İranda qadınlar geyim kodeksinə görə təzyiqlərə məruz qalır
‘Amnesty İnternational” bəyanat yayıb
“Yaxınlarda ictimai mediada paylaşılan videolar İranda qadınların ölkədə ciddi geyim kodu tətbiq etmək istəyən əxlaq polisi tərəfindən “şiddətli sui-istifadəyə” məruz qaldığını göstərir,” – “Amnesty İnternational” məlumat verir.
Londonda yerləşən insan haqları müdafiəsi təşkilatının Yaxın Şərq və Şimali Afrikanın tədqiqat və müdafiə üzrə direktoru Filip Lüterin (Philip Luther) sözlərinə görə, İranın məcburi hicab qanunları yalnız dərin dərəcədə tənəzzül və ayrı-seçkilik deyil, həm də qadınlar və qızlara küçələrdə zorakı hücumlara haqq qazandırmaq üçün istifadə olunur.
12 martda verilən bəyanatda deyilir ki, İranda qadınlar “küçədə əxlaq polisləri tərəfindən saxlanılır, onlar tərəfindən təhqirə məruz qalır, təhdid edilir, onlardan baş örtülərini çəkərək açılmış saçlarını örtmək tələb edilir və dəsmal verilir ki, üzlərində olan makiyajı silsinlər.
Bəyanatda həmçinin qeyd edilir ki, bu zaman qadınlara fiziki olaraq hücum edilir, o cümlədən onlara sillə vurulur, batonlarla döyülür, əlləri qandallanır və polis maşınına mindirilirlər.
Ötən ay internetdə bir video yayılmışdı. Videoda görünür ki, qadın hökumətyönümlü biri tərəfindən hicabını düzgün geyinməyə məcbur edilir. Bu qarşıdurmanı videolentə köçürən qadın kişi tərəfdən təhqirlərə məruz qalır. Qadın etiraz edir və üzünü çevirib getmək istəyərkən kişi bibər qazını qadının üzünə sıxır.
Başqa bir videoda kişi qadını təhqir edir və məcbur edir ki, o baş yaylığını geyinsin. Qadın ona atılacaq silah təhlükəsi barədə qışqırır və kişinin səsi eşidilir: “Mən sənə atəş etmədim, yalnız silahı sənə göstərdim”.
“Amnesty İnternational” deyir ki, bu insidentlər “My Camera My Weapon” kampaniyası çərçivəsində filmə çevrilib. Bu kampaniya İranda məcburi hicab qaydaları altında qadınlara qarşı davam edən gündəlik zorakılıq haqda məlumatlılığı artırmaq məqsədi daşıyıb.
Videolar ABŞ-da mühacirətdə yaşayan iranlı jurnalist və qadın hüquqları müdafiəçisi Məsih Əlinecad (Masih Alinejad) tərəfindən “Instagram”-a yerləşdirilib.
1979-cu il inqilabından etibarən islami geyim kodeksi məcburi hal aldıqdan sonra qadınların paltarlarına İranda ciddi şəkildə nəzarət edilir.
Geyim kodeksinə görə, qadınların saçları və bədənləri ictimai yerlərdə bağlı olmalıdır.
İranda əxlaq polisləri hicabla bağlı bu qaydalara tam riayət etməyən qadınlara müntəzəm olaraq təzyiqlər tətbiq edirlər.