İMDAD DİLƏYƏN TƏBİƏT YOX, SEVİLƏN TƏBİƏT XİLASIMIZDIR
Yusif Dirilinin Eluca Atalı ilə müsahibəsi
Yusif Dirili: Günaydın, sayğılı yazıçımız Eluca xanım Atalı!
Eluca Atalı: Ürəyində Günəş olsun, qədim dost! Bu Günəş maddi deyil, tükənmir, cismi yox, ruhu qidalandırır. Bu dəfəki söhbətimiz maddiyə mənəvi baxış olacaq. O üzdən qəsdən sözə bütün canlı və cansız nə ki var hamısı üçün ümdə olan günəşlə başladım. Həyat üçün bu bir kəlmənin nə qədər gərəkliyini bəlkə də Vətəndə olanlar Skandinaviyada yaşayanlar qədər anlamazlar. Çünki az qala ilin bütün fəsillərində sizlər günəş və istilik gördüyünüz halda, şimalda yaşayanlar bundan məhrumdular. Yeri gəlmişkən deyim, günəşsizlikdən insanlarda sümük boşluğu, zəifliyi yaranır, bunu da hər gün bir kalsium vitamini içməklə aradan qaldırırlar. Hətta Finlandiyada yeni doğulmuş körpədən başlayaraq 90-dan artıq yaşı olsa belə, hər kəs gündə bir dənə bu vitamindən qəbul etməli olur. Günəşdən mənəvi qidalanma da yetərincə olmadığından Skandinaviyada depresiya və intihar halları çoxdur.
Yusif Dirili: Sizin bir yazıçı və filosof kimi təbiətə münasibətiniz necədir və bu baxımdan insanlarımızı necə qiymətləndirirsiniz?
Eluca Atalı: Təbiətə münasibətim hər mənada müsbətdir, ilk öncə onu ruhun qidası hesab edirəm. İnsan yalnız yeməklə yaşamır, təbiətdən mənən bəhrələnərək yaşayır. Bunu o özü hiss etsə də, etməsə də belədir. Yaxşı olar ki, o bunu dərk edib dəyərləndirə. “Təbiəti qoruyun!” – şüarı ilə bağıranlardan olmadım, özünüzü qoruyun, deyirəm. Təbiət heç kim tərəfindən yaradılmayıb, onun mahiyyəti sübut edir ki, o öz mənasından yaranıb. Özümüzü qorumaq təbiətə müsbət münasibətdən başlayır. Asif Ata deyir: “Xəstələnmək istəmirsənsə, ruhunu təmiz saxla!” Ruhun təmizliyi yalnız mənəviyyatla olmur, ruhun mənəvi qidası olan təbiət burda əsas rol oynayır. Korlanmış ekoloji mühitdə sağlam olmaq mümkünsüzdür. Təbiəti sevirəm, ilk növbədə öz sağlamlığım və ruhumun qidası üçün. Son dövrlər məni animalist yazıçı, ən çox da quşlardan yazan biri kimi qəbul edirlər. Amma mənim quşlarla tanışlığım hardasa 5 yaşımdan başlayıb, düzü yadıma gələn belədir. Şadam ki, kənddə və həm də Kür çayı kimi nəhəng bir su hövzəsinin, Xəzər kimi dünyanın ən böyük gölünün sahilində doğulmuşam. Bütün bunlar mənim həyatıma zənginlik gətirib. İlk gözümü açandan su quşları və balıqlarla
tanışlığım başlayıb. Bu mənim sonrakı yaradıcılığıma da sirayət edib, güman edirəm məqamı gəldikcə bu haqda söhbət edəcəyik.
