QƏLƏMİNƏ ARXALANAN XANIM
QƏLƏMİNƏ ARXALANAN XANIM
və yaxud yazıçı Eluca Atalının romanları haqqında
bəzi fikirlər və mülahizələr
(Hüquqşünasların, politoloqların, tarix ekspertlərinin, iranşünas alimlərin əsəri oxumalarını tövsiyə edirik)
Azərbaycandan uzaqlarda, İsveçdə yaşayan Azərbaycan qızı Eluca Atalının “İran Hizbullah zindanında” psixoloji-mənəvi və analitik romanı qarşımdadır. Müəllif sanki qarşımıza böyük bir İran xalçasını sərib. Və ona diqqətlə baxanların bəziləri başlarını dik tutur, bəziləri sakitcə durub baxır, bəziləri gülümsəyir, bəziləri isə qabaqdan faciənin yaxınlaşdığını hiss edib ağlayırlar. Bu xalçanın üzərində, yəni İranda nə baş verir, ictimai-siyasət kimə xidmət edir? Xalqa, yoxsa mövcud İran rejiminə? Sual doğur: kimə?
Bütün bu suallara cavabı Eluca Atalının əsərində tapmağa cəhd edəcəyik.
İranın daxili və xarici siyasəti. Müəllif onların hansını daha qabarıq işıqlandırmağa çalışıb? Kitabı oxuduqca daxildə olan qanlı siyasətin xarici siyasətlə az da olsa, üzləşdiyini görürük. Düzdür, əsas hadisələr daxildə baş verir, lakin onun bir ucu yuxarılara, hakimiyyət orqanlarına və onların apardıqları siyasətə gedib çıxır. Yuxarıdan əmr olmadan aşağıda ancaq susqunluq və itaətkarlıq hökm sürə bilər. Hökm sürürmü?
Bu suallara cavab tapmaq üçün Eluca Atalının əsərlərində çalışdığı və ortaya qoyduğu ali məqsədləri anlamaq və dərk etmək üçün kitabı diqqətlə oxumaq vacibdir.
Romanı oxuyandan sonra bir neçə ay onun təsiri altından çıxa bilmədim. Onu ikincu dəfə oxuyandan sonra qərara gəldim ki, əsərlə bağlı öz fikir və mülahizələrimi müəlliflə bölüşüm.
İlk öncə onu qeyd edim ki, Eluca Atalı çox mütaliə edən bir xanımdır, antik ədəbiyyatı dərindən mənimsəyib. Düşüncələri və mühakimələri genişdir, onları özünəməxsus bir ideya çərçivəsinə salınıb və onlardan məharərlə istifadə edir.
Dünya ədəbiyyatını da dərindən bilməsi və bu ədəbiyyatın yaratdığı gözəllikləri, eşqi, sevgini, sədaqəti, xəyanəti, insan xislətinin çirkinliklərini oxuyub, özünün şəxsi rəyi olmaqla yanaşı, insan psixologiyasını anlaması və bu psixoloji ideologiyaya xidmət edən insanların iç üzünü bütün çılpaqlığı ilə açıb göstərməsi müəllifdən böyük səbir, iradə və cəsarət tələb edir. Bu cəsarəti mən Eluca xanımda gördüm.
Əsər özünün orijinallığı və deyim tərzi ilə başqalarından seçilir. Kitabda dörd roman var. “İnqilabın travması”, “Üç vəd, üç tələb”, “Qanlı orkestr”, “Həyatı tabutda axtaranlar”.
Nədir, bu günkü İran və yaxud dünənki İran? Niyə hakimiyyət milyonlarla yaşayan soydaşlarımıza qarşı belə soyuqdurlar, mürtəce mövqe tuturlar, onların bir neçə hüquqlarını əllərindən alırlar? Bunun öz tarixi və tarixçəsi vardır. Aydındır. Yuxarıda qeyd etdiyim kimi, bu daxili siyasətlə yanaşı, elə xarici siyasətə bağlanan buxovlanmış metoddur ki, İran rejimi ondan məharətlə istifadə edir.
Oxucu, yazıçı və publisist kimi, bir cümlə ilə olsa da, öz sözümü demək istərdim. Müəllif “İran Hizbullah Zindanında” kitabını roman adlandırsa da, mən bu əsəri siyasi publisistika adlandırardım. Bəli, siyasi publisistika. Burada kifayət qədər bir çox oxuculara qaranlıq qalan hadisələr, məlumatlar, məlum olmayan faktlar, maraqlı informasiyalar var ki, o roman çərçivəsindən çıxıb, böyük, yeri gəlsə, bəlkə də elmə məlum olmayan bəzi ştrixlərə rast gəlmək olar ki, bu da şübhəsiz, publisistika janrına daha çox yaxındır. Hüquqşünaslar, politoloqlar, tarixi ekspertlər, iranşünas alimlər əsəri oxusalar, mənim fikrimlə razılaşacaqlarına şübhəm yoxdur. Ola bilsin Eluca xanım mənimlə razılaşmasın. Hər halda bu mənim subyektiv fikrimdir.
Əsərin qayəsini və ideya siyasətini mən üç yerə ayırardım. Birincisi, İranda olan mövcud vəziyyət, ikincisi, rejimin apardığı mürtəce siyasət, üçüncüsü isə məzlum və hüquqları əlindən alınmış müti xalq.
Bütün bunlar əsərdə büsbütün çılpaqlığı ilə açılır və oxucu istər-istəməz, yeri gələndə özünü həmin hadisələrdə hiss edir, bəlkə də rejimə qarşı daxilən üsyan qaldırır, lakin bu üsyan rejimin qanunları qarşısında susqunluğa gətirib çıxarır. Bu məqamları Eluca Atalı çox incəliklə və hətta mən deyərdim, böyük ustalıqla qələmə almışdır. Mən müəllifi hər romanda qələm sahibi kimi yox, iştirakçı və üsyankar kimi görürəm.
Yuxarıda qeyd etsəm də, yenə əlavə etmək istərdim ki, Eluca xanımın mütaliə dairəsi çox genişdir. Şərq və qərb ədəbiyyatını dərindən bilir. Bunu onun əsərini oxuyandan sonra bu qənaətə gəlmək olar. İkincisi, dərin analitikdir, araşdırmaçıdır, daima axtarışdadır. Hadisələri təhlil etmək bacarığı, onları düzgün şəkildə ardıcıl düzüb oxucuya çatdırmaq qabiliyyəti güclüdür. Zəngin dili vardır. Bu da onun müsbət keyfiyyətlərindən və ana dilinə olan sevgisindən irəli gəlir.
İndi isə əsər haqqında öz fikirlərimi bildirmək istərdim. Birincisi, kitabı əlimə alıb oxumaq istəyəndə, fikrim tamamilə bambaşqa idi, lakin əsəri oxuyub qurtarandan sonra fikrimin yalnış olduğunu anladım.
İkincisi, Eluca xanım çox cəsarətli yazıçıdır. Onun toxunduğu mövzu siyasi xarakter daşıyır və bu siyasi xarakterin arxasında müəllifə qarşı düşmən əlində ox nizələrinin hazır olduğuna mənim şək-şübhəm yoxdur. Eluca Atalı elə bir mövzuya toxunub ki, onu dəstəkləyənlərdən savayı, onu qılınclamağa hazır olan qüvvələr də var. (bunu tam səmimi deyirəm) Bununla belə, demək lazımdır ki, Eluca xanımın hər bir sətri, cümləsi özünə bir sipərdir, onu qoruyur, çünki o, ədalətə, onun aliliyinə güvənir. Üstəlik, onu da deyim ki, bu kitabın özü elə ox olub həqiqəti, ədaləti tapdalayanlara qarşı bir ideoloji silahdır və bu silahdan açılan atəşdir. Bütün bunlar Eluca xanım tərəfindən cəsarətlə, qorxmadan istifadə olunur.
Əsər İran inqilabından, Məhəmmədrza Şah Pəhləvinin devrilməsindən, dindar, molla Xomeyninin hakimiyyətə gətirilməsindən və onun ölkədə yaratdığı siyasətdən, mən deyərdim anti-xalq siyasətindən bəhs edilir, bunu müəllif də çox gözəl ifadə edir.
Əsəri oxuyan insan özünü istər-istəməz İranda, burada yaranan rejimin ədalətsiz qanunları altında yaşadığını, əzildiyini, kölə hala salındığını hiss edir.
Xomeyni hakimiyyətə xalqın tələbi ilə gəlməmişdir. Onu taxtı-taca otuzduranlar Amerika və Fransa olmuşdur. Belə ki, Məhəmmədrza şah daha Qərbi razı salmırdı. Ona görə də onu hakimiyyətdən uzaqlaşdırmaq üçün və İranın milli sərvətlərini ələ keçirmək niyyətində idilər, bu sərvətin də əsasını neft təşkil edirdi.
Burada bir məsələyə toxunmaq istərdim. Tarixdən bilirik ki, İran qədim dövlətdir, onun qədim dövlətçilik tarixi və siyasəti var. Çoxlu ədalətli-ədalətsiz müharibələr görmüş, taxt-tac uğrunda mübarizə aparıb hakimiyyətə gələnləri İran xalqı gözəl bilir.
Məhəmmədrza şah haqqında da fikirlər İranda haçalanmışdı. Bununla belə, onun devrilməsi, Xomeyninin İrana gətirdiyi ab-hava insanları dərindən nəfəs almağa, arzuların çiçək açmasına, gələcəklərinə uğurla baxmalarına soydaşlarımız arasında bir ümid yaratdı, lakin yeni hakimiyyət onların bütün arzu və istəklərinin qarşısına sanki bir embarqo qoydu. Rejimin öz çirkin və mənfur siyasəti ön plana çəkildi. Xomeyninin əlaltıları, yaxın silahdaşları, onun hər bir buyuruğunu canla-başla yerinə yetirməklə, onu mifləşdirməyə çalışırdılar. Buna da nail oldular və İranda dini rejim quruldu, hakimiyyət mollaların əlinə keçdi və onların öz qayda-qanunları meydana gəldi ki, əhali də bundan əziyyət çəkməyə başladı.
Xalq ilk vaxtlar yeni quruluşa inansalar da, sonralar bu quruluşun insan əleyhinə çevrildiyini, onların müti, itaətkar vəziyyətinə gətirildiklərinin şahidi oldular. Ən çox əziyyət çəkənlər isə bizim o tayda yaşayan azərbaycanlılar oldu. Tarixdən bilirik ki, Azərbaycan türklərinin yaşadığı məkanda nə bir məktəb, kitabxana var, nə doğma dilində qəzet çap olunur və sair. Hər şey farslaşdırılıb. Onun əleyhinə çıxanları isə ağır zülm və işgəncələr gözləyir.
Eluca xanımın “İnqlabın travması” birinci kitabında gənc Fatmanın düşüncələrini dərindən izah edir, onu uzaqgörən bir gənc qız kimi təsvir edir. Lakin onları reallaşdırmaq mümkündürmü? Xeyr!
Düşüncələrində azadlıq cərəyan edir. Lakin ona bu azadlığı verərlərmi? Fatma çox vaxt akvariumda balıqlara yem verməsi və atası ilə söhbət aparması çox maraqlıdır. Gənc qız balıqların dar çərçivədə yaşadıqlarına ürəyi yanır, onların böyük çaylarda, dənizlərdə, okeanlarda üzməsini arzuladığını atasına bildirir. Bununla müəllif Fatmanın dili ilə, sətiraltı olsa da, öz sözünü demiş olur. Bu, İranda yaşayan insanlara azadlığın verilməsi və sərbəst yaşamasına bir işarədir.
Müəllif bu priyomdan məharətlə istifadə edərək, təkcə Fatmanın yox, Fatma kimilərin İranda buxovlanması, alçalması, təhqir olması, ağır işgəncələrə məruz qalmasını göstərmək istəyir.
İmam Xomeyninin yaşı çox olsa da, çox hiyləgərdir və bic siyasət yürüdür. Hakimiyyətə gəlmək üçün hələ Parisdə olarkən demişdir: “Məhəmmədrza Pəhləvinin düşmənləri bizim dostlarımız olmalıdırlar. Kommunistlərlə bir olmalıyiıq”. Lakin hakimiyyətə gələn kimi sözündən dönür, bir neçə xarici səfirliyi bağlayır və onların İranı tərk etməsini tələb edir. Məsələ aydındır, siyasətin öz qanunları var. O, hər gün dəyişə bilər. Bunu Xomeyninin İrana gəlişindən sonra aydın gördük və o ətrafına mollaları topladı, onlara səlahiyyətlər verdi, rejimə qarşı çıxanlara qarşı amansız divan tutdu.
Eluca xanım bütün bunları çox gözəl və dəqiqliyi ilə qələmə alıb.
Onu da deyək ki, iri dövlətlər hər hansı bir ölkədə çevriliş etmək istəyəndə, bir nəfərin üzərində yox, alternativ kadrları da ehtiyatda saxlayırlar. Bu da Musəvi kartı idi. Xomeyni onun hakimiyyətə gətirilməsində türklərin əli olduğunu bilir və onun əleyhinə kompaniya aparır, nəticədə Ağ Evi inandıra bilir.
Ağ Evin niyə Musəvidən imtina etməsi kitabda tam açılmır. Burada türk faktoru vardırmı, yoxsa İranda demokratik dövlət yaratmaqla, kommunistlərlə bir olacaqdır? Bu, oxucuya məlum olmur. Hər halda Xomeyni istəyinə nail olur və Ağ Evin dəstəyi ilə İrana hakimiyyətə gəlir.
Xalq sanki müamma içindədir. Onları qarşıda nə gözləyir? Dəqiq heç kim bilmir. Azərbaycanlı soydaşlarımız “azadlıq” buxovundan azad olub, öz ana dilində danışacaqlarına, türk dilində məktəblərin açılmasına, mətbu orqanların çapına böyük inamları vardır. Lakin bu inam elə ana bətnindəcə boğuldu. Xomeyninin yaratdığı və böyük səlahiyyətlər verdiyi Hizbullah qanlı orqanı qılınclarını daha da itilədib, yerli hökumətə qarşı söz deyəni dama basıb ağır işgəncələr verməyə başladılar.
Eluca Xanım bu dözülməz və ağlagəlməz işgəncələr haqqında çox mükəmməl, ürək ağrısı ilə, inandırıcı şəkildə qələmə alıb, bu onun uğurudur. Bu işgəncələr haqında aşağıda danışcağıq.
Əsərin ən qızğın və maraqlı yerində bir səhifəlik “Ritual” fəsli gəlir. Onun hansı məqsəd daşıdığı oxucuya məlim olmur və mənə elə gəlir ki, bu fəsil artıqdır. Ola bilsin müəllif mənimlə razılaşmasın. Bir məsələyə də toxunmaq istəyirəm. İran. Yeni rejim. Hizbullah. İşgəncələr. Hadisələrin gərginliyi və oxucuları həyəcanda saxladığı bir anda kitabda Napaleonla Böyük Pyotr haqqında geniş yer ayrılır. Bunun İran həyatına, Xomeyni rejiminə, zindanda boğulanlara nə dəxli?
Əgər müəllifin həmin tarixi şəxslərlə Xomeyni rejimini analogiya kimi qələmə vermək istəyibsə, məqsədi nədən ibarət olduğunu tam açmalı idi. Bir oxucu kimi, həmin hissə romana sanki artıqlıq, bir lazımsız yük gətirir. Bunu da tam başa düşmədim. Mənə elə gəlir ki, bu “Üç vəd, üç tələb” romanında artıqdır. Çünki əsərin axarını, ardıcıllığını, ən əsas isə rabitəni pozur.
İndi “Qanlı orkestr” romanı ilə bağlı fikirlərimi müəlliflə bölüşmək istərdim. Əsər ürəkağrısı ilə, içini göynədə-göynədə, ola bilsin, yuxusuz gecələr keçirib Eluca xanım, bəlkə də əlindəki qələm bir neçə dəfə donub qalıb, o sətirləri yazarkən, hər sətirdə, cümlədə bir qan izini görüb. Əsəri oxuyan adam bunu hiss etməlidir. Eluca xanım yaşayıb o həyatla, görüb o qanlı həyatı. Buna şək-şübhə ola bilməz. Bu Eluca xanımın dəmir iradəsindən, ləyaqətindən, millətinə olan məhəbbətindən, o taylı, bu taylı türklərin həyatına biganə qalmamasını sübut edir.
Arazın o tayında yaşayan soydaşlarımızın, ələlxus gəlin-qızlarımızın başına gətirilən ağır və dözülməz müsibətlər Hizbullahın qanlı bir orqan kimi törətdikləri vəhşilikləri və insan ağlına gəlməyən işgəncələrini Eluca Atalı dəqiqliklə qələmə almışdır. O, həmin zindanda yatan və təsadüf nəticəsində azadlığa çıxıb, İranı tərk edən qadınlarla görüşmüş, onların ağır, məşəqətli həyatlarını dinləmiş və qələmə almışdır. Kitabı oxuduqca mənə elə gəlirdi ki, Hizbullah zindanında yatanların arasında Eluca Atalı da vardır. Niyə belə qənaətə gəlirəm? Müəllif zindanda olan qayda-qanunların insan dərrakəsinə sığmayan dözülməz şəraitin və inanılmaz işgəncələrin sanki şahidi olmuşdur.
Bir neçə misal çəkməklə bunun şahidi olmaq olar. 12-13 yaşında olan qızları zindandan çıxarıb, onları yaşlı mollalara siğə elətdirib, bakirəliyini əlindən alıb, sonra dar ağacından asmaq insan mənəviyyatına, ləyaqətinə nə qədər uyğundur?
İran rejimi bunu onunla izah edir ki, həmin gənc qızlar cənnətə düşəcəklər. Və yaxud gənc qızları mərkəzi küçələrin birində şallaqlayır, sonra edam edirlər. Qadınları lüt şəkildə torbaya salır, üstlərindən kişiləri atır, ağızlarına kəndir vurub dərənin dibinə atırlar, sanki bu insanlar cəhənnəmlikdir. Bütün bunlar kütlə arasında, qızların valideynləri qarşısında baş verir.
Burada bir fikrimi bildirmək istərdim. Nə qədər ağır olsa da, nə qədər məşəqqətli işgəncələr verilsə də, kütlə arasından kimsə üsyan qaldırmalı idi. Ata-ananın gözü qarşısında doğma qızlarını şallaqlayıb, sonra edam ağacından asırlarsa, valideyn ürəyi bu faciəyə necə dözə bilər? Nədir, onların da beyinləri yuyulub, müti “zombi”olublar? Ölümə gedəcəyini bilsələr belə, valideynlər öz üsyankar səslərini qaldırmalı idilər, yoxsa belə nəticəyə gəlmək olar ki, onlar öz balalarına qarşı laqeyd və ögeydirlər. Bu haqda düşünməyə dəyər.
Zindanda olanlar Allaha dua edirlər ki, onları azadlığa buraxsınlar. Nargiləni misal çəkmək olar. Allaha inanır və ona dua edir ki, onu azad etsinlər. Lakin duası qəbul olunmur və ertəsi gün onu güllələyirlər.
Zindanın divarında belə bir söz yazılıb: “Allahı çağırmayın, o, burada yoxdur”. Buna inanmasalar da, Allaha sığınıb, ümidlə yaşayan qadınları səhəri güllə qarşısına gətirilir, öldürülür və yaxud ölümünə fərman verilən qadınları və qızları qəbirlərini özlərinə qazdırır və diri-diri basdırırlar. Türk soydaşlarımızın başına bax belə, faciəli oyunlar açırlar. Çünki bu, Xomeyni rejiminin insan mənəviyyatını alçaldan iyrənc siyasətidir.
Nigarın da başına dəhşətli işgəncələr açılır. Onu qurşağa qədər etdikləri zülm dilə gəlməz, Eluca xanım həmin səhnəni həm özünün, həm də oxucuların qəlblərini sarsıtsa da, yaxşı işıqlandırıb.
Yüzlərlə, minlərlə günahsız adamlara dözülməz işgəncələr verən, cavan qızlara qarşı zorakılıq edən, Xomeyni siyasətinin qurbanlarına çevrilən həmin insanlar əllərini göyə qaldırıb, Allaha dua edirlər ki, bizə verilən cəza məqbuldursa, bəs bu ölüm fərmanına imza atan Xomeyni niyə cəzasız qalmalıdır? Sual cavabsız qalır, nifrət isə çoxalır. Nifrətin içi isə qanla doludur. Lakin kimdir həmin nifrətin qarşısında vicdan əzabı çəkən? Əksinə, günahsız qızları dinləyən, onlara rəhmi gələn varmı? Yox! Nəticədə nifrət qan canağı ilə dolur. Hizbullahçıların qanlı əlləri ilə.
Mənə elə gəlir ki, Eluca xanım bütün ağrıları ürəyində çəkib və gördüklərini, eşitdiklərini bir azərbaycanın vətənpərvər qızı kimi özünə borc bilib, hər bir detalı təfərrüatı ilə qələmə alıb. Əsərdə İran rejiminin apardığı siyasət insan psixologiyasına, mövcud siyasətə boyun əyməyənlərə dözülməz işgəncələrin verilməsi nəticəsində stressə düşmələri, çox vaxt havalanıb dəlixanada yatmaları, bununla da ömürlərinə sanki bir möhür vururlar.
Yuxarıda qeyd etdim, Fatmanın atası ilə apardığı dialoq maraqlıdır, oxunaqlıdır. Orada çox mətləblərə toxunulur və ordan oxucu özü üçün çox şeylər əxz edə bilər. Ən başlıcası isə Fatmanın gündəliyidir. Bu həyat gündəliyi deyil. Bu, mənim fikrimcə cəhənnəmə atılmış və cəhənnəmdə günahsız yatan insanların həyat taleyi, haqsızlığa, ədalətsizliyə qarşı fəryadıdır. Zindanda olan qəddarlıq, dəhşət, namusun əldən alınması, zorakılıq, ölüm kabusu, gercəkləşməyən arzular – bütün bunlar Hizbullahın Xomeyni siyasətinin qanlı ləpirləridir.
Hizbullçıların qanli dəstələri insan cildindən çıxıb, İranda yaşayıb, onun siyasətinin əleyhinə gedənlərə (çox vaxt hər hansı bir valideyn rejimə nifrət edirsə, deməli, bütün ailələri həbs olunub zindana salınır) məşəqqətli içgəncə verəndə görəsən ana-bacıları gözləri qarşısında dururmu və yaxud damarlarında axan qan donmurmu? Mənə elə gəlir ki, Hizbullahda olan o cəlladların hamısının beyinlərini yuyub, “zombi”ləşdiriblər. Onların vəzifəsi işgəncə və zorakılıqdır. Bunu özlərinin bir nömrəli vəzifəsi bilirlər.
Əsərdə təkçə Hizbullahçıların dəhşətli hərəkətlərindən danışmaqla yanaşı, paralel olaraq onların başında duran hakimiyyət orqanlarının ölkədə, təkcə soydaşlarımıza qarşı deyil, demokratik fikirli insanlara qarşı apardıqları siyasətə, təbliğata da rast gəlsəydik, pis olmazdı. Həmçinin Xomeyni hakimiyyətinin hansı ölkələrlə münasibətlərin dinc, sülh şəraitində qurulması və bundan fayda götürməsi, eyni zamanda hansı dövlətlərə qarşı isə loyal mövqe tutaraq dilində, çıxışlarında “qardaş, qardaş” deyib, qardaşın düşmənlərini dəstəkləməkdə, onlara maddi, hərbi və mənəvi yardım etmələri kitabda açılsaydı, daha yaxşı olardı. Düzdür, bu haqda kütləvi informasiya vasitələrində geniş yazılıb. Bununla belə, Eluca Atalı bu mövzuya toxunsaydı, daha yaxşı olardı və yaxud özünün beşinci romanını yazmış olardı.
Bütün romanlarda Hizbullahın verdiyi işgəncələr ətraflı təsvir olunur. Kişilərə qarşı münasibətin əsərdə şahidi olmuruq. Ola bilsin, Eluca Atalı özü qadın olduğundan İranda təqiblərə və işgəncələrə məruz qalan qadınlardan bəhs etməyi qarşısına məqsəd qoyub? Burada ağlıma belə bir fikir gəldi ki, İranda soydaşlarımızın artdığı bir zamanda, onların sayını azaltmaq üçün onlarla, yüzlərlə, bəlkə də minlərlə türk qızlarını işgəncələr verməklə məhv edib, gələcəkdə ana olmaq hüququnu əllərindən alırlar. Ola bilsin, düşüncələrim düz olmasın və kitabın müəllifi mənimlə razılaşmasın. Bu, onun bir müəllif kimi hüququdur.
Müəllifə bildirmək istəyirəm ki, bu, nə tənqiddir, nə iraddır, bu, kitabda görünməyən tərəflər olduğundan bir qələm sahibinin, digər qələm sahibinə məsləhətidir.
Eluca Atalının “İran Hizbullah Zindanında” əsəri bu gün çox aktualdır. Onun geniş yayılması və çoxlu oxucu tərəfindən oxunulması məsləhətdir. Romanı oxuyub qurtarandan sonra belə qənaətə gəldim ki. Fatmanın gündəliyini elə Eluca Atalının özü yazıb. Nə qədər izdirablar, dəhşətli səhnələr, qəddarlıq, sarsıntılar, sui-qəsdlər, işgəncələr hansı sivil dövlətin nüfuzundan danışa bilər? Eluca xanım qələmini əlinə alaraq illərlə araşdırma aparmış, çoxlarında olmayan, lakin özündə cəsarət tapıb, İran molla rejiminə qarşı belə cəsarətli və samballı bir əsər yaratmışdır.
Bu yolda uzaq İsveçdə yaşayan Azərbaycan qızına uğurlar diləyirəm.
Eyruz Məmmədov,
yazıçı, publisist,
Azərbaycan, Sumqayıt