İran Hizbullah zindanında qızı edam olunmuş atanı zindana çağırırlar. O, pastarlardan birinə siğə olunub, sonra edam edilmiş qızı üçün şirni alıb aparıb zindan işçilərinə – pastarlara paylamalıdır. Əvəzində ataya bir saatlıq “nigah” olunmuş qızı üçün nigah mehriyyəsi (başlıq, süd pulu) müəyyən məbləğdə pul verilir. Ata qızının meyitini aparmaq istəyir, lakin qızı kafir olduğu üçün vermirlər. Cəsədi görmək istəyir, göstərmirlər. Bu zaman atanın qulaqlarında qızının səsi cingildəyir:
– Ata, bilirdim, məni yalnız buraxmayacaqsan…
Zindan rəisi ilə qız atasının dialoqları və s. pyesdə canlandırılır.
Sonda zindandan qızının cüzi əşyaları bükülmüş düyünçə ilə evinə dönən ata, evin bayır kandarında oturur və ilk dəfədir ki, günorta azanının səsinə özünü səfərbər edib namaz qılmağa getmir. Evə girib qızının akvariumda bəslədiyi balıqları sinəsinə sıxıb aparıb Urmu dəryasına buraxır.
xxx
Səhnə qaranlıqdır, asta-asta işıq şüası əks etdirilir.
Bu işığın altında Allahkərim əllərini arxasında düyünləyib ağır addımlarla yol gedir.
Allahkərim:
Zindana gedirəm, (Durur, sifətində qatı bir əzab var) görürsünüz, öz ayaqlarımla gedirəm. Qollarımdan kimsə yapışmayıb (Qollarını qabağa uzadıb onlara baxır), kimsə də arxadan məni itələmir: – Yeri, yeri, irəllilə! – deyən yoxdur. Kimsə üstümə qışqırmır, söymür, lakin normal yerişlə ora getmək mümkünsüzdür. Bura, adətən, insanları tək-tək, ya da kütləvi şəkildə tutub gətirirlər… Adətən, gecə yarısı keçirilən “Bayquş əməliyyatı” zamanında tora düşüb azadlığı üçün çabalayanların əl-qolunu (Əllərini tutub qabağa uzadaraq sanki qandallanmış kimi bir-birinin üzərinə keçirir) bağlayırlar. Sonra… sonra,
bax, beləcə darta-darta sürüyüb bura atırlar. (Qarşısındakı binaya işarə edir).
Buraya… (Əlləri əsir), hə, buraya atırlar. (İrəli uzatdığı sağ əlinin bütün barmaqlarını açır).
Əməliyyatın adı Bayquşdur, amma canlı bayquşun özü, (Əllərini dairəvi formaya salır) hə, boz tüklü, iti gözlü, (Barmağını burnunun üzərinə qoyub qırmaq formasına salır) əyri burun quşu deyirəm. O iti caynaqlı heyvan bir dəfə də olsun bu zindan binasının üzərinə qona bilməyib. Ona görə yox ki, qonmağa cəsarət etməyib. Yox, yox, əsla elə deyil! O, tüstü qoxusunu ciyərlərinə çəkməz, o təmiz havanı sevər. (Burnunu çəkib sinə dolusu nəfəs alır). Ah…
Sadəcə, hər gün axşam azanından sonra, hava qaralananda Hizbullahın ov saatı başlayır. (Danışarkən yaxınlıqdakı bir məsafədə olan yeri göstərir). Məhbusları o təpənin başına düzüb qəfildən əmr verilir (Var gücü ilə bağırır): Atəş!!!
Səs eşidilir, güllə səsləri, uğultu, qışqırtı var. Allahkərim əlləri ilə qulaqlarını möhkəm qapayıb taqətsiz dizi üstə yerə düşür.
Allahkərim:
Bu, Ali Ruhani Rəhbər Ayətullah Xomeyninin kafirlərə verdiyi edam fitvasından qaynaqlanan bir atəşdir. (Bir əlini başı üzərinə qaldırıb barmağı ilə uzağı göstərir). Bu fitva pasdarın iradəsinin inkar edəcəyi hal deyil. Avtomatlar sinədə bənd olur, çaxmaq çəkilir, bir an şaq-şaqqq… Başqa heç nə eşidilmir, bir də ardından dərəyə diyirlənib həyatdan qopa bilməyən əks-inqilabçıların iniltisi yayılır ətrafa. Güllə açılan an vəhşi bir fəryad qopur səmadan. Ov üçün səfərbər olub Urmu dağından şəhərin alma bağlarına doğru istiqamət almışdılar. (Qollarını düppədüz açıb irəli addım atır. Qəfil eşidilən güllə səsindən asta-asta qollarını yanına salıb başını çevirib sərt baxışla yana baxır). Beləcə alma bağlarınınüzərində dövrə vuran yarasalara hücum etməyə can atan zavallılar göydə səmtlərini dəyişirlər. (Başını havaya qaldırıb səmaya baxır, sanki ənginlikdə uçan quşu seyr edir. Papağı düşməsin deyə, bir əli ilə boynunun arxasından papağını tutub saxlayır). Ət ürpədən qıy… Bu təbiətin ahəngini pozan insana qarşı üsyandır. Yolunu azmış, ovunu itirmiş canlının bundan savayı hansı formada etirazı ola bilər? Təsəvvür edirsən, təbiətin harmoniyasını atəş pozur… (Ayağa qalxıb qollarını açıb pərvazlanır. Ortada dövrə vurur, gah ora, gah bura uçur kimi hərəkət edir, qəfildən də geri qayıdır). O yırtıcı quşlar ölüm fitvasından sonra balaca canlarını qoymağa bu böyük məkanda bir yer tapmırlar. (Yaralı quş kimi yerə uzanıb çırpınır, işıqlar sönür).
Pauza, alatoran işıq yaranır.
Allahkərim:
Kütləvi edam üçün avtomatlardan çıxan tüstü göyə qalxanda lütüfkar molla rejiminin xilaskarlıq missiyası başlanır: pasdarlar həyatla ölüm arasında vasitəçi olurlar. Bir-bir məhbusa yan alıb əllərindəki tapança ilə onların gicgahlarına sıxırlar. Yalnız bircə dəfə (Allahkərim əlini tapança formasına salıb qulağının dibinə dirəyir) part, part, part… Vura-vura irəlliləyirlər. Beş yüz bir… Sayı düz eşitdiniz, bu gecə pastarın sonuncu yola saldığı kafir ölümünü gözləyənə qədər çox sızladı. Çünki onun bəxtinə ölüm sonuncu düşmüşdü. Yəqin, ağılı başında olsaydı, zarıyan dili ilə deyərdi:
Gəl, ölüm, gəl! (Sanki kimi isə qarşıdan çəkib gətirmək istəyir. Hər iki əlini uzadıb açır, bir az fasilədən sonra naümid əllərini geri çəkir). Əsirgəmə lütfünü məndən! Həyat öldürdü məni!
Lakin bunu deməyə qadir deyil, yarıcandır, indi adını da unudub, elə harada qərar tutduğunu da…
Allahkərim yenə əlləri arxasında düyünlü asta addımlarla yoluna davam edir.
Allahkərim:
Həyatla antihəyatın əlbəyaxa olduğu o mənfur təpəni aşıram. Ayaqlarım sürtülməkdən yağı tükənmiş araba oxu kimidir, getmir, dirənir, durur. Qabağa getməyən ayaq, arxaya da qayıda bilməz. Onu zindanda gözləyən var. (Ayaqlarına uzun-uzadı baxır, dizləri əsir, əllərini dizləri üstə qoyur, sıxıb əsməcəsini saxlayır. Diz çöküb göyə əl açır). İlahi, bu cəzanı mənə niyə verdin? Mən ki (dili əsir) sən bilmirsən, mən heç zaman sənə asi olmamışam. Bu gün də, elə dünən də və… Sən… səninləyəm, sən sadiqinə bunu necə qıydın? Yox, yox… (Əlini havada silkələyir). Sənə üsyan etmirəm… Zavallı bir bəndən kimi səndən sual edirəm. (Sanki kim isə ona səs göndərir). Bəs, kimdən sorum səndən savayı? (Dizi üstə zindan binasına doğru iməkləyir. Ötkəm bir səslə özünə əmr verir).
Dur ayağa, dur, orada səni gözləyən var! (Qəzəblə çevrilib yana baxır). Yeri, yeri, irəllilə, deyilən vədədə görüş yerində olmalısan.
Mən, mən… (Əlini sinəsinə basıb özünü göstərir) günah işlətməmişəm, amma cəza çəkməliyəm. Bu ölkədə yalnız günahkar cəza çəkmir. Günahsızlar da cəzalanır, həm də cəzaları ağır olur – ya bir ömür ata dərdi, ana ağrısı, ya da… (əli ilə özünü göstərir). Ya da elə mənim kimi övlad ağrısı ilə qovrulur.
Məni bura məcbur gətirmirlər, öz istəyimlə də gəlmədim…
Məcbur gəlmədim, istəyimlə də gəlmədim…
İstəyimlə gəlmədim, məcbur da gəlmədim…
Gəlməyə biləzdimmi?
Susur, pauza.
Allahkərim:
…Və necə gəlməyə bilməzdim? Əgər qızımla görüşəcəyəmsə?
Axşam namaza oturdum (Diz çöküb başını yerə vurur, sonra əllərini havaya açır), sonuncu rükət namazımı bitirəntək, dedim: “Sən böyük qüdrət, aç! Aç, balamın qıfıllı qapısını!” (Azca susur). Xudbin deyiləm, o üzdən bütün balalar üçün rica etdim ondan. Dedim, min əzabla böyüdülmüş bütün balaların atalarına rəhm et! Cavan başda ağıldan çox acıq olar, vurar-yıxar qəbul etmədiyini. Bunu ki, sən bilirsən. Rəhm et onlara, qoy, qayıtsınlar isti ocaqlarına.
Duam bitməmişdi, göylə təmasda idim, qəfil zəng ayırdı məni səcdəmdən.
Boynumu döndərib telefona baxdım. (Boynunu döndərib yana baxır). Bu müqəddəs təması necə kəsəydim? Yerimdən tərpənmədim. Bir də dedim, Allahım, sən görən və bilənsən, hər şey sənin əlindədir, rəhm et zavallılara!
Dalbadal gələn zənglər telefonu silkələyində anladım ki, vacib iş üçün axtarırlar. Bir əlimdə möhür (Bir əlini yumub yumruğuna diqqətlə baxır, yumruğunu içəridən öpüb gözünün üzərinə basır), boş əlimlə (Əlini yana uzadır) dəstəyi qaldırdım.
Yenə sual etdi: “Allahkərim sənsən?” ”Bə-əə-li”, – dedim. (Pauza). Adam muştuluq üçün zəng etmişdi. Gözün aydın, a kişi! Şəstlə dediyi bu bir kəlmə ürəyimi riqqətə gətirdi. (Pauza). Ardından… (Allahkərim iki əli ilə ağzının üzərini ovxalayır, sıxır, qəzəb püskürür). “Qızın günahını yudu…” Qızım günahını yudu? Qızım günahını yudu?.. Qızım günahını yudu… Səs beynimə sanki yüz yerdən girmişdi, onları qovub mənasını anlamaq istəyirdim, qızım hansı günahı işlətmişdi? Adam xəttin o başından qışqırdı: “A kişi, yatmısan?” (Pauza). Yox, ağa, yox, qurbanın olum… (Pauza). Hə, cavab verdim? (Pauza). Allaha şükür, şükür Allaha! Pıçıldadım.
Ağlım kəsmirdi qızım günahını necə yuyub. Zavallı qızımın günahsızlığı… Axı, artıq yumuşdu günahını. Amnistiya almışdı?! İlk düşündüyüm yalnız bu idi. Bir qisim deyirdi ki, Ayətullah Xomeyni ağır xəstədir. O üzdən Allahı yanında üzüqara qalmamaq üçün bütün günahsızları zindandan buraxacaq. Bəziləri də danışırdılar ki, İran İraqla savaşı bitirib sülhə gedəcək. Bu səbəbdən günahsızları buraxacaq. Xəstə imam üçün ürəyimdə tez-tələsik şəfa duası oxudum. Onun mərhəməti qızımı günahsız etmişdi. (Pauza). Qəfildən qulaqlarımın pərdələri silkələndi. Kişi, yatmısan? Diksindim. (Dil-dodağı əsir). Yox, ağa, qurbanın olum. O isə dedi ki,.. O dedi ki… dedi, (Dil-dodağı əsir) qulağıma qışqırdı: Edam etdik… (Gözləri bir nöqtəyə dikilir, gözləri yaşarır). Axı, bunu necə deyə bildi? (Yumruqlarını düyünləyib yeri döyəcləyir). Necə dedisə, məni yerdən yerə çırpdı… (Ani susur). Yox, göydən yerə çırpdı bir… (Bir barmağını havaya qaldırır). Bir kəlməsi ilə.
Allahkərim şappıltı ilə yerə yıxılır, bir müddət yerdə üzü qoylu qalır.
Allahkərim:
Şappıltı ilə döşəməyə düşdüm, düşməyə bilməzdim, dizlərim qeyri-ixtiyarı bükülmüşdü. Taqətini itirmişdi… (Dizlərini ovxalayır, əlinin dalı ilə gözlərini silir). Stoldan yapışdım mənə dayaq olsun, ayağa qalxım. Stol üzərimə aşdı, sanki dünya üzərimə gəlirdi. Başımı ikiəlli tutdum, təhlükədən qurtulmaq üçün… (Əllərini başında gəzdirir). Qorunmaq mümkünsüz idi, qulağıma dolan gurultudan hiss edirdim dünya dağılır. (Gözlərini açır). Dağılmış dünyanın içində Hizbullaha olan borcumu ödəməliydim. (Əlini atıb bir kağız torba götürür).
Zindan rəisi demişdi: “Kişi, unutma, əliboş gəlməyəsən!” Elə belə də dedi: “Kişi, əli boş gəlməyəsən…” Yox, dəqiq belə demişdi: “Unutma, əliboş gəlməyəsən…” Kaş, gəlməyəsən, kişi” deyəydi, zindana yolun düşməsin, deyəydi. (Pauza). Ağa, nə qədərdi borcum? (Pauza). Məzənnə beş min tümənlikdir…
Beləcə dedi, məzənnə (Bir əlini qabağa uzadıb barmaqlarını sayır) beş min tüməndir… Üstündən, “Kişi, o baxır sənin mərifətinə”. Susdum, beynim elə dumanlanmışdı, təbii, dünyası dağılmış bir adamın beyni mərifət kəlməsini dərk etməz. Sükutu o pozdu: “Adətən, mərifətli adamlar… hə də…” Hırıldadı (Allahkərimin üzündə istehzalı bir gülüş hiss olunur), bəlkə də, o heç gülmürdü, amma mən gülüş səsi eşitdim. Bəlkə də, elə deyildi, yəqin ki, elə deyildi, insanın faciəsinə necə gülmək olar? Həm də gənc bir adamın ölümünə… Yəqin ki, gülmürdü, sadəcə beynimdəki qarışıq səslər qulağıma dalğa-dalğa vuranda səhv eşitmişdim. (Pauza). Məncə, gülürdü! (Pauza). Gülmürdü… Yox, gənc qızın faciəsinə gülmək… Bunu kim bacarardı? Babal götürmə boynuna, Allahkərim! (Pauza). Əgər gülmürdüsə, bəs, o qəhqəhələr haradan dolurdu qulaqlarıma? (İkiəlli başını tutub yerində fırlanır, asta-asta yerə əyilir. Lakin əlləri başında, üzündə gəzir).
Nə idi onun mərifətli adam dediyi? Dedim: “Ağa, lütf edin, sizi anlamadım”. Dedi: “Mən qəliz danışmıram ki, sən anlamayasan!”
Hiss etdim zindan rəisi bala dağı görməmiş birisidir. Əks halda anlayardı əzizini itirmişin dünyasındakı zəlzələdən bütün kəlmələrin baş-ayaq olduğunu.
Yenə gülüş doldu qulağıma, başımı ikiəlli tutduğum an nə dediyini aydın eşitdim: “Mərifəti olanlar daha artıq xərcləyirlər…” (Əlindəki torbanı qabağa uzadır). Mənim mərifətim bunun içinə sığdı…
Zindanın həyət qapısına çatır.
Allahkərim:
Ağlamayacam! (Köynəyinin qolu ilə gözlərini silir). Görürsən, mən gülürəm. Gülməyi bacarıram, kim deyir ki, kədər yalnız gözyaşında ifadə olunur? Mən oynaya da bilərəm!
Allahkərim:
Əllərini göyə qaldırır, başı üzərində fırladır.
Qızım balaca olanda qollarımdan tutub qaldırardı. (Pauza). Ata, oyna! Oyna! (Asta-asta qollarını qaldırır). Toy deyil ki, qızım! (Pauza). Ata, adam toy halını özü yaratmalıdır. Qabağımda oynayardı, sonra da cibimdən çıxartdığım tümləri (Cibindən kağız pullar çıxarıb yuxarıdan aşağı buraxır) beləcəbaşına səpərdim. (Əyilib kağızları yerdən yığır). Bu dəyərdə qızlıq göz aydınlığı aldım. (Kağız torbanı yenidən əlinə alır).
Durmağı bacarıram, bax öz ayağım üzərində durmuşam.
Sənin xətrinə, hə, hə, yalnız sənin xətrinə içəri dik girəcəyəm.
Ağlamayacam, sızlamayacam, yalvarmayacam…
Deyirdin, Hizbullah adamı əvvəlcə əyir, sonra sındırır. Kimi sındırsa, o bir də belini düzəldib şax gəzə bilmir. (İkiəlli belindən tutub dik durur).
Deyirdin, heç vaxt məni əyə bilməyəcəklər. İcazə verməyəcəm əysinlər… Əyərlərsə, sonra da sındırmaları asan olar.
Səni sındıra bilmədikləri üçün… (Əlləri ilə ağzını qapayır). Dilim qurusun, o bir kəlməni dilim söyləyə bilməz. (Qabağa baxır, susur, pauza). Budur gəldilər, ah,.. tənginəfəs oluram, məni içəri sürüyəcəklər. (Pauza, təşviş içində sağa-sola vurnuxur). Yox, lazım deyil (Əl-qol atır), özüm gedirəm. Hə, hə, bilirəm hara gəldiyimi. (Pıçıldayır). Qızımı ziyarətə gəlmişəm. (Nifrətlə ətrafına baxır). Mənə beləcə dedi: (İki əlini qabağa uzadır, sanki kiməsə yol verir). Buyurun, ağa!
Hə, lap elə beləcə dedi: “Ağa, buyurun!” Sonra da əlini qabağa uzadıb açıq qapını mənə göstərdi. (Qarşısına işarə edir). Biri qabağa keçdi, təbii, mənə bələdçilik edirdi, digəri (Arxasına işarə edir) arxamda durmuşdu. Nəzarət edirdi
birdən mən yeriyə bilməsəm məni arxadan itələsin. Dedim aaa, onları çaşdıracam, başımı dik tutacam, belimi əyməyəcəm. Rəisi çaşdırmışdım, inana bilmirdi zindana çağırdığı bir ata onun qarşısında şax duruş gətirir. Sualının mənasını göydə qapdım. (Allahkərim bir əlini gözünün qabağına tutub nəsə oxuyurmuş kimi). Rəis ötkəm səslə: Allahkərim sənsən, ağa? (Pauza). Bəli, ağa, qurbanın olum… (Səsinin tonunu dəyişir). “Payla şirnini!” – əmr etdi.
Bu an qapı dalından elə bir öskürək eşitdim ki, sanki dana böyürürdü. (Pauza, Allahkərim üz-gözünü turşudur). Tapıldı! – Rəis deyəndə sanki içimə şiş soxuldu. (Bir əlini yumruq edib qarnına çırpır). Görən, kimidi tapılan ki, o öskürək eşidilən an rəisin sifəti turşudu, ayağa qalxıb həniri uzaqdan duyulana yumşaq qoltuq hazırladı. (Yaxınlığındakı stolu götürüb qabağa çəkir, əli il üstünün tozunu çırpıb səliqəyə salır). Kim idisə rəisin mövqeyini laxladacaq qüdrətə malik bir güc sahibi idi. Qapı döyülmədi, icazə almadı və şəstlə özünü içəri atdı. Hamı ayağa durdu, farağat oldular boy-boya duraraq. Əlim torbada qaldı.., yer aralansaydı, o deşiyə girərdim, lakin bu təkgöz məni burada görməyəydi.
Rəisin hazırladığı qoltuğa özünü şappıltı ilə buraxdı. (Əli ilə sahmana saldığı stolu göstərir, yayxanıb orada oturur. Asta-asta ayağa qalxıb üzünü stoldan döndərir). Gözlərimi ondan gizlədirdim, guya onu görmürəm, tanımıram… (Üzünü yana tutur. Pauza). Əssəlamu Əleyküm, ağeyi Allahkərim! (Azca irişir). Yuxuma belə girməzdi səninlə burada rastlaşım.
Üzünü qabağa tutur.
Allahkərim:
İlk dəfə idi salamını almırdım. Özümdə bilmirdim bu cəsarəti hardan tapmışdım. Dilim kilidlənmişdi, ürəyim mənə diqtə edirdi: “Salamı salam ləyaqəti olana ver!” (Pauza). Hı… Molla buna cızzıq olmazmı? (Qısa pauza, səsinin tonu dəyişir, ucadan). Mən sənə Əs-Səlamu əleyküm (O ədəb-ərkanla salamını uzadır), sülh və əmin-əmanlıq içində olmanı dilədim, sənsə… (Qəzəb ifadə edir). Sənsə… (Əlini qarşıya uzadır). Bir kafirin ölümü nə böyük hadisə imiş, gör qonşusunun salamını da almır.
Pauza, stoldan durur, qəddini düzəldir.
Allahkərim:
O belə dedi. (Səsinə mülayimlik qatır). Bu, o idi, sübh tezdən quşlardan erkən oyanıb məhəlləni gəzən. Bu qoca yaşımda boynuma babal yığmaq
istəmirəm, göz yox, qulaq şahidiyəm. Məhəllənin say-seçmə oğullarını güdaza verən deyirlər bu qoca həpənddir.
Saat beşdə məhəlləni o baş-bu başa addımlayıb (Allahkərim xırda addımlarla var-gəl edir, bir əlini gözünün üzərinə qoyub uzağa baxır) evinin pəncərəsində işıq yanmayan qonşu oğullarını hizbullaha şeytanlayır. Guya oruc tutmurlar. Ay qoca qurumsaq, bu günahın altından necə çıxacaqsan? Allahından qorxmayan şərə-şur…
Danışa-danışa üzünü yana çevirir, gedə-gedə sol əlini yandan üzünə tutur.
Allakərim:
Yox, üzünə baxmayacam! Allahkərim, o səmtə dönmə, əmin ol, gözləri səndədi. Azca çaşmağını gözləyir, səhvindən tutub səni danlasın. Bir bəhanə vermə əlinə.
Səsinin tonu dəyişir, üzündə azca təbəssüm oyanır.
Xatırlayıram, qızım bir gün məni sorğu-suala tutdu: “Ata, Qara Balıq sağ qal bilərdi?” Onda on yaşı vardı, o müdhiş gün… O gün… Əlirza Şükrü Əfşar edam olunan gün idi. Nə cavab verəcəyimi bilmirdim. Şükrü Əfşar onun müəllimi idi, Qara Balığın nağılını oxumağı o məsləhət görmüşdü. Əlimlə (Sağ əlini havaya qaldırıb əlinə baxır. Əli əsir və sanki qızının başına sığal çəkir). Başını oxşadım… (Gözləri uzağa baxır).
“Qala bilərdi…”“Sağ qala bilərdi”, pıçıldadım. Onun nikbin olmasını istəyirdim. (Pauza).
“Necə?” – Sordu. Necə cavab verməliydim onun bu sualına? Necə etməliydim, onun özünü mübarizədən – qorxulu nağıllarla dolu həyatdan çəkindirə biləydim. Uğurlu cavab yalnız bu ola bilərdi: “Anasını dinləsəydi”.
Qızım etiraz etdi: “O zaman, o Qara Balıq olmayacaqdı, arzusunu içində boğmuş arxın sıravi çömçəquyruqlularından biri olacaqdı”. Dedi. (Pauza, udqunur, sığal çəkdiyi əlini astaca havaya qaldırır).
Nitqim qurudu, ürəyimə damdı ki, ailəmin gələcək faciəsinin təməli artıq qoyulub. Hə, həmin gün idi, Əlirza Şükrü Əfşarın sübh azanından dərhal sonra edam olunduğu gün.
(O, boğazında sanki kəndir düyünləyib qolunu yuxarı qaldırır. Edam olunmuş adam formasını alır, ağzının sol küncündən dili bayıra çıxır).
Qızım bu kiçik yaşı ilə lilli, lehməli arxda yaşayanlara zavallı kimi baxırdısa, o zaman böyük dərya onu tezliklə cəlb edəcəkdi. “Sakta balıqlarının üzdüyü dərya qorxuludur, qızım!” Yalvarışlı səslə qızımın gələcəyinin qarşısına
balaca balıqları udan nəhəng balığı qoydum. O isə “Ata, narahat olma, biz artıq Sakta balığı ilə yaşamağa alışırıq”. Bu, gecə-gündüz qonşuları güdüb ETTELAAT-a donosluq edən, bax, bu təkgöz mollaya işarə idi. (Barmağını yana uzadıb işarə edir). Onu, bax, onu – o, yayxanıb qoltuqda rahat oturanı deyirdi.
Qızım onu hər görəndə Sakta balığı deyib gülürdü. Məni isə gələcəyin iti dişli məngənəsi sıxıb-sıxmalayırdı.
Pauza.
Allahkərim:
Rəis şirni torbasında qalmış əlimə işarə edib qımışdı: Daha sən də üzü ağ gəzə bilərsən. Durma, borcunu ver! (Kağız torbanı yenidən əlinə alıb ağzını açır, içinə diqqətlə baxır. Bir konfeti əlinə alıb ordan çıxarır).
Yenidən hərəkətə gəlmişdim ki, yenə rəisin səsi məni saxladı: (Səsinə ötkəmlik verir). Dur bir!
Durdum, ona sarı döndüm. (Gözlərini qıyıb, üzünü turşudur). “Tfü, həmin an gözüm təkgöz mollaya sataşdı.” Gördüyündən göz kirəsi istəyən tayfanın nümayəndəsi əlimdəki noğula ağız suladırdı. Naəlac qalıb bir noğul da onun ovcuna atdım. Hə, hə, atmalıydım, əlini açıb mənə sarı uzatmışdı. Tamahı çəkirdi, qarşısına qoyulmuş pürrəngi çayı qızımın qızlıq göz aydınlığı ilə içmək istəyirdi. (Boş əlini qabağa uzadır). Al, bunu! (Diqqətlə əlinə baxır). Rəis bir topa tüməni mənə uzadanda çaş-baş qalıb
nə edəcəyimi bilmədim. (Hərəkətləri donub, susqun əlinə baxır). Ağeyi rəis, bu nədir? (Səs tonu dəyişir). Düpbədüz min üç yüz tümən!
Bir azca qəddimi düzəldib rəisin əlindəki bir topa tümənə baxıb çaşqınlıqdan nə edəcəyimi bilmədim. (Pauza). Al, al, çəkinmə! (Mülayim səslə). Bu nədir, ağa? (Ötkəm səslə). Bu sənin qızının mehriyyəsidir. (Əlindəki kağız torbanı əlləri ilə əzişdirir). Dedi, rəis. Sonra da, məni məzəmmətlə davam edib dedi ki… A kişi elə bil başqa planetdən gəlmisən, sən bu ölkədəki qanunlardan xəbərsizsənmi? (Azca susur). O elə belə də dedi, heç nə olmamış kimi… Bilmirsənmi, zindanın öz qanunları var?
Pauza.
Allahkərim:
Şükürlər olsun, mən heç vaxt zindana düşmədim ki, burdakı qanunlardan xəbərdar olum. (Kinayəli gülüşlə). Doğru sözə nə deyəsən, zindana düşməyib… Ha, ha… (Barmağı ilə yanı göstərir). Qoltuqda yayxanıb oturmuş təkgöz molla gülüşünü kəsmədən qonşusuna (Əlini sinəsinə basıb) yəni, mənə şahidlik etdi.
Pauza. Sifətinin ifadəsi dəyişir.
Allahkərim:
“Sakta balığı!” Fatmanın ona verdiyi təyini ilk dəfə məhz indi təsdiqləyirəm. İstədim qışqıram: (İki əlini ağzının yanlarına tutur). “Qızım, sən haqlısan!” Səsim içimdə qaldı ürəyimi deşə-deşə. Yaddaşım təzələndi: “Sən Saktanı yeyəcək akula bir gün bizim dəryaya düşər.” (Pauza, təəssüf hissi halında görünür). Fatmanın gözlədiyi akula gəlib çıxmadı… Gəlmədi… Çox gözləyirdi onu… Bu təkgözün (Yenə barmağını yana tutub stolu göstərir) şərləməsi ilə qızım bir Qara Balıq kimi Saktanın yemliyinə düşdü.
Pauza, astadan dönüb yana baxır.
Allahkərim:
Zindanda olmayanlara qanunları anlatmaq borcumuz olduğundan deyirəm… (Qulaqlarını əlləri ilə qapayır). Onun dediklərini eşitmək istəmirdim. Hər kəlməsi güllə kimi beynimə dəyirdi. (Papağını qulaqlarının üzərinə basır). Buranın qanununa görə, məhbus qızlar edam olunmamışdan qabaq qanuni olaraq onlara siğə oxunur. Bakirə qızın öldürülməsi günah sayıldığından onun nikahı kəsilib, sonra… (Rəis ağır tənlik həll edirmiş kimi ciddi görkəm alıb, qaşlarını düyünlədi. Məlumdu, riyazi məsələnin həllini düz çıxarmaq istəyirdi). Sonra… belədi də sonra adət-ənənəmizə uyğun evliliyin ilk saatını yaşayır — daha açıqlamıram, özünüz anlayırsınız. Adətə uyğun gərdəyə girir bir növ, əlbəttə, bizim pastarlarla… Sonuncu mərhələ edam olunur. (Pauza). Danışa-danışa irişirdi, bu izahat mənə işgəncə vermək üçün idi. İstədim deyim, arxayın ol, artıq qədərincə məni yaralamısan! (Əlindəki kağız torbanı sinəsinə basır). Qızıma nikah kəsilib… Eşidirsiniz, qızım evlənib… Mənim Fatmam… Körpəcəm, dünənə qədər başını dizim üstə qoyan qızım. (Yerə çöküb ayaqlarını uzadıb dizlərinə tamaşa edir). Nə vaxt başını qaldırdı (Dizlərini oxşayır) bilmirəm.
Guya rəisin şərhi mənə bəs deyilmiş kimi… təkgöz molla boğula-boğula sözə başladı.
Səsinin tonun dəyişir, danışana sarı boynu üstə dönüb boylanır.
Allahkərim:
Möhtərəm imam məhbusların cənnətə düşüb mömünlərlə çiyin-çiyinə orda əbədi kef sürməsinin qarşısını almaqdan ötrü bu fitvanı verdi. Məhbusların qız yox, arvad kimi edam olunmasına fitva vermişdi. Bilməmiş deyilsən, müqəddəs
kitabımız buyurur ki, qızlar cənnətdə mələk kimi xoşhal yaşamağa məhkumdular… Bu yerdə molla eynəyini alnına qaldırıb bir əli ilə sağlam gözünü ovuşdurdu. Sanki gözünün dumanını silirdi ki, məni aydın görsün. Sonra şərhini davam etdirib dedi: (Səsinin tonu dəyişir). “Müsəlman olan gərək Allah dərgahına üzüağ gedə.” Təkgöz özünə işarə ilə sinəsinə bir neçə dəfə vurub, əlini ürəyinin üzərinə basdı. (Pauza, başını sağa fırladır, səs tonu dəyişir). Onun sözünü rəis tamamladı. Allah bizi günaha batırmaz inşallah!.. Elə deyilmi, Hatəm ağa? (Pauza). Rəis yenidən sözü akulasız dəryada özünü padşah kimi hiss edən Sakta Balığına verdi.
Bu dəfə təkgöz molla onun sözünü təsdiqlədi.
(Səs tonu dəyişir). Hə, ağa, elədir! Elədir, biz nə çarəyik ki, cənab imamın cızdığı yoldan ayağımızı kənara qoyaq. (Allahkərim üzünü qarşıya tutur). Təkgöz molla baş hizbullahçının dediklərini Allah əmri kimi mənim qulaqlarıma guppulladanda əyani olaraq əl ağacı ilə döşəmədə cız çəkdi. (Ayağı ilə yerdə düz xətt çəkir).
Günahlarına yaradanı şərik edən iki şərhçiyə həyəcanla baxırdım. (Gah o tərəfə, gah da bu tərəfə dönüb təəccüblə nəzər salır). Əlbəttə, alt dodağımı dişlərim arasında sıxaraq. Onlar danışırdılar. Yox, danışmırdılar, kəlmələri üyüdürdülər. Bir-bir monoloq söyləyirdilər. Fürsət güdürdülər. Biri bitirən kimi digəri ondan sözü alırdı. Nə dediklərini beynim almırdı, amma deyirdilər. Deyirdilər, deyirdilər, deyirdilər, deyirdilər, deyirdilər,.. (Allahkərim durmadan deyirdilər kəlməsin təkrarlayır. İkiəlli qulaqlarını qapayır. Bağırır). Sübut edirdilər ki, qızım molla rejiminə inanmadığı üçün günahkardır. Bu gündən günahsızdır edam olunub. Günahını qanı ilə yuyub. (Qəhərdən boğulur, əlinin dalı ilə gözlərini bir-bir silir.Əlini qabağa uzadır. Səsinin tonu dəyişir). Əlimi uzanılı qoyma! Bu sənin külfətinin halal xərcləyə biləcəyi puldur. (Pauza.) Rəis israr edirdi pulu alım.
Uzun pauza.
Allahkərim:
Nədənsə, bir anlıq mənə elə gəldi, qızım qonşu otaqdadır və indicə məni səsləyəcək: “Ata, inanırdım, gələcəksən. Bilirdim, məni yalnız buraxmazsan! (Əllərini divarda gəzdirir, sürtür, daşa hərisliklə baxır). Qızımın nəfəsi hopmuş bu zindan divarlarını qoxulamaq, onun iyini, hənirini daş divarlardan qoparıb ciyərlərimə çəkmək istəyirdim. Ar etməsəydim, bağırardım: “Qızım yanındayam, tək deyilsən! Gəlmişəm, məni görürsən?”
Qulağımda guppuldayan yeni səs mənimlə qızım arasındakı dialoqun üzərinə uğultu qatdı. İmkan vermədi Fatmalı dünyamdakı səfərimi başa vurum. (Əllərini divardan çəkir, amiranə səslə). Payla, payla!
Bununla da sanki təkgöz mollanın böyük pəncələri boğazıma keçdi. (İkiəlli boğazından yapışıb xırıldayır). Qonşu… (Əllərini yanına salıb yerində durur). Danışana sarı dönmədən:
Buyur, ağa.., – deyib, mızıldandım. (Səsinin tonunu dəyişir, təkgöz mollanı yamsılayır). Sən sevinməlisən! (Dil-dodağı əsir). Niyə? (Heyrət içində yana baxır). Hardansa cürət tapıb təkgöz molladan sual etdim. (Mollanı yamsılayır). Qızın günahını yudu, bundan belə günaha batmayacaq. Məgər sevinmirsən, bu gözəl məmləkətimizdən kafirin biri azaldı?
Təsəvvür edirsiniz, o elə belə də dedi: “Sən sevinməlisən…” (Əlini sinəsinə basır). Mən – qızı əlindən getmiş bir ata sevinməliyəm. İndi burada sevincimi ifadə etməliyəm? Dəlicəsinə qəh-qəhələrmi atım? Bağırım, mən xoşbəxt atayam! (İki əlini ağzının yanlarına tutub, ora-bura qaçır). Hay sala bilmirəm, səsim içimi dağıdır. Bəlkə qol götürüb oynayım? Hansı formada sevincimi büruzə verim? Mən kimi bir zavallı xoşbəxtliyini necə ifadə edə bilər? Bunu kim mənə öyrədə bilər? (Durur, məyusdur və anidən qızının səsi ilə danışmağa başlayır).
“Başını dik tut, ata, başını yerə soxası bir iş görməmişəm!” Bu onun səsi idi, dedim, axı, onun səsini divarlar yığıb saxlamışdı. İndi mənə ərməğan edirdilər o səsi. (Divarı əlləri ilə oxşayıb, öpür, başını divara dayayır).
Harınlamış rəisin üzündən alçaldıcı gülüş ifadəsi birdən-birə qeyb oldu. Piyli gövdəsini bütövlüklə oturduğu yerdəncə qabağa verib səsini başına ataraq bağırdı. (Ciddiləşir, sərt tərzdə). Ağlın çaşıb? (Zavallı görkəm alır). Əstəğfürullah, ağeyi rəis, mən nə karəyəm, nə çarəyəm ki… Dedim, cavabında. (Yenidən sərt görkəmdə). Bəs,.. rəis tapança kimi necə açılmışdısa, atılan güllənin
qarşısı alınmaz idi. (Yenidən üzünü sağ tərəfə tutur). Bəs, bilmirsən, kafirlər adam kimi yox, heyvan kimi quyulanırlar? (Üzünü qabağa tutur). İstədim başa salım ki, qoysunlar barı qızımı bircə dəfə görüm, ürəyim sakit olsun.
Qəzəblənmiş rəis mənim sözümü yarıda kəsib, nə deyəcəyimin fərqinə varmadan var gücü ilə çığırdı: (Ötkəm səslə). İstəyirsən müharibi aparıb dəm-dəsgahla dəfn edəsən? (Ağlamsınmış halda).
Günah işlətmiş adam kimi qorxumdan əlacsızcasına başımı aşağı saldım. Rəisin qəzəbli, buz kimi soyuq baxışları altında tam sındığım an gücüm bircə buna çatdı: (Yalvarıcı səslə) Ağa, qurbanın olum, o mənim balamdır… (Azca pauza). Dediyim an rəis od püskürdü. (Yumruğunu düyünləyib masaya çırpır). Balandır-nəyindir bilmirəm, ağlını başına yığ! Bəlkə harada
olduğunu unutmusan? Yoxsa kiminlə danışdığını unutmusan?
Zindana düşən daha səninki deyil. Səninki olmasını istəyirdinsə
gərək ona ədəblə oturub-durmağı öyrədəydin. Mərifət verəydin,
ağzını Allah yolunda qoymazdı, ağzından çıxanı biləydi… (Allahkərim acı-acı gülümsünür, əlinin dalıyla nəmli gözlərini silir).
Onu görmək, heç olmazsa (Barmağını havaya qaldırır) yalnız bircə dəfə üzünə baxmaq, saçını tumarlamaq istəyirdim. (Sağ əli ilə sol əlinin üzərinə bir
neçə dəfə sığal çəkir. Yenidən sağa üz tutur). O zaman ağa izin versin, mən güllənin pulunu ödəyib qızımın meyitini aparım. (Yenidən üzünü qabağa tutur). Dedim, ağlamırdım, bir atanın bundan savayı hansı ricası ola bilərdi zindan otağında? Rəis rişxəndlə gözümün içinə baxa-baxa, yəni həyəsızcasına gülümsəyirdi. (Rəisi yamsılayır). Bəh-bəh! Bu millət zindan qanunlarını nə yaxşı mənimsəyib. Kişi, sənin ağlın çaşıb, nədir? Nə meyit, nə zad…
Uzun pauza, Allahkərim nə qədər çaba edirsə, cavab tapmaqda zorluq çəkir. Başını aşağı salıb, üzünü rəisdən çevirir. Qəfildən dönür.
Allahkərim:
Ağa lütf etsin, mən sözümü deyim! (Susur). Onun qəzəbli gözlərini görməmək üçün baxışlarımı döşəməyə dirəmişdim. Susub zindan rəisinin razılığını gözləyərkən, rəis əli ilə mənə danışmağım üçün işarə verdi: (Rəisə müraciətlə) İki gün əvvəl qonşumuz ağeyi Müslümün oğlunu da edam etdilər. Molla ağa, – təkgöz mollanı göstərdim, (Əli ilə yaxınlıqdakı stola işarə edir) yaxşı tanıyır. Atası güllənin pulunu ödəyib oğlunun cəsədini evinə apardı. (Susur, pauza). Necə? Mənim qızıma güllə atılmayıb? (Üzünü qarşıya çevirir). İçimdə zəif bir ümid şamı şölələndi. Bu rejim hər şeyi oyuna çevirdiyi kimi bəlkə elə bu… Ola bilər ki,.. Kim bilir, bəlkə elə bu da bir oyundur. Qızım sağdır… (Azca gülümsəyir). Rəis güllə haqqı söhbətinə son qoymaq istərkən sual etdim. (Üzünü sağa çevirir). Bəs?.. (Pauza). Asılıb! (Gözləri dolur, məyusdur). O zaman kəndirin haqqını ödərəm.
Pauza. Stola uzun-uzadı zəndlə baxır. Səsinin tonu dəyişir.
Allahkərim:
O, (Əlini stola sarı uzadır) ağ saqqalını təsbehsiz barmaqları ilə uzun-uzadı darayıb, sığal çəkəndən sonra ağzını ayırdı. Guya, mənə ürəyi yanırmış kimi ağıl öyrətməyə ərinmədi. Hə, qonşu, sən işi işə qatma! (Pauza). O, o, o, məlun təkgöz molla təsbehini çevirə-çevirə zindan cəngəlliyində azıb qalmış qonşusuna yol anlatmaqdan ötrü söhbətə qarışdı. (Stola baxa-baxa təsdiq əlaməti olaraq başını yırğalayır). Ağeyi Müslümün oğlu Allaha asi deyildi. Gözümün qabağında, – o, əli ilə edam olunanın balacalığını təsvir etdi. (Yenə stola diqqətlə baxıb təsdiq əlaməti olaraq başını sinəsinə endirir). Bir tikə vaxtından gözümün qabağında böyümüş məhəllə uşağı idi.
Əsl müsəlman – oruc tutub, namaz qılan uşaq idi, amma ki, şeytan azdırmışdı onu… Bu ağalar, – otaqdakı pastarları başı ilə göstərib, – sağ olsunlar, ona düz yolu göstərdilər. Tez edam etdilər ki, daha bundan artıq günaha batmasın. Bir adam əgər, erkək, dişiliyin bura dəxli yoxdur. Gəl ki, o kafirlərin yolu ilə gedə,
şurəvilərə satılıb kommunist ola, o başqa məsələ… Gərəkdi, onun meyiti qurda-quşa yem ola…
Pauza.
Allahkərim üzünü qarşı tərəfə çevirir.
Allahkərim:
Rəisin ürəyini ələ almaqdan ötrü lazımi münasib kəlmələri tapa
bilməyib hıqqanırdım. (Utana-utana). Ağa… (Qısa pauza). Nədi? (Üzü yan tərəfə çevrilmiş halda). Bir də ağa,.. dedim, ricamı necə edəcəyimi bilmirdim. (Pauza, rəisin ötkəm səsi ilə dillənir). Eşidirəm, indi hansı əhdini xahiş edəcəksən? (Üzünü qarşı tərəfə çevirir). Rəis sanki ürəkoxuyanmış. Edam olunmuş məhbus atasının hansısa bir xahiş edəcəyini nağd etmişdi. İnadımdan dönə bilmirdim. Mənim olanı belə asanlıqla əldən vermək mənlik deyildi. (Allahkərim bir barmağını havaya qaldırır). Olar onu görüm? (Susur).
Qızım demədim, yalnız üçüncü şəxsin təkində olan kimsəni görmək
arzusunu bildirdim. Rəis məni ilk dəfə görürmüş kimi başdan-ayağa süzüb, susdu. Yenidən onu səslədim: Ağa!
Mənə sarı etinasız baxıb, hı… etdi yalnız.
Bu möcüzə olardı, əgər rəis “olar” – desəydi. Heç bir gözlənilməzlik və möcüzə reallaşıb kimsəni çaşdırmadı. Bir də ağa deyib, rəisi narahat edəndə… (Sağa baxır. Səsinə mülayimlik qatır). Nə gözləyirsən? (Hərəkətləri
donub, şirinlik torbasını sinəsinə basır). Donmuş hərəkətimi sualla hərəkətə gətirmək niyyəti ilə vermişdi. Xahişimi sualla qarşılaşdıran zindan rəisi məni zəhmli baxışları altında əzməkdə davam edirdi. Yenidən bir barmağımı havaya qaldırıb, yalnız bir dəfə… Yalvarışlı səslə havada olan şəhadət barmağımı ona göstərdim. (Zavallı görkəm alır). Dedi, mən sən düşündüyün qədər də qəddar adam deyiləm! (Üzünü qarşı tərəfə çevirir). Rəisin cavabı mənə üz verdi. (Dönüb sağ tərəfə baxır). Ağeyi Allahkərim, kimsə bilməsə də, mən şahidəm ki, sən pis adam deyilsən. İmama sadiqsən, mömünsən! Lənət olsun, sənin papağını yerə soxan övlada, üzünü qara edib. Haqqına qalsa, mən də bilirəm, sən buna layiq deyilsən… (Pauza)
Bu dəfə mənim haqqımda deyilən müsbət fikirlərdən ürəklənib yalvarışımı davam etdirdim: (Səsinə mülayimlik qatıb yalvarıcı tərzdə). Bircə dəfə onu görüm. (Susub sərt görkəm alır). Kişi, sən nə düşünürsən? Sən tək imanlı bir adam kafirləmi görüşəcəksən? (Qarşı tərəfə çevrilir).
İndi sorsan mən orda – o qədər düşmən arasında yalnız qala-qala özümdə bu qədər cürəti hardan tapdığımı bilmirdim. Dedim, ağa, vidalaşım, vəssalam… (Pauza, sağ tərəfə dönüb durur). Hııı… vida edəcək…
Allahkərim:
Ata, yalvarma onlara! Lütfən, ata, (Allahkərim yuxarı baxır) alçalma onların qabağında! Bunu sənə qıymaram!
( Pauza)
Bu səs hardan gəlir? (Sağa, sola boylanır. Yerində fırlanır). Ordan… (Qabağa qaçır). Yox, yox (Əli ilə yox işarəsi göstərir), ordan deyil. Bu qədər yaxın ola bilməz. Amma bilirəm onun səsidir. (İkiəlli başını tutub əlləri arasında ovuşdurur, sıxır). Bəs, o hardadır?
O, hardan izləyir məni? Görəsən, mən dəli olmamışam ki? Güman ki, artıq ağlımı itirmişəm. Əks halda ruhla kimsə bu qədər uzun-uzadı danışa bilməz. Sanki bir bədəndə iki can yaşayır (Əlini sinəsinə dirəyir), o mənim içimə hopub bəlkə? Bəlkə edam edilməmişdən öncə ruhunu mənə vəsiyyət edib?
(Pauza, gözünü uzağa zilləyir, axtarır).
Hardasan? Dillənsənə?
(Yerində fırlanır). Qurtar məni bu ölü canların əlindən. Rejimin bu qulları ölü doğulmuşlar, o üzdən bunların ruhu yoxdur. Özlərini şeytana satmış zavallılar, zənn edirlər insandılar.
Susur, udqunur.
Rəis sözünü qurtarar-qurtarmaz birdən kəsib mənə ani göz atdı. (Bir müddət yerində donub durur). Sonra irişən pastarlara tərəf çönərək quru səslə
göstəriş verdi: (Ciddi görkəm alıb səsini sərtləşdirir). Bu binəvaya yolu göstərin çıxıb getsin! (Əlini sinəsinə basır). Mənə isə azca yumuşaq səslə: – Torba qoy qalsın! – dedi.
Yolasalma mərasimi uzun sürmədi. Rəis başı ilə pastarlara işarə
edəntək biri qapını açıb məni qabağa buraxdı, (Əli ilə irəlini göstərir). Digəri (Susur, azca pauzadan sonra) digəri arxadan pencəyimi dartdı. (Əlini arxaya uzadıb öz paltarından tutub dartır). Arxaya qorxa-qorxa döndüm. (Arxaya dönür). Canıma viz-vizə düşmüşdü məni yenidən o otağa qaytararlar deyə. Yerimdə mıxlanıb qaldım. Arxadakı pastar qucağıma bunu basdı. (Qucağındakını qabağa uzadıb diqqətlə baxır). Onun idi, onunku idi… Güllü yaylığına bükülmüşdü zindana düşərkən əyninə geydikləri.
Həmin səhər imtahana gedəndə həyət darvazasınının ağzındakı qırmızı qızıl gülü iylədi. Sonra da şehə batmış burnunu yaylığının ucu ilə sildi. (Şalı burnuna tutub qoxlayır). Görəndə ki hərəkətlərinə göz qoyub gülümsəyirəm, gülü qoparıb mənə atdı. (Sinəsinə basıb oxşadığı şirinlik torbasının içindən bir konfet götürüb gülə-gülə tullayır). Səssiz ayrıldıq…
Qəfildən arxaya çevrilib: “Ata, imtahana tələsirəm, balıqlara yem at!” Əvvəlki təbəssümlə qarşıladım son ricasını.
Uzun bir pauza.
Asta addımlarla səhnədən çıxır. Qaranlıq aləm. Sonra ala-toran işıq altında Allahkərim görünür, yerdə oturub.
Allahkərim
Saatlı Məsciddən Urmiyə üzərinə yayılan azan səsi bitənə qədər bayır qapının kandarında beləcə oturdum. Düyünçəni sinəmə basıb lal-dinməz gözlərimi naməlum bir nöqtəyə zillədim. Qəfildən yadıma düşdü, səhər evdən tez-tələsik çıxdığımdan balıqları yemləməmişəm. Əlimi yerə dirəyib taqətsiz ayağa qalxanda (Yerindən qalxır) qızımın düyünçəsi açılıb yerə töküldü.
Əllərim titrəyə-titrəyə əşyaları yığıb sinəmə basanda qızımın gül şehini sildiyi şalını acgözlüklə qoxulayıb ciyərlərimə çəkdim. (Güllü yaylığı qoxlayıb gözlərinin üzərinə basır). Bəlkə də məni qara basır, nədənsə mənə elə gəlir orda kimsə var. (Ayaq barmaqları üzərinə qalxıb boylanır, bir əlini gözlərinin üzərinə qoyub diqqətlə baxır). Xof, qorxu gözümə ancaq cin-şeytan göstərir.
Dəhlizdən akvariumu alıb küçəyə çıxan an ilk göz-gözə gəldiyim təkgöz molla oldu. Ah, demək, cin-şeytan cildində görünən bu imiş – Sakta balığı. Böyük dəryadakı Balaca Qara Balıqların qənimi! (Üz-gözünü turşudur, yaltaqlanaraq). Xeyir ola, qonşu, nə tələsik işdir? (Pauza). Balıqları gözü ilə yeyən o həpəndin sualını cavabsız qoydum. (Başını yana çevirib). Amma rədd ol, deyə bilmədim. Deyə bilmədim, qızımın qatilini görmək mənə xoş deyil…
Küçə ilə üzü aşağı kimsəyə məhəl qoymadan yavaş addımlarla irəlilədim. (Akvariumu sinəsinə basıb gedir). Yolda-rızda qarşıma çıxan hər kəs ayaq saxlayıb mənim anlaşılmaz hərəkətlərimi gözdən qoymurdu. Qara
Balığın qadağan olunduğu bir ölkədə bu balıqlarla günün-günorta çağı uzun yola çıxmış adam həm də cəsur ürək sahibi idi. Hiss edirdim izləyicilər tərəfindən gizlincə alqışlanırdım. Keçmiş zoo mağazanın qapısına çatanda ani ayaq saxladım, (Sinəsinə sıxdığı akvariumla dayanıb qarşıya baxır) diqqətlə içəri
baxdım. “Ata, bunu, bax, bunu deyirəm!” Fatmanın akvariumda
ən cəld üzən Qara balığı gözdən qoymamasını bir film lenti kimi
xəyalımda canlandırdım. “Bəs, ikinci?” Rza Səbri ağa balığın cüt
olmasının vacibliyini uzun-uzadı qıza nağıl etdi. O üzdən Fatma ikincini axtarırdı, tapmaqda çətinlik çəkirdi. Birinci balığa tay olacaq qıvraq üzən balıq gözə dəymirdi. Balıqların görkəminə Rza Səbri ağa haqq qazandırdı: “Təzəcə yemlədiyimdən, ağırlaşıb tənbəlləşiblər deyə, üzə bilmirlər. Bir də isti havada bunlar üzməyi sevməz.” (Gülümsünür). “O zaman ikincini balıqlar ac olanda gəlib alarıq!” (Gözləri yol çəkir). Fatmanın zaman təyini məni necə güldürmüşdüsə, indi də o anı xatırlayanda qanım anidən duruldu. (Köks ötürdü). Məni dükanın vitrin pəncərəsindən müşahidə edən satıcı əlindəki akvariumdan balıqları tutmaq üçün istifadə etdiyi kəpənək toru ilə özünü bayıra atanda dal-dala çəkildim. (Dal-dala gedir). Satıcı uzun saqqallı, qara əbada idi, amma o zaman biz Balaca Qara balıqları buradan alanda satıcı solçu idi. Deyib, gülür, şuxluq edirdi bizimlə. Həm də kostyumda.
Addımlarımı yeyinlədib ordan uzaqlaşdım. Urmu gölünün sahilinə qədər beləcə heç kimsəyə məhəl qoymadan, nəfəs dərmədən Qara Balıqlarla baş-başa qaldım. (Diz çökür, əlini akvariuma salır). Akvariumu əyib suyu ilə birgə
balıqları gölə buraxdım. Bəlkə də istidən idi, onlar böyük dəryaya
düşdükləri an üzüb uzaqlaşmağa cəhd etmədilər. Məndən üzlərini çevirib dərinliyə yön alanda əlimi suya salıb arxalarıyca bir ovuc su atdım. Onlar dərya kənarından ümmanlığa üz tutana qədər bir xeyli onların arxasınca səssiz-səmirsiz baxdım.