Eluca Atalının əsəri festivalda nümayiş etdirildi
“İnsan təbiətin bir hissəsidir” Asif Atanın təbiət görüşlərinin canı olan bu fikir gənc nəslə hansı formada çatdırılır? Təbiəti hansı formada qorumalıyıq ki, biz də qorunaq? İnsan və təbiət vəhdətindən bəhs edən və təbətlə bağlı sualları cavablandıran “Odunçunun nağılı” dram əsri də məhz Asif Ata Evladı yazıçı Eluca Atalıya məxsusdur.
COP29 və “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar Naxçıvan şəhərindəki “Saat Meydanı” İstirahət Mərkəzində “GreenFest” festivalı keçirilib.
Festivalda ekoloji sərgilər, startap təqdimatları, stendlər, teatr tamaşası, əyləncəli idman oyunları, intellektual yarışmalar, konsert proqramı, canlı ifalar və DJ musiqiləri “GreenFest”ə əlavə rəngarənglik qatıb.
Festival çərçivəsində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti və Naxçıvan Dövlət Milli Dram Teatrının birgə layihəsi əsasında “yaşıl enerji”yə keçid, təbiətin mühafizəsi, ekoloji təmizliyə çağırış motivli yeni tamaşa nümayiş olunub və tamaşaçılarda böyük maraq yaradıb.
Yazıçı Eluca Atalının “Odunçunun nağılı” pyesi əsasında səhnələşdirilən səhnə əsəri teatrın baş rejissoru Mir Qabil Əkbərovun bədii rəhbərliyi, gənc rejissor Ləman Vəliyevanın quruluşunda hazırlanıb.
Tamaşada ekologiyanın qorunması, günəş, su və küləkdən enerjinin alınması rejissor yozumunda incə ştrixlər, mühüm detallarla səhnə həllini tapır.
Tamaşada əməkdar artist Nazlı Hüseynquliyevanın, aktyorlardan Uğur Nəsirli, Vəfa Qurbanova və İsmayıl Mirzəcanovun canlandırdıqları obrazlar da maraqla qarşılanıb. Tamaşanın quruluşçu rəssamı Araz Xudiyev, musiqi tərtibatçısı İbrahim Əliyevdir.
Tamaşa yaxın günlərdə Naxçıvan Dövlət Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq.