Asif Ata ilə Ruhani Təmas
OYUNÇULUQ BOŞLUĞU
— Sözümə Mütləqim, Müqəddəsim, Peyğəmbərim Asif Atanın adına Səcdəylə başlayıram!
— Səcdən qəbul olunur.
— Atayla bu təmasım oyunçuluqla bağlıdır. İlk sualım belədir: oyun- oyunçuluq.
— İnsanda İnam, İdrak, Mənəviyyat, İradə əməlinə, yəni ki, ciddi əməllərə meyl olduğu kimi, bu cür dərin əməllərə meyl olduğu kimi, onun daxilində oyuna da təbii meyl var. Nə isə yüngül, nə isə zahiri, nə isə keçici, ötəri, sonlu, qeyri-kamil əməllərə meyl var. Bunun psixologiyası açılmayıb, amma onu görmək, onu bilmək lazımdır.
Camaat İnsan adlanan hadisəni dərindən mənimsəmək üçün, özünü yaxşı dərk eləmək üçün özündəki bu meyli də bilməlidir.
Əgər oyunun tərifini versək, oyun – qeyri-ciddiliyin ciddilik biçimində təsdiqidir. Məsələn, top oynadırsan, lakin bunu elə ciddi oynayırsan ki, guya az qala bəzən tale əhəmiyyətli bir işlə məşğulsan. Yaxud da ki, qapıya top vurursan, az qala bunu bir qəhrəmanlıq, igidlik, hünər və az qala xalqın taleyində bir an, məqam, bəzən bir mərhələ hesab eləyirsən. Camaat top oyununa yığışır, amma burada çox coşqun həyəcanlar keçirir, bəzən ehtizaza qalxır, özünü itirir və top vurulan məqamda doğrudan da ehtizazlı bir fərəh yaranır və s. Burada biçimlə məzmun arasında ziddiyyət meydana çıxır. Yəni ki, qeyri-ciddi məzmunun ciddi tərzdə ifadəsi. Ən çox bu, uşaqlarda, körpələrdə müşahidə olunur. Körpələrin oyuna həvəsi, oyunçuluğa sevgisi, oyunçuluqdan aldığı həzz, nəşə, oyunçuluğun onu özünə tabe eləməsi, oyunçuluq şövqü deyək, hədsiz dərəcədə ciddidir. Uşaq qəti oyunu oyun saymır. Uşaq oyunu çox ciddi bir hadisə sayır, qeyri-oyun sayır. Bax, bu oyunçuluq bəşərin körpəliyinin yaşamasıdır. Həmin o körpə uşaq necə ki, oyunçudur, oyuna meyillidir, oyun eşqlidir və onu ciddi qəbul eləyəndir, yaşlı da həmçinin. Lakin mənə elə gəlir ki, buraya bir-iki ayrı xüsusiyyətləri də əlavə eləmək olar. Bəlkə də həyat özü dolu olsaydı, həyat özü heç bir boşluğa malik olmasaydı, əgər həyat özü geniş məzmuna malik olsaydı, mənaya malik olsaydı (mən “həyat” deyəndə cəmiyyət həyatını deyirəm, adi həyatı deyirəm, güzəranı deyirəm. Burada söhbət Ruhani zirvədən getmir. Çoxlarının həyatını nəzərdə tuturam.), onda yəqin ki, körpəliyə belə qayıdış, belə oyunbazlıq, oyunçuluq bu dərəcədə də rol oynamazdı. Amma insanların çoxunun həyatı ciddi olduğu dərəcədə də həm də qeyri-ciddidir. Bunu yumşaq şəkildə desək, bu həyatda mütləq boşluq var, darıxdırıcılıq var, balacalıq var, daha doğrusu, cılızlıq var, burada bəsitlik var, eyni zamanda amansızlıq var, həyat uğrunda döyüş var və s. və i.a. Elə ciddi hadisələr var ki, o ciddilikdə fəlakət var acınacaqlı bir, darıxdırıcı bir bəla var, ona görə də oyun bu dərəcədə böyük rol oynayır. Bu boşluq doldurulur.
Və üçüncü. Həmişə demişəm, yenə də deyirəm: İnsanda iki bir-birinə zidd olan cəhət var: birincisi, həqiqətə meyil, o birisi isə cəfəngiyyata meyil. Bütün bu dinin ölməməsinin səbəbi insanın o halındadır, onun daxili instinktlərindədir. Bir tərəfdən İnsan Həqiqətə can atır. O Həqiqətə can atmaq ona böyük Ruhani qələbələr gətirir, idraki nailiyyətlər gətirir: fəlsəfəyə qalxır, Peyğəmbərliyə ucala bilir, nadir də olsa İnama çatır və s. və i.a. Lakin bu, elə bil ki, adamlara az gəlir. Adamlar elə bil ki, darıxırlar. Adama lazım olur ki, cəfəngiyyat olsun, yalan olsun, pis mənada nağıl olsun, o dünya osun, allah olsun, cənnət olsun, pəri olsun. Bu da ağlın özünün oyunbazlığıdır, ağıl oynudur. Ağıl oynamaq istəyir. Yalnız o zaman ki, Adam İnsan olacaq, yalnız o zaman ki, bizim Ocağın istəyi qalib gələcək, onda oyunun bəşər tarixində rolu azalacaq və tədricən oyun əvəzinə Mənalı, Mahiyyətli, inamlı, İdraklı, Mənəviyyatlı, İradəli təzə hallar əmələ gələcək – Ruhani hallar. Bu, İnsanın psixologiyası ilə və əsasən onun öz fərdi cəhətləriylə bağlı olan hallardır. Lakin İnsanda Ağalıq meyli siyasi oyun adlanan xüsusi bir oyunçuluq yaratdı. Adamları oynatmaq. Adamları top eləmək. Top kimi oynatmaq. Adamlar üzərində Ağalıq. Adamları oynatmaq. Adamlar üzərində oyun. Adamlar oyunu yaratdı. Bu, xüsusi bir məsələdir. Bizim siyasətə verdiyimiz mənfi qiyməti oxucular bilir. Burada artıq ölkələrlə oynayırlar, xalqların aqibətilə oynayırlar. Burada artıq rəiyyət oyunu var. Nökər oyunu olur. Nökər oynadılır. Özgələşmə oynadılır. Cəmiyyət İnsanları oynadır. Və açıq demək lazımdır ki, bu oyundan da hədsiz dərəcədə həzz alanlar yaranır. Bütün bu hakimiyyətə olan meyil, hakimiyyətə olan həvəs əsasən həmin o oyuna həvəsdir. O, idmandır. Siyasət – idmandır. Siyasətin məqsədi mənafe əsasında özünü təsdiq eləməkdir; lakin bu təsdiq eləməyin bir cəhəti də oynatmaqdır. Oynatmaq üçün oynamaq! Siyasət özü oyundur: şahmat kimi. Tutalım ki, burada kimsə udur, kimsə uduzur. Burada mərifət yoxdur, burada məhəbbət yoxdur, həqiqət yoxdur. Həm də şahmat taxtası çevrilir olur İnsanların aqibəti. Və bütün bu oyun xilaskarlıq kimi qələmə verilir, bir ümid kimi qələmə verilir. Hansısa bir hökmdar, hansısa bir prezident, hansısa bir ictimai xadim guya ki, elə gecə-gündüz xalqı düşünürmüş, ondan ötrü yaşayırmış. Əslində isə ondan ötrü yaşamır, o, öz ağalığını aşkarlayır. Ziqmund Freyd insanın əsas instinktini libidoda, yəni şəhvətdə görür. Mən onu şəhvətdə görmürəm. Mən onu ağalıqda görürəm. Adamda yerə-göyə sığmayan şəhvət var – Ağalıq şəhvəti! Bütün o balaca müəssisələrdən tutmuş böyük müəssisələrə qədər hər yerdə ağalar oturur. Biri prezident sarayında, biri müəssisə kabinetində – bunun fərqi yoxdur, mənası yoxdur – onların hamısının əsas ehtirası oyundur – hakimiyyət oyunu. Onlarda da belə bir həvəs var, şövq var. Ona görə də onlar hakimiyyətdən gedəndə ölürlər. Balığı sudan atan kimi… Onların da suyu hakimiyyətdir. Orada yaxşı üzə bilirlər, ləzzət alırlar. İntiriqaçılıq – filan… hamısı oyundur o. İdmandır siyasət və çox cinayətkar bir oyundur. İnsan taleyi üzərində oyundur.
Və sonuncu – kino, teatr, aktyor oyunu haqqında.
Teatr, kino, aktyor oyununun fərqi ondadır ki, bu oyun – biçimdir, bu oyun bədiyyatın ifadəsidir. Bu oyunun məqsədi, mahiyəti İnsanı ucaltmaqdır, böyütməkdir. Bu, hakimiyyət oyunu deyil, amma hər halda bu da oyundur. Bu da müəyyən bir psixologiya yaradır, yaxşı cəhətləriylə bərabər pis cəhəti də var. Sünilik yaradır. Bilirsən ki, aktyor öləndə belə ölmür. Bilirsən ki, aktyor öləndən sonra qalxacaq, yeriyəcək. Bilirsən ki, bütün bu kinoda göstərilənlər hamısı həyatın özü deyil. Bunu göstərirlər. Bilirsən ki, Hamleti oynayan aktyor özü Hamlet deyil. Və əsas etibarilə teatrlaşmış duyğular, pafos, bunlar hamısı adamdakı oyunçuluq gücünü, meylini artırır. Ona görə də kinoda, teatrda yaxşı cəhətlərlə bərabər mənfi cəhətlər də var. Və bu elə hipnoza gətirir çıxarır ki, tamamilə mənasız olan, gülünc olan aktyor kultu yaranır, pərəstiş yaranır. O, aktyor kultu deyil, oyun kultudur, oyuna pərəstişdir. Və camaat başlayır oynamağa: sevgi əvəzinə gördükləri kimi. Belə qəribə bir oyunçuluq psixologiyası yaranır: aktyorlara oxşamaq, həm də yalana bənzəmək. Təəssüf ki, bizim psixoloqları başa düşmək olmur ki, nəylə məşğuldurlar? Bunu açmayıblar. Ona görə də aktyorların kultu yaranır. Effektli danışıq tərzi yaranır, teatrvari carlar, şüarlar tonu yaranır və bu da onsuz da süniləşməyə gedən bəşəriyyətin süniləşməsini bir az da artırır. Məni başa düşsünlər. Mən teatrın nəinki əleyhinə deyiləm, onu mən cavanlıqda çox sevmişəm, kinoları da mən çox sevmişəm. Onları təhlil eləmişəm. Amma mən hələ də başa düşə bilmirəm ki, aktyorlara qarşı niyə pərəstiş olsun? Məgər oynamaq özü böyük bir hünərdir? Və qəribə bir şey çıxır ortalığa. Əslində hünər odur ki, onu oynamayasan, özün olasan. Burada isə özün olmadığın dərəcədə sevilirsən. Oynamağın özü sevilir. Zənnimcə, bu, pis cəhətdir. Hər halda teatr oyunu və kino oyunu haradasa təhlükəli bir oyundur. Bəşəriyyətin ləyaqətinə ziyan verəcək dərəcədə təhlükəlidir.
— Mütləqim, oyunçuluqdan xilas yolu haqqında Ata fikri.
— Çox yaxşı. Həyatın özünün Mənalaşması. Oyuna ehtirasın azalması. Özüylədöyüş Qüdrəti, Dünyanın, Həyatın özü o dərəcədə zəngin olsun ki, başqa zənginliyə ehtiyac olmasın. Yetkinlik. Uşaqlıqdan uzaqlaşmaq. Nə qədər adam adamdırsa, o, uşaqdır. Uşaqdırsa, oyunçudur, ya da ki, oyunbazdır, oyunsevərdir. Bəşər İnsan olanda körpəlikdən ayrılacaq. Körpəliyin saflığını saxlayacaq, lakin yetkin olacaq. Oyun onu valeh eləməyəcək. O, şahmatçını dahi saymayacaq. O, futbolçuda dahilik axtarmayacaq. Bəlkə də lazım olacaq o. Bütün bu keflilik, bütün bu zahiri mərasimlər, zahiri bayramlar, bu zahiri hadisələr hamısı, ayinlər hamısı uşaqlıq əlamətidir, körpəlik əlamətidir. Bəşərin neçə əsri varsa da, o, hələ uşaqdır, oyunçudur. Adam gərək İnsan olsun. Ona görə də adam gərək İnam sahibi olsun. Nə qədər ki, din var, oyunbazlıq yerə-göyə sığmayacaq. Dini gərək İnamla əvəz eləyəsən ki, İnsanlar ağıllanalar, böyüyələr və oyun eşqi, oyun pərəstişi azala, oyun xurafatı ləğv oluna. Gərək din ləğv oluna ki, İnsan böyüyə. Din İnsanı geri qoyur. Əslində XX əsrdə yaşayan dinçilər ya birinci əsrdə yaşayırlar, ya yeddinci əsrdə yaşayırlar, ya da ki, eradan əvvəl. XX əsrin xristianları I əsrin adamlarıdır. XX əsrin islamçıları VII əsrin adamlarıdır.
Dünya gərək o dərəcədə cazibədar olsun ki, onun oyuna ehtiyacı olmasın. Əyləncəyə ehtiyacı olmasın. Ona görə də Adamlıq İnsanlıqla əvəz olunmasa, oyunçuluqdan çıxmaq mümkün deyil. Ümumiyyətlə, cəmiyyət özü oynadır. Bunu mən bayaq dedim, yenə də təkrar edirəm: cəmiyyətin məqsədi rəiyyət üzərində oyundur. Seçki. Zahirən deyərsən ki, bu, camaatın iradəsinin təsdiqidir. Əslində isə bu, insanlar üzərində oyundur. Parlament. O da yenə. Guya ki, xalqı təmsil eləyir. Parlament oyunu başlayır. Prezident oyunu başlayır. Siyasətdə döyüş başlayır. Xalq üstə döyüş. Və bu döyüşün özündə oyunçuluq başlayır: görək mən düşmənimi necə yıxıram, necə öldürürəm? Görək onun qapısına neçə top vururam? Siyasi top! Siyasətçilərin obrazını yaratmaq üçün ən yaxşı yol onları futbol meydançasına oyunçu kimi çəkməkdir. Bu, düzgün olardı.
Və sonuncu. Nə qədər ki, madiyyatçılıq ruhaniyyatçılıqla əvəz olunmayb, nə qədər ki, iqtisadiyyat bu dərəcədə insanı özündən ayırır və nə qədər ki, insanın bu dərəcədə özüylə məşğul olmağa vaxtı olmur, imkanı olmur, onun oyundan başqa “xilası” olmayacaq. Pis həyatın “xilası” oyundur.
Yalnız yaxşı həyat oyunçuluq xurafatını ləğv eləyə bilər. Yalnız Ocaq Yolu oyunçuluq xurafatını ləğv eləyə bilər.
Qaranlıqlar Yarılsın!
— Atamız var olsun!
Asif Atayla Ruhani Təmasda oldu: İşıqlı Atalı.
20 Qar ayı, Qismət günü, 16-cı il. Bakı.
(yanvar 1995)