Ədəbiyyat kimlik, azadlıq sualını cavablamalıdır
Tanınmış yazar Eluca Atalı “Anında Bursa” dərgisi ilə həmsöhbət oldu: “İnsan dünyaya sığmaz, amma Vətənə sığar!”
Azərbaycan ədəbiyyatının orijinal və güclü qələm sahiblərindən biri olan Eluca Atalı ilə ədəbiyyatın sosial məsuliyyəti, türk dünyasının mədəni gələcəyi, milli kimlik, azadlıq, qadınların cəmiyyətdəki yeri və Atatürkün türk milləti üçün daşıdığı məna haqqında danışdıq.* Savaş Ermanın xüsusi müsahibəsi…
Ədəbiyyat sadəcə sözlərin birləşməsi ilə yaradılan bir sənət növü deyil. Bəzən bir millətin yaddaşı, bəzən susdurulmuş bir cəmiyyətin səsi, bəzən isə öz varlığı ilə böyük bir hesablaşmadır. Qələmlərini yalnız hekayələr danışmaq üçün deyil, həm də fikirlərini müdafiə etmək, tarixi yaddaşı yaşatmaq və insanları öz kimlikləri üzərində düşünməyə dəvət etmək üçün istifadə edən yazıçılar var.
*Azərbaycanlı yazıçı Eluca Atalı ədəbiyyata bu məsuliyyətlə yanaşanlardan biridir.*
Onun dünyagörüşündə vətən sadəcə yaşadığı torpaq deyil. Vətən insanın öz mənliyi, yaddaşı, dili, mədəniyyəti və keçmişi ilə qurduğu qırılmaz bağdır. Azadlıq təkcə siyasi sərhədlərin aradan qaldırılması deyil, həm də insanın öz düşüncələrini, iradəsini və şəxsiyyətini təsdiqləmək qabiliyyətidir.
Eluca Atalının əsərlərində türk dünyasının tarixi toplanması, Cənubi Azərbaycanda kimlik və ana dili uğrunda mübarizə, qadınların azadlıq axtarışı və öz varlığını sorğulaması mühüm əhəmiyyət kəsb edir. Müəllif iddia edir ki, ədəbiyyat yalnız keçmişi danışmaqla kifayətlənməməli, həm də gələcəyə intellektual miras qoymalıdır.
Bursa üçün apardığımız bu eksklüziv müsahibədə Eluca Atalı ilə Türkiyə və Azərbaycan arasındakı ədəbi əlaqələr, “iki dövlət, bir millət” anlayışının mədəni həyatda əks olunması, türk dünyasında ortaq əlifba tədqiqatları və gənc nəslin tarixi şüuru haqqında danışdıq.
Türkiyədə nəşriyyat dünyasına qarşı tənqidlərini də açıq şəkildə ifadə edən Atalı, Azərbaycan ədəbiyyatının Türkiyədə kifayət qədər təbliğ olunmadığını vurğuladı və iki ölkə arasında daha güclü mədəni və ədəbi körpülər qurmağın vacibliyinə diqqət çəkdi.
Bursa ilə tarixi əlaqələrindən də danışan müəllif, 2015-ci ildə bu şəhərdə keçirdiyi konfransı xatırladı və Bursadakı kitabsevərlərlə yenidən görüşmək arzusunu bölüşdü.
Müsahibəmizin bəlkə də ən diqqət çəkən hissələrindən biri Eluca Atalının türk gənclərinə mesajında gizlənir: “Atatürk olmasaydı, bu gün necə bir Türkiyədə yaşayacaqlarını düşünməlidirlər. Türk gəncləri bu vətəni onlara vəsiyyət edən şəxsin kim olduğunu öyrənməlidirlər.”
Ədəbiyyatın gücündən milli kimliyə, azadlıqdan özünü kəşf etmək uğrunda mübarizəyə qədər uzanan bu söhbətdə bəzən müzakirəyə açıq, bəzən düşündürücü, bəzən isə güclü tənqidlərə səbəb olan mövzularla qarşılaşacaqsınız. Çünki ədəbiyyatın ən vacib vəzifələrindən biri insanları düşünməyə, sorğu-sual etməyə və öz cavablarını axtarmağa yönəltməkdir.
İndi isə sözü ədəbiyyatı düşüncə və mübarizə sahəsi kimi görən Eluca Atalıya veririk.
Ədəbiyyat, kimlik, azadlıq, türk dünyası, qadın hüquqları, ortaq əlifba, mədəni irs və gələcək mövzularında 15 sual, 15 cavab.
S.E: Eluca xanım, sizin üçün ədəbiyyat sadəcə bir sənət növüdür, yoxsa insanın özünü, cəmiyyəti və tarixi dərk etməsi üçün bir yoldur? Sizi yazmağa sövq edən ən güclü hiss nədir?
E.A: Ədəbiyyat mənim üçün ilk öncə söz sənətidir, həm də son dərəcə ehtiyatlı davranmağı tələb edən bir sənət növüdür. Ədəbiyyat zarafat götürən sənət deyil, sözdən necə gəldi istifadə edim, filan. O deyil! Söz məndən ötrü özündə sirr, sehr gəzdirən böyük, cazibədar bir qüvvədir və qalır bu varlıqdan düzgün bəhrələnmək. Sözdən abidə qoyulur ədəbiyyatda. Məgər bunun örnəyini klassik ədəbiyyatda görmürükmü? Biz Nizamini, Füzulini, Nəsimini, Xəqanini, Yunis İmrəni, Cəlaləddin Rumuni, Şəmsi Təbrizini sözü ilə tanımırıqmı? Onların yaratdığı söz sənəti bu gün onları ölümsüz edib. Əgər onlar sözdən düzgün bəhrələnməsəydilər, bu gün nə adları, nə izləri qalardı tariximizdə.
Amma ədəbiyyatın özü mənim üçün məqsəd deyil, bir vasitədir ideyalarımı çatdırmağa, istədiyim mesajı insanlara, oxucu kütləsinə verməyə və həm də əvəzsiz vasitədir. Çünki sözün bütün çalarlarından yerli-yataqlı bəhrələnmək mümkündür ideyanı istənilən formaya salmaq üçün. Məni yazmağa sövq edən ilk növbədə özümü ifadə etməkdir. Yazmaq – insanın özünü ifadə vasitəsidir. Sən nə düşünürsənsə, özünü və qarşındakını necə görürsənsə onu ifadə edirsən. Və hətta görmək istədiyini təsvir edirsən, əlbəttə, mahiyyətdən çıxış edərək. Ədəbiyyatın başqa sənət növündən üstünlüyü də elə budur, gələcək haqqında düşüncələrini təsvir edirsən.
S.E: Yazıçının vətəni ilə əlaqəsi onun əsərlərinin ruhunu necə formalaşdırır? Bir insanın, hətta uzaqda olsa belə, vətənini heç vaxt tərk etməməsi mümkündürmü?
E.A: Vətəndə doğulub, ordan bir gün belə uzağa çıxmayan o qədər vətənsizə rast gəldim ki, sözə sığacaq mövzu deyil. Asif Ata “Ömrüm-Gümüm” aftoqrafik kitabında yazır ki, “Moskvadakı Lenin adına nəhəng kitabxanaya gedib dünya tarixini, ədəbiyyatını, incəsənətini, mədəniyyətini öyrəndim, amma vətənim Azərbaycana bir cümlə də olsun yer ayırmamışdılar o cild-cild kitablarda. Azərbaycanı xüsusi öyrəndim və bu zaman belə bir fikrə gəldim: Vətən dünyadan böyükdür, bu səbəbdən insan dünyaya sığmır, amma vətənə sığır.” İnsan özünü necə yetişdiribsə, vətənə baxışı da özünə olan münasibətlə bağlı olacaq. Çünki vətən adi torpaq, daş deyil, vətən mənlik məsələsidir və daha çox özünü dərklə bağlıdır. Türk dünyasının çıxış nöqtəsi olan Çanaqqalanı, “İnsan Allahdır!” – deyən İmaməddin Nəsiminin doğulduğu Şamaxı torpağını, Fəzlullah Nəiminin yurdu olan Təbrizi yox, Məkkəni, Kərbəlanı müqəddəs sayanı vətənli hesab etmək olmaz. Yad baş, manqurt vətənin nədənliyini anlamaz.
Mən vətəndən fiziki baxımdan uzağam, amma ruhani baxımdan vətən daim mənimlədir. Əks halda nə “Tiqranizm Xocalıda”, “Nalşəkilli mühasirə”, “İran Hizbullah zindanında”, “Yurd daşı”, “Açılmayan güllə” və nə bu kimi bir çox əsərlərimi yaza bilməzdim. Özünü vətənli hiss etməyəndə vətən dərdini yazmağa maraq olmaz. Vətəndən çıxırsan, amma vətən sənlə olur. Nədir bunun fəlsəfəsi? Sən vətən adlı bir sevgili ilə bağırdaş olmusan, onu öz düşüncənə, duyğuna yükləmisən. O üzdən o daim səninlədir, səndən çıxmır.
S.E: Bu gün kitablar ədəbi dəyərindən daha çox yüksək satışı və populyarlığı baxımından müzakirə olunur. Sizcə, ədəbiyyat ticarət qayğılarının kölgəsində öz ruhunu və sosial məsuliyyətini qoruyub saxlaya bilərmi?
E.A: XVI əsrdə İohann Qutenberqin kustar üsulu ilə “Müqəddəs Apostolun əməlləri” kitabını çap etməsi dünyada yeni bir sivilizasiyanın bünövrəsini qoydu: çap məhsulu. Bu hardasa bir mədəni inqilab idi. Onun əməli bütün dünyada göründü, çünki ilkin idi. Əməlin özündə reklam vardı. İxtisasca kitabxanaçı və kitabşünas olduğum üçün kitab reklamının faydasını üstün tuturam, bunu əvvəlcədən demək istərdim. Çünki bugünkü günümüzdə çap məhsulu hədsiz çoxdur, üstəgəl səsli və görüntülü bilgiləri də ora əlavə etsək, o zaman kitab reklamının düzgün yöndə olmasını söyləməliyik. Qaldı populerlığa, bu gün gündəmi zəbt edən ən çox məişət səviyyəli ədəbiyyatdır, bəzən buna sarı ədəbiyyat da deyirlər. Bura mövzu baxımından dedektiv, macəra, erotika daha çox aiddir. Bunların çoxu ədəbi baxımdan ciddi ədəbiyyat sayılmır, uzun yol gedərkən, vaxt öldürərkən oxumağa hesablanmış kitablardır, çünki oxuyarkən düşünməyə ehtiyac duyulmur. Amma təəssüf edirəm, bu gün ciddi ədəbiyyat hesab edilən klassiklər də ya oxunmur, ya da az oxunur. Ədəbiyyat insanın özünə vaxt ayırmasını, özü ilə təkbətək qalmasını tələb edən sənətdir. Sizin sualınıza konkret cavab vermək lazım gələrsə, belə deyərdim: müasir insanlar öz taleylərini zamanın ixtiyarına buraxıblar bir növ, bu üzdən ciddi ədəbiyyata vaxt ayırmırlar və önəm verilmir. Dərk etmək lazımdır ki, insanı ciddi ədəbiyyat yetişdirə bilər. “Əsl ədəbiyyat özünə yol açacaq” deyirlər, mən belə şüarçılıqdan uzağam. Əsil ədəbiyyat təbliğ olunmalıdır ki, oxucuya ədəbi əsər seçimində kömək olsun.
S.E: Sizcə, Türkiyə və Azərbaycanla bağlı tez-tez istifadə olunan “İki dövlət, bir millət” ifadəsi ədəbiyyat, incəsənət və mədəniyyət sahələrində kifayət qədər əks olunubmu? Çatışmazlıqlar nələrdir?
E.A: “İki dövlət, bir millət” anlayışını səhv düşünənlər daha çoxdur və ya bu ifadəni özlərinə sərf edən kimi bəhrələnməyə can atırlar. Bunun örnəyi son günlərdəki “hicab oyunu”nda da acı nəticəsini gördük. Amma bir millət olaraq gerçəkdən böyük ədəbiyyat yarada bilmişik ki, saymaqla bitən deyil. Qalır, ondan düzgün bəhrələnmək. Ədəbiyyat yaradıb çap etdirmək işin birinci mərhələsidir. İkinci və önəmli mərhələ onun oxucuya təqdim edilməsidir. Türkiyədə sezdiyim bir boşluğu deyəcəm. Azərbaycanın lazımlı ədəbiyyatı Türkiyədə tanınmır, təbliğ edilmir. Azərbaycan ədəbiyyatı ilə bağlı Türkiyədə elə bir mənzərə var ki, sanki bizim ədəbiyyat ancaq Azərbaycan Yazıçılar Birliyində kreslo sahibi olmuşların yaratdıqlarından ibarətdir. Bununla “bir millət” ifadəsini yarada bilməzsən. Əskik qalan yönümüz insanlıqla bağlıdır. Hər iki dövlət tərəfindən ədəbiyyatı təbliğ edənlər öz eqolarını və mənəm-mənəmliklərini kənara qoymalıdırlar.
S.E: Ortaq tarix, dil və mədəniyyətə sahib olmalarına baxmayaraq, türk dünyasının ədəbiyyat sahəsində kifayət qədər inteqrasiya olunmadığına dair qiymətləndirmələr mövcuddur. Sizcə, ortaq türk dünyası ədəbiyyatının qarşısında ən böyük maneə nədir?
E.A: Ortada olanlar türklük mahiyyətinə yetməyənlərdir. Türk ədəbiyyatını rəsmi formada təbliğ edənlərin özlərinin türklük mahiyyəti olmaması ədəbiyyatda böyük əngəldir. Ortada 5-10 nəfər var, onların da işləri bir-birinin yaxasına orden-medal taxıb bir-birini tərifləməkdir. Ədəbiyyata nə yenilik gətiriblər, hansı ideyanı həll ediblər, məlum deyil. Ədəbiyyat təmənnasız xidməti, fədakarlığı sevər. Ortada ədəbi məhsul yoxdur, fikir, düşüncə yoxdur, amma maddi olan var – təltiflər. Əsl ədəbiyyatın nə təltifə, nə də tərifə ehtiyacı var. Ciddi əməllər ortaya qoyulmalıdır. Axı ədəbi baxımdan sözün demiş şairlər, yazarlar var, niyə onlar yalnız yubileydən-yubileya yad edilməlidir? Milli düşüncəyə, ortaq ədəbi mühitin yaranmasına xidmət edən əsərlər, yaxşı ədəbi məhsullar təbliğ edilməlidir. Türkiyənin ana okullarında hansı Azərbaycan ədibi və ya Türk Dünyasının sanballı ədəbi əsəri öyrədilir? Hər şey təməldən başlanmalıdır.
S.E: Türk dünyasında ortaq əlifba və dil birliyinin yaradılması səyləri gələcəyimiz üçün vacib bir gündəm təşkil edir. Sizcə, ortaq əlifba mədəni inteqrasiyaya və ədəbi əsərlərin daha geniş auditoriya üçün əlçatanlığına necə təsir göstərəcək?
E.A: Ortaq əlifba məsələsi artıq 40 ilə yaxındır ki, Türk Dünyasında ortaya atılıb. Necə ki, XX əsrin əvvəllərində ortaq türk dili məsələsi ortaya atılmışdı, fikir alış-verişi olaraq qaldı. Düzdü, sovet hegemon sistemi ortaya girib Türk Dünyasını param-parça edib türk sözünü aradan aparmaq üçün tatar, azərbaycanlı, özbək, qırğız, türkmən, qazax və s. “millətlərə” böldü. “Parçala və hökm sür” siyasəti ilə millətləri rus imperiyasının içində əritmə siyasəti ortaq dil məsələsinə zərbə vurdu. Bəlkə də 70 il imperiya tərkibində olmasaydıq, bu gün həll etmək istədiyimiz ortaq əlifba məsələsində də müəyyən işlər görmüş olardıq. İmperiyanın manqurtlaşdırma siyasəti milli təfəkkürü tam öldürə bilməsə də, amma əsarətində saxlaya bildi. Düşünürəm, ortaq əlifba türkdilli ədəbiyyatın maneəsiz oxunmasına bir vasitə olar. Bunu həm də bütün tük dillərinin itməməsi şərti ilə etmək gərəkdir, çünki hər dilin özünün gözəlliyi, şirinliyi var.
S.E: Cənubi Azərbaycanda türk kimliyinin, ana dilinin və mədəni dəyərlərinin qorunması məsələsini necə qiymətləndirirsiniz? Bu baxımdan bir yazıçının məsuliyyəti haradan başlayır?
E.A: Bu yolda yazarın missiyası və ya çiyninə düşən yük ağırdır. Sadaladığınız bütün məsələlərə tərəfsiz, açıq gözlə baxmalı, milli təfəkkürə sahib olmalıdır. Əgər bir yazar xəlqi dəyərlərə sahib deyilsə, o nə ana dili, nə də Türk kimliyinin qorunmasını öz qələm məhsulunda verə bilməz. Əgər yazarın düşüncəsində milli kimlik məsələsi həll olunmayıbsa, o qələmdə bunu necə izhar edə bilər? Yazar beynindəki və həyatındakı yad ideologiyadan qurtulmalıdır ilk növbədə. Bir misal çəkim və həm də bu mənim yaralı yerimdir. Bizim klassiklərimizin gücünü dinə bağlamaq da yanlışlıqdır. Burda da yadlıq var. Türk öz dəyərlərinə sahib olmasa, məhv olar. Asif Atanın bri fikri var, deyir: “Mən məəttələm bu millətin üzü özgəçiliyə meyilliliyinə və tarixi yaddaşsızlığına.” Başqasının içində ərimək kimliyini itirmək deməkdir. Güney Azərbaycanda milli kimlik, mədəniyyt və ana dilinin üzərində basqı güclüdür. Ordakı türklər övladlarına türk adını qoya bilmirlər, qadağa var. Ana dilində məktəb yoxdur, latın əlifbası ilə kitab çapı qadağandır, hətta məktəbdə ana dilində kəlmə işlədən belə cəzalandırılır, xüsusi cərimə sandıqları var ki, orta məktəbdə uşaq türk dilində söz söylərsə valideyn cərimə sandığına pul atmalıdır. Bu millətə və insanlığa təhqirdir. Qədim türk abidələri məhv edilir, yer adları dəyişdirilib farslaşdırılıb və s. Bütün bunlar milli yaddaşa olan basqıdır. Yazarın borcu yaddaşı diri saxlamaqdır. Mən öz borcumu “İran Hizbullah zindanında” kitabında yerinə yetirməyə çalışaraq Urmu şəhərini əsərdə mərkəz seçib farslaşdırılan yurd yerlərimizi türkcə canlandırdım. Bunu bütün qələm sahibləri etməlidilər.
S.E: Türk tarixi boyunca qadınlar ictimai həyatda mühüm rol oynayıblar. Bu gün türk dünyasında qadınların mövqeyini necə qiymətləndirirsiniz? Ədəbiyyat qadınların azadlıq və bərabərlik uğrunda mübarizəsində hansı rol oynaya bilər?
E.A: Türk qadınının kim olduğu, nəyə qadir olduğu bizim “Kitabi Dədə Qorqud” dastanlarımızda var. Qadın at çapır, gələcək əri ilə qurşaq tutub güləşir, ox atır, kişidən çəkinmir, sözünü deyir. Kişi də qadına yad gözlə baxmır, ona baxtım deyir, taxtım deyir, evinin dirəyi hesab edir. Başının tacı sayır. Dədə Qorqud dastanları bizim əxlaq kodeksimizdir. İslamda olan qadına şəhvət gözü ilə baxmaq, bir kişinin 4 arvadı ola bilər murdarlığı bizə yaddır. Eyni zamanda da hərəmxana murdarlığı. Bunları biz deməliyik. Çünki bu da ədəbiyyatımızın problemidir, yadlığı, bizə sırıdılan milli kimliyimizə yad adətləri göstərməliyik. Türk dünyasında savaşçı qadınlar olub, yadellilərin üzərinə alıcı quş kimi şığıyıb yurdu azad ediblər. Biz o qadınların törəmələriyik – Tomrislərin, Zeynəb paşaların, Sara xatunların! Biz Türk qadını olaraq Fatmaların, Zeynəblərin, Ayişələrin nəslindən deyilik və hicaba bürünüb kişidən qorunmağı, gizlənməyi namuslu hesab etməmişik, etməyəcəyik də. Namus bürünməkdə deyil, dodağın həyasındadır. “Sifət – kitabdır!” – deyib bizim dahilərimiz, o kitabı insan sifətində oxumağa ədəbiyyat yardımçı olmalıdır. Bütün sadaladıqlarımı yaxşı olardı qadın yazarlar özləri qələmə alsınlar, çünki onlar kişilərdən yaxşı problemi duyurlar özləri də qadın olub dərdi yaşadıqları üçün. Lakin qadın yazarlarımızın çoxsunda ön yarğı var: ailədən, cəmiyyətdən özlərini qorumaq üçün elə yazırlar ki, sanki əsər kişi qələmi ilə təsvir edilib. Qadın azadlığı və qadın kimliyinin izharında qələm böyük rol oynaya bilər, əgər istedadlı qadın yazarlarımız sevgidən savayı mövzuya meyl etsələr.
S.E: Azadlıq mövzusu ədəbi əsərlərinizdə və intellektual dünyanızda mühüm yer tutur. Sizcə, insanı həqiqətən azad edən nədir? İnsan fikirlərini sərbəst ifadə edə bilmədiyi bir cəmiyyətdə nə dərəcədə azad ola bilər?
E.A: “Özünə hakim ol ki, kimsə sənə sahib olmasın. Özünə sahibsizlikdən başlar özgələrin sənin üzərindəki hakimliyi!” Sizin çapa hazırladığınız “Kendini getir” kitabımın daşıdığı əsas mahiyyət budur – ÖZGÜRLÜK! Azadlıq, özgürlük mənim əqidəmə, dərk etdiyimə görə, kamilliklə bağlıdır. İnsan nöqsanlarından asılıdırsa, o azad ola bilməz. Ədəbiyyatda hər cür adam var: əyyaş, mənfəətpərəst, vətənsiz, milləti hər nə dəyərə desən satan və s. Represiya dövründə bunu daha açıq formada gördük, indi isə gizlin şəkildə gedir. Ən çox da ad-san qazanmaq üçün bu yola gedirlər. Unutmaq lazım deyil ki, siyasətlə ədəbiyyat bir-birinə daban-dabana ziddir. Siyasi aləmdə kimsə kimsəni vurmasa özünə yer edə bilməz, çünki siyasi meydan çox dardır, orda insanlığa yer yoxdur. Siyasət mənfəət üzərində qurulub, siyasətdə məhəbbət yoxdur, qazanc var. Qazanc olan yerdə insanlıq ölür. Ədəbiyyatda isə əksinə, ədəbi səma çox genişdir. Kimsə kimsəyə mane olmadan qanad açıb uça bilər, çünki ədəbiyyat ruhla bağlı olan bir sənətdir. Qaldı, toplumda fikri özgürcəsinə ifadə etməyə. Heç bir cəmiyyət insanın boyuna biçilməyib, hələ ki insani səmiyyət yaranmayıb. O üzdən yazar çalışmalı deyil ki, cəmiyyət ona imkan versin sözünü deməyə. Məgər böyük ədəbiyyatlar cəmiyyətə sığaraq yaranır, yoxsa cəmiyyətdən, zamandan, mühitdən, şəraitdən, bugündən yüksəyə qalxaraq yaranır? Asif Ata təqiblər dövründə yazdığı bir rübaisində deyir:
Zaman qul istəyir, qul olmaz insan,
Yoxuşlu yollarda yorulmaz insan.
Göy yerə tökülər, çaylar tərs axar,
Zəmanə yanılar, yanılmaz insan!
Yazarın işi aydınlaşdırmaqdır. Əgər yazar, aydın zəmanəyə pərçimlənirsə, o zaman xalq uçuruma yuvarlanır.
S.E: Bugünkü gənc nəsillər rəqəmsal dünyanın təsiri altında böyüyürlər. Sizcə, gənclər öz tarixlərini, mədəniyyətlərini və ədəbiyyatlarını kifayət qədər mənimsəyirlərmi? Türk dünyasının gələcəyi üçün gənclərin hansı məsuliyyətləri var?
E.A: Gənclər dediyimiz yükünü orta məktəbdən götürməlidir. Tarixi bir dərs kimi yox, qürur mənbəyi kimi aşılamaq lazımdır. Tarix qiymət xatirinə, imtahanda müəllim sualına düzgün cavab verməklə aşıb gediləsi elm deyil. İnsan tarixini öyrənəndə kimliyini dərk edə bilir və özünə güvənli olur. Eyni zamanda da ədəbiyyat və mədəniyyətə baxış belə olmalıdır. O üzdən auditoriyaya girən müəllimin məsuliyyəti dərk etməsi önəmlidir. Qarşısındakı uşağa və ya tələbəyə şəxsiyyət kimi yanaşmalıdır, yalnız mütəxəsis və böyüyüb özünə sənət seçəcək bir varlıq kimi baxmamalıdır. Şəxsiyyətsə öz kimliyini dərk etməklə yetişir, onu yetişdirən ən önəmli amilsə ədəbiyyat, tarix və mədəniyyətdir. Bir millət tarixə və dünyaya nə verməsi ilə hesablanar. Gənclərdən məsuliyyət tələb etmək, cavabdehlik məsələsinə gəldikdə bir məsəli söyləyəcəm. Biz onlara çömçə ilə verib, qaşıqla tələb etməliyik. Yəni onlara sadaladığım sahədə çox şeyi və hərtərəfli öyrətməliyik. Yaddaşlarında qalanı və həyat tərzinə onun bir hissəsini aşılasalar belə, bu yetər. Amma yazar və ya müəllim onlarla çox işləməlidir. Milli təfəkkürdən söz düşmüşkən, bir hadisəni də deyəcəm. 80-ci illərdə Türkiyədə devrim olduqda Avropada sığınacaq alan solçuların çoxusu Avropadakı məktəblərdə – orta məktəb və liseylərdə ana dili müəllimi kimi çalışdılar və onların təbliğ etdiyi “dədələrimiz soyqırım yapdı” deməsi idi. Bu Avropa siyasətinə yarayır, digər bir halsa solçularda milli təfəkkürün ya olmaması, ya da zəif olmasından doğur. Biz indi bunun bəlasını çəkirik.
Gənclərin digital təsirdə olması qaçılmazdır, bu hardasa öyrənmə texnikasının dəyişməsi anlamına gələr. O üzdən onlara lazım olan informasiya digital vasitəsi ilə çatdırılarsa, biz qazanarıq.
S.E: Dünyada artan müharibələr, miqrasiyalar və sosial münaqişələr dövrünü yaşayırıq. Belə bir dövrdə yazıçı sadəcə baş verənləri müşahidə edən, yoxsa ədalətsizliyə qarşı açıq şəkildə mövqe tutan ziyalı olmalıdır?
E.A: Üsyankar ruh olur yazarlarda, bu səbəbdən ətrafında baş verən hadisələrə biganə qala bilmir və ya qalmamalıdır. Digər tərəfdən yazarlıqda böyük imkan var, o keçmişi, yəni, tarixi olaylara həqiqətin gözü ilə baxıb yaza bilər, bugünün hadisələrini, yəni ətrafında baş verənləri düzgün dəyərləndirib yaza bilər və həm də gələcəyi fəhmlə təsvir edə bilər, hətta xilaskar obrazını da yarada bilər. Dostoyevskinin “Şeytanlar” romanı var, orda Rusiyada inqilab edəcək şəxsin obrazını təsvir edir. O bir ziyalı fiquru yaradır, lakin sovet dövrünün yalmançı ədəbi tənqidçiləri yazırlar ki, Dostoyevski dahidir, fenomendir, o Leninin inqilab rəhbəri olacağını öncədən hesablaya bilib. Bu bir cəfəngiyyatdır. Əsər 1873-cü ildə çap olunub, onda Volodiyanın cəmi 3 yaşı vardı, təbii ki, heç yerdə tanınmırdı, nə də qeyri-adi bir uşaq-filan deyildi. Ən əsası fikir sahibi deyildi. Lakin Dostoyevski yazıçı idi və o Rusiyanın o zamankı durumunu hesablayırdı. Rus mujiki və ya fəhləsi inqilabın rəhbəri ola bilməzdi, hərəkətverici qüvvəsi ola bilərdi bir kütlə kimi, lakin inqilaba rəhbərliyi fikir adamı olan ziyalı etməliydi. Həm də o dövrdə maarifçilər, xalqçılar hərəkatı vardı ki, kütləni oyadırdılar 1861-ci il təhkimçilik hüququnun ləğvindən sonra. Bunun əsasında yazıçı-mütəfəkkir Rusiyanın gələcəyini hesablayırdı. Rus mujiki qiyamçı olaraq yalnız 1905-ci ilin 9 yanvarında Sank-Peterburqda çar sarayına əldə yaba, balta ilə hücum edə bilərdi.
Söhbəti ümumiləşdirsək, yazar gedişata əsasən gələcək haqqında öncədən proqnoz verə bilər. Çünki onda güclü təhlil qabiliyyəti formalaşır.
Sizin sadaladığınız mövzularda da, ən çox da savaşın qeyri-insani olduğundan yazan yazarlar çoxdur.
S.E: Türkiyədəki ədəbi və nəşriyyat dünyasını necə qiymətləndirirsiniz? Sizcə, Azərbaycan yazıçıları Türkiyədə kifayət qədər tanınırlarmı? İki ölkə arasında daha güclü bir ədəbi körpü necə qurula bilər?
E.A: Türkiyənin zəngin ədəbiyyatı olduğunu yuxarıda qeyd etdim, həm də Türkiyədə ədəbi məktəb və ənənə var. Bugünkü türk ədəbiyyatı yoxdan yaranmır və kənardan gəlmir ideya, ədəbi bünövrə var, onun üzərində qurulur yeni ədəbiyyat. Amma dini ədəbiyyatın xəlqi ədəbiyyatdan çox çap olunması özü bir mənfi haldır. Çap məhsulu oxucunun göz yaddaşına basqı yapır, bu bir psixoloji haldır. Bununla da oxucu milli kimliyinə yad olan materialları seçim etmədən oxumalı olur. Həm də çap məhsulunun illüstrasiyası da oxucunu cəlb etmək baxımından önəmlidir. Azərbaycan yazarları Türkiyədə qədərincə tanınmır və həm də ədəbiyaytda iz buraxan yazarlar tanınmır, tanıdılmır. Lazımlı ədəbiyyatın hər iki ölkədə tanınması üçün birgə ədəbi layihələr həyata keçirilməlidir. Əslinə qalsa, Türkiyədə keyfiyyətli çap məhsulları buraxılır, istər türk ədəbiyyatı və istərsə dünyavi ədəbiyyatın çapı baxımından. Türkiyəyə səfərlərim zamanı dünya ədəbiyyatından olan kitablardan çox alıram.
S.E: Yüksək tarixi və mədəni irs baxımından Bursa türk dünyasının mühüm şəhərlərindən biridir. Bursada oxucularla görüşmək və burada türk dünyası ədəbiyyatına yönəlmiş mədəni tədbirlərdə iştirak etmək istərdinizmi? Bursa haqqında fikirləriniz necədir?
E.A: Əlbəttə ədəbiyyat etkinliklərinə qatılmaq istərdim, bu həm mənim üçün, həm də oxucu kütləsi üçün yaxşı töhfə olardı. Oxucu – yazıçının laboratoriyasıdır. Yazıçı yalnız yazıb öyrətmir, o özü də oxucunun onun yazdıqlarına reaksiyadan lazımlı nüansları öyrənir və bu onun gələcək yaradıcılığına təkan verir. Oxucular üçün də görüş sərfəli olar, çünki düşüncələrimi onlarla bölüşərəm. 2015-ci ilin aprel ayında Bursada “Güney Azərbaycan və türk yurdları” adında konfrans verdim. O zaman Türkiyədə yalnız bir kitabım “Azadlıq hekayələri” yayımlanmışdı, indi 15-ə qədər kitabım Türkiyədə yayımlanıb, bu da oxucularımın artması anlamına gəlir. Belə olan bir məqamda niyə də Bursadakı ədəbi ortam və kitabsevərlərlə görüşməyim ki?
Bursa mənim üçün qədimliyin rəmzidir, bu şəhəri gəzərkən möhtəşəm bir muzeyə girdiyimi zənn etdim. Xüsusən Uludağın başında bir əzəmət var.
S.E: İndiyə qədər yazdığınız bütün əsərlərinizdən hansı sizə ən çox təsir edib, yazarkən ən dərin özünüdərk tələb edən əsər? Həmçinin, oxucularınız yaxın gələcəkdə hansı yeni əsərləri gözləyə bilərlər?
E.A: Əsasən “Təkrarlanan tariximizə bir baxış” altında yazdığım milli taleyüklü dərdimizdən bəhs edən əsərlərimi göstərmək istərdim. “Tiqranizm Xocalıda”, “Nalşəkilli mühasirə”, “İran Hizbullah zindanında”, “Yurd daşı”. Özünüdərk tələb edən əsərimsə “Ənqa quşu” əsəridir. Bioqrafik əsər də hesab etmək olar, çünki həyatda və amaldakı mübarizəmi bu əsərdə alleqorik şəkildə təsvir etdim. Yaxın zamanda çap olunacaq kitabım artıq yoldadır, “Ənqa quşu” kitabının davamı olan “Əbədiyyət aşiqləri” kitabını yayıma hazırlayıram. Əbədiyyətə qovuşmayıb yarı yolda qalanların əbədiyyət eşqi nə qədərdir? Bu eşqi onlar əbədiyyət yoldunda səfərbər edə bilibmi? Bu kimi sualları əsərdə bədii formada təsvir edirəm.
S.E: Nəhayət, illər sonra Eluca Atalı yalnız kitabları ilə deyil, həm də ideyaları və həyata baxışı ilə xatırlanacağını düşündüyünüz zaman, hansı mirası geridə qoymağı xəyal edirsiniz? Anında Bursa Haber vasitəsilə Bursadakı oxucularımıza və türk dünyasının gənclərinə nə demək istərdiniz?
E.A: Yanız kitablarımı qoymaq istəməzdim özümdən sonrakılarına, ömrümü nümunə qoymaq istərdim. “Ənqa quşu” əsərimdə canlandırdığım kimi, özünü öyrənmək, dəyişmək amacını qarşılarına məqsəd qoysunlar. “Mən kiməm?” – sualından başlayıb cavab alana qədər özlərindən bunu sorsunlar. Zatən kitablarımda da bu mesajı verməyə çalışıram. Özlərini bu günə, zamana, mühitə, şəraitə, cəmiyyətə qarşı qoymaqdan çəkinməsinlər. Yalnız o zaman öz gözlərində böyüyə bilərlər. İnsan savaşdıqca daxili gücü aşkarlanır, öz içinə çəkiləndə daxilində olan böyük güc elə daxildə də yatıb qalır. Onda insan özündən xəbərsiz olur və sonsuz imkanlarını özü ilə məzara aparır.
Atatürkün mahiyyətini anlasınlar, bir anlıq düşünsünlər, Atatürk olmasaydı, hansı biçimdə olan Türkiyədə yaşayacaqdılar. Bunu adam ağlına gətirəndə bugünkü Türkiyənin varlığına şübhə edir. O üzdən türk gəncliyi ona Vətən miras etmiş şəxsin kimliyini öyrənib ömürlərində onu özümləşdirsinlər.
Röportaj: Savaş Erman
Anında Bursa Haber – Kültür, Sanat