləqə çatmaqdır, özündəki Mütləqi ifadə etməkdir. Dava onun içindəki Zorakılığın və Yırtıcılığın təsdiqi deməkdir. Bəli, müharibədə igidlik var, ölümlə öcəşmək var. Bunlar məlumdur. İnsandakı Canavar ölsəydi Dava olmazdı. İnsandakı Tülkü, İlan ölsəydi Dava olmazdı.
Davada Yırtıcılıq azadlığı var, Zorakılıq azadlığı var, Qatillik azadlığı var. Yəni əslində Ruhani Əsarət var, yerə-göyə sığmayan.
5.Müqəddəs Ata, Azadlıq — İdrak…
Ata: İdrakın əsas məqsədi Mənanı dərk eləməkdir. Həm də duyğuları nizamlamaqdır. Hər iki cəhət bir-biriylə bağlıdır. İdrak dünyanın Mənasını dərk eləyir. İdrak vasitəsiylə İnsan Naşılıqdan xilas olur, Həqiqətə çatır. İdrakın Məqsədi Ruhani Azadlıqdır. Eyni zamanda duyğuları nizamlayır, duyğu yaradır.
Din ona görə zərərli və yalandır ki, O, İdraka qarşıdır. Dini elmlər ki deyirlər— o, Çənə əməliyyatıdır. Dində beyin çənə ilə əvəz olunur. Ona görə də din İdraka qarşıdır. Din cəfəngiyyata İnamdır. İdrak isə Həqiqətə İnamdır.
6.Mənəviyyat—Azadlıq.
Ata: Mənəviyyat nədir bizdə? Vicdançılıq, Təmənnasızlıq, Fədakarlıq.
Vicdançılıq Azadlıqdır. Mənəvi Azadlıqdır. Mənəvi Azadlıq o mənada ki, Vicdanda İnsan özü özünə sahib olur. Vicdan İnsanın özü özünə sahib olmasıdır. Əsarət başqasının sənin üzərində hakimiyyətidir. Əgər sən Vicdançısansa, Azadçısan. Səni zahiri hakimlik, ağalıq qorxutmur, sən özün öz üzərində məsul olursan.
Atanın İdeyasına görə, dünyaya qarşı döyüşün ən yaxşı vasitəsi Vicdançılıqdır. Bizim döyüş budur. Ataya kim hökm eləyir?
Əsarəti yaradan Təmənnadır. Cəmiyyət Təmənna vasitəsiylə əsarət yaradır. Birinə rütbə verir, birinə vəzifə verir. Təmənnasızlıq Təmənnadan azad olmaq Təmənnasıdır.
Fədakarlıq Əqidə üçün özündənkeçmə halıdır. İnsan öz xudbinliyindən əl çəkir. Burda İnsan özündəki balacalığından əl çəkir, balacalığını itirir, böyüklük qazanır. Fədakarlıq ən çox İnsanın İmtinasıyla bağlıdır. Əslində özündən keçmək Özünə çatmaqdır, böyük mənada. Bəşər tarixi isə İmtiyaz üstə qurulub. Və mahiyyətcə Fədakarlığa yaddır, Fədakarlıqdan istifadə eləyir. Din cəfəngiyyat əsasında adamları qurban verir öz mənafeyinə və bunun adını Fədakarlıq qoyur.
Mənəviyyat da Ruhani Azadlıq Yoludur.
7. Azadlıq—İradə. Bu haqda, Müqəddəs Ata.
Ata: Təbiidir ki, Azadlıq Azad İradə tələb eləyir. Nə deməkdir bu? Zamandan, Mühitdən, Şəraitdən üstün olan İradə. Şərait İradəni özünə ram eləyir. Heç zaman Şərait İradənin tam ifadəsinə imkan vermir. Şərait hədd deməkdir, sədd deməkdir. Ona görə də əsl İradə Səddən, Həddən üstün olur. Yalnız Azad İradə Azadlıq yaradır.
8.Azadlıq — Doğmalıq.
Ata: Azad münasibətlərin nəticəsi və Məqsədi Doğmalıqdır. Bütün qalan münasibətlərdə Doğmalıq yoxdur.
Yadlıq Əsarəti gerçəkləşdirir. Yağılıq münasibətləri əsarətdir. Yağılıq münasibətlərində adam Yağılıq əsarətinə qul olur. Ağalaşan özü də Ağalaşma əsarətinə düçar olur. Nökərləşən Nökərləşmə əsarətinə qul olur. Təbəqələşən Təbəqələşmə əsarətinə qul olur. Özgələşən Özgələşmə əsarətinə qul olur. Təbiidir ki, bəşər hələ Doğmalıqdan çox aşağıdır, Doğmalaşdıqca Azad olacaq. Doğmalıq münasibət Azadlığı deməkdir.
9. Azadlıq—Sərbəstlik.
Ata: Bir mənada Azadlıq Sərbəstlikdir. Azadlıq İnsandakı Sərbəstlikdir. Azadlıqda İnsan özündəki İnsaniliyi aşkarlayır. Sərbəstlikdə başqa mənada aşkarlayır İnsan özünü. Elə olur ki, İnsan başqa mənada Azadlığı aşkarlayır. Təbii ki, Tülkülükdür, Ayılıqdır, Canavarlıqdır bu. Azadlığı Sərbəstliklə eyniləşdirmək olmaz. Azadlıq Sərbəstliyə qarşıdır. Azadlıq Kamillik Yoludur— Sərbəstliyə qarşı çevrilən.
Sərbəstlikdə Mütləqilik ola bilməz. Azadlıq Mütləqiliyin Mütləqləşməsidir. O, yalnız İnsaniliyin Mütləqləşməsidir. Bu səbəbdən də O, qeyri-insaniliyin ləğvidir. Bu cəhətdən də Sərbəstliyə qarşıdır.
10. Azadlıq—Din.
Ata: Din Əsarətdir—Ruhani Əsarətdir. Din, birinci, insanı Allah əsarətinə salır. Onu Yaradana tapşırır. “Allahın quludur”, — deyir insan. Din insanın İradəsini əlindən alır, mahiyyətcə onun İradəsizlik aqibətini yaradır. İnsanın İdrakını əlindən alır, İdraksızlıq əsarətinə salır. Həmçinin onun Mənəviyyatını əlindən alır, Mənəviyyatsızlıq əsarətinə salır. Din İnsan üzərində Allah Əsarətidir.
İkincisi, Din insanı qorxudur, Qorxu əsarətinə salır. Bütün Din kitabları qorxunamədir.
Üçüncü, İnsanı Cəfəngiyyat əsarətinə salır. Onu cəhənnəmə, cənnətə inandırır. Nə qaldı daha? Budur Din. Həmişə Din ictimai əsarətə xidmət eləyib.
11. Müqəddəs Ata, Fəlsəfə və Azadlıq. Bu haqda.
Ata: Fəlsəfə Dünyanın, Həyatın, İnsanın Mahiyyəti haqqında sistemli fikirdir. Fəlsəfənin məqsədi Dünyanı dəyişməkdir—İnam əsasında. Əsl Fəlsəfə Məna əsasında Dünyanı dəyişmək və əsarətdən qurtarmaqdır. Fəlsəfənin əsas məqsədi Həqiqətdir. Həqiqət isə Azad fikirdir. Hər biçimdə Fəlsəfə Azadlıq yoludur. Yəqin ki, söhbət Fəlsəfədən gedir. Söhbətləşən fəlsəfədən getmir. Filosoflar çox az olublar, bunu bilmək lazımdır.
12. Qadın və Azadlıq.
Ata: Qadının Azadlığı hələlik ideal olaraq qalır. Hələlik qadın kişivari azad edilir. Hüquq nöqteyi- nəzərindən qadın bərabərliyi gözəldir. Ancaq İnsani—Ruhani nöqteyi-nəzərdən bu pisdir. Qadın Ruhani məlahətlikdir. Bu məlahət zahiri görsənmir, o, həm də daxildədir. Qadın məlahəti Analıqda təsdiqlənir. Qadınlıq ailədə, xadimlikdə fərqlənməkdir…
Qadın kişiləşdi. Bir erkəkləşmə gedir indiki qadınlarda. Ona görə o, özünün Mənasına çatmalı, Qadınlıq adlı Mahiyyətini təsdiq etməlidir. O zaman Qadın özünə çatacaq ki, Qadın Azad olacaq. Qadın Qadın kimi Azad olacaq, kişi kimi yox.
O ki qaldı başqa məsələlərə, qadının əşyalaşması, cəmiyyətdə əmtəələşməsi—bunların hamısı aydındır. Qadını cəmiyyət azad eləməyəcək. Ona Azad Qadın lazım deyil. Qərb qadını da öz hərcayiliyindən asılıdır.
13. Tərbiyə və Azadlıq məsələsi. Axırıncı sual belədir, Müqəddəs Ata.
Ata: Bizdə azad tərbiyə yoxdur. Azadlıq tərbiyəsi yoxdur. Azad tərbiyə tərbiyənin özümləşməsidir. Azad tərbiyə insanın özünə gərək olmasıdır. Fikirlər, ideyalar özümləşir, insanın aqibətinə çevrilir. Azadlıq tərbiyəsi İnsanın Özüylədöyüş tərbiyəsidir. Mən gələcək tərbiyəni bu iki səmtdə görürəm. Azadlıq tərbiyəsi Kamillik tərbiyəsidir. Azad tərbiyə özünü tərbiyədir. Özünü tərbiyədə başqası rol oynaya bilər, məsləhətçi kimi. Ancaq tərbiyəni İnsanın özünə tapşırmaq lazımdır.
– Müqəddəs Ata, Təmasımız qurtardı.
Ata: Qaranlıqlar Yarılsın! Yükümüzdən böyük Fərəhimiz yoxdur!
— Atamız Var olsun!
10 Qismət günü.Şölə ayı,16-cı il.Bakı.