Mahmud Bilgin: “İranda artıq Güney Azərbaycan Cümhuriyyəti üçün bir zəmin yaranıb” – VİDEO
İsveçdə mühacir həyatı yaşayan, Güney Azərbaycan Demokratik Partiyasının sözçüsü Mahmud Bilgin “Yeni Müsavat” Media Qrupunun qonağı olub.
Mahmud Bilgin əməkdaşımızla söhbətində İranda gedən proseslər, İranın gələcəyi, bu gələcəkdə Güney Azərbaycan Cümhuriyyətinin mümkünlüyündən söz açıb, Güney mühacirətinin, təşkilatlarının bir-birinə olan münasibətindən danışıb.
Müsahibəni təqdim edirik:
– Bakıya bu dəfəki gəlişinizin məqsədi nə idi, Mahmud bəy?
– Bu dəfə Bakıya Bütöv Azərbaycan Ocaqlarının (BAO) vasitəçiliyi ilə keçirilən Dünya Azərbaycanlılarının II Forumunda iştirak etmək üçün gəlmişəm. Forumda Güney Azərbaycan Demokratik Partiyası, həmçinin digər təşkilatlar, millət vəkilləri, media mənsubları iştirak etdilər. Beləliklə, çox önəmli, geniş bir toplantı oldu. Çalışdıq ki, bu dəfə gündəmdə əsasən Güney Azərbaycan mövzusu olsun.
İranda gedən proseslər bizi ona yönəldir ki, Güney Azərbaycan məsələsini birinci faktora çevirək. Çünki indi Güney Azərbaycanın taleyi ilə bağlı çox önəmli və uyğun bir şərait yaranıb. Bu cür fürsətlər bəlkə yüz ildə bir dəfə olur. Bu baxımdan Bakıda, Vətənimin bir hissəsində olmaq, burada Güney Azərbaycan millətinin səsini yaymaq mənim üçün böyük iftixardır.
– Xatırlayıram ki, sonuncu dəfə Vətən müharibəsindən əvvəl gəlmişdiniz. Qələbəmizdən sonra Azərbaycanı, Bakını necə gördünüz? Hansı fərqlilikləri müşahidə etdiniz?
– Bir daha 44 günlük Vətən müharibəsində şəhid olan igidlərimizə Allahdan rəhmət diləyir, qazilərimizə cansağlığı arzulayırıq. Bu müharibədə böyük qəhrəmanlıqlar yaşandı, millətimizdə Azərbaycançılıq və türkçülük şüuru daha da genişləndi, Azərbaycanın gələcəyi, hətta böyük Türküstanın yaranması üçün əlverişli şərait yarandı.
Əvvəllər millətimizin içində xırda məsələlər, daxili problemlər çox idi və Qarabağın həlli inanılmaz, xeyli dərəcədə zamana bağlı kimi görünürdü. Amma Azərbaycan cəmi 44 gün ərzində Qarabağ problemini həll etdi. İndi artıq insanlarımızda milli mənlik, azərbaycanlı olmağı ilə fəxr etmək, millətinin varlığına inanmaq, güvənmək kimi hisslər daha da artıb. Millətimiz anladı ki, olması mümkün olmayanları biz bacara bilirik və bununla qürur duyur.
Beləliklə, bu dəfə Bakıya gələndə insanlarımızda böyük bir qürur hissi, azərbaycançılıq gördüm. Bütün bunlar Güney Azərbaycana da öz təsirini göstərdi. Əgər 44 günlük Vətən müharibəsindən əvvəl Güney Azərbaycandakı millətçilik Quzeyə təsir edirdisə, indi Güney Quzey Azərbaycanın qəhrəmanlığından təsirlənir.
Daha bir məsələ, Azərbaycan hakimiyyəti, Prezidentinin beynəlxalq aləmdə uğurlu siyasəti, davranışı, böyük güclərin qarşısında güclü olaraq dayanması Güney Azərbaycanda elə bir duyğu yaradıb ki, hamı düşünür, güvənir, inanır ki, Azərbaycan dövləti hər an onun yanında olacaq. Azərbaycan əgər Qarabağ məsələsini bacardısa, demək ki, Güney Azərbaycan məsələsində də bizim yanımızda olacaq.
– İran fars rejimi özünü qorumaq üçün ən vəhşi üsullara əl atmaqda davam edir. Gəncliyin gözünün odunu almaq üçün saxlanılan etirazçılara ağlasığmaz işgəncələr verilir, qadınlar həbs edilərək alçaldılır, zorlanır, barrikada quran vətəndaşlar edam olunur. Sizcə, rejim bundan əvvəl olduğu kimi yenə də istədiyinə nail olub, bu etirazları da boğa biləcəkmi?
– Bu imkansızdır. Çünki bu dəfə vəziyyət çox fərqlidir. İran rejimi 2019-da 3 günün içində 3 mindən çox insanı güllələyib, öldürdü, böyük fəlakət yaşandı. Bu dəfə isə daha çox insan öldürdülər və onların arasında 66 nəfəri rejimin öz içərisindən olan adamlardır. Yəni millət artıq daha qorxmur, hər kəs öz etirazını bildirir, İran rejiminin silahlı qüvvələrinə qarşı çıxır.
– İran rejiminin öldürdüyü 69 nəfər isə 14-17 yaşlı uşaqlardır. Özünə “şiə lideriyəm” deyən bir hökumət uşaqları öldürərək, hakimiyyətdə qala biləcəkmi?
– İran çalışırdı ki, bu məsələni etnik məsələ kimi qaldırıb, türkləri daha çox qırsın. Xatırlayırsınızsa, ötən ay Şiraz məbədinə hücum edildi, insanlar öldürüldü. Bu məsələdə İranın birbaşa əli var idi, amma günahı Azərbaycanın üzərinə atmaq istəyirdi, alınmadı. Görəndə ki, bu planı alınmır, günahı Türkiyənin üzərinə atmağa çalışdı, bu da alınmayanda Ərəbistanın üzərinə atdı. Yəni, xalqlar arasında çaxnaşma yaratmaq istəyirdi, amma alınmadı.
Çalışırdı ki, kürdlərlə azərbaycanlıların arasını qarışdırsın. Bəli, bizim kürdlərlə ciddi problemlərimiz olub. Amma indi məsələ kürdlük, türklük deyil, əsas məqsəd İran rejiminin məhv olmasına nail olmaqdır.
– Əksəriyyət indi qeyd edir ki, İran rejimi artıq çökməyə doğru gedir. İran rejimi çökərsə, İranın gələcəyi necə olacaq və bu gələcəkdə Güney Azərbaycan Cümhuriyyətinin yaranması ehtimalı nə qədər mümkündür?
– İran rejiminin çökməsi yüzdə yüzdür. Özləri etiraf edir ki, əhalinin 86 faizi bu proseslərin davam etməsini istəyir. Belə çıxır ki, İran rejimini yanında cəmi 13-14 faiz insan qalıb. Üstəlik, böyük dövlətlər, o cümlədən, Amerika, Avropa Birliyi dövlətləri, Pakistan İran rejiminə qarşıdır. Bircə Çin qalmışdı, o da ərəblərlə qaz, enerji məsələsi ilə bağlı müqavilələr bağlayıb, birgə işlər görməyə başlayıb. Beləliklə, İran rejimi indi lap tək qalıb, dünyadan təcrid olunub, daxilində isə millət onu sevmir, etirazlar davam edir, bu baxımdan onun getməsi yüz faizdir.
Bəs İran rejiminin getməsi ilə gələcəkdə nələr ola bilər? Bu, proseslərin nə qədər dərin olmasına bağlıdır. İndi bir tərəfdən kürdlər. bir tərəfdən azərbaycanlılar, digər tərəfdən də ərəblər ayağa qalxaraq, öz dövlətinin olmasını istəyir. Belə bir fikir var ki, İran gələcəkdə federal ölkə olsun. Əlbəttə ki, İran demokratik bir ölkə deyil, ona görə də federal olmasına güman yoxdur. Bununla belə, biz federal dövlətin olması ilə də razıyıq, təki İran rejimi getsin, gələcəkdə Güney Azərbaycan yaransın, daha sonra Güneylə Quzey birləşib Bütöv Azərbaycan yaransın. Yəni, əsas düşüncəmiz budur – İranın çirkin, molla, fars-şovinist rejiminin başını vurmaq! Bu məqsədlə digər xalqlarla birləşib, gücümüzü birləşdirsək, bu bizim mənfətimizə olar. Sonra isə öz dövlətimizi qurarıq. 4 Güney Azərbaycan təşkilatı – Güney Azərbaycan Demokrat Partiyası, Azərbaycan Milli Dirəniş Təşkilatı, Azərbaycan Mərkəz Partiyası və Azərbaycan Öyrənci Hərəkatı (AZOH) olaraq bu cür düşünürük. Güney Azərbaycanda aparıcı şüar budur – Azadlıq, Ədalət, Milli Hökumət! Bu istiqamətdə yolumuza davam etməliyik.
– Bir müddət bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev müxtəlif platformalarda Güney Azərbaycan, güneylilərin hüquq və azadlıqları haqqındakı çıxışlar etdi, Azərbaycan dövlətinin hər zaman soydaşlarımızın yanında olduğunu bildirdi. Bir güneyli olaraq yəqin ki, siz də məmnun qaldınız.