İnsanlarımızın təbiətlə bağlı bilgisinin qədərincə olmadığını ürək ağrısı ilə deyəcəm. Dəniz sahilinin çirkləndirilməsi, adətən kənd yerlərində ölmüş heyvanların suya atılması, ümumiyyətlə, hər cür çirkli maddənin, əşyanın suya axıdılması yolverilməzdir. Həcc ziyarəti zamanı kəsilən qurbanların çoxluğundan onların soyulub ət kimi tədarük edilməsinə imkan tapılmayanda kəsilmiş qoyun, inək, dəvə və sairlərin çaya axıdılması kimi hallar ətraf mühitə vurulan bağışlanmaz günahdır. Amma insanların əksəriyyəti belə hesab edirlər ki, su sonsuzdur və çirki, murdarlığı içində əridə bilir. Heç də hər şey bizim düşündüyümüz kimi deyil. Elm çox inkişaf edib, onu anlaşıqlı dildə, publisistik və bədii dildə geniş kütləyə vaxtaşırı çatdırıb maarifləndirmək lazımdır. Son dövr İsveçdə ekoloqların qaldırdıqları bir problem var, dənizlərə, göllərə sidik – çimən zaman, kanalizasiya suları axıtmaq yosunları məhv edir. Bilirsiniz ki, son onillikdə dəniz və okeanların dibindəki yosunlar məhv olur. Eyni zamanda torpağa atılan selofanlar, kapronlar, metallar və digər sənaye malları ağlasığmaz dərəcədə torpağa mənfi təsir göstərir. Üstəgəl müharibələr təbiətə – flora və faunaya hesabagəlməz dərəcədə zərər vurur. Torpaq aldığı yaralarını bərpa edə bilmir. Acınacaqlı haldır ki, bu gün dünyada milyon hektarlarla yanmış torpaq var, yəni canlılığını itirib, o bir daha əkilib-biçilə bilməz. Fərq etməz, bu mənim həyatyanı sahəm, əkin tarlam, yurdumun bir hissəsidir. Bu dünyanın, Yer kürrəsinin bir hissəsidir, dünya isə bizim evimizdir. İnsan dərk etməlidir, bu gün vaxtsız ölən bir kəpənək belə hardasa təbiətin göz yaşına səbəb olur, mübaliğəsiz deyirəm və bir qədər də bədii dildə oldu. Qoy, olsun, bir yazıçının belə ifadə etməsi yersiz alınmaz.
Yusif Dirili: Beş yaşlı bir qızcığazın təbiətə münasibəti “Tərk edilmiş ev” fraqmentlərində əks olundu. O əsərinizi oxuduqda mənə elə gəldi ki, sizdə təbiətə sevgidən fərqli bir hal var, o da təbiətdəki inanca söykənməkdir. Doğru anlamışam?
“Evin üzərində qalın tüklü bir quş durmadan ulayır, sanki kimi isə haraylayırdı. Arada tüklü başını çiyinlərində gizlətmək istədiyini hiss edirdim, gah da səsini qısıb dincə qoyurdu. Bu quşu ilk dəfə görürdüm, əmimin ovladığı quşlar içində beləsinə rast gəlməmişdim, nəzərimə çarpan boğazının qısalığı idi. Evdəkilərin təşvişindən hiss olunurdu o sevilmir və elə həmin məqamda da adını bildim – bayquş. Əmim dostum bir tikə təndir çörəyi kəsərək üzərinə duz səpib evin dalına qoydu. Ulamasına davam edən quşun səsi getdikcə astadan gəlirdi. Məncə,
onun gözləri duz-çörəyi almışdı. Bilmirəm, ac idi, o üzdən diqqəti yemə dikilmişdi, ya da insanın onu dostluğa dəvət etməsini anlamışdı. Asta-asta çörəyə yaxınlaşıb bir dimdik atıb tüklü başını silkələyərək dimdiyindən duzu kənara qarın üzərinə səpdi. Ətrafa göz atıb özünün təhlükəsiz bir məkanda olduğunu dərk edib çörəyi yerdən alıb havaya qalxdı. Təkrar evin üzərinə qonub orda bir neçə dəfə hoppandı düşdü. Yerdən barmaqları arasında gətirdiyi qarı evin banındakı qırmızı sualların üzərinə çırpdı. Qəribədir ulartısını kəsmişdi. Susub fikrə gedən quş elə bil nəyisə ölçüb biçirdi. Qəfildən qanadlarını geniş açıb havaya qalxdı, dimdiyindəki tikəni də özü ilə səmada havalandırdı. Əmi dostum gülümsəyirdi, onun göy gözlərindəki gülüş uşaq yaddaşıma sevinc tablosu kimi həkk olundu. “Xəta sovuşdu…”
Əmi dostunuzun son sözünü şərh etmisiniz ki, bayquş ulartısı evə fəlakət gətirir.
