Güney azərbaycanlı partiya sədri: Biz azadlıq istəyirik
Hazırda İranda böyük çalxanmalar var. Bu ölkədə demokratiya yoxdur. Əhali yeni həyat istədiyi üçün ayaqdadır. Əhalinin 86 faizi hazırkı hakimiyyəti istəmir. İranın iqtisadiyyatda qarşılaşdığı böyük sıxıntılar, həmçinin rejimə qarşı etirazlar bu ölkəni parçalayacaq.
AZƏRTAC xəbər verir ki, bu sözləri Güney Azərbaycan Demokrat Partiyasının sözçüsü Mahmud Bilgin Bütöv Azərbaycan Forumunda çıxışı zamanı deyib.
O bildirib ki, Cənubi Azərbaycanın siyasi təşkilatları öz istəklərini addım-addım həyata keçməyi arzulayır. “Biz İranda azadlıq istəyirik. Bizə qarşı hər tərəfdə ayrı-seçkilik var, ikinci planda qalırıq, ədalətsizlik mövcuddur. İran dövləti İslam dini adı altında farsçılıq siyasəti yürüdür. Biz Azərbaycanın bizim yanımızda olduğunu görürük. Bununla fəxr edirik”,- deyə Mahmud Bilgin qeyd edib.