Milli kimliyin qorunması mənəvi təmizliyin göstəricisi kimi
Vətəndən kənarda yaşayan azərbaycanlılar üçün əsasən insan və hüquq azadlıqlarının, milli kimliyinin, mədəniyyətinin, adət və ənənələrinin ana dilinin qorunması önəmlidir. Ümumiyyətlə, dünya azərbaycanlılarının həmrəyliyi üçün milli kimlik aparıcı amildir. Harda yaşamağından asılı olmayaraq insan üçün Vətən sevgisi aktı ən öndəgəlir. Bu baxımdan xaricdəki soydaşlarımız, xüsusən yetişən nəsil həm ağlın, həm də ürəyin çağırışına əməl etməlidirlər. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının IV Qurultayındakı nitqində söyləyib ki, diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir: “Bu gün mən diaspor təşkilatlarının gələcək fəaliyyəti ilə bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. İlk növbədə əlbəttə, biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələri heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar. Beləliklə, onlar özlərini daha da rahat hiss edəcəklər. Belə olan halda Azərbaycan dövləti onlara daha da böyük dəstək verə biləcək.
Hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdırlar. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi, iqtisadi həyatında daha da fəal rol oynasınlar.
Yetişən gənc nəsil də Azərbaycan ilə bağlı olmalıdır. İlk növbədə, Azərbaycan dilini bilməlidirlər”.
Milli kimliyin qorunması təkcə ictimai faktor olaraq dəyərləndirilimir. Bu, eyni zamanda insanın mənəvi təmizliyinin göstəricisidir. Bu haqda Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının Krasnodar vilayəti bölməsinin rəhbəri, Krasnodar vilayətinin Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Cəmil Əliyevin açıqlamasını təqdim edirik. Cəmil Əliyev deyir ki, xaricdəki azərbaycanlılar öz səylərini getdikcə daha da genişləndirirlər: “Ancaq mədəniyyətimizin, ana dilimizin qorunması məsələsi çox önəmlidir. Azərbaycançılıq ideyası bizim milli ruhun vahid məfhumda əlaqələndirdiyimiz fikirlər, hisslər, hərəkətlər kompleksidir. Söhbət ondan gedir ki, böyüklərimiz millətin qədim tarixi və mədəni irsini yaşatmağı bizə estafet kimi ötürüblər. Hər şey ailədən başlayır. Ailənin təmizliyi, milli identikliyi qorunmalıdır. Bunlar olacaqsa, hər şey düzələcək. Xaricdəki azərbaycanlılar yaşadıqları ölkələrdə də faydalı olmaldılar. Çünki peşəkarlıq, əməyin nəticəsi hər yerdə qiymətləndirilir. Ona görə də əsas problem bizim özümüzdədir. Gərək bizim hər birimiz, Azərbaycanın çörəyini yeyən, mübarək yerlərimizin suyunu içən insan, öz milli borcunu, azərbaycançılığı unutmasın. Onda biz də hər şey alınacaq”.
Cəmil Əliyev hesab edir ki, harada yaşamağından asılı olmayaraq hər kəs öz sözlərini, milli vəzifəsini əməlləri ilə təsdiq etməli, vətəninə bağlı olmalıdır: “Milli-mənəvi dəyərlərin, milli ruhun qorunması azərbaycançılıq ideyasının inkişafına təsir edən amillərdir. Dünya azərbaycanlılarının xalqımıza xas olan mənəvi normalara və əxlaqi keyfiyyətlərə sədaqət, milli mənşəyini, tarixi Vətənini unutmamaq, Azərbaycan xalqının milli maraqlarının müdafiəsi işinə xidmət edir. Bu, mühüm bir amildir. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir. Bunun üçün biz azərbaycançılığı – Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq”.
Əlbəttə ki, bu deyilənlərlə bağlı xüsusən xaricdəki soydaşlarımızın üzərinə düşən vəzifələr var. Bu həm də bir Vətən, diaspor məsuliyyətidir. Mövcud vəziyyətdə dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsi üçün azərbaycançılıq ideologiyası ilə bağlı maariflənməlidirlər. Xaricdəki soydaşlarımız, eləcə də diaspor təşkilatı rəhbərlərinin iştirakı ilə dəyirmi masalar keçirilməlidir. Bu kimi tədbirlərdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın azərbaycançılıq ideyası və Azərbaycan dövləti ətrafında birləşməsi məsələsi önə çəkilməlidir. Xaricdə təşkil olunan tədbirlərdə iştirak edən uşaqların ana dilinə sevgisini artırmağa çalışmaq lazımdır. Aktiv gənclərdən ibarət qruplar yaradaraq azərbaycançılıq ideyası sosial şəbəkələrdə təbliğ olunmalıdır.
Cavid Şahverdiyev
Yazı Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Xaricdəki azərbaycanlıların milli kimliyinin qorunması və ana vətənə bağlılığının təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində hazırlanıb.