Eluca Atalı: Mən elə deməzdim. O zaman adı gedən əsərdən digər bir hissəni mən oxuyum.
“Anam evə girəndə gözləri kəlləsinə çıxdı, məncə, bir az da ağlamsındı. Bəlkə də şişirdirəm, onun ağ quya baxan gözləri çox kədərli idi. O zamana qədər anamı bu qədər kədərli görməmişdim.
Kamil bunu nahaq vurub, bu quş evə fəlakət gətirəcək.” – Dedi.
Yusif Dirili: Sizdə, quşlara qarşı sevgidən savayı, xalq içindən gəlmiş inanc gördüm.
Eluca Atalı: Nəticəyə diqqət edək. Bilirəm nəyə işarə edirsən. Qu vurulmuş ev və bayquşu dostcasına yola salmış iki ev var əsərdə. O evlər qədim ata yurdudur, lakin 50 ildən sonra hər ikisi boş qalıb.
Şərq aləmində bayquş qaramatlıq, kədər ifadə edir. Nizami Gəncəvinin “Nuşirəvan və bayquşların söhbəti” hekayətin xatırlayın. İki qohum olacaq bayquş arasında olan alış-veriş nədən ibarətdir? Dişi bayquş toy hədiyyəsi olaraq erkək bayquşdan xaraba yurd istəyir. Qarşı tərəf uzaqgörənliklə deyir, sən narahat olma, Nuşirəvan kimi bir padişah nə qədər ki sağdır, xaraba qalacaq yerlər çox olacaq. İlk anda burdan padişahın tərbiyələndirilməsi, onun yanlış əməlinin nəticəsi sərgilənirsə, digər tərəfdən bayquşun xaraba yurdu sevməsinin nümayişi var. Xarabalıq quşudur.
Bizi tərəflərdə belə bir ifadə var, kimsə kimsəni xoşlamayanda deyər: “Xaraba yurdun bayquşuna oxşayır”.
Yusif Dirili: Sənin bayquşa münasibətiniz uşaqlıqda gördüyün o mənzərədəki kimi qalıbmı?
Eluca Atalı: O bir daşlaşmış inancdır, dediyim kimi tək əmi dostumku deyil bu inanc. Şərq mifologiyasından gəlir. Skandinaviyada – İsveçdə, Finlandiyada bayquş totem hesab olunur, üzük, sırğa, medalyonlarda istifadə edirlər. Qaldı mənə, şərqdəki yanlış mifi qırmışam, Türkiyədə olanda özümə füruzə ilə bəzədilmiş bir cüt bayquş sırğası aldım.
Şimal ölkələrində yaşayan bəzi tayfalar var ki, laks balığının ov mövsümü başlayanda balıqçılar balığın başını yüksək qaya üzərinə qoyub xüsusi dua oxuyub səcdə edirlər. Bu insanların qədim inancları ilə bağlıdır. Bildiyiniz kimi, insanlar qədimdə təbiətlə iç-içə yaşayıb, təbiətdən çox asılı olublar. Onların həyatına təbiətə səcdə göydən düşməyib. Bu bir növ asılılıqdan doğub. Qədim insanları yaşadan və qarınlarını doyduran təbiət olub. Onlarda təbiətə sayqı böyük olub. İsveçdə “Sport fisk” (Balıq idmanı) adlanan xüsusi proqram var, kiçik və ya kürüsü olan balıqları tutduqda belə onu yeməkləri üçün istifadə etməyib təkrarən suya atırlar. Təbiətə sayqı və diqqət lazımdır, ucdan tutma ondan bəhrələnsən, təbiət tükənər.
Yusif Dirili: Qu quşu “Ənqa quşu” uşaq romanında da var.
Eluca Atali: Bu elə həmin quşdur, əmim Kamil onu vurmamışdan öncəki halıdır. Güllədən qorxur, lakin kral ölkəsində yox, “insanların azad” yaşadığı sovetlər ölkəsində, həm də köçəri quşların qışladığı, qorunduğu Qızılağac qoruğuna çata-çatda güllə onun sinəsində qırmızı lalə kimi pardaqlanıb yanır. Təsəvvür edirsən, min km-lərlə məsafəni qət etmiş bir canlı finişə çatdığı bir məqamda torpağa düşür.
