Asif Ata Fəlsəfəsi ilə Təmas 2
–– Müqəddəs Ataya Ali Səcdə!
— Səcdəniz ucadır!
–– Mütləqimiz, fəlsəfəmizlə bağlı təmasımız davam edir. Təmasımızın ilk sualı belədir: Dünyalıq – Biçim.
— Dünyanın Mənası Məzmundur, Dünyanın təzahürləri Biçimlərdir. Eyni zamanda hər bir məzmunun öz biçimi var. Yəni hər bir hadisə məzmundan və biçimdən ibarətdir. Təbiidir ki, əsl məzmun Mənadır. Qalanlarsa nisbi məzmundur və hər birinin öz nisbi biçimi var. Bu baxımdan təzahür həm nisbi məzmun, həm də nisbi biçimdir.
–– Müqəddəs Ata, Həyatlıq – Biçim necə anlaşılmalıdır?
— Deyilənlərin hamısı Həyatlığa da aiddir. Əsl məzmun Həyatlıqdır. Həyatdakılar onun təzahürləridir. Bütün deyilənlər Həyatlıq və Həyata, İnsanlıq və İnsana aiddir.
–– Biçim – Əzəlilik, Əbədilik, Sonsuzluq.
Biçim – Keçicilik, Ötərilik, Sonluluq.
— Deməli, “Məna” adlanan Məzmun, yəni Dünyalıq, Həyatlıq və İnsanlıq Əzəlidir, Əbədidir, Sonsuzdur, Kamildir. Bütün təzahürlər Keçicidir, Ötəridir, Sonludur, Qeyri-Kamildir. Dünyalıq, Həyatlıq, İnsanlıq Əzəlidir, Əbədidir. Dünyadakılar ötəridir və s.
Dünya iki keyfiyyətdən ibarətdir. Onda həm Məna, həm də Təzahürlər var. Məna onu Əzəliləşdirir, Əbədiləşdirir, Təzahürlər, yəni dünyadakılar onun Ötəri, Keçici və s. cəhətlərini ifadə edir. Dünyanı yaşadan Mənadır, Mahiyyətdir. Dünyadakılar Nisbidir, Ötəridir. Ona görə Dünyadakılar məhv olur, Dünya qalır.
–– Müqəddəs Ata, Biçim – Kamillik. Biçim – Qeyri-Kamillik.
— Kamillik – hadisənin Mənaya bərabər olmasıdır. Bu Həyatda mümkün deyil. Çünki Həyatın Kamilliyə bərabər olmaq imkanı yoxdur. Yalnız İnsanın Kamilliyə çatmaq imkanı var. Çünki o, özündə Mütləqilik gəzdirir. Onun idrakı var, İnamı var. İnsanlığa münasibətdə İnsan təzahürdür və qeyri-Kamillik səviyyəsində o, nisbidir, ötəridir, sonludur. Lakin Mənaya çatanda, Mənaya ucalanda o, biçimdən üstün olur. O, Məzmuna bərabər biçim olur. Əslində Biçimdən üstün Biçim olur. Onun biçimi Mənalanır.
–– Mütləqimiz, yəqin ki, İnsanlıq İnsanın bu səviyyədə biçimlənməsi üçün çoxlu biçimlərdən imtina edib?
— Bəli, o Kamilləşmə Mütləqilik tələb eləyir. Kamilləşmə Nisbilikdən imtina tələb eləyir. Ona görə o, çətin işdir. Kamillik – Mütləq İnsanilikdir. Mütləq də Nisbinin inkarıdır. Ona görə də Kamillik Mütləq İnam deməkdir – Nisbi İnamdan imtina deməkdir.
Mütləq İdrak deməkdir – Nisbi İdrakdan imtina deməkdir. Mütləq Mənəviyyat deməkdir – Nisbi Mənəviyyatdan imtina deməkdir. Mütləq İradə deməkdir – Nisbi İradədən imtina deməkdir.
Mütləq İnam – Mütləqə İnamdır.
Mütləq İdrak – İnsanın Mütləqliyinə inamdır.
Mütləq Mənəviyyat – Təmənnasızlıq, Fədakarlıq, Vicdançılıq deməkdir.
Mütləq İradə – zamandan üstünlük deməkdir. Bunlar varsa, İnsan var.
–– Müqəddəs Ata, dünya bu biçimə düşənə qədər Dünyalıq da çoxlu dünyalardan imtina edib…
— Təbiidir. İntəhası dünyadakıların Mənaya çatması imkanı yoxdur. Bir şey var ki, dünyadakılar bir-birini əvəz eləsə də Dünya məhv olmur. Nə qədər ki, Dünyalıq var, Dünya da var. Ancaq dünyadakılar heç biri Dünyalığa bərabər deyil. Ona görə dünyadakılar dəyişir, dünya dəyişmir. Dünyadakılar dəyişkəndir, Dünya dəyişməz. Əgər dünyadakılar Dünyalığa bərabər olsaydı, onda heç Mahiyyət ilə təzahür arasında fərq olmazdı. Bu mümkün ola bilməz.
–– Ata Məna kimi…
— Deməli, Mütləq İnam yaratmaq Mənası, Ocaq yaratmaq Mənası, Mütləq İmtina Mənası, Mütləq Əxlaq Mənası, Mütləq Ruh, Hünər Mənası. Mütləq Fədakarlıq, Mütləq Vicdançılıq, mütləq Təmənnasızlıq Mənası, Atalıq Mənası. Ata buna çatıb. Bu, artıq İnsanın İnsaniliyə çatmasıdır.
–– Ata Mənanın Təzahür etməsi.
— Atanın təzahür etməsi bu dediklərimizdir. Atanın məqsədi odur ki, Evladlar onun işığı olsun. Evladlıq çox çətin şeydir. Atanın zərrəsi olmaq dünyadan üstünlükdür. Onu siz görəcəksiniz. Adi əməl ilə bu uçruma düşmüş bəşəri xilas eləmək olmaz. İndiyə qədər nə olub – qaralama olub. Təməl dəyişməlidir. İnsanın təməli dəyişməlidir.
–– Mütləqimiz, bədən öləndə Ruhun aqibəti neə olur?
— Deməli, biz Ruh deyəndə bildiyiniz kimi, dörd cəhəti deyirik. İnam, İdrak, Mənəviyyat, İradə. Bu cəhətdən ayrı, xüsusi bir ruh yoxdur – o, cəfəngiyyatdır. İntəhası, İnsan ölür, onun bədənində olan da ölür. İnam, İdrak, Mənəviyyat, İradə qalır. Vicdançılıq qalır, Təmənnasızlıq qalır, Fədakarlıq qalır, Kişilik qalır, Qadınlıq qalır. Sən nə qədər yaşayırsansa, Ruhla bir olursan. Sən ölürsən, o qalır. Sən öləndən sonra da səndəki yaşayır.
Cismani də tam ölmür. Kiməsə bizim gözümüz düşür, əməlimiz düşür. Bir adamda olan çoxlarına düşür. Bir-birindən ayrı olan adamlar bir-birinə oxşayır. Xalq vəhdətdir. Yoxsa xalq olmaz. Xalq belə yaranır.
Bir iş var ki, ölüm zəruriyyətdir. Ölməlisən! Mahiyyətcə ölümsüz olan Peyğəmbərlər də ölür. Ölüm nə qədər fəlakətli olsa da İnsan ölümsüzdür.
Asif Atayla təmasda oldular: İşıqlı və Yolruh Atalılar.
4 İnam günü, Ata ayı 16-cı il. Bakı.
(4 sentyabr 1994-cü il,).