– Bu bizim üçün çox sevindirici durum idi. Biz həqiqətən fəxr etdik! Ruhlandıq ki, Prezidentimiz bizim gerçəkliyimizi müxtəlif platformalarda səsləndirdi, dil azadlığımızın olmadığını, hüquqlarımızın pozulduğunu bildirib, “onların haqlarını müdafiə etmək bizim üzərimizdədir” dedi. Bu, Prezident səviyyəsində edilmiş çox böyük hərəkət idi. Bəlkə də bu fikirləri hansısa nazir deyə bilərdi, amma Prezidentin deməsi bu o deməkdir ki, Güney Azərbaycan məsələsi Quzey Azərbaycanın ana xəttidir. Bu ana xətti artıq bir müddətdir ki, izləyirik, fəxr edirik. Arzumuz idi ki, bu iki il əvvəl olardı. Amma indi olub, çox gözəl, arzu edək ki, məsələyə daha geniş baxılsın, İran-fars rejimi məhv olsun.
Bir məsələni də qeyd etmək istərdim, bizim hazırda boşluğumuz media sahəsi ilə bağlıdır. Prezidentimizin dediklərini fars dilində də yaymaq üçün güclü mediamız olmalıdır. Farslar bu yöndə xeyli iş gördülər və onların çox güclü mediaları ortaya çıxdı. Doğrudur, bizim indi zamanımız çox azdır, amma gedişatda daha təsirli olmağın yolu güclü media və gerçək təşkilatlardan keçir.
– Güney Azərbaycan təşkilatlarından söz açdınız. Hazırda Güney mühacirətinin, təşkilatlarının bir-biri ilə münasibəti, düşüncəsi necədir?
– 9 təşkilat olaraq il yarım birlikdə çalışdıq, çox böyük uğurlarımız oldu. Lakin təəssüflər olsun ki, sonradan bir təşkilat – GAMOH (rəhbəri Mahmudəli Çöhrəqanlı) bizdən ayrıldı. O, düşündü ki, hamı onun yanında olmalıdır, amma bu yanlış düşüncədir. Sonra isə kənarda digər təşkilatlara qarşı danışdı. Artıq bir ildir ki, 8 təşkilat birlikdə çalışırıq. Lakin təəssüflər olsun ki, İranda etiraz prosesləri başlayanda bizim təşkilatlar arasında 2 düşüncə ortaya çıxdı. Birinci düşüncə budur ki, gedək digər xalqlar, millətlərlə birləşib, birlikdə İran rejiminin sonunu gətirək. Digərləri isə bildirdi ki “digər millətlərlə birləşsək, onda İran federalizmə gedər, biz isə birbaşa istiqlalımızı istəyirik”. Beləliklə, son 3-4 aydır ki, partiyalar arasında problemlər, fikir ayrılıqları yaranıb. Amma hesab edirəm ki, işin gedişatı bu məsələni çözəcək. Düşünürəm ki, bizim arqumentlərimiz daha ciddidir, İran rejiminin yıxılması əsas məsələdir. Beləliklə, hesab edirəm ki, dostlarımızın düşüncələri dəyişəcək. Amma əgər İranda vəziyyət dəyişərsə, silahlı çatışmalar olarsa, bu zaman biz düşüncəmizi dəyişəcəyik. Məqsədimiz budur ki, Güney Azərbaycan azad dövlət olsun.
Bir-birimizi arxadan vurmaq çox pisdir, bu bizə yaraşmaz.
– Mahmud bəy, biz sizi həm də İsveçdə bütün rəqiblərini geridə qoyaraq, çox gənc yaşlarında parlamentə üzv seçilən Aylin Fazelian və Ayda Kərimli bacıların atası kimi tanıyırıq. Aylin və Ayda xanım yəqin ki, İranda baş verən hadisələrə, soydaşlarımızla bağlı məsələlərə də diqqət ayırırlar.
– Əlbəttə, onlar İsveç partiyalarının xətti üzə çalışırlar. Amma onlar ailədə azərbaycançılıq, türkçülük ruhunda böyüyüblər. Azərbaycanın sevincinə sevinir, kədərinə kədərlənir. Bu faktı İsveçdə yaşayanlar yaxşı bilir. Lakin bəzən onlardan tələb edirlər ki, Azərbaycan millət vəkili kimi çıxış etsinlər. Axı onlar İsveç millət vəkilləridir, İsveç partiyalarından seçiliblər. Ona görə də bəzi tələblər etmək yanlışdır.
Təəssüflər olsun ki, xarici ölkələrdə millət vəkili və yaxud digər rəsmi orqanlarda çalışan soydaşlarımızın sayı çox azdır. Başqa ölkələrdə millət vəkili olan soydaşlarımız ola, ya olmaya. İsveçdə isə həm bir millət, həm də əyalət millət vəkilimiz var, amma onlardan çox istək tələb olunur.
Qızlarım Qarabağ məsələsində əllərindən gələni etdilər. Doğrudur, açıq mövqe ortaya qoya bilmədilər, çünki İsveçin siyasətinə uyğun hərəkət etməli idilər. Lakin Güney Azərbaycan məsələsi İsveçin siyasətinə uyğun gəldiyi üçün onlar açıq mövqe ortaya qoyublar. Hətta türk dilində danışaraq, mövqelərini ifadə edirlər. Bu əsasla baxsaq, mənim övladlarım çox uğurlu addımlar atıblar.
Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com