INSAN hər yerdə böyük hərflərlə yazıla biləcək varlıqdır!
Azərbaycanın tanınmış yazar filosofu, Asif Ata Ocağının Övladı, ictimai xadim Eluca Atalı ilə həmsöhbət olub, onun yaradıcılığı ilə bağlı kısa müsahibəni sizlərə təqdim edirik.
Sual: Eluca xanım, Türk dünyasına özünüzü qısa olaraq necə təqdim edərdiniz?
Cavab: Quzey Azərbaycanın Neftçala rayonunun Xolqaraqaşlı kəndində doğulub böyümüşəm. Bakı Dövlət Universitetini bitirib, elmi və bədii yaradıcılıqla məşğul olmuşam, 14 il universitetdə çalışıb, 16 ildir İsveçdə yaşayır və pedaqoq kimi çalışıram. Təbii ki, bədii yaradıcılığımı davam etdirirəm.
Sual: Sizi Quzey Azərbaycan, Güney Azərbaycan, Türk yazarı kimi təqdim edirlər. Siz bu təyinlərin hansını qəbul edirsiniz?
Cavab: Mən Bütöv Azərbaycan yazarıyam, mənim şəxsi lüğətimdə o tay-bu tay Azərbaycan kəlməsi yoxdur. Bütövlük carçısı olduğum üçün özümü Türk Dünyasına gərəkli bilirəm.
Sual: Bu vaxta qədər neçə kitabınız yayımlandı?
Cavab: 35 kitabım yayımlanıb və bir neçə kitabım artıq çap üçün nəşriyytlara təqdim edilib. Mənə qalsa, mən əslində bir kitab yaradıram, o da ÖZÜMƏM! Digər kitablarım mənim varlığımdan doğur.
Sual: Əsərləriniz hansı dillərə çevrilib və hansı ölkələrdə yayımlanıb?
Cavab: Azərbaycan türkcəsində, türk, özbək, rus, fars, benqal, ingilis və s. Təbii ki, ilk öncə vətənim Azərbaycanda, Türkiyə, İran, Iraq, Əfqənistan, Özbəkistan, Qaraqalpaq Respublikasında, Rusiya, Hindistan, Amerika və s.
Sula: Hansı janrlarda yazırsınız?
Cavab: İzhar, hekayə, novella, şeir, etüdlər, esse, roman, dram, publisistika və özümün yaratdığım fəlsəfi-bədii minyatür janrlarında.
Sual: Hansı mövzularda yazırsınız?
Cavab: Dünya, həyat, insanla bağlı bütün mövzular məni maraqlandırır və zaman-zaman bunlar qələmimə daxil olur.
Sual: Son dövürlər sizi tarixçi sayan oxucularınız az olmayıb, sizdən alınan intervyüləri izlədikdə də bunun şahidi oluruq. Jurnalistlər sizə tarixçi kimi müraciət edirlər.
Cavab: Tarixçi deyiləm, ixtisasca kitabxanaçıyam, elmi işim kitabşünaslıq sahəsi və əsasən də nəzəriyyə tarixidir. Bilmirəm, oxucularım və jurnalistlər bu məsələdə nə qədər haqlıdırlar məni tarixçi saymaqda, amma qeyd etməliyəm, bir yazarın vətən tarixini bilməməsi sadəcə günahdır.
Sual: Son illər “Azadlıq hekayələri”, “Tiqranizm Xocalıda”, “Nalşəkilli mühasirə”, “Kərküklülər – yalnız buraxılmış türklər” kimi kitablarınızdan dolayı, özüm də ilk baxışdan bu qənaətdə idim.
Cavab: Yazıçı yazdığı mövzunu hərtərəfli araşdırmalı, analiz, sintez, təhlil edib nəticəni yazmalıdır. Mən dərdlərimizin ədəbiyyata gətirilib bədii dildə həllinin tapılmasının tərəfdarı olduğumdan Azərbaycan və türk dünyası üçün problemli mövzulara baş vururam. Yəni, bir növ məcburiyyətdən.
Sual: Yerigəlmişkən son günlər İran islam inqilabından bəhs edən “İran hizbullah zindanında” romanınız yayımlanıb. Üzərində 12 il çalışdığınız nəhəng əsər, əlbəttə, ağırlığına görə deyirəm, çünki içərisində 4 kitab yer alır. Bu ağır işin öhdəsindən gəldiyiniz üçün sizi təbrik edirəm. Bu vaxta qədər inqilab haqqında çox fikir deyilib, əsərlər yazılıb, maraqlıdır, Eluca Atalı bütün bunlardan fərqli nə söyləmişdir?
Cavab: Unutmayaq, hər bir yazarın öz baxış bucağı, dünyagörüşü var. Məhz, o ölçü ilə hadisələrə yanaşır. İlk öncə fərqlilik burdan doğur. İnqilabın qeyri-insani olduğunu hadisələrlə təsvir etmişəm. Fransa burjuaziya inqilabını Viktor Hüqonun, inqilabların azmanı sayılan Oktyabr inqilabını Boris Pasternakın “Doktor Jivaqo” əsərindən öyrənmək olursa, İran islam inqilabının bəşərə və Güney Azərbaycan türklərinə gətirdiyi milli faciəni ən yaxşı halda istərdim mənim bu romanımdan öyrənsinlər, mən bu qədər böyük iddiadayam.
