–Müqəddəs Ataya Ali Səcdə!
— Səcdən Ucadır.
— Mütləqim, bu təmasım çeçenlərlə bağlıdır. Çeçenlərin kökü—mənşəyi haqqında Ata fikrini bilmək istəyirəm.
Ata: — Hərçəndi bəzi tarixçilər çeçenləri türklərlə bağlayırlar, məncə, çeçenlər İran qrupuna daxildirlər. Bu, Atanın öz fikridir. Hərçəndi çeçeni türk sayanlar indi Türkiyədə çoxdur. Nə etnik, nə dil, nə də xarakter cəhətcə çeçen türk deyil. Mən bunu görmürəm. Onların əsas cəhəti qaçaqçılıqdır. Çox vaxt elə qoçaqçılıqla qaçaqçılıq bir olub onlarda.
Çeçenlərin azadlıqsevərliyindən danışırlar, həm də onların oğurluğa meylindən də danışırlar.
Mən bir şeyi xüsusi qeyd etmək istəyirəm ki, azərbaycanlıları qafqazçılıqla məhdudlaşdırmaq səhvdir. Azərbaycanlılar Qafqaz xakqı deyil. Zaqafqaziyada bizə oxşar xalq yoxdur. Mən burada əsas ruhaniyyatı götürürəm təbii ki. Burada gərək daxilə enəsən, mahiyyətini anlayasan xalqın. Bəli, Şimali Azərbaycan Zaqafqaziyada yerləşir, amma bu, xalqın mahiyyətini ifadə etmir. Azərbaycan Zərdüştü verib. Azərbaycanın Midiya dövrü olub. Hürufilər dövrü olub. Bütün bunlar Qafqaz mahiyyətinə sığmır. Biz qafqazlı deyilik mahiyyətcə. Ancaq çeçenlər, acarlar və b. qafqazlıdırlar.Onlar Qafqazın aborigenləridir — əsil kök xalqlarıdır. Biz çeçenləri Qafqaz psixologiyası kimi aşkarlaya bilərik. Həm oğru, başkəsən, həm də cəsur… Bəlkə də onların bir Nəsimisi var, mən bilmirəm. Bir sözlə çeçen mürəkkəb bir xalqdır.
Mənə görə azərbaycanlı türklər hindlilərə çox yaxındır; özünün ruhuna görə Azərbaycan ruhu Hind ruhudur. Ən çox, mahiyyətcə, hinlilərə yaxınıq biz. Muğamat, Zərdüşt Hindistana çox güclü təsir edib. Haradasa, qaynayıb-qarışmışıq.
Şumerlik özünü iki cəhətdə ifadə edib; 1) Türk ruhunda, 2) Hind ruhunda. Zahirən türk ruhu döyüşkəndir; Osmanlı imperiyası, ondan əvvəl Səlcuq imperiyası.
Türkün bir çox cəhətləri hind xarakterində var. İki inamçı xalq var; hind xalqı və türk xalqı. Bunlar xüsusi məsələlərdir. Xüsusi, ayrıca bir təmasın mövzusudur.
Çeçenlər, hələlik, tam özünü tapmayan xalqdır. Ona görə də tam deyil. Heç vaxt bu xalqın dövləti olmayıb. Şamil hərəkatında xüsusi rolu var. Orada ki döyüş var, orada çeçen var; çeçenlər döyüşü çox sevirlər. Şamilin ən döyüşkən əsgərləri elə çeçenlər olub.
Deyirlər ki, Ata Qərbi inkar edir, bizi geri qaytarır. Axı, sivil hal olmayıb hələ. Kapitalizmdə sivilizasiya nə deməkdir? Sivilizasiya — bu gündən fərqli bir cəmiyyət qurmaqdır. İnsan öz aləmini yaradır – özünəməxsus. Belə bir həyat yoxdur. Bunlar hamısı sözlərdir. Hanı demokratiya? Hanı insan hüquqlarının qorunması? Bütün bu sözlər ki, İnsan azadlığı-filan, demokratiya hamısı hadisəni gizlədir. Sivilizasiyanın əvəzinə İnsani Həyat! Bəs, Ocaq niyə yaranıb? Biz demirik ki, gəlin çeçen olaq. Olmayan şeyi biz görmürük. Bunu camaata çatdırın. İslamçılar yeri gələndə Qərbçi olurlar.
Çeçenlərin özlərini müdafiə eləmələri, azadlıq eşqi, Rusiya ilə döyüşü ilhamverici bir haldır; Balaca ölkə özünü böyük bir ölkəyə qarşı qoyub. Dudayev çeçen azadlığının rəmzi olub. Bu, aydındır.
Fəlakət ondadır ki, bu azadlıq xəlqiliyi də müasir dövrün halına uyğun olaraq nisbi xarakterdədir. Bu birlik məsələsi zahirdədir. Tez düşünənlər Şamil obrazını Dudayevlə birləşdirdilər. Şamili Şamil edən Birlik idi. Şamil bütün qafqazlıları birləşdirmişdi. Hacı Muradlar nəinki Çeçenistanda yaşayırlar, həm də Dudayevə qarşı vuruşurlar; İndi Çeçenistanda, çeçenlərin içində Xasbulatov kimi satqın özünə bir döyüş məkanı tapıb, o biri satqınlar da onunla birləşir. Vəziyyət elədir ki, Dudayev özünü, öz sarayını qoruya bilmir. Bəs, bu necə Şamildir?
Heç kəs deyə bilməz ki, bütün çeçenlər vuruşurlar. Bu hadisələrin zahiri tərəfi də var, alt, üst tərəfi də var. Hadisələrdə çoxlu hal tərəfləri var. O hal təbəqələrində bir əskiklik var, kəsirlik var. Ona görə də Dudayev mütləq məğlub olacaq. Mən bunu çox təəssüflə deyirəm.
2. Çeçen mədəniyyəti haqda Ata fikri.
Ata: — Çeçenlər—islamçıdırlar. Çeçen dili Hind-Avropa dillərinə aiddir. Məncə, özlərinin dahi fəlsəfəsi, ədəbiyyatı yoxdur. Gün o gün olsun ki, olsun.
3. Mütləqim, çeçenlərin rəqsi haqda…
Ata: — Əslində Qafqazdakı xalqların bircə rəqsi var – “Ləzginka”. Əsil qadın rəqsi də odur, kişi rəqsi də odur. Paltarlar, xançal, patrondaş, əsas hissə də qılınc döyüşü hissəsidir. O qadınlar ruh verirlər kişilərə. Gürcülərin də, bizim də rəqsimiz odur. Bizim, bilirsən də, rəqslə bağlı təmasımız olub və mən rəqs haqqında fikirlərimi demişəm. Azərbaycan burada oradan kənara çıxa bilmir; kumık, avar, gürcü,.. və başqalarının rəqsi eynidir.
Bizdə ayrı-ayrı xüsusi rəqslər var, elə gürcülərdə də; nə varsa, hamısından fərqlənir. Kişivari qadın rəqsləri kürdlərdədir. Bizdə varsa da, bunu türklərdən almışıq—osmanlı türklərindən. “Yallı”bizimdir, kürdlərin deyil. Yal – türk sözüdür; “Yallı”da qadınların kişivari oynaması ləzgilərdən gəlir. Gürcülərdə qadınlar rəqs zamanı qazvari yeriyirlər. Bu, qadın xarakterinə çox uyğundur.
4. “Hacı Murad” əsərinə Ata qiyməti.
Ata: — “Hacı Murad” əsas bir ideyaya qulluq edir. O, sırf tarixi aspektdən çox uzaqdır; Şamil də, Nikolay da hər ikisi nöqsanlıdır. Hər ikisini bir şey maraqlandırır: hakimiyyət.
Tolstoy ruhaniyyatçı idi. Hacı Murad nə qədər yaxşı olsa da, o, həyat adamı idi. I Nikolay haradasa Şamildir, Şamil haradasa Nikolaydır.
5. Mütləqim, Tolstoyçuluğa Ata qiyməti.
Ata: — Tolstoyçuluq – Hind ruhudur; İnsan şəri ancaq xeyirlə öldürə bilər. Təzə bir şey yoxdur tolstoyçuluqda. İnduizmin rus variantıdır; İstəyirsən xeyir olsun, istəyirsən şər ölsün, Şərə qarşı Xeyir göstər. Bunun əsasında M.Qandi öz siyasətini yaratdı; Şərə qoşulma, Şəri sarsıt.
Tolstoy—dahidir. Cəmiyyətin heçliyini açıb göstərir. Cəmiyyəti onun qədər açıb göstərən yoxdur. Bu cəhətdən o, bizə yaxındır. Onun mahiyyətində Şərq durur, İnduizm durur; şəxsiyyətin cəmiyyətdən üstün olması məsələsi. Düzdür, bəşər o ideyaya hələ çatmayıb. Bəşər bunu anlaya da bilər, anlamaya da. Dəxli yoxdur. Bu, həqiqətdir.
6. Çeçen—Sabah. Mütləqim, çeçen öz sabahını necə qursun, necə yaratsın?
Ata: — Yaxşı sualdır. Ya gərək xalq inkişaf etmiş olsun… Gərək belə amansız vaxtda, azsaylı xalqları çoxsaylı xalqlar əzdiyi bir vaxtda azsaylı xalqlar ya ruhani, ya da ki maddi cəhətdən dünyaya gərək olsun. Məsələn, Küveytin nefti var, özünü yaxşı hiss edir.
Dünya mənfəət yeridir, fürsət yeridir. İmperiyalar ona görə yaranır ki, balacalar var; balacaların balacalığı var.
Çeçen istəyir ki, müstəqil olsun, Mədəniyyət yaratsın, özünün ideyası olsun. Başqa cür olmaz.
Canavarlaşan dünyada mütləq böyük olmalısan. Balacaların böyük olmaqdan başqa əlacı yoxdur.
Çeçenin Cənubi Azərbaycanı yoxdur. Türkiyəyə mən inanmıram. Balacaların xilası – böyüklükdür. Hələ ki, Çeçenin verdiyi bircə böyük şəxs Esenbayevdir; tamamiylə orijinal, virtioz.
Qaranlıqlar Yarılsın!
–Atamız Var olsun!
İşıqlı Atalı.
1 Mərhəm Günü, Sərt Ayı, 16-cı il. Bakı.
(1 Dekabr, 1994-cü il).