Yusif Dirili: Təbiətdə səni çaşdıran hallar varmı?
Eluca Atalı: Kral pinqivinlərlə bağlı sənədli filmə baxanda kövrəlirəm, soyuqda 60 dərəcə buzun üzərində çovğundan qorunmaq üçün bir-birinə qısılıb koloniya halında doğmacasına yaşayırlar. Bu zaman mətndə izah olunanda ki, qlobal istiləşmənin nəticəsi olaraq onların sayı azalır. Bu hala çaşıram. Təbiət sadəcə, möcüzədir.
Yusif Dirili: Təbət-insan münasibətləri hansı filosofun və bədii söz ustasının yaradıcılığında daha qabarıq və dürüst ifadə olunub? Bunun səbəbi nədir?
Eluca Atalı: Yuxarıdakı sualınıza burda da qismən cavab verəcəm: təbiətə inam Riçard Baxın “Qağayı Conatan Livinqston” hekayəsində var. Quş öz həmyaşıdlarından fəqrlənir və öz inancının dalınca gedir. Bu əsərdən çox təsirlənmişəm. Ümumilikdə isə təbiət-insan münasibətlərini ən çox əsərlərində canlandıran deməyəcəm, sadəcə, təbiətin mahiyyətini açan və ona insani münasibət bəsləyən filosof Asif Atadır. “Ömrüm-Günüm”, “Peyğəmbərlə üz-üzə” kitablarında bu bədii formada verilib. Ata insanı təbiətin bir hissəsi sayır və həm də ayrılmaz bir hissəsi olaraq dəyərləndirir. Amma insanın təbiətdən fərqliliyi və üstünlüyü nədir? İnsan ruh sahibidir, yəni, onun İnamı, İdrakı, İradəsi, Mənəviyyatı var. Bu səbəbdən də təbiət özünü dəyişmir, lakin insan özünü dəyişə bilir. Bu da ruh vasitəsi ilə olur. Əslən ingilis olub Kanadada yaşayıb-yaradan təbiətşünas Ernest Seton-Tompson animalistikanın banisi hesab olunur. Onun təbiət – heyvanlar və quşlar haqqında 8 cild kitabı var. Etiraf edim, təbiətdə sevmədiyim heyvan çaqqaldır, amma onun “Tito” hekayəsini oxuduqdan sonra rastıma bu heyvan çıxsaydı mübaliğəsis bağrıma basardım. Bu yazıçının qüdrətidir, sevilməyən bir varlığı qəhərman səviyyəsinə qaldırıb. Təbiəti belə vəsf etmək lazımdır. İstərsə də onun digər hekayələri insana təbiətdə yersiz heç nə olmadığını öyrədir, sadəcə biz onu lazımı qədər dərk etmirik. Həm də Ernest dünya animalistləri üçün bir məktəb rolunu oynamışdır. Cek Londonun “Ağ diş”, “Canavar” və ümumiyyətlə “Şimal hekayələri” soyuq mühitdə insan ruhuna heyvanlar vasitəsi ilə bir istilik bəxş edə bilir. Turgenevin “Ovçunun xatirələri”, “Mumu” hekayələri təbiətin insan sevgisinə ehtiyacı olduğunu insana dərk etdirir.
Yusif Dirili: Nəyə görə insan azad təbiətdə özünü daha rahat hiss edir, nəinki əlləri ilə saldığı, qulluğunda durduğu ətirli, dadlı-tamlı bağ-bağçasında?
Eluca Atalı: İnsanda ölçüyə sığmamaq kimi bir hal var, azad təbiətdə – meşədə, dağda, dənizdə bunu hiss etmək olur. Həm də bu ümmanlığa sevgi ilə bağlıdır. Nə qədər olsa da insan əli ilə salınmış bağça-bağda bir nizam, ölçü olur. Amma vəhşi təbiətdə hər şey təbiətin öz yaratdığı kimi, təbii halındadır.