Sual: İzninizlə sual edərdim, nədən bu qədər inamlısınız ki, sizin bu romanınızdan islam inqilabının faciəsini öyrənə biləcəyik?
Cavab: Bu əsəri yazarkən 100-dən artıq İran hizbullah zindanında olmuş qadın və kişidən müsahibə aldım, dəfələrlə onlarla görüşdüm. Təsəvvür edin, hətta bir yaşından anası ilə zindanda dörd il yatmış uşaqla ünsiyyətdə olub zindanın ona və yaxınlarına vurduğu travmanı öyrəndim. Zindan dünyaya gəlməmiş körpəni belə zədələyib, çünki ana bətnində zindana düşüb, orda doğulub və üç aylıq olduqda ana edam olunduqdan sonra uşağı zindandan qırağdakı yaxın qohumlarına veriblər. Zindan qanununa görə, ana körpəsini zindanda dünyaya gətirərsə (əslində zindan dünyadan təcrid məkandır!), üç ay körpəyə süd vermə haqqı olur, üç aydan sonra isə körpəni anadan alıb edam edirlər. Bu romanda “İnqilab öz övladlarını yeyir” aksiomunu sübuta yetirməklə yanaşı, filosof Asif Atanın “İnqilab dünyanı təzələyə bilmir. Dünyanın dəyişməsi tez bir vaxtda köhnəlməsinə gətirib çıxartdı. Şüarlar, döyüşlər, manifestlər, nikbinlik tüğyanı, yeni era və sairə kimi hadisələr mahiyyətcə dünyanı öz köhnəlik dairəsindən çıxara bilmədi.” kimi təyinini bədii formada həll etmişəm.
Sual: Yazmaq Eluca Atalı üçün nədir?
Cavab: Yazmaq – ideyanı işığa çıxarmaqdır.
Sual: Sizə irad tutan oxucularınız sizin sevgi mövzusuna müraciət etmədiyinizi deyirlər. Bu sizin sevmədiyinizdən qələminizdə yer almayıb?
Cavab: Yox, sevgisiz deyiləm və olmamışam, sadəcə, gəncliyim Azərbaycanın özgürlük, meydan hadisələri, birinci Qarabağ savaşına düşdü. SSRI-dən ayrılma, referondumlar, iki Azərbaycan arasından tikanlı məftillərin sökülməsi və s. Mən və mənim yaşıdlarım o qədər hadisələr burulğanında olduq ki, sanki gəncliyimizi unutduq, bir az da tez yaşlandıq. Sevgi gənclik mövzusudur, mən sanki bu mövzunu yaddaş arxivimdə sənədləşdirib rəfə qoydum. Oxucularımın bütün iradlarını toplayıb “Ruhu ilə oynayan qadın” romanını yazdım, lakin zamanım yoxdur ki, onu redəktə edib çapa verim və bir də son günlər gözlənilmədən “Düşüncələr” adlı fəlsəfi-bədii miniatür və esselər kitabına başlamışam. Bu iki kitabı məni tənqid edən oxuculara təqdim edə bilərəm.
Sual: Bütün türk dünyasının oxuyacağı hansı əsərinizi və ya əsərlərinizi onlara məsləhət görərdiniz?
Cavab: “Tiqranimz Xocalıda”, “Ənqa quşu”, “Iran hizbullah zindanında”.
Sual: Nədən bunları seçdiniz?
Cavab: Xocalı – türkün ləyaqət məsələsidir, torpağımız tapdanmaqla yanaşı, ləyaqətimizi tapdadılar qədim yurdumuzda və həm də yalnız Xocalı mövzusu yox, eyni zamanda son 100 ildəki türk soyqırımının ümumi xəritəsini burda yaratmağa çaba etdim.
“Ənqa quşu” özünü yaratma, insanın daxili imkanlarına hesablanmış bir kitabdır. Bu kitabımla türk dünyası çərçivəsində məhdudlaşmaq yoxdur, bütün dünya uşaqlarının oxumasını istərdim, ən azından öz üzərlərində çalışma yolunu öyrənmək, əzimli olmaları üçün.
“Iran hizbullah zindanında” kitabımı isə ikiyə bölünmüş Azərbaycan, hər bir inqilabın – adından və biçimindən asılı olmayaraq, antiinsani olduğunu göstərdiyim üçün oxumalarını arzu edirəm.
Sual: Türk gəncliyinə sözünüz?
Cavab: Özlərinə inansınlar, daxili güclərini aşkarlasınlar. Yalnız o zaman görə biləcəklər ki, INSAN hər yerdə hər zaman böyük hərflərlə yazıla biləcək varlıqdır.
Söhbətləşdi:
Nodira Davron