Müsəlman dünyasının ilk qadın deputatı barədə məlumat kitaba daxil edilib
Gürcüstanın Mərkəzi Seçki Komissiyası (MSK) “Gürcüstan Demokratik Respublikasında yerli özünüidarəetmə orqanlarına seçkilər” adlı kitab nəşr etdirib.
Kitab 1918-1920-ci illərdə yerli özünüidarəetmə orqanlarına keçirilmiş seçkilərə həsr olunub.
Gürcü və ingilis dillərində işıq üzü görmüş nəşrdə Gürcüstanda müsəlman dünyasında ilk qadın deputat olmuş etnik azərbaycanlı Pərixanım Sofiyeva haqqında da məlumat və fotoşəkil yer alıb.
Kitabın ön söz müəlliflərindən biri İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Giorgi Şarvaşidzeqeyd edib ki, Gürcüstanda keçirilmiş ilk seçkilərdə etnik azlıqlar və qadınlar da iştiriak ebiblər: “Seçkilərdə müsəlman qadın və müstəqil namizəd Pərixanım Sofiyevanın Tbilisi qəzasından üzv seçilməsi Gürcüstan Demokratik Respublikasında özünüidarəetmə sisteminin yüksək keyfiyyətini yaxşı əks etdirir. Bununla yanaşı, Pərixanım Sofiyevanın seçkilərdə güclü partiya nümayəndələrinə qalib gələn ilk müsəlman qadın olması ilə bağlı ehtimallar böyükdür”.
Kitabda Sovet Keçmişinin Araşdırılması Laboratoriyasının ictimai arxivində saxlanılan Pərixanım Sofiyevanın fotoşəkli və “Gürcüstan Respublikası” (“Sakartvelos Respublika”) qəzetinin 1918-ci ildə nəşr olunmuş 6-cı sayında yer alan azərbaycanlı qadın namizədin də olduğu namizədlərin siyahısının fotosurəti yerləşdirilib.
“Gürcüstan Demokratik Respublikasında yerli özünüidarəetmə orqanlarına seçkilər” kitabının nəşr olunmasına İvane Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, ABŞ-ın USAID təşkilatı və Seçki Sistemləri üzrə Beynəlxalq Fond (IFES) dəstək göstərib.
Qeyd edək ki, P.Sofiyeva 1953-cü ildə vəfat edib. Onun Qardabani rayonunun Qaracalar kəndində yerləşən məzarı ötən ilin iyun ayında abadlaşdırılaraq qəbrüstü abidə qoyulub. (report)