Türklər və türk dünyası
Türk dünyası dedikdə – böyük bir düha, sonsuz bir cahan, yenilməz bir qüvvə canlanır gözümüzün önündə. Türk dünyası dedikdə – mərdlik, vətənpərvərlik, igidlik və səxavət mücəssəməsi olan xalqlar anılır. Türk dünyası dedikdə – sonsuz və ucsuz-bucaqsız bərəkətli torpaqlar, zəmilər, meşələr, maylar və dənizlər, min-bir naz nemətli ellər, obalar, sərvəti dillərə dastan olmuş böyük bir Vətən xatırlanır.
Türklərin sayı 210 milyondan çoxdur. Müasir dövrdə türklər Saxadan Balkanlara qədər yayılıb (təxminən 12 milyon kvadrat kilometr). Türklər haqqında ilk qədim və etibarlı mənbə Çin mənbələri sayılır. Türklərin yayıldığı ərazinin ilk xəritəsi M.Kaşğarinin “Divani-lüğəti-it-Türk” əsərində verilib. Türklər avropoid irqinə aid edilsə də, antroloji nöqteyi nəzərdən monqoloid irqinə bənzədilir.
Dünyada altı tanınmış müstəqil türk dövləti və bir tanınmamış Şimali Kipr türk dövləti var. Sahəcə ən böyük müasir türk dövləti Qazaxıstandır. Ən çox türk əhalisi Türkiyədə yaşayır. Türklərin ilk yaşayış məskəni Asiya qitəsi, Şərqi Türküstan (Mərkəzi Asiya), Altay, Sayan, Tyan-Şan dağları hesab olunur. Türklər altay dil qrupunda birləşir. Türk dili dörd qola ayrılır – oğuz, uyğur, qıpçaq, bulqar.
Ən qədim türk yazısı 2500 il bundan əvvələ aid edilən, Qazaxıstanda, Eşik kurqanından tapılan gümüş kasa üzərindəki yazıdır. Bu kurqanda tapılan altun geyimli adamın zinət əşyaları zənginliyinə görə yalnız Misir ehramlarından geri qalır. Ən uzunömürlü türk dövləti Osmanlı imperiyasıdır.
Türklər həmişə təzə ili 21 martdan hesab edirlər, ili 12 ay və 12 heyvan (zodiak bürcləri) üstündə, 365 gündən hesab edirlər. Türklər “tarixi-türk” və “Şəal-türkan” təqvimindən istifadə ediblər. Hazırda türklər əsasən 3 dinə sitayiş edirlər, islam (türklər, özbəklər, qazaxlar, qırğızlar, tatarlar, başqurtlar, azəri türkləri), xristian (qaqauzlar, çuvaşlar), buddizm (sarı uyğurlar, tuvalılar, yakutlar, xakaslar). İudaizm (yəhudi) dininə də sitayiş edənlər var (karaimlər,krımçaklar).
Türk xalqları çox böyük məsafədə bir-birindən ayrı yaşamalarına baxmayaraq, işlətdikləri yüzlərlə sözün kökü eynidir. Bəzi Avropa ölkələrinin adı türk mənşəlidir. Bolqarıstan-VI əsrdən bu ərazilərdə məskunlaşan bulqarların adı ilə, Macarıstan-V-VI əsrlərdə bu ərazilərdə məskunlaşmış “qara hunlar”la bağlıdır. Çin mənbələrində türklərə verilən ad qəbilə birləşməsinə verilən addan (Tukie) götürüldüyü göstərilir. Tədqiqatçılar bu sözün gec, qüvvət mənasında olduğunu bildirirlər. Skandinaviya mənbələri türklərin Troyadan olduğunu bəyan edir. Onlar hətta özlərini də türk əsilli (xüsusilə finlər) olduqlarına dair tutarlı dəlillə rgöstərirlər.
Bəzi Çin mənbələrində türklərin Mərkəzi Asiyaya Mesopotamiyadan gəlməsinə aid işarələr var. Buna istinad edən bəzi tarixçilər türklərin əcdadlarının e.ə. IX əsrdə yüksək mədəniyyət səviyyəsinə çatmış şumerlər olduğunu iddia edir. Bəzi tədqiqatçılar Amerikanın qırmızı dərili yerli əhalisinin türk əsilli olduğuna inanır və onların Şimali Amerika və Asiyanı ayıran Berinq boğazının mövcud olmadığı, yaxud çox dar olduğu vaxtlarda Şərqi Asiyadan quru yolla buraya gəldiyini iddia edirlər. Türklərin yaşadığı ərazi İran mənbələrində Turan, yunan mənbələrində isə Skifiya adlandırılır. Türklər tarixən miqrasiya edən (təbii) xalqlar olmuşdular. Türk xalqlarının inanclarında yaradan Tanrı əsas yer tutur.