20 Yanvar – Xalqımızın qan yaddaşında əbədi yaşayacaq tarix
Azərbaycanın milli müstəqillik hərəkatında böyük rolu olan 20 Yanvar faciəsi xalqımızın milli azadlıq uğrunda mübarizəsinin parlaq səhifələrindən biridir. Bakı şəhərində baş verən faciəli, qanlı hadisə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın yaddaşında silinməz izlər buraxıb. Həmin gün yüzlərlə dinc insanların qanı töküldü, lakin bu faciə xalqın azadlıq ruhunu sarsıda bilmədi. Azərbaycanda azadlığa gedən yolun başlanğıcı, 1990-cı ilin 20 Yanvar hadisələri oldu.
Ölkəmizdə milli azadlıq hərəkatlarının başlamasına səbəb Sovet İttifaqının zəifləməsi, mərkəzi hakimiyyətin idarəetmə sahəsindəki boşluqlardan, bir çox respublikalarda olduğu kimi yarandı. Azərbaycanda gedən proseslər həm sosial-iqtisadi narazılıqlar, həm də Qarabağ münaqişəsi ilə əlaqədar daha da dərinləşmişdi. Qərbi Azərbaycandan ermənilər tərəfindən 1988-1990-cı illərdə 350 000-dən çox soydaşımızın öz dədə-baba yurdlarından qovulması gərginliyin dahada artmasına səbəb olmuşdur. Ermənilərin səngiməyən iddealarının əsas kluminasiyası, Qarabağın Ermənistana birləşdirilməsinə etiraz olaraq ayağa qalxan Azərbaycan xalqı haqq səsini qaldırdı. Bakıda və digər bölgələrdə keçirilən genişmiqyaslı mitinqlər, SSRİ rəhbərliyinin məkrli siyasətinə qarşı başlayan xalq hərəkatı sonradan daha geniş vüsət aldı. Bu xalq hərakatı milli azadlıq hərəkatının güclənməsinə səbəb oldu. Sovet rəhbərliyinin bu proseslərə laqeyd qalması, ermənipərəst mövqe sərgiləməsi xalqın mərkəzi hakimiyyətə olan etimadını sarsıtdı. SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı məkrli siyasətinin başında idi. Kreml Azərbaycanda baş verən xalq hərəkatını öz hakimiyyətinə qarşı ciddi təhdid kimi dəyərləndirdi. Rəsmi Moskva bu hərəkatı yatırmaq üçün sərt tədbirlər görmək qərarına gəldi
Erməni lobbisinin hər yana uzanan məkrli siyasəti yenə də öz işini görmüşdü. Qorbaçovun əmri ilə 1990-cı ildə 19-yanvar gecə saatlarında Sovet ordusunun müxtəlif bölmələri, əsasən də daxilində amansız xüsusi təyinatlılar da olmaqla, Bakıya daxil oldu. Hadisədən əvvəl dövlət televiziyasının enerji bloku Sovet ordusu tərəfindən partladıldı. Atılan addım əhalini fövqəladə vəziyyət rejimindən xəbərsiz qoymaq məqsədi daşıyırdı.
Təşkil olunan hücum zamanı dinc əhalinin yaşadığı məhəllələr, küçələr və ictimai obyektlər hədəf alındı. Bu faktlar Sovet hakimiyyətinin rəhbərliyinin azərbaycanlılara qarşı sərt addımlara əl atmağa hazır olduğunu göstərirdi. Tankların və atıcı silahların qarşısında heç bir silahı olmayan dinc insanlar Sovet ordusu tərəfindən amansızcasına qətlə yetirildi. Tankların və ağır texnikaların şəhərə girməsi nəticəsində yüzlərlə insan həlak oldu, yaralandı və itkin düşdü. Həlak olanlar arasında qadınlar, uşaqlar, yaşlı insanlar və tibbi yardım göstərən həkimlər də var idi. Həmin anda xalq küçələrdə və meydanlarda birləşərək öz azadlıq iradəsini ifadə edirdi. O qanlı, qadalı hadisələrin şahidiyəm. Yaşadığımız binanın önündə tanklar sıralanmışdı.
O vaxt Moskvada yaşayan Ulu Öndər Heydər Əliyev qanlı faciənin ertəsi günü – yanvarın 21-də Azərbaycanın daimi nümayəndəliyinə gələrək xalqımızın kədərinə şərik çıxdı, Sovet rəhbərliyinin Bakıda törətdiyi ağır bəşəri cinayəti kəskin şəkildə pislədi. Dahi şəxsiyyət, Ulu Öndərin 20 Yanvar hadisələri ilə bağlı Bəyanatı nəticəsində dünya ictimaiyyəti SSRİ rəhbərliyinin xalqımıza qarşı bu dəhşətli, xüsusi qəddarlıqla törədilən dövlət terrorundan xəbər tutdu.
Xalqımıza qarşı törədilən faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı. Baş verən hərbi cinayətlər xalqımızın mübarizə əzmini qıra bilmədi. Azadlıq mübarizəsini qan içində boğmağa çalışan Sovet imperiyasına qarşı etirazlar daha da gücləndi. Xalqımız kütləvi qətliamlar qarşısında mətinləşdi, dünyaya örnək ola biləcək həmrəylik nümayiş etdirdi. Bakı küçələrində 20 Yanvar faciəsindən sonra milyonlarla insan azadlıq şüarı səsləndirdilər. Xalqımız 40 gün meydanlarda gecələyərək, bütün dünyanı lərzəyə salan Sovet ordusunun hərbi cinayətlərinin mübarizə əzmimizi qıra bilmədiyini sübut etdi. Bütün dünya azərbaycanlıları həmrəy oldular, azadlıq hərəkatına dəstək verdilər.
Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə 1993-cü ildə Azərbaycanda müstəqil dövlətçilik ideyalarının bərqərar oldu. Ulu Öndərin 5 yanvar 1994-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin 4-cü il dönümünün keçirilməsi haqqında 1994-cü il martın 29-da qəbul edilən Qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar tarixi ölkəmizdə Ümumxalq Hüzn Günü elan edildi, şəhidlərin xatirəsini əbədiləşdirmək məqsədilə Şəhidlər Xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı. Şəhid ailələri və əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirildi.
Ulu Öndər Heydər Əliyevin siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev bu kateqoriyadan olan şəxslərin sosial təminatı gücləndirilir. Dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 2006-cı il 19 yanvar tarixli Fərmanı şəhid ailələrinə dövlət qayğısını artırmaq məqsədi daşıyır.
Azərbaycan xalqı azadlıq qurbanlarını hər il Şəhidlər xiyabanına gedərək yad edir, onlara ehtiram göstərir.
Həmin faciənin üzərindən 35 il keçsə də, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə xalqımızın yaddaşında “AZADLIĞIN RƏMZİ” olaraq, silinməz izlər buraxıb.
MƏHLUQƏ QARAMANLI
